SEVGİ BƏS ETMİR

lennon_reznor1967-ci ildə Con Lennon belə bir mahnı yazır: “Sənə lazım olan tək şey sevgidir”. Həmin Lennon: hər iki arvadını döyür, uşaqlarından birini atır, öz yəhudi menecerinə homofob və antisemit təhqirlər yağdırır, bir dəfə isə kütlə qarşısında tamamilə çılpaq uzanır.

Otuz beş il sonra Nine İnch Nails qrupundan olan Trent Reznor “Sevgi bəs etmir” mahnısını yazır. Özünün qeyri-adi çıxışları və qrotesk həyəcanlı klipləri ilə məşhur olmasına baxmayaraq, Reznor narkotik və alkoqol asılılığından xilas olur, bir qadınla evlənir, ondan iki uşağı olur və nəhayət, evdə qalmaq, yaxşı ər və ata olmaq üçün bütün studiya və qastrol fəaliyyətini dayandırır.

Bu kişilərdən birinin təmiz və realistik sevgi anlayışı var. Digərininsə – yox. Onlardan biri sevgini idealizə edir, onda bütün problemlərinin həllini axtarır. Digəri isə – yox. Onlardan biri, görünür ki, narsist kütbeyin olub. Ikinci isə – yox.
Bizim mədəniyyətdə sevgini çox idealizə edirlər. Biz ona bütün həyati problemlərin panaseyası kimi baxırıq. Bizim filmlər və kitablar onu həyatın son məqsədi kimi, mübarizədən çıxış vasitəsi kimi təqdim edir. Məhz ideallaşdırdığımız üçün ona layiq olduğu qiyməti verə bilmirik. Və bunu öz xəstə münasibətlərimiz bahasına ödəməli oluruq.

Lennon kimi bizə lazım olan tək şeyin sevgi olduğuna inanda hörmət, itaət, başqaları qarşısında məsuliyyət kimi fundamental dəyərləri gözdən qaçırmalı oluruq. Əgər hər şeyi sevgi həll edirsə, niyə mən özümü digər – qəliz şeylərlə yormalıyam?

Amma Reznor kimi sevginin bəs etmədiyinə inananda başa düşürük ki, sağlam münasibətlər xalis emosiyalardan və yüksək ehtirasdan daha artıq bir şey tələb edir. Biz başa düşürük ki, bizim münasibətlərimiz üçün adicə vurulmaqdan daha vacib şeylər lazımdır. Və o münasibətin uğuru daha dərin və daha vacib dəyərlərdən asılıdır.

Sevgi haqqında üç acı həqiqət:

sevgi bəs etmir1. Sevgi heç də hər zaman uyğunluqla üst-üstə düşmür

Sadəcə kiməsə vurulma faktınız həmin adamın sizinçün uzun müddətə yaxşı partnyor olması anlamına gəlməz. Sevgi – emosional prosesdir, uyğunluqsa – məntiqi. Və onların ikisinin bir yerdə olması mütləq deyil.
Sizinlə yaxşı davranmayan, sizin özünüzü pis hiss etmənizə və özünüz haqda olduğunuzdan pis düşünmənizə səbəb olan, sizin ona hörmət etdiyiniz qədər sizə hörmət etməyən və ya öz həyatı ilə birlikdə sizinkini də məhvə yuvarlayan birinə vurula bilərsiniz.
Sizinkinin tamamilə əksi həyat məqsədləri və ambisiyaları olan, həyat anlayışı və dünyagörüşü sizinki ilə ziddiyyət təşkil edən birinə vurula bilərsiniz.
Sizdən bütün həyat enerjisinizi və xoşbəxtliyinizi soran birinə vurulmanız mümkündür. Paradoksaldır, lakin faktdır.
Mənə məktub yazan bütün insanların qəzalı münasibətləri məhz emosiyaların nəticəsidir. Onlar hamısı məhz həmin məşhur “qığılcım”ı hiss edib ağılları başından gedən adamlardır. Nə olsun ki, o (kişi) xristian-alkoqolikdir, o isə (qadın) narkoman-nekrofil. Hər halda, bu – doğru görünür.
Və yarım il sonra qadın onun zibilini qazonun üstünə tullayanda, kişi isə onun xilası üçün gündə 12 dəfə İsaya dua edəndə, onlar dayandılar və təəccübləndilər: “Nə yolunda getməyib?” Əslində isə hər şey elə başlamamışdan yolunda getməyib.
Görüşəndə və partnyor axtaranda təkcə ürəyinizə yox, həm də ağlınıza əsaslanmalısınız. Düzdür, siz ürəyinizi yerindən çıxaran, qarnınızda kəpənəklər uçurdan birini tapmaq istəyirsiz. Lakin siz həm də qarşınızdakı insanın dəyərini – həyata münasibətini, maraqlarını və dünyabaxışını bilməlisiniz. Çünki əgər sizə uyğun olmayan birinə vurulsanız… South Park cizgi serialındakı xizək instruktorunun dediyi kimi, sizin pis vaxtlarınız gələcək.

sevgi kifayət deyil-menson2. Sevgi münasibətlərdəki problemləri həll etmir

Keçmiş sevgilimlə biz bir-birimizə dəlicəsinə vurulmuşduq. Biz ayrı şəhərlərdə yaşayırdıq, görüşməkçün pulumuz yox idi, ailələrimiz bir-birinə nifrət edirdi və biz həftəlik mənasız mübahisə və dram pristupları yaşayırdıq.
Və hər dəfə biz uzaqlaşanda səhəri gün bir-birimizə qayıdırdıq, özümüzə xatırladırdıq ki, biz bir-birimizçün ölürük və heç bir xırdalıq bizi ayıra bilməz, çünki biz çooooox sevirik və mütləq bir yolunu tapacağıq, sadəcə bir az vaxt lazımdır. Bizim sevgimiz bizdə hər şeyin öhdəsindən gələ biləcəyimiz hissini yaradırdı, hərçənd ortada dəyişən bircə şey də yox idi.
Heç bir problem həll olunmurdu. Mübahisələr təkrarlanırdı. Arqumentlər kəskinləşirdi. Bizim hətta bir-birimizi görməyə belə qadir olmadığımız gerçəyi bizi boyunduruğuna almışdı. Biz o dərəcədə özümüzə qapanmışdıq ki, heç bir normal ünsiyyət qura bilmirdik. Saatarla telefondan asılırdıq və demək olar ki, heç nə danışmırdıq. İndi geri baxanda görürəm ki, heç ümid də yox idi. Amma yenə də bu, üç il çəkdi! Nəticədə, sevgi hər şeyi həll edir, hə?
Partlayış dəhşətli idi. Və mən bu münasibətlərdən böyük dərs çıxardım: sevgi sizi öz həyati problemlərinizi unutduracaq dərəcədə yaxşı hiss etmənizə səbəb olduqca, o həmin problemlərdən heç birini həll etməyəcək.
Emosiyaların amerikan təpələri sərxoşedici ola bilər, fəth edilmiş hər növbəti yüksəklik əvvəlkindən daha əsrarəngiz ola bilər, lakin ayağınızın altında möhkəm torpaq hiss etmədikcə emosiya axını axırda hər şeyi yuyub aparacaq.

bəs etmir_menson3. Sevgi heç də hər zaman özünüzü qurban verməyə dəyməz

Sevginin əsas əlamətlərindən biri – başqasını, onun ehtiyaclarını özününkündən daha çox düşünmə qabiliyyətidir. Lakin bu sual çox nadir verilir: “Nəyi qurban verirsiniz və o buna dəyərmi?”
Sevgi münasibətlərində bəzən öz istəklərindən, ehtiyaclarından və vaxtından keçmə normaldır. Mən deyərdim ki, bu adekvat və sağlam davranışdır və məhz o, münasibətləri gözəlləşdirir.
Lakin iş sadəcə kiminləsə ola bilmək üçün özünə hörmət hissinin, fiziki vəziyyətin, həyati maraqların və məqsədlərin zədələnməsinə gedib çıxanda, sevgi problematikləşir. Sevgi bizim individuallığımıza nəsə qatmalıdır, onu hədələməməlidir. Əgər biz hörmətsiz və təhqiramiz davranışa dözməli oluruqsa, faktiki olaraq bunu edirik: biz öz sevgimizin bizi udmasına və yox etməsinə imkan veririk. Bu gedişlə biz bir vaxtlar mövcud olan insanın sadəcə qılafına çevrilə bilərik.

Dostluq testi
Əsas məsləhətlərdən biri belədir – siz və partnyorunuz yaxşı dost olmalısınız. Bir çoxları bu məsləhəti yalnız pozitiv yöndən nəzərdən keçirir: “Mən partnyorumla ən yaxşı dostumla keçirdiyim qədər vaxt keçirməliyəm”, “Mən partnyorumla ən yaxşı dostumla elədiyim kimi açıq ünsiyyətə girməliyəm”, “Mən partnorumla ən yaxşı dostumla əyləndiyim kimi əylənməliyəm”.
Lakin məsələyə həm də neqativ bucaqdan baxmaq lazımdır: “Ən yaxşı dostunuza imkan verirsinizmi ki, o sizinlə partnoyurunuz qədər pis davransın?”
Qəribədir ki, qeyri-sağlam və asılı münasibətlərə sahib olan böyük əksəriyyət bu suala “yox” cavabı verir…

Unutmayın: Sevgidən həzz almanın yeganə yolu – həyatda ondan daha vacib bir şey tapmaqdır.

Siz öz həyatınız boyu müxtəlif insanları sevə bilərsiniz. Siz sizin üçün yaxşı və pis olanları sevə bilərsiniz. Siz çox sadə və çox qəliz sevgi münasibətlərində ola bilərsiniz. Siz gənc və yaşlı vaxtınızda sevə bilərsiniz. Sevgi unikal deyil. Sevgi nadir deyil. Sevgi – defisit mal deyil.

Sizin özünəhörmət hissinizdən fərqli olaraq. Şəxsi ləyaqət hissinizdən fərqli olaraq. Güvənmə qabiliyyətinizdən fərqli olaraq. Siz həyatınız boyu dəfələrlə vurulmuş ola bilərsiniz, lakin özünəhörmət hissinizi, şəxsi ləyaqət hissinizi, güvənmə qabiliyyətinizi itirdinizmi, onları bərpa etmək çox çətin olacaq.

Sevgi – möcüzəvi təcrübədir. O, həyatın bizə təklif edə biləcəyi ən əsrarəngiz təcrübədir. O, hər kəsin duymalı və dadmalı olduğu şeydir.

Lakin hər bir təcrübə kimi, o da sağlam və qeyri-sağlam ola bilər. Hər bir təcrübədə olduğu kimi, burda da o sizi, sizin identikliyinizi, həyat qayənizi müəyyənləşdirməli deyil. Biz ona bizi məhv etməsinə imkan verməməliyik. Biz özümüzü ona qurban verməməliyik. Çünki bunu etdiyimiz zaman sevgimizi də, özümüzü də itiririk. Çünki bizə bu həyatda sevgidən daha artıq bir şey lazımdır. Sevgi möhtəşəmdir. Sevgi vacibdir. Sevgi çox gözəldir. Lakin təkcə o bəs etmir.

Müəllif: Mark Menson
Tərcümə: Günay İsrafilova
Hazırladı: Vüsaləddin Rüstəmov

VN:F [1.9.16_1159]
Rating: +8 (from 10 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

Bir cavab yazın