
Çox-çox əvvəllər səninlə tez-tez rastlaşırdım. Adını bilirdim, qoxunu duyurdum. Heç ağlıma belə gətirə birmirdim ki, tez bir zamanda sevəcəyəm səni. Lakin düz 8 il bundan qabaq nəhayət ki, bizi daha yaxından tanış etdilər. İlk dəfə idi ki, səni dodağıma toxundururdum, sovurmaqla dadını hiss edirdim. Xarici aləmin diqqətçəkən olmasa da, daxilin sanki sirli gözəlliyə malik idi. Anlayırdım ki, aramızda böyük, sarsılmaz, məğlubedilməz bağlantı peyda olub. Dəfələrlə bizi ayırmağa cəhd etdilər, alınmadı. Dəfələrlə səndən mənə gizli-gizli qeybət etdilər. Dedilər: – ondan sənə xeyir gəlməz, pulunu boş yerə xərcləməyə məcbur edir, canına qəsd edir, gələcəkdə səni məhv edəcək. Sonra gec olacaq, nə qədər ki, ciyərini parçalamayıb, onu tezliklə tərk elə.
Sənin qoxunu üstümdən hər kəs hiss edirdi. Nə qədər ağız büzsələr də, burun tutub jest etsələr də, hər dəfə bir replika atsalar da, tənqid etsələr də, məni bu sevgidən döndərmək mümkün olmurdu. Düzdür, ildə bir-iki dəfə səni 5-6 günlük tərk etsəm də, yenə sənsiz qalmaq çətin idi, sevgi iradəsi səni atmaq iradəsinə qalib gəlirdi. Yaxşı deyiblər; “Sevginin gözü kordur “. Hamı deyirdi: – Onda nə görmüsən? Boyu bapbalacadır, həddindən artıq arıq canı var. Amma bir çox insanların özünə haqq qazandıraraq dediyi kimi… ” özüm də bilmirəm niyə əl çəkə bilmirəm ondan. Sanki o olmayanda elə bil nəsə çatmır, nədənsə, narahat oluram, gərgin oluram. Amma o yanımda olanda sakitləşirəm, rahatlaşıram, bir qədər əsəblərimə hakim oluram… ”
Bu gündən etibarən çoxları bu barədə düşünəcək. Onlar da mənim kimi ayrılıq zamanının gəlib çatdığını anlayacaqlar. Neçə-neçə cütlüklər ayrılacaq.
İndi mən özümə yeni bir sevgili tapmalıyam. Hansı ki, onsuz yaşamaq çətindir. Hansı ki, onun qədrini vaxtında bilməmişəm. Hansı ki, onunla daha xoşbəxt ola bilərəm.
Onun adı puldur. Bağışla, ay siqaret. Səni dəyişməli oldum. İndi sevgimi bütünlüklə pula bağladım. Daha bundan sonra pulun qədrini biləcəm. İndi sənin yolunda xərclədiyim pulları hesablayıb şoka düşürəm, mənim sağlamlığıma vurduğun xəbərsiz, gözəgörünməz zərbələrin təsirini gələcəkdə görsəm, səni bağışlamayacam!
Müəllif: Adil Xantəmirov