SUFİLƏRİN 40 QAYDASI

1-ci qayda :
“Yaradanı hansı sözlərlə müəyyən etməyimiz, özümüzü necə gördüyümüzə güzgü tutur. Əgər, Tanrı deyəndə, əvvəlcə ağlına qorxacağın, utanacağın bir varlıq gəlirsə, deməli, sən də əsasən qorxu və utanc içindəsən. Yox əgər, Tanrı deyiləndə əvvəla eşq, mərhəmət və şəfqət başa düşürsənsə, səndə bu xasiyyətlərdən bol-bol mövcud olduğu deməkdir.”

2-ci qayda:
“Haqq yoluyla irəliləmək ağıl işi yox, ürək işidir. Bələdçin daim çiynin üzərindəki başın deyil, ürəyin olsun. Nəfsini silənlərdən yox, bilənlərdən ol”.

3-cü qayda:
“Quran dörd səviyyədə oxuna bilər. İlk səviyyə zahiri mənadı. Sonrakı batini məna. Üçüncü batininin batinidi. Dördüncü səviyyə o qədər dərindi ki, haqqında danışmağa sözlər bəs eləmir.

4-cü qayda:
“Kainatdakı hər zərrədə Allahın sifətlərini tapa bilərsən, çünki O, məsciddə, kilsədə, sinaqoqda deyil, hər an hər yerdədir. Allahı görüb yaşayan olmadığı kimi, onu görüb ölən də yoxdur. Kim onu görürsə, əbədiyyətə qədər Onda qalır”.

5-ci qayda:
“Ağlın xüsusiyyəti ilə eşqin xüsusiyyəti başqadır. Ağıl təmkinlidir. Addımlarını qorxa-qorxa atır. “Amandır, özünü saxla” deyə tənbeh edir. Halbuki, eşq elədirmi? Onun bircə dediyi var: “Burax özünü, qoy getsin!” Ağıl hələ-hələ yıxılmır. Eşqsə özü dağılır, xarab olur. Halbuki, xəzinələr və dəfinələr xarabalıqların arasında olur. Nə varsa, xarab qəlbdə var”.

6-cı qayda:
“Bu dünyadakı toqquşmaların, qərəzlərin və düşmənçiliklərin çoxu dildən qaynaqlanır. Sən sən ol, sözlərə həddən artıq fikir vermə. Eşq diyarında dil onsuz da öz hökmünü itirir. Eşq, dilsiz olur”.

7-ci qayda:
“Bu həyatda təkbaşına inzivada qalıb, təkcə öz səsinin yanğısını eşidib, Həqiqəti kəşf edə bilməzsən. Özünü ancaq başqa bir insanın güzgüsündə tam görə bilərsən.”

8-ci qayda:
“Başına nə gəlirsə-gəlsin, məyus olma. Bütün qapılar örtülsə belə, axırda O sənə heç kəsin bilmədiyi gizli bir cığır açar. Sən bu anda dar keçidlər arasında nə qədər cənnət bağçası olduğunu görə bilməsən də, Şükür elə! İstədiyini əldə edənə qədər şükr etmək lazımdır. Sufi, diləyi gerçəkləşməyəndə də şükr etməyi bacarandır”.

9-cu qayda:
“Səbr etmək, eləcə dayanıb gözləmək deyil, uzaq görən olmaq deməkdir. Səbr nədir? Tikana baxıb gülü, gecəyə baxıb gündüzü təsəvvür edə bilməkdir. Allah aşiqləri, səbri bal kimi şirin-şirin sorar, həzm edər. Və bilərlər ki, göydəki ayın ayparadan bütöv aya çevrilməsi üçün zaman lazımdır”.

10-cu qayda:
“Hansı tərəfə gedirsən get-Gündoğana, Günbatana, Quzeyə ya da Güneyə- çıxdığın hər səfəri özünə doğru səyahət kimi düşün! Öz içində səfər edən adam axırda ərzi dolaşır”.

11-ci qayda:
“Mamaça bilir ki, sancı çəkilmədən doğmaq olmaz, ana bətnindən körpəyə yol açılmaz. Səndən yepyeni bir Sən zühur eləməsi üçün çətinliklərə, sancılara hazır olmaq lazımdı”.

12-ci qayda:
“Eşq səfərdi. Bu səfərə çıxan hər yolçu istəsə də, istəməsə də təpədən-dırnağacan dəyişir. Bu yollara düşüb dəyişməyən yoxdu”.

13-cü qayda:
“Bu dünyada göydəki ulduzlardan daha çox sayda saxta hacı, xoca, şeyx-şıx var. Həqiqi mürşid səni öz içinə baxmağa, nəfsini aşıb özündəki gözəllikləri bir-bir kəşf etməyə yönəldir. Durub ona heyran olmağa yox”.

14-cü qayda:
“Haqqın qarşına çıxardığı dəyişikliklərə müqavimət göstərmək əvəzinə, təslim ol. Qoy həyat sənin əksinə yox, səninlə birlikdə axsın. “Nizamım pozular, həyatım alt-üst olar” -deyə narahat olma. Həyatın altının üstündən yaxşı olmayacağını hardan bilirsən?”

15-ci qayda:
“Allah batində və zahirdə hər an hamımızı tamamlamaqla məşğuldur. Təklikdə hər birimiz tamamlanmamış sənət əsəriyik. Yaşadığımız hər hadisə, adlatdığımız hər gözlənilməzlik çatışmazlıqlarımzı aradan qaldırmaq üçün nəzərdə tutulub. Rəbb nöqsanlarımızla ayrı-ayrı məşğul olur, çünki bəşəriyyət deyilən əsər qüsursuzluğa can atır”.

16-cı qayda:
“Allah qüsursuzdu axı, Onu sevmək asandı. Çətin olan xətasıyla, savabıyla fani insanları sevməkdi. Unutma ki, adam bir şeyi ancaq sevdiyi ölçüdə tanıya bilər. Deməli, o birini, həqiqətən, bağrına basmadan, Yaradandan ötrü yaradılanı sevmədən, nə layıqıncə tanıya, nə layiqincə sevə bilərsən.”

17-ci qayda:
“Əsas kirlilik zahirdə yox, batində, geyim-keçimdə yox, qəlbdə olur. Ondan başqa hər ləkə nə qədər pis görünürsə görünsün, yuyulanda təmizlənir, suyla arınır. Yuyulmaqla çıxmayan tək pislik qəlblərdə yağ bağlamış həsəd və hiylədi”.

18-ci qayda:
“Bütün kainat mövcud qatları, nizamsızlığıyla insanın içində gizlənib. Şeytan, zahirimizdə bizi başdan çıxartmağı gözləyən qorxunc məxluq deyil, yalnız bizim içimizdəki səsdi. Şeytanı qıraqda başqalarında yox, özündə axtar. Birdə unutma ki, nəfsini tanıyan Rəbbini tanıyar. Başqalarıyla yox, təkcə özüylə vuruşan insan axırda axırda mükafat kimi Yaradanı tanıyar”.

19-cu qayda:
“Başqalarından hörmət, münasibət, ya da sevgi gözləyirsən, amma bunları birinci özünə borclusan.Özünü sevməyən adamın sevilməsi mümkün deyil. Sən özünü sevdiyin halda dünya sənə tikan  yolladımı, sevin. Bu o deməkdi ki, yaxında gül yollayacaq”.

20-ci qayda:
“Yolun ucunun haraya gedəcəyini düşünmək bihudə cəhddən ibarətdir. Sən sadəcə atacağın ilk addımı düşünməyə borclusan. Gerisi, onsuz da öz-özünə gələcək”.

21-ci qayda:
“Hamımıza ayrı-ayrı sifət verildi. Lakin Allah hamının eyni olmasını istəsəydi, heç şübhəsiz ki, elə eləyərdi. Fərqlərə hörmət göstərmək, öz doğrularını başqalarına sırımağa can atmaq Haqqın müqəddəs nizamına hörmətsizlik eləməkdi”.

22-ci qayda:
“Həqiqi Allah aşiqi meyxanaya girdimi, ora ona namazgah olur. Amma əyyaş eyni namazgaha girdimi, ora ona meyxana olur. Bu həyatda nə eləyiriksə eləyək, fərqi yaradan, surətlə yarlıqlar yox, niyyətimizdi”.

23-cü qayda:
“Yaşadığımız həyat əlimizə verilmiş rəngarəng, əmanət oyuncaqdan ibarətdi. Bəziləri bu oyuncağı ciddi qəbul edib ağlayır, onun üçün pərişan olur. Bəzisi əlinə alar-almaz oyuncağı elə qurdalayır ki, qirib atır. Ya həddən artıq qiymət verir, ya qiymətini bilmir”.
İfratçılıqdan uzaq dur. Sufi nə ifratdadı, nə təfritdə. Sufi daim orta yerdədi…

24-cü qayda:
“Madam ki, insan əşrəfi məxluqdu, yəni varlıqların ən şərəflisidi, atdığı hər addımda Allahın yer üzündəki xəlifəsi olduğunu xatırlaya-xatırlaya, buna yaraşan əsilzadəliklə hərəkət etməlidi. Insan yoxsullaşsa, iftiraya məruz qalsa,həbsə girsə, hətta əsir olsa belə, yenə də başı dik, gözü tox, könlü əmin xəlifə kimi davranmaqdan əl çəkməməlidi”.

25-ci qayda:
“Cənnəti və cəhənnəmi heç də gələcəkdə axtarma. İkisi də bu an burda mövcuddu. Nə vaxt kimisə mənfəətsiz, hesabsız, bazarlıqsız sevməyi bacarsaq, əslində cənnətdəyik. Nə vaxt kimlərləsə dava eləsək, nifrətə, həsədə, kinə bulaşsaq kəllə-mayallaq cəhənnəmə düşəcəyik”.

26-cı qayda:
“Kainat tək vücud, tək varlıqdı. Hər şey, hamı gözəgörünməz tellərlə bir-birinə bağlıdı. Ehtiyatlı ol, heç kimin ahını götürmə. Bir başqasına, hələ-hələ səndən zəif olana əziyyət vermə. Unutma ki, dünyanın o biri başında bircə insanın kədəri bütün bəşəri bədbəxt eləyə bilər. Bir adamın səadəti də hamının üzünü güldürə bilər”.

27-ci qayda:
“Bu dünya dağa oxşayır, ona necə səslənirsən, o da sənə səsləri elə əks etdirir. Ağzından xeyirli söz çıxırsa, xeyirli söz əks-səda verər. Şər çıxarsa, sənə geri şər qayıdar. Ona görə kim sənin haqqında pis danışır, sən o adam haqqında qırx gün, qırx gecə ancaq gözəl sözlər söylə. Qirx günün sonunda görəcəksən ki, hər şey dəyişib. Sənin könlün dəyişərsə, dünya dəyişər”.

28-ci qayda:
“Keçmiş, beyinlərimizi bürüyən duman buludlarından ibarətdir. Gələcəksə, azad xəyal pərdəsidi. Nə gələcəyimizi bilə, nə keçmışımızı silə bilərik. Sufi daim bu anın həqiqətini yaşayır”.

29-cu qayda:
“Alın yazısı həyatımızın qabaqcadan çəkilmiş olduğu demək deyil.Buna görə də “neyləyək qismətimiz belədi” deyib boyun əymək cahillik əlamətidi.Alın yazısı yolun hamısını deyil, sadəcə yolayrıclarını verir. Mənzilbaşı bəllidi, amma bütün döngələr, yol başlanğıcları yolçunun ixtiyarındadı. Ona görə də nə həyatın hakimisən, nə də həyat qarşısında çarəsizsən”.

30-cu qayda:
“Həqiqi sufi elə adamdı ki, başqaları onu qınasa, töhmətləndirsə, dedi-qodusunu eləsə, hətta iftiraya məruz qalsa belə. ağzını açıb kiminsə haqqında bir kəlmə pis söz demir. Sufi qüsur görmür. Qüsuru örtür”.

31-ci qayda:
“Haqqa yaxınlaşmaq üçün məxmər kimi qəlbə sahib olmalısan. Hər insan bu və ya digər şəkildə yumşalmağı öyrənir. Kimi qəza keçirir, kimi ölümcül xəstəlik, kimi ayrılıq acısı çəkir, kimi maddi itki… Hamımız qəlbdəki rəhmsizliklərin öhdəsindən gəlməyə fürsət verən fırtınalardan keçərik. Amma kimimiz bundakı hikməti anlayır, yumşalırıq; kimimizsə, təəssüf ki, daha da sərtləşib çıxır”.

32-ci qayda:
“Aranızdakı bütün pərdələri bir-bir götür ki, Tanrıya saf eşqlə bağlana biləsən. Qaydaların olsun, amma qaydalardan başqalarını kənarlaşdırmaq , yaxud da mühakimə etmək üçün istifadə olunmur. Xüsusilə, bütlərdən uzaq dur, dostum. Bir də ehtiyatlı ol, öz doğrularını bütləşdirmə! İnancın böyük olsun, amma inancınla böyüklük iddiasına düşmə!”

33-cü qayda:
“Bu dünyada hər kəs bir şey olmağa çalışanda, sən HEÇ ol. Mənzilin yoxluq olsun. İnsanın küpdən fərqi olmamalıdı. Necə ki, küpü saxlayan zahiri forma yox, içindəki boşluqdursa, insanı dik tutan da mənlik zənni yox, heçlik şüurudu”.

34-cü qayda:
“Haqqa təslimçilik nə zəiflik, nə də itaətkarlıq deməkdir. Tamamilə əksinə, belə bir təslimçilik son dərəcə güclü olmağı zəruri edir. Təslim olan insan çalxantılı, girdablı sularda çapalamaqdan əl çəkir, əmin bir yerdə yaşayır”.

35-ci qayda:
“Bu həyatda ancaq təzadlarla irəliləyə bilərik. Mömin içindəki dinsizlə, Tanrıya inanmayan adamsa içindəki inananla tanış olmalıdı. Adam İnsani Kamil mərtəbəsinə çatana qədər addım-addım irəliləyir. Həm də ancaq təzadları əhatə edə bildiyi ölçüdə yetkinləşir”.

36-cı qayda:
“Hiylədən, intriqadan narahat olma. Əgər bəziləri sənə tələ qurur, zərər vermək istəyirsə, Tanrı da onlara tələ qurur. Quyu qazanlar o quyuya özləri düşər. Bu sistem qarşılıqlar əsasına görə işləyir. Nə bir qətrə xeyir, nə bir qətrə şər cavabsız qalır. Ondan xəbərsiz yarpaq belə tərpənməz. Sən sadəcə buna inan!”

37-ci qayda:
“Tanrı qılı qırx yerə yarıb vasvasılıqla çalışan saat ustasıdı. O qədər dəqiqdi ki, sayəsində hər şey düz vaxtında olur. Nə bir saniyə tez, nə bir saniyə gec. Hər insan üçün bir aşiq olma vaxtı, bir də ölmək vaxtı var”.

38-ci qayda:
“Yaşadığım həyatı dəyişdirməyə, özümü çevirməyə hazırammı?- soruşmaq üçün heç vaxt gec deyil. Neçə yaşda oluruq olaq, başımıza nə gəlmiş olursa- olsun  tamam yeniləşmək mümkündü.
Bircə gün belə eynilə əvvəlkini təkrarıdırsa, təəssüf. Hər an hər nəfəsdə yenilənməlidi. Yepyeni bir həyata doğulmaqdan ötrü ölməzdən öncə ölməlisən”.

39-cu qayda:
“Nöqtələr daim dəyişsə də, bütöv eynidi. Bu dünyadan gedən hər bir oğrunun yerinə bir oğru doğulur. Ölən hər dürüst insanın yerini bir dürüst insan tutur. Həm bütöv heç zaman pozulmur. Hər şey yerli-yerində, mərkəzində qalır… Həm də bir gündən o biri günə heç bir şey eyni olmur.
Ölən hər sufi əvəzinə bir sufi doğulur”.

40-cı qayda:
“Eşqsiz keçən bir ömür bihudə yaşanıb. Görəsən, ilahi eşq arxasıncamı getməliyəm, yoxsa dünyəvi, səmavi  ya da cismanimi, deyə soruşma! Ayrı seçkiliklər, ayrı seçkilikləri doğurar. Eşqin isə heç bir sifətə ehtiyacı yoxdur. Başlı-başına bir dünyadır, eşq.
Ya düz ortasında, mərkəzindəsən, ya eşiyində, həsrətində..

Mənbə: Əlif Şəfəq “Eşq” romanı
Hazırladı:  Psixoloq Rübabə

VN:F [1.9.16_1159]
Rating: +20 (from 20 votes)

Psixoloq Rübabə

Fitret.az yazarı. Psixoloq.

- Sayt ünvanı

4 comments

Elnare üçün bir cavab yazın Cavabı ləğv et