Dünyaya gəlişimizlə, ilk nəfəsi ciyərlərimizə çəkdiyimizdə ağlamağa başladıq. Uşaqkən qarnımız ac olan kimi ağlardıq, istədiklərimizi əldə etmək üçün də ağlayardıq. Küsdürən hər şey bizi ağlatdı. Amma insan yaşa dolduqca daha az ağlayır.
Ağlamanın həm bədən, həm də ruh sağlamlığı üçün necə faydalı olduğunu bilirdinizmi?
El arasında da söylənən belə bir söz var “Ağlasan ürəyin boşalar, rahatlaşarsan.” Əslində bu yerində söylənmiş bir sözdür. Ağlayan insan daxildəki duyğularını xaricə çıxarmaqla rahatlaşar və depressiya kimi ruhi xəstəliklərdən uzaqlaşar. Bəzi insanlar ağlamağı zəiflik olaraq qəbul edərlər, amma bu nə qədər yanlış bir fikirdir. İnsanın gizli duyğularını göz yaşlarıyla aşkara çıxarması çox faydalıdır. İnsanlar adətən “kişilər ağlamaz” deyirlər. Əslində bu yanlış düşüncə kişiləri güc timsalı olaraq göstərib, qadınları zəif insan kimi göstərmək üçün söylənmış sözdür. Bu yersiz düşüncə ilə ağlamayan kişilər çox şey itirir. Aglayan qadınlar isə əksinə çox şey qazanırlar.
AĞLAMANIN FAYDALARI NƏLƏRDİR ?
* Günümüzdə ən çox rast gəlinən stressdən ağlamaqla qurtulmaq olar .Ağlamaq insanı rahatlaşdırmaqla bərabər, hormon balansının tənzimlənməsinə yardım edərək, stressi yox edir.
* Ağlayan insanlarda tibbi xəstəliklərə az rast gəlinir. Çünki çox zaman belə deyirlər: “Içinə atmaqdan xəstələndi.” Əgər üzüntünüzü içinizə atmadan, ağlamaqla üzə çıxarsanız, “dərd sahibi” olmazsınız.
* Kədərləndikdə ağlayan insanların qəlb damarları genişlənir. Gözyaşı tökdüyümüzdə qəlb daha az sıxışır və ürək xəstəlikləri risqi azalır.
* Kədərləndiyi zaman ağlayan insan rahatlaşar və rahat şəkildə yuxuya gedər.
* Əsəbi olduğu zaman qan təzyiqi yüksələn insanlar ağladıqda təzyiqləri normallaşır. Deməli, göz yaşı təzyiqə də müsbət təsir göstərir.
* Əgər sıxıntılı olduğunda iştahası açılıb, çox yemək yeyənlərdənsinizsə, ağlamaq sizə də yaxşı təsir edəcək. Çünki ağlayan insan daha az yemək yeyir
* Çox ağlayan insanlarda göz quruluğundan şikayət olmur. Göz quruluğunun qarşısı göz yaşıyla alınır.
* Ağlayarkən ətrafınızdakı insanlar başınıza toplaşar və siz nə qədər sevildiyinizi, güvəndə olduğunuzu hiss edərsiniz.
Ağlamanın zərərləri ancaq gözlərinizin qızarması və şişməsi ola bilər. Bu da keçici bir təsirdir və tez bir zamanda keçər. Əgər gözləriniz çox qızarmış və şişmişsə iliq çay kompresi edə bilərsiniz. Kişilər isə “Heç kişi də ağlayarmı ?” sözünə əhəmiyyət verməsə daha yaxşıdır. Bunu öz sağlamlığınız üçün etməlisiniz.
Bir şeyi heç unutmayın ki, insan dünyaya ağlayaraq gəldi. Gülməyi daha sonra öyrəndi. Demək ki,insan təbiətinin ən təbii hadisəsidir ağlamaq.
Bəz siz həzin bir musiqiyə qulaq asib göz yaşı tökənlərdənmi, yoxsa ən üzücü hadisədə belə ağlaya bilməyənlərdənsinizmi ? Bunu xatırlatmalıyıq ki, ağlamaq bir terapiyadır, sağlamlıq üçün faydalıdır. Bu səbəbdən də ağlamamaq üçün özünüzü zorla tutmayın.
Hazırladı : Psixoloq R_M