Mükəmməl olmağa çalışmaq, heç şübhəsiz tamamlanmağı istəməklə əlaqəlidir. Dairəni tamamlamaqla. İnsan, ancaq insana xas bütün bacarıqlarını, qabiliyyətlərini istifadə etdiyi, istifadə edə bildiyi təqdirdə yetkinləşər. Tamamlanar. Bütün bacarıqlarını: hiss, duyğu, düşüncə bacarıqlarını. Tamamilə, yəni əskiksiz bir şəkildə. İnsanın təkamülünü arzu edə bilər, kamala çatma, tamamlanma yolundakı bütün səylərini təqdir edə bilərik. Etməliyik.
Yaxşı bəs mükəmməlini? Bitmiş, tamamlanmış bir insanı? Yəni tanrılaşmış bir insanı təqdir edə bilərikmi?
Maddədən, təbiətdən, maddənin və təbiətin səbəb olduğu bütün zəifliklərdən təmizlənmiş olanı?
Üstəlik belə olması halında belə ‘insan’ sifəti daşıya biləcəyini zənn edəni?
Sualdan, sorğudan, tənqiddən azad olduqlarını zənn edən tanrıcıqlara ən çox siyasətdə rast gəlinər. İdarəçilərdə ya da idarə etməyə istəkli olanlarda. Qüsursuz liderlər. Yanılmayan öndərlər. Qəhrəmanlar. Hamısı da mükəmməldir. Qüsursuzdur. Tənqid qəbul etməz.
İnsanoğlu, tanrılaşa bilməz, ancaq tanrılaşdırar. Mükəmməlləşə bilməz, lakin mükəmməlləşdirər. İdealizə edər (xəyalən mükəmməl etməyə çalışar), ideallaşdırar. Çox təbii ki, zehinində. Xəyalında. Ümid edər buna görə. Xəyal edər. Mükəmməlləşmiş kimi edər. Özünü və ya başqalarını mükəmməlləşdirər. Qüsursuz hala gətirər. Səhvlərdən arındırar.
Kamala və mükəmmələ ehtiyacı olduğu üçün edər, bütün bunları. Ucalmağa ehtiyacı olduğu üçün. Ucalmaq üçün ucaldar. Ucaltmaq məcburiyyətindədir.
İnsanın yanılmağa ehtiyacı vardır. Və aldanmağa. Aldanmaq istər insan. Həm də özlərinə özünü aldatma haqqı verdiyi kəslər tərəfindən. Aldadır və aldanır. Aldanmaq, insanın taleyidir. Ucalmaq istədiyi üçün ucaltmaq məcburiyyətində olanın.
Gerçək!
Bütün çılpaqlığı ilə kimin ona ehtiyacı var?
Kim gerçəyi bütün çılpaqlığı ilə bilmək istəyər?
Heç kim!
Bəli, heç kim bütün çılpaqlığıyla gerçəyi bilməyə ehtiyac duymaz. Bilmək də istəməz. Ehtiyac yoxdur.
Təəccüblənmə ey həvəsli olan, gerçəyi bilmənin gərəyi yoxdur. Üstünə çıxmaq lazımdır gerçəyin. Bilə-bilə aldanmaq lazımdır. Aldanmaq və aldatmaq. Ucalmaq üçün ucaltmaq lazımdır. Özünü və (və ya) başqalarını. Səhvlərdən təmizləmək, qüsursuzlaşdırmaq, mükəmməlləşdirmək lazımdır, ucalmaq üçün ucaldılmasına ehtiyac duyulanları. Kor olmaq lazımdır. Yəni aşiq olmaq. Eşqə ehtiyac duyacaq qədər qüsurlu olmaq. Xəstə olacaq qədər. Mükəmməlləşdirmək lazımdır. Bilə-bilə aldanmaq. Ehtiyac olduğundan, ehtiyacımız olduğundan. Həm də hava kimi, su kimi.
Mən də deyirəm ki, ey həvəsli olan, indi gözlərini bitməmişə çevir. Tamamlanmamışa. Əskik və qüsurlu olana. Gedənə. Davam edənə. Son nöqtəsini tapmamış olana. Aləmə və insana. Bütün nöqsanları ilə palçıq içində çırpınan insanı gör. Bitməmiş, tamamlanmamış, əskik və nöqsan insanı, Hz. İnsanı gör.
Beləcə sev onu. Tamamlanmadığı üçün və əsla tamamlana bilməyəcəyi üçün. Mükəmməllikdən uzaq bir şəkildə. Ucaldacaqsansa, palçığın içinə soxaraq sev onu, çiyinlərinə şamdan qanadlar taxaraq deyil.
Son dövr məlami (təriqət) böyüklərindən Məhəmməd Nur’ul-Arabi həzrətləri bir gün bir müridiylə yolda gedərkən, müridi bir ara dayanıb demiş:
– Əfəndim, bütün şeyxlər kəramət göstərirlər, amma siz bizə hələ bir kəramət göstərmədiniz. Lütf etsəniz, bir kəramətinizi görsək!
Əfəndi həzrətləri qaşları çatılmış bir halda hiddətlə müridinə bu cavabı verir:
– Budur, yeriyirik də!
Sonra da heç danışmadan getməyə davam etmiş.
Ey həvəsli olan, uçanları qaçanları burax, həqiqət əhlini yeriyənlərin arasından seçməklə məşğul ol! Kamalı təkamül içində axtaranları sən də axtar tap!
Hikməti, palçığın içində axtaranları əhəmiyyətli bil! Torpağın və insanın içində axtaranları. İnsanı yenə insanda axtaranları. Təvazö ilə axtaranları. Mükəmməl olduğunu iddia etmədən, insanı bütün əskik və qüsurlarıyla axtaranları.
Hörmət edəcəksənsə, insanın əskik və qüsurlarına hörmət edənlərə hörmət et, hökmən öpəcəksənsə bitməmişliyi, tamamlanmamışlığı fəzilət bilən palçıqlı əlləri öp!
Bəli, suyu (savabı) deyil, əksinə palçığı (günahı) əhəmiyyətli bilənlərin əllərini.
Palçıqdakı torpağa deyil, palçıqda o torpağı həll edən suyu görənlərin gözlərinə çevir gözlərini.
Heyrətlə…
Hər dəfə…
Təvazökar ol, sadəcə yeri…
Müəllif: Dücanə Cündioğlu
Hazırladı: Bəhruz Nurməmmədov