ALDANIŞ

Xüsusi

Yazmaq daxilimdən gələn bir şeydir, onsuz  bu işlər zorla olmur.  Əvvəl gündəlik yazırdım, ara sıra yenə yazıram. Məni incidən, düşündürən, yoran, içimdən keçənləri gündəliyə yazırdım. Boş sətirləri doldururdum, sakitcə dinləyirdilər, tək dostum o dəftər olub. Bəzən yenə köhnə dostumla danışıram. Ədəbiyyatı çox sevirəm. Tarixçi olmasaydım yəqin ki, ədəbiyyatçı olardım. Jurnalistika, hüquq da sevdiyim sahələrdi, bir də həkimlik. Daim insanlara kömək etmək olub istəyim, təmənnasız həm də, faydalı olmaq, bacardığım qədər kömək etmək. İnsanlar üçün çox kiçik nəsə edə bilirəm, çox kiçik həm də.
Bir gün zəngin olsam, uşaq evlərindən çıxan uşaqlar üçün evlər tikəcəyəm, 18 yaşından ordan çıxan kimsəsiz bir qız hara gedə bilər, nə edə bilər? Digər bir istəyim sahibsiz heyvanlar üçün sığınacaqlar tikməkdir. Onlar küçədə xəstəliyə tutulurlar, insanların təzyiqlərini görürlər, məsum baxışlarında nə qədər qorxu görmüşəm. Bilmirəm, bunları etmək qismət olacaqmı, amma imkanım olsa edəcəyəm bunları.Hər gün nə qədər insan işə, dərsə tələsir, o insan selinin içində onlardan biri də mən oluram. Taleyin ucqar dağ kəndindən sovurub küləklər şəhərinə atdığı insan və həyatı bir çox şeylərlə dəyişən, bir çox şeylər yaşayan insan. İri şəhərlərdə insan özünə və insanlara yadlaşır, çünki aid olduğu təbiətdən uzaq düşür, bu yadlaşma getdikcə daha da dərinləşir. Kibrit qutusu kimi evlərin içində biz də kiçilirik, ruhumuz da daralır, “balacalaşır” və beləcə aşınıb gedirik. İnsanlar br-birindən qorunmaq üçün daş hasarlar çəkirlər, çünki bir-birilərinə inanmırlar…
Çox axmaq iş görüb insan, dünyada darıxmamaq, özünü önəmli hesab etmək üçün, həm də öz rahatı üçün “iş”i yaradıb. Zamanla  bu formal xarakter alıb, kiməsə əmr etmək üçün fürsət olub. İnsan başqa insanı yarqılamaq üçün qanunlar yaradıb, başqa birini asanlıqla mühakimə edə bilir, halbuki cinayətkarı cəmiyyət yetişdirir…!
Hər kəs belə təmizdir axı, bəs onda dünya niyə çirkab içində itib-batır, niyə qanları təmizləməyə daha  su da yetmir? Bir yazı çıxmışdı qarşıma keçən dəfə, Hanna Arendtin “Şərin banallığı: Eyxman Qüdsdə” əsəri haqda idi. Adolf Eyxman 6 milyon yəhudinin ölümündə günahkar bilinir. Hanna Arendt onun məhkəməsini izləyib sonra əsəri yazıb. Eyxman İsraildə mühakimə olunub, Hanna Arendt deyir ki, Eyxman kimilər aramızdadır, yəni onların heç bir ruhi problemi yoxdur. Eyxman öz vəzifə borcu kimi edib bunu, bir düşünün aramızda nə qədər eyxmanlar var, “n” qədərdi onlar. Elə göz görə-görə nələr edirlər. İnsanın xisləti budur, insan daim əməllərinə bəraət axtarır, Eyxmanın da dediyi kimi “Mən müharibənin qaydalarına əməl etməli idim və bayrağıma xidmət edirdim.” Acı gerçək budur…
Hərdən düşünürəm ibtidai insanlar bizdən daha xoşbəxt olublar, daha yaxşı yaşayıblar. Tək və əsas problemləri qida əldə etmək olub, biz isə min bir zəncirlə qandallanmışıq, özüm-özümüzə süni zəncirlər yaratmışıq, cinayəti yaradıb sonra da onu törədən insanı mühakimə etmək üçün qanun da yaratmışıq.
Eyni yollar, eyni insanlar… Hətta hər gün bir avtobusda, bir qatarda yol getdiyin eyni insanlar… Onlar da məni hər gün görür, mən də onları… Eyni avtobus və qatarda, amma fərqli istiqamətlərə gedirik, hərə öz dayanacağında düşür. Həyat da belədir. Eyni dünyanın fərqli həyatı olan insanlarıyıq. Nə qədər insan var, hərə öz həyatını yaşayır, amma fərqli şəkildə. Hər gün Qara Qarayev metrosunun yanında limon, alça satan lal kişini görürəm, qocadır. insanlara əlindəki limonu göstərib “nə olar, alın” deyən baxışları var, hər görəndə qəribə oluram. Arada ondan limon da alıram. Kaş elə edə biləydim ki, onun bütün ehtiyacları qarşılansın. Dünyanın hər yerində hamının yaxşı yaşamasını təmin edə bilmərik, mümkünsüzdür. Beləcə kənardan izləyirik…
Bilirsənmi niyə yorğunuq? Çünki qoca dünyanın, əsrlərdir düşünən insanların fikir yükünü çəkirik, ötürülə-ötürülə gələn düşüncə seli ağırlıq edir. Ən ali bəşər olan insanın etdiklərini anlaya bilmirik, şüurlu olan insan şüursuz dediyi heyvandan üstün nə edib ki? Ancaq dağıdıb, indi də davam edir… Gözü doymur, dəniz suyu kimi içdikcə susayır insan. Çox bədbin şeylər yazdım, deyəsən. Həyatda gözəlliklər də var, həm də çox böyük gözəlliklər, elə ən böyüyü gözəl görən ürəkdir, düşünən insandır. Bəlkə də güləcəksən ağac,yarpaq, çiçək, ot, günəş, torpaq, su, külək və digərləri hamısı gözəldir…Vicdanı təmiz, ürəyi gözəl hər insan gözəldir. Heç nə tam ağ və tam qara deyil, ağ da olmalıdır, qara da. Bəlkə də həyatın anlamı elə bundadır, hər şey əla olsaydı, bəlkə də anlamsız olardı… Avstriyalı yazar Robert Müzilin “Yeniyetmə Törlessin sarsıntıları” kitabını oxuyuram, adı mənə Hötenin “Gənc Verterin əzabları” kitabını xatırlatdı. Yeniyetmə insanın düşüncələri, özünü axtarış, nifrət, qəzəb, küskünlük, özünü təsdiqə meyillilik, hamımızın yaşadığı oxşar hisslər…
Bir çoxumuz elə bilirik ki, bu hissləri ancaq biz yaşamışıq amma yox. Hər yazarın əsəri elə onun özünün ifadəsidir, düşüncəsinin ifadəsidir, təbii ki, hara qədər ifadə edə bilirsə… Yüklərimizi bir az buraxaq, daxilimizə sakitlik verək, yaşadığımız problemlərin çoxunun süni, formal olduğunu bilirik, çoxunun elə bizim kimi insanlar tərəfindən yaradıldığını da bilirik, ruhunu azad burax, içində özünə yönəl. İnsan özünə məğlub olur. Bu daim belədi, heç kim bizi məğlub etmir, biz özümüzə məğlub oluruq. Gecə, saat, mən və klaviatura… Saat işləyir, “çıkk çıkk” səsələri də çəkdiyi əzabı bildirir, ağır-ağır hərəkət edir…İnsan bir şeyə alışdısa, elə də gedə bilir, çox şey belədi. Sabah yeni gün başlayacaq, bu günə bənzər yeni bir gün… Yaşadığımız heç bir günün təkrarı olmur, olmayacaq da, bunu bilə-bilə israf edirik həyatı, günləri… Ən əsası ömrümüzü… İnsanın ən böyük faciəsi özünü aldatması ilə başlayır… Özümü aldatmağım olub, kim aldatdı səni özündən çox? Heç kim, elə özüm.

Müəllif: Aida İsmayılova

Beyenmeler
0   4  
VN:F [1.9.16_1159]
Rating: +10 (from 14 votes)

MARKETİNQSİZ ƏDƏBİYYAT

Xüsusi

ədəbiyyatSevindirici haldır ki, bu gün ölkəmizdə marketinq haqqında olan təsəvvürlər getdikcə artmağa başlayır. Bunun ən önəmli təsirləri vaxt geçdikcə hiss edilməyə başlayacaq. Bir neçə il bubdan əvvəl əgər şirkətlər öz daxillərində marketinq departementini yaratmağa əlavə xərc kimi baxırdılarsa, bu gün bu departamentin vacibliyini özləri də etiraf edirlər. Bu da təbii haldır. Çünki hal hazırda yaşadığımız dünyada biznesin necə önəmli bir sahə olduğunu hamımız yaxşı bilirik. Bizim ölkəmiz də müxtəlif bizneslərin inkişafında olduqca maraqlıdır.

Əslində bu gün marketinqin prinsipləri və ya onun nə olması barədə deyil, konkret olaraq bədii biznesin nə yerdə olması ilə bağlı danışacağıq. Ədəbiyyatla, yazarlarla, eyni zamanda kitablarla əlaqədar olan bütün sahələrə marketinqin təsirini və nə dərəcədə önəmli olduğunu təhlil və izah etməyə çalışacam.

Başlamadan öncə kiçicik bir həşiyə çıxaraq onu deməliyəm ki, nə qədər yeni kitablar yazsaq da, bu sahənin marketinqini istədiyimiz səviyyəyə yüksəltmədən bunun ədəbiyyatın inkişafına biznes baxımından heç bir təsiri olmayacaq. Hər bir müəllif yazdıqlarının qarşılığında müəyyən bir qonarar qazanmaq istəyir ki, bu da təbii bir haldır. Bu həm yazarda ruh yüksəkliyi, eyni zamanda öz yaradıcılığını davam etdirmək üçün əlavə motivasiyanın yaranmasına səbəb olur ki, bu da növbəti əsərlərin meydana çıxmasına səbəb olur. Bunun da yolu düşünürəm ki, ədəbi marketinqin inkişafından keçir.

İlk öncə onu qeyd etməliyəm ki, bu sahədə ölkəmizdə olan çatışmazlıqlar olduqca çoxdur. Marketinqdə əsas yer tutan anlayışlardan biri araşdırmalardır ki, bu da bizdə olduqca zəifdir. İstənilən bir biznes sahəsində aparılan araşdırma mövcud vəziyyəti qiymətləndirməyə əsaslanıb ki, toplanılan məlumatların təhlilindən sonra istənilən nəticəni əldə etmək üçün lazimi addımlar atılsın. Ancaq ədəbi bizneslərdə nəinki mövcud bazarların araştırılması yoxdur, demək olar ki, buna hansısa cəhdlər belə edilmir.

ədəbiyyatSon zamanlar sosial şəbəkələrin sürətli inkişafı nəticəsində hansısa cəhdlər edilsə belə heç bir naliyyət əldə edilməyib. Bu da təbii bir haldır. Əgər kitab mağazalarının facebook səifələrinə baxsaz görərsiz ki, onların əksəriyyətində yalnızca kitabların qiymətləri ilə bağlı statuslardan ibarətdir. Hələki ədəbi bizneslərdə rəqəmsal marketinq anlayışı bundan ibarətdir. Halbu ki, bu imkandan maksimum şəkildə istifadə etmək olar.

Əgər hansısa bir gənc bu gün yeni nəsil dünya yazarlarının kitablarını əlina alıb oxuyursa bu həmin gəncin heç də onların yaradıcılıqları ilə ətraflı tanışlığını göstərmir. Ümumən əlınan kitabların bu gün çox satılmasının əsas səbəbləri nə qədər kitabın uğurlu alınması ilə bağlıdırsa böyük bir hissəsi də onun marketinq tərəfi ilə ciddi şəkildə məşğul olunması ilə bağlıdır. Yazarla çiyin çiyinə mübarizə aparan bu komanda bəlkə də yeni yazılan bir kitabın tez bir zamanda kütlələrin diqqətini cəlb etməsi üçün marketinqin təklif etdiyi bütün imkanlardan maksimum dərəcədə istifadə edirlər. Xüsusilə də rəqamsal marketinqin son zamanlatrdakı sürətli inkişafı onların saslərini daha böyük kütlələrə səsləndirmələri üçün əlavə üstünlüklər verməyə başlayıb. Bizdə isə yazarların demək olar ki, hamısı özlərinin marketoloqlarıdır və bu böyük dəryanın içində tək başlarına mübarizə aparırlar. Yeni yazdıqları kitablar haqqında bir iki kəlmə yazmaqla kifayətlənirlər. Nəticə isə göz qabağındadır. Ölkə xarici qıraqda qalsın, ölkə daxilində belə bestellerə çevrilə bilmirlər. Çünki bu kitablar kütləyə lazımıca çatdırılmayıb və tez bir zamanda da itib batmağa başlayırlar. Bəzən müəllifin belə yadından çıxır.

ədəbiyyatBizim ölkəmiz texnoloji inkişafın sürətindən qıraqda qalmayıb. Məsələ həmin inkişafdan düzgün şəkildə istifadə edə bilməkdir. Ancaq ki, kitab sənayesində və biznesində bu məsələ hələ ki, istənilən səviyyədə deyil. O səbəbdən də onlarca yeni yaranan romanlar, hekayə kitabları, esse kitabları hər nə qədər uğurlu yazılsa da marketoloji cəhətdən bu kitabların düzgün kanallar vasitəsi ilə insanlara çatdırıla bilməməsi sonda həm müəllifin məyyusluğuna, həm də kitab biznesinin getdikcə öz aktuallığını itirməsinə səbəb olur ki, gələcəkdə bu istiqamətə maraqları olan insanları belə tədricən bu biznes növündən soyutmaqa başlayır.

Digər bir məsələ isə ölkəmizdə olan kitab mağazaları arasında istənilən səviyyədə biznes xarakterli rəqabətin olmamasıdır. Hətta yox səviyyəsindədir. Və təbii haldır ki, rəqabətin olmadığı bir yerdə biznesə yeni imkanların açılması və biznesin öz inkişaf yolunu seçməsi demək olar ki, mümkün deyil. Mövcud olan kitab mağazalarında isə demək olar ki , hər bir mağaza öz çatısının altına sığınaraq “mənimlə işiniz olmasın” deyərcəsinə bu rəqabətin olub olmamasında demək olar ki, maraqlı da deyillər. Ancaq qurulan hər bir biznesin əsas məqsədi odur ki, oradan müəyyən bir gəlir əldə olunsun. Və bu gəlirin də hər dəfə artması təsisçiləri yeni addımlar atmağa vadar edir ki, bu həm marketinq mühitinin həm də ki, kitab biznesinin inkişafına səbəb olur.

Müəllif: Müşviq Osmanlı

Beyenmeler
0   3  
VN:F [1.9.16_1159]
Rating: +7 (from 7 votes)

ƏDƏBİYYATDA İNTİHAR

Xüsusi

ƏDƏBİYYATDA İNTİHARƏziz oxucu, ilk öncə onu qeyd etməliyəm ki, bu mövzu haqqında yazmaq həm çətin, həm də maraqlıdır. Çətindir ona görə ki, əsrlərdir bu mövzu haqqında müxtəlif araşdırmalar aparılmış, mövzu ətrafında ədəbiyyata aidiyyatı olan və olmayan adamlar müxtəlif səpkili mübahisələr etmişlər. Ancaq tam olaraq bu hadisələr (intiharlar) filan səbəbdən baş verir deyə yekdil bir fikrin üzərində dayanmaq mümkün olmamışdır. Elə bu gün də yekdil bir fikir yoxdur. Çünki bu intiharlar daha çox səbəblər toplusuna dayandığına görə mövzu bir qədər də qəlizləşir.

Mövzunun maraqlı tərəfi isə araşdırdıqca kökü daha dərinlərə gedən faktların, qeyri-adi talelərin və bütün bu baş verənlərin qeyri-adi səbəblərinin ortalığa çıxmağıdır.

Ümid edirəm ki, bu kiçicik giriş araşdırdığımız məsələnin əslində nə qədər incə bir məsələ olduğunu sizə izah etdi.

Əslində məsələnin bu qədər qarışıq və çarpışmalarla dolu olmasını qeyd etməyimin bir neçə səbəbi var.

Birincisi və ən əsası burada söhbət fərdin varlıq və yoxluq arasındakı incə cizginin üzərində yeriməsindən gedir ki, bu heç də asan dərk edilən bir məsələ deyil. Bu proseslərin böyük əksəriyyətinin fərdin daxilində getdiyini nəzərə alsaq və yox oluşun nə vaxt baş verəcəyini dəqiq bilmədiyimizə görə insan bir fərd olaraq bəzən istəsə belə bütün bunlara təsir edə bilmir.

İkincisi isə bu məsələnin incə məqamlarını istədiyim kimi sizə çatdıra bilməmə qorxusuna sahibəm ki, bu da məni çox narahat edir.

Məqsədim heç də dünyaca tanınmış yazarların və əsərlərin baş qəhramanlarının intihar ssenarisini sizlərə danışmaq deyil. Siz onsuz da bunların çoxu ilə tanışsız və hadisələrin də necə cərəyan etdiyini bilirsiz. Burada bizi əsas narahat edən məsələ bütün bu intiharların “Niyə?”, “Hansı səbəbdən?” baş vermələridir.

Ədəbiyyatda intiharın təzahürləri incələndiyi zaman üzdə müxtəlif problemlərlə qarşılaşsaq da, əslində məsələnin əsli varlıq problemlərinə, dəyərlərlə cəmiyyətin reallıqlarının toqquşmasına, xarakterin (obrazın) müəyyən bir çıxış yolunun tapmamasına və s. səbəblərə qədər gedib çıxır.

kamyu-intiharXırda (bəlkə də böyük) bir məsələni qeyd etmək istəyirəm. Dahi Albert Kamyu “Sizif haqqında mif” in sınaq yazılarına “Sadəcə tək bir fəlsəfi problem var və o da intihardır” tezisi ilə başlamışdır. Və əslində yaşamağa dəyərmi yoxsa dəyməzmi sualının cavabı əsas problemin də həlli olacaqdır.

Həyatın anlamı nədir?

Yazara görə ürəyin lap dərin qatlarında planlanan intihar bir sənət əsəri ilə eyni təbiətə sahibdir.

Albert Kamyunun dediyi bu son cümlə insanı həqiqətən də düşünməyə vadar edir. Bu cümlə ilə Kamyu bəlkə də ədəbi əsərləri yazarların özlərini intihar formalarından biri kimi qələmə verir. Bəlkə doğrudan da belədir. Daxilində yaşanan bütün hadisələri, çaxnaşmaları, əsəbi, stresi yazdığı bədii əsərlərə töküb sonda yekunlaşdırmaqla bir növ öz intiharlarını gerçəkləşdirmiş olurlar. Yazıb bitirmə həm nələrdənsə azad olma, nələrisə sonlandırmaqdır ki, intihar da bir növ buna xidmət edir. Məsələnin digər bir tərəfi isə odur ki, bu tip intihar əslində yenidən doğulmadır. Bitirilən hər əsər əslində növbətinin başlanğıcıdır. Varlıq və yoxluq əslində bir birinə qaynayıb qarışmış və bir birindən ayrı durması mümkünsüz kimi görünən anlayışlardır bu mənada.

Cəmiyyətin həyatı özünün hər inkişaf mərhələsində ətrafında baş verən hadisələr nəticəsində müxtəlif təriflər alır və müəyyən bir sistem halına salınır. Belə bir vəziyyətdə intihar fərdin öz davranışını öz nəzarəti altına aldığı andır əslində. Əlbəttə ki, buradakı intihar heç də pisixoloji pozuntular nəticəsində ölümün seçilməsi deyil. Bu şüurlu şəkildə planlanan və nəticədə şüurlu bir şəkildə öz həyatını sonlandırmaqdır. Və ədəbiyyatdakı bu intihar əslində iki şeyi bizə sübut etməyə çalışır;  Ya sonu görünməyən bir umudsuzluğu, ya da cəsarətliliyi.

Həyatlarındakı anlaşılmaz mübahisələrlə və yaşadığı cəmiyyətdə baş verənlərlə heç cür barışa bilməyən Ştefan Zvayq, Virgina Vulf, Syilvia Plath və daha neçələri varolma ilə bağlı suallara cavab olaraq intiharı seçmişdilər.

Burada məsələ bir qədər də qəlizləşir. Çünki yazıçı intiharları çox problemli bir məsələdir və bu məsələnin incə detallarını açmaq çox çətin məsələdir.

Ancaq ədəbi mətnlərin daxili dünyasında intihar “səs vermə” ya da Syilvia Plathın şeirlərinin birində deyildiyi kimi “susma cəsarəti” dir.

intihar

Ədəbiyyatın tarixinə fikir versək görərik ki, bir çox yazılı mətn əslində bizə cəmiyyətlə heç cür barışa bilməyən, onun qaydalarını rədd edən və həyatı boyunca bütün bu çaxnaşmalara qarşı mübarizə aparanların hekayəsini danışır. İntiharın ruhundakı dəyişikliklər də həm varolma anlayışının keçirdiyi dəyişikliklər, həm də bu çevrilmələrin təsir etdiyi ədəbiyyatın dəyişikliyi ilə əlaqədardır.

Ateniusla Kleopatranın hekayətində tarixi gerçəkliyə söykənən intihar təzahürlərini saymasaq da, bilinən intihar növləri, obrazlı ya da deyil, bir çox hekayətlərdə diqqət çəkir. Əgər dönüb yazının tarixinə baxsaq görərik ki, müxtəlif mətnlər müxtəlif səbəblərdən öz şərəf və ləyaqətlərini itirmiş, itirdikləri insanların arxasınca acılar çəkən, itirəcək heç bir şeyi qalmayan obrazların intiharları ilə doludur… (Ardı olacaq)

Müəllif: Müşviq Osmanlı

Beyenmeler
0   4  
VN:F [1.9.16_1159]
Rating: +9 (from 11 votes)

LAKONİK DİL – AZ SÖZLƏ ÇOX ŞEYİN İFADƏSİ

Xüsusi

uşağım söyüş söyür“Ağıl kamilləşdikcə söz azalarmış…” 

Maraqlı bir deyimdir. Bəs nədən kamilləşmə danışma ilə tərs mütanasib olsun ki? Bizim eşitmək istədiklərimiz məhz kamillərin söhbəti deyilmi? Onlar da danışmayacaqsa, kim danışacaq?

Bir az düşündüm bu deyim haqqında. Düşündüm ki, əslində, sözün azalması burada lakonikliyi ifadə edir. Yoxsa danışmağı buraxmaq və ya azaltmaq deyə bir məna çıxarmıram bu aforizmdən mən. Az və ya çox danışmaq daha çox xarakterin göstəricisidir. Bəzən insanlar görürük ki, çox zaman susarlar. Susqunluqları onları müdrik kimi göstərə bilər. Amma əslində elə deyil. O sadəcə xaraktercə qaradinməz adamdır. Əgər bir az danışdıra bilsən görərsən ki, düşündüyün qədər düşüncə sahibi deyil. Yəni, söz azlığı kamilliyin göstəricisi ola bilər, amma hər sözü az olan da kamil deyildir.

O zaman kamilləşmə ilə danışma kəmiyyəti arasında münasibət necə formalaşır? -deyə düşündüm. Əgər sadəcə susmağı bacaran biriləri varsa, kamillərin susqunluğu ilə bunların fərqi nədir?

Düşünürəm ki, insan kamilləşdikcə fikir mühəndisliyi, müvafiq olaraq isə cümlə mühəndisliyi artır. Fikir və cümlə mühəndisliyi, aldığın məlumatlarla, müşahidələrinlə təəssürat formalaşdırmaq və bu təəssüratlarınla fikir formalaşdırmağın, bu fikirlərdən yola çıxaraq özünü səlis ifadə edə bilməyindir. Belə insanlar daha az sözlə daha çox fikir ifadə edə bilirlər.  Bu zaman bir məsələ də ortaya çıxır:
İnsan danışdıqcamı bütün bu sistemi formalaşdırır, yoxsa necə? Yəni bütün bu kamillik ədəbiyyat olaraq formalaşır da, elə ədəbiyyat olaraqmı qalır?

Məncə əsla belə deyildir. Bütün bunların formalaşmasında bir həyat var, həyat yolçuluğu var. İnsan kamiliyinin əsas təzahürü həyatında bərqərar olur, təzahür edir. İnsan həyat müşahidələri və təcrübəsi ilə fikir formalaşdırır. Və ən əsası, anladıqlarını və söylədiklərini qismən də olsa həyata daşıdıqca, daha az sözlə ifadə qabiliyyəti qazanır. Hətta bədən dili ilə anlata, başa sala bilir. Təcrübə, fikir ifadəsində kəlimə azlığı yaradır və lakonik çatdırma qabiliyyyəti formalaşdırır. Ətrafdakılar da buna daha çox diqqət edir və nəticədə təblığ deyil, təmsil alınır.

Təbliğ çiçəklənmə deyil, çiçəklənməkdən bəhs etməkdir.
Təmsil çiçəklənmədir…

484085_10151936689482339_1600553572_nBİLDİKLƏRİN, ANLATDIĞIN QƏDƏRDİR…

Bir fizika müəliminin adi bir məclisdə oturub fiziki dillə danışması, fiziki termin və düsturlardan bəhs etməsi necə bir ortam yaradar? Bəli, fizikaya hörmət xatirinə bəlkə kimsə bir söz deməz, amma ona maraq da olmaz. Hətta məclisdəkilər yorular. Əgər fizika müəllimi bildiyi, mənimsədiyi fiziki biliklərini sosial həyat yöntəmləri ilə, gündəmə uyğun praktik təcrübələrlə ortaya qoysa, o zaman hamı üçün maraqlı və faydalı olar.
Ac bir insana ətin tərkibindən, onda olan vitaminlərdən və s. bioloji-kimyəvi bilgilərdən danışsaq necə olar? Əslində o ac adama bioloji statik bilgilər lazım deyil, aşbaz olub o ətdən bir şey bişirib vermək lazımdır.

Müəllif: Vüsaləddin Rüstəmov

Beyenmeler
0   4  
VN:F [1.9.16_1159]
Rating: +10 (from 18 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

AVROPADA BUNLAR PULSUZ OLUR

avropaBahalı Avropa ölkələrinin pulsuz tərəfləri də var. Həmin ölkələrdə pulsuz zövq ala biləcəyiniz şeyləri təqdim edirik:

1. Sürixdə pulsuz şokoladlar yeyə bilərsiniz. Bu, məhz ora getmək üçün gözəl bir səbəbdir. Pulsuz şokolad yemək, şokolad muzeylərini pulsuz gəzmək, Lindt və Sprungli şokolad markalarını dadmaq, bundan başqa nə istəyirsiniz?

2. Kopenhagendə pulsuz velosipedlərdən yararlanaraq, bütün səyahətinizi bununla etsəniz, axşam bahalı restoranlarda yemək yemək üçün bütün pulunuz özünüzə qalacaq.

3. Edinburqda festivallar pulsuzdur. Hətta pulunuz cibinizdə qala-qala bu festivalları izləsəniz, daha çox güləcəksiniz.

4. Parisdə hər ayın ilk bazar günü pulsuz ən möhtəşəm 10 sənət əsəri ilə tanış olmaq imkanınız olacaq.

5. Amsterdamda hər çərşənbə günü «Consertgebouw» zalında günortadan sonra pulsuz konsertlərə qatıla bilərsiniz.

6. Möhtəşəm muzeylərə ev sahibliyi edən Londonda tarix muzeyi pulsuzdur. İndiyə qədər dinozavr sümükləri görməmisinizsə, mütləq ora gedin. Onsuz da pulsuzdur.

7. Madriddə Del Prado milli muzeyi ən dəyərli sənət nümunələrinə ev sahibliyi edir. Əgər ora çərşənbə axşamı və şənbə günü getsəniz, pulsuz daxil ola bilərsiniz.

8. Dublinin məşhur Triniti kollecində ədəbiyyat mərasimləri pulsuz təşkil edilir.

9. Barselonada mütləq görməli olduğunu möhtəşəm Gaudi memarlıq əsərləridir.

10. Romada təşkil edilən tarix əsərləri sərgiləri pulsuzdur.

Beyenmeler
0   4  
VN:F [1.9.16_1159]
Rating: +11 (from 11 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus