AZAD QADIN VƏ SEVGİ

Xüsusi

Azadlıq və sevgi bir arada?
Azadlıq anlayışı ən çox istismar olunan, ən çox bayağılaşdırılan və şiti çıxarılmış mövzudur. İçi həddən ziyada boş bir anlayışdır. Amma bununla belə, cari və aktual olan azadlıq anlayışı üzərindən yola çıxaraq azadlıq fonunda sevgi (qadın və kişi ilişkisi) anlayışına baxmağa çalışacam. Sevgi anlayışı da azadlıq qədər olmasa da, istismar olunan və şiti çıxarılmış anlayışlardandır. Onun da mövcud və yayğın formasını ələ alacam. Azadlıq və sevgi anlayışlarını bir mövzuda bir araya gətirmişkən, mərkəzə qadınları qoyacağam. Günümüzün qadın obrazını. Azadlıqdan yoxsun, sevgi dolu sayılan qadınlar.

Azad qadın portreti
Qadınlar, əksərən, təbiətən azad olmaq istəməzlər. Çünki ümumən azadlıq narahatlıq gətirən bir şeydir. Hələ də kişilərin himayədarlığı varkən, bu narahatlığa nə lüzum? Məhz bu rahatlıq naminə qadınlar kişilərə bağlanar, sadiq qalar və qayğı göstərərlər. Biz də bunun adını sevgi qoyuruq. Bəli, günümüzdə qadınlar kişilərdən çox asılıdırlar, azad deyillər. Kişilər onların hər bir şeylərini, rahatçılıqlarını təmin edir. Əslində qadınlar bundan məmnundurlar. Onların yanında olmaq, hər bir işlərini həll etmək, onları ətrafdan qorumaq onlara sərf edir, xoş gəlir. Ona görə kişini sevmək zorundadırlar. Sevirlər də. Amma bu azad insanın sevgisi deyil. Sevgi adı qoyduğumuz bağlılıq, asılılıq olan bu mənzərə, azadlıq fonunda buxarlanır, itir.

Ümumiyyətlə, sevgi azad insan üçün onun köhnə beynindəki anlayışdan çox fəqrlidir. Bir insan azad olmağa başladıqca onun sevgi anlayışı da dəyişir. Azad insanın sevgisi ən saf, ən təmiz, ən xalis sevgidir deyərdim. Sadəcə ənənəvi sevgi anlayışından fərqi budur ki, onun davamlılığı, əbədiliyi sual altında olur. Hansı ki, bizim sevgidən gözləntimiz də məhz budur. Bəli, azad olanın sevgisi, azad sevgi adətən uzunmüddətli olmur. Bu o demək deyil ki, onun ömrü az olmalıdır. Yox, uzun müddətli də ola bilər, bəlkə də bir ömür ola bilər, sadəcə azad sevgidə müddətlilik şərt deyil . Bu şərt ənənəvi sevgiyə (bağlılığa, asılılığa) xasdır. Yəni kölə sevgisidir müddətə, sadiqliyə hesablanmış bir şey.

Azad insan sevməli olduğu üçün sevməz, sevməli olduğu üçün qalmaz. Azad insan sevdiyi vaxt sevər, sevə bildiyi qədər də qalar.

Azad insanın sevgisi davamlı olmaya bilər. Mən düşünürəm ki, azad, saf sevgi dediyimiz şeyin daha uzunömürlü olmasını təmin etmək üçün elə azadlığın özünü qoruyub saxlamaq lazımdır hər iki tərəfdə. Yəni hər iki sevən, sevilən tərəfin azadlığını qoruyub saxlamaq lazımdır ki, o azadlıq şəraitində, atmosferində sözügedən sevgi də davamlı olsun. Bu atmosfer nə qədər davamlı olsa sevginin özünün də uzun ömürlülüyü artar. Bundan başqa sevgi kəşf edilməyi, heyrətlənməyi sevər. Sevginin bəslənməsi üçün kəşf, təəcüblənmə, mədh eləmə, bunlar mütamadi olmalıdır, daim insanlar bir-birində bunları tapmalıdır. Və yeri gəlmişkən bu azad insanlara məxsus bir şeydir ki, qarşı tərəfdə zamanla bir çox şeyləri kəşf etsin, buna heyrətlənsin, təəccüblənsin, bundan zövq alsın.

Müəllif:  vusaladdin.rustamov

Beyenmeler
0   2  
VN:F [1.9.16_1159]
Rating: +3 (from 3 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

AXİRƏT VƏ SƏNƏT

Xüsusi

Sənət və axirət anlayışları arasında təməl bağlar vardır. Belə ki, hər ikisi insanın gördükləri ilə qalmaması, gördükləri üzərindən görə bilmədiklərini təsəvvür etmək, anlam yükləmək və yaradıcılıq hissləri ilə bağlıdır. Hər ikisi həyatın davamı, iz buraxmaq və yoxa çıxmamağa inam və cəhdin bəhrəsidir. Və bu iki anlayış daim bir birinini inkişaf etdirməklə qarşılıqlı təsir şəraitində olmuşlar. Sənət ta qədimdən insanların başqa bir dünya təsəvvürlərini təsvir etmiş, inkişaf etdirmişdir. Axirət anlayışı isə öz növbəsində sənəti daha görünməz dərinliklərə baş vurmağa vadar edərək inkişaf etdirmişdir.

Həyatda qalmaq, ən böyük yaradıcılıqdır. Bütün canlılar bunu bioloji instinktlərinin müşayəti ilə həyata keçirərkən, insan həm də təxəyyülü ilə burada yeni səhnələr yarada bilmişdir.
Sənət, insanların gördükləri arxasında başqa bir şeyin gizləndiyini hiss edərək təxəyyüllərini canlanlandira bilən bir fenomendir.

Sənət, bir hadisədir. O statik deyil, dinamikdir. Sənət, heyrətləndirə bilən hər şeydir. Bu fonda rəssamlığa baxsaq, portretlərin, ən gözəl surətlərin belə adi, anlaşılmaz görünən, naturasina bənzəməyən cızma qaralar yanında acız qaldığını görərik. Oxşatmaq işdir, amma sənət deyil. Yaradıcılıq deyil. Bir rəssam çox ustalıqla bir təcili tibbi yardım maşınını çəkə bilər. Amma o şəklə baxdıqda qulaqlarımıza onun tükürpədici sirena səsi gəlmirsə, o, sənət deyil.

Müəllif: Vüsaləddin Rüstəmov

Beyenmeler
1   2  
VN:F [1.9.16_1159]
Rating: +3 (from 3 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

PEYĞƏMBƏRLƏR – ECAZKARLAR KİMİ

Xüsusi

möcüzəpeğəmbərMöcüzədən danışanda çox vaxt Musa peyğəmbər haqqında rəvayətləri xatırlayırlar. Amma təxminən üç min illik tarixə malik rəvayətlərin həqiqiliyi şübhəlidir. Doğru olsa da, hər birini təbii hadisə kimi tamamilə izah etmək mümkündür. Lakin iş burasındadır ki, xalq kütlələrinin Musa peyğəmbəri ecazkar kimi tanıması ruhanilərin mənafeyinə uyğun gəldiyindən, adi hadisələri möcüzə kimi qələmə verirdilər.

Məlum olduğu kimi, peyğəmbərlikdən əvvəl Musa 40 il ərzində Sinay yarımadasında çöl, dağ və səhra şəraitində yaşamış, belə sərt mühitdə bədənin ehtiyaclarını ödəyib, həyatını mühafizə etməyi yerli əhalidən öyrənmişdi. Peyğəmbər olduqdan sonra Misirdə oturaq həyata öyrəşmiş öz xalqını həmin yerlərdən keçirərkən, bildiklərini nümayiş etdirdikdə, xalq bunları möcüzə hesab etmişdir. Məsələn Tövratda nəql olunur ki, susuz dağ ətəyində Musa peyğəmbər əsasını qayaya vurmuş və oradan bulaq suyu fışqırmışdır. Bu «möcüzənin» sirri bədəvilərə yaxşı məlumdur. Hətta quraqlıq dövrü uzun sürdükdə belə dağ ətəklərində nazik qum və əhəng təbəqələri altında yağış suyu toplanmış olur. Aydındır ki, 40 il ərzində Musa belə yerlərə yaxşı bələd ola bilmişdir.

İsraillilər səhrada aclıqdan əzab çəkərkən Musa peyğəmbər onlara vəd edir ki, Allah doyunca yemək göndərəcək. Doğrudan da, tezliklə qatar-qatar bildirçin uçub gəlir, sabahı gün isə hər yer doluya bənzər qar kimi ağ kürəciklərlə örtülmüş olur. Bunların dadı bal sürtülmüş çörəyi xatırladır. Bildirçinin ətindən yemiş xalq indi də «səma mannası» ilə dolanır.

bibliya əfsanələri«Bibliya rəvayətləri» kitabının müəllifi Zenon Kosidovski göstərir ki, Sinay yarımadasının müasir sakinləri bildirçinlərin uçub gəlməsinin möcüzə hesab edildiyini eşitsələr, xeyli təəccüblənərlər. Çünki yazda Afrikadan Avropaya uçan saysız-hesabsız bildirçinlər yolda yorulub, buralarda istirahət etmək üçün yerə enərkən yerlilər onları lap əllə tuturlar. Bədəvilər yulğun bitkisinin yazda şirintəhər maye ifraz edən bir növünü də yaxşı tanıyırlar. Həmin maye havada tez bərkiyib, doluya bənzəyən ağ kürəcik əmələ gətirir.burdan aydın olur ki, Musa bələd olduğu hadisələr barədə israillilərə xəbər verirmiş, onlar isə belə hesab edirmişlər ki, həmin hadisələri Musa peyğəmbər özü törədir. Bu, E.Rostanın «Şantekler» pyesindəki xoruzu xatırladır. Həmin xoruz müşahidə edir ki, hər dəfə o banlayanda gün doğur və belə qənaətə gəlir ki, günəşin çıxmasına səbəb onun banlamasıdır.

Rəvayətə görə, Musa peyğəmbər və qardaşı Harun qüdrətli Allahın onlara ecazkar qüvvə bəxş etdiyini sübut etmək üçün çomaqlarını fironun qabağına atmış və çomaqlar ilana çevrilmişdir. Amma fıron öz aqil və kahinlərini çağırdıqda onlar da bunu təkrar etmişlər. Sonra qardaşlar suyu qana çevirmiş, saysız-hesabsız quru qurbağasını meydana çıxarmışlar. Misir kahinləri də bütün bunları edə bilmişlər.

Musa peyğəmbərin həmin «möcüzələrinin sirləri müasir illüzionistlərə yaxşı bəllidir. 1930-cu ildə Orta Asiyada çıxış edən əfqan illüzionisti tamaşaçıların gətirdiyi ilanları əlində oynadaraq, onların onu çalmasma heç bir zərər çəkmədən dözürmüş. Sonra əlini ilanın bədəninə sürtüb, başının yanındakı bir nöqtəni sıxaraq, bərk silkələyirmiş. İlan uzanıb düzlənərək, katalepsiya vəziyyətinə düşürmüş, yəni sanki çomağa çevrilirmiş.

«İsa nəfəsi» ni də möcüzələrə aid edirlər. Guya İsa peyğəmbər nəfəsi ilə ölüləri dirildib, anadangəlmə korların gözünü açırmış. Burada həqiqəti əfsanədən ayırmaq lazımdır. Məsələn, İncilin özündə yazılmışdır ki, İsa sinaqoq rəisinin qızmı dirildərkən deyir: «Qız ölməmişdir, o yatıb». Deməli, söhbət katalepsiya və ya letargiya kimi tibbdə yaxşı məlum olan qeyri-adi dərəcədə dərin yuxu halından gedir. «İsa nəfəsi»nin qüdrətinə dair başqa rəvayətlərdə, şübhəsiz, bir qədər mübaliğəyə yol verilmişdir.

Tövratda və İncildə nəql edilən bu növ hadisələr təbii möcüzələr adı almışdır. Çünki savadsız adamlar gördükləri təbii hadisədən heyrətlənərək, özlərindən də təfərrüatlar əlavə edir və onu möcüzə dərəcəsinə çatdırırdılar.

İsa peyğəmbərin doğulması da möcüzə hesab edilir. Guya o, anası Məryəm bakirə ikən atasız doğulmuşdur və Allahın oğludur. Odur ki, özü də Allahdır. Bu gün biologiya ilə tanış olan hər bir məktəb uşağı yaxşı bilir ki, bu mümkün olmayan əfsanədir.

quran-vəhy-məhəmmədQuranın möcüzə olmasnı bununla əsaslandırırlar ki, guya Quran ayələri Məhəmmədin öz  sözləri  olmayıb,  bunları Allah öz mələklərindən biri olan Cəbrayıl vasitəsilə ona göndərirmiş. Əlbəttə, Məhəmməd peyğəmbər Quranın Allahdan nazil olması (endirilməsi) fikrini camaata aşılamasaydı, onları dediklərinə qulaq asmağa heç cür məcbur edə bilməzdi. Məlumdur ki, hələ gənc yaşlarından ağıllı və düşüncəli, hafizəli və gözüaçıq adam kimi tanınmış Məhəmməd ticarət məqsədilə o dövrün mədəniyyət mərkəzləri sayılan Şərq şəhərlərinə səyahət etmişdir. Bu səfərləri zamanı o, xristian və yəhudi dinlərinin nümayəndələri ilə görüşmüş, Tövratm və İncilin məzmununa bələd olmuşdur. Məsələn, hələ on iki yaşmda Məhəmməd əmisi Əbu Taliblə ilk səfərə çıxarkən, Bəsrə şəhərinin yaxınlığındakı monastırda Bahira adlı xristian rahibinin qonağı olmuşdur. Rahiblə söhbət və mükalimələr zamanı onun yürütdüyü mühakimələr Bahirəni heyran etmişdir. Sonralar Məhəmməd peyğəmbərin dünyagörüşünə arvadı Xədicənin əmisi oğlu Varaka (Vərəqə) böyük təsir göstərmişdir. Rəmmal olan Varaka Tövratın və İncilin ayrı-ayrı hissələrini ərəb dilində ilk dəfə tərcümə etmişdir.

Bir sözlə, bu tarixi faktdır ki, 40 yaşmda özünü peyğəmbər elan edən anda Məhəmməd artıq xristianlığın və iudaizmin əsasları ilə yaxşı tanış imiş. Quranda isə həmin dinlərin müqəddəs kitabları olan Tövrvtdan və İncildən sitatlar az deyildir.

İslam aləmində belə bir fikir geniş yayılmışdır ki, Məhəmməd peyğəmbər «ümmi», yəni savadsız imiş. Deməli, Quran onun öz yaradıcılıq məhsulu ola bilməzdi və Quran ayələrini Allah göndərmişdir. Əslində Məhəmməd peyğəmbərin savadsız olması heç də dəqiq müəyyən edilmiş həqiqət deyildir. Əksinə, bir sıra faktlar bu fikrə şübhə ilə yanaşmağa əsas verir.

Əvvələn, gənc yaşından ölkələri gəzən, artıq varlanmış, ağıllı, hafizəli və gözüaçıq bir şəxs axı necə olur ki, 28 hərfi öyrənə bilmir?!

İkincisi, Məhəmməd kasıb ailədə anadan olsa da, kiçik yaşda yetim qalıb, varlı əmisi Əbu Talibin evində böyümüşdür. Həmin əmisinin evində ki, onun oğlu, Məhəmməddən təxminən otuz yaş kiçik olan Əli «Nəhcül bəlağə» kimi hikmət və aforizm toplusu olan kitabın müəllifi, dövründə ən savadlı adamlardan olmuşdur. Bəs necə olub ki, eyni şəraitdə Məhəmməd kimi bir fərasətli uşaq savadsız qalıb?! Axı Məhəmməd peyğəmbərin də Qurandan başqa, hikmətlə dolu hədis və kəlamları vardır.

Üçüncüsü, Məhəmməd peyğəmbərin savadsız olması fikrini özünün qəsdən yayması da mümkündür ki, Quranın Allahdan nazil olmasına camaatı asanlıqla inandıra bilsin. Görünür, Məhəmmədin həmin siyasətdən xəbərsiz olan oğulluğu, rəvayətə görə, onun vəfatından sonra deyibmiş ki, atam heç də savadsız deyildir.

Digər tərəfdən, elə deyək ki, Məhəmməd peyğəmbər savadsız olub. Axı, qeyd edildiyi kimi, müxtəlif dinlərin məlumatlı şəxsləri ilə oturub-durmuş, hafızəli, ağıllı və istedadlı bir şəxs çox şey öyrənib, savadı olmasa da, bunları öz dünyagörüşünün və məntiqinin süzgəcindən keçirərək, öz mənafeyinə uyğun təfərrüat artırmaqla nəql edə bilər. Elə Məhəmməd peyğəmbər də bunu edib. Deməli, Quran Məhəmməd peyğəmbərin zəkasının məhsuludur. Quran ayələrini göydən endirilmiş hesab etmək Məhəmməd peyğəmbərin fəaliyyətini sanki qulağına Cəbrayılın pıçıldadığı sözləri ucadan söyləyən mikrafona bənzətmək deməkdir. Bu isə peyğəmbərin dühasına hörmətsizlikdir.

Beləliklə, peyğəmbərin fəaliyyətindəki xalq arasında möcüzə hesab edilən hadisələrin təhlili göstərir ki, bunların hamısı tamamilə real hadisələrdir və bunların şərhi üçün heç bir fövqəltəbiiliyə müraciət etməyə ehtiyac yoxdur.

Mənbə: Nicat Mikayılzadə “Fenomenlərin sirri”
Hazırladı: Şahanə Nuriyeva

Beyenmeler
0   4  
VN:F [1.9.16_1159]
Rating: +7 (from 15 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

XƏLİL CİBRANDAN SEÇMƏLƏR

Xüsusi

Görkəmli yazıçı və tanınmış rəssam,Xəlil Cibran eləcə də  şair və filosof olan Xəlil Cibran 1883-cü ildə Livanda katolik ailəsində doğulub. 

Əsərləri və düşüncələri dünya üzərində geniş əks-səda oyandırmışdır. Şeirləri  iyirmidən çox dilə tərcümə edilmiş Cibran, eyni zamanda müvəffəqiyyətli bir rəssam idi. Şəkillərinin bəziləri  dünyanın bir çox şəhərində nümayiş etdirilir.

Həyatının təxminən son iyirmi ilini ABŞ-da keçirən yazar, ölümünə qədər qaldığı bu ölkədə əsərlərini ingilis dilində yazmışdır.
Xəlil Cibranın ən məşhur əsərlərindən biri olan və ilk dəfə 1923-ci ildə nəşr olunan “Nəbi” adlı əsəri, ümumi 26 ədəd şeirdən ibarət bir  qarışıq şeirlər kitabıdır.

Xəlil Cibranın dini görüşləri özünəməxsusluğu ilə fərqlənir. O, xristian adət-ənənələri ilə böyüsə də, üzərində islam dininin təsirləri də sezilir. Sufi fəlsəfəsi ilə yaxından tanış olur və təsirlənir. Uşaq yaşlarında evlərində müxtəlif dinlərdən olan insanların qonaq olması onun dünya görüşünün artmasında mühüm rol oynayır.

Xəlil Cibran Xristianlıq, İslam, İudaizm, Sufizmdən təsirlənərək universal məhəbbət, həyata tam fərqli və yeni baxış, insanlara olan sevgidən ibarət olan janrda yaradırdı. O, deyirdi: “Sən mənim qardaşımsan və mən səni sevirəm. Sən məsciddə səcdədə olanda da, kilsədə diz çökəndə də, sinaqoqda ibadət edərkdən də səni sevirəm. Sən və mən inamın – Allahın övladıyıq.”

Cibranın başdaşında bu sözlər yazılıb: Mən də sizin kimi sağam. Qarşınızdayam. Gözlərinizi yumun və ətrafınıza baxın. Məni qarşınızda görəcəksiniz.

SEÇMƏLƏR:

Çünki, o sizin əskik tərəfinizi tamamlayan adamdır, boşluğunuzu dolduran adam deyil.
Və dostluğun məhəbbəti içində, bolca qəhqəhə olsun və zövq ortaqlığı, zövq paylaşımı.
Çünki ürək kiçik şeylərin parıltısında öz sabahını tapar.

İnsanın müəlliminin təbiət, kitabının insanlıq və məktəbinin həyat olduğu bir gün gələcəkmi?

Dostunuz danışmağı buraxdığında
ürəyiniz onun ürəyini dinləməyi davam etdirsin …

Yalnız ortaya çıxan işığı görə bilir və yalnız deyilən səsi eşidə bilirsənsə; əslində nə görürsən, nə də eşidirsən.

Gülümsə, aləm sənin hüznünlə dəyişməyəcək ..

Sənə söyləmək istədiyim çox şey var, lakin bunları deyə bilmərəm, çünki sözlərdə soyuq bir şey var, halbuki mənim ürəyimdə soyuq heç bir şey yoxdur.

Xatırlamaq bir növ görüşdür. Unutmaq isə bir növ azadlıq.

Dostluq daima şirin bir məsuliyyətdir. Əsla bir fürsət deyil.

Nəzakət qar kimidir. Örtdüyü hər şeyi gözəlləşdirər.

Kimilərimiz, “Sevinc, kədərdən böyükdür” deyərkən, kimilərimiz də, “Xeyir, böyük olan kədərdir” deyir. Halbuki mən  sizə deyirəm ki, ikisi bir-birindən ayrıla bilməz. Sevinc və kədər birlikdə gələr. Biri süfrənizdə sizinlə oturarkən, unutmayın, digəri yatağınızda yatmaqdadır.

Gerçək, çox zaman bir uşağın ən içdən gülüşü və ya bir sevgilinin öpüşü ilə bəzənmiş olaraq səslənər bizə. Amma biz sevginin qapısını onun üzünə çırpar və sanki düşmənmişik kimi davranarıq.

Kömək etdiyin birinin xəcalətini görməmək üçün üzünü çevirirsənsə, o  zaman həqiqətən mərhəmətlisən (incəsən) demək ki.

Müdriklik, ağlamaq üçün çox qürurlu, gülmək üçün çox ciddi və özündən başqasını axtarmayacaq qədər eqoist olduğu zaman müdriklik olmaqdan çıxar.

Tısbağalar yollar haqqında dovşanlardan daha çox şey anlata bilərlər.

Səssizlik, veriləbiləcək ən gurultulu cavabdır.

Sən eşitdiklərinə inanırsan. Söylənməyənə inan, çünki insanın səssizliyi, kəlmələrindən daha yaxındır gerçəyə.

Səssizlik, kəlimələrdən daha dəyərlidir.

Qısqancın susqunluğu çox gurultuludur.

Şeir, daha çox sevinc, iztirab və heyrətdir, biraz da söz.

Gerçək gözəllik, bir kişi ilə bir qadın arasında var ola bilən və eşq adı verilən ruhsal ahəngdə yatar.

Həqiqətə qulaq verən, həqiqəti dilləndirəndən daha bəsit deyildir.

Bir-birinizi sevin, amma sevgini bir müqaviləyə çevirməyin.

Gündəlik həyatınız məbədiniz və dininizdir.


Hazırladı: Fidan Aslanova


 

Beyenmeler
0   4  
VN:F [1.9.16_1159]
Rating: +10 (from 10 votes)

Fidan Aslanova

Fitret.az idarəçisi

 
Facebook

UŞAQLARIN ALLAHDAN İSTƏDİKLƏRİ

Xüsusi

Sevgili Tanrı, insanları öldürüb yenisini yaratmaq əvəzinə niyə sağ olanları saxlamırsan? Jeyn – 5 yaş
Sevgili Tanrı, indi mənə lazım olanları yazıram: təzə velosiped, kimya dəsti, it, kino göstərən aparat, beysbol əlcəyi. Hamısını göndərə bilməsən, eybi yox, bir az da olar. Qeyd: Bilirəm ki, Noel baba yoxdur. Səni sevən Erik
Tanrım, insanlara həmişə ruhları düz paylayırsan? Səhv edə bilərsən haa… Audrey – 8 yaş
Sevgili Tanrı, zürafələri istəyərək elə görünüşdə yaratmısan, yoxsa səhvən olub? Norman – 4 yaş
Sevgili Tanrı, necə bildin ki, sən Tanrısan? Charene – 3 yaş
Sevgili Tanrı, əgər öləndən sonra yaşayacağıqsa, bizi niyə öldürürsən? Mindy – 5 yaş
Sevgili Tanrım, oğlanlar qizlardan daha üstündür? Bilirəm, sən də onların tərəfindəsən amma yenə də ədalətli olmağa çalış… Silviya – 5 yaş
Yəqin ki, hər gün qarışqaları əzməyimin sənin üçün fərqi yoxdur. Alis – 6 yaş

ŞƏRHİM:

uşaq və AllahOla bilsin, bu inandırıcı olmasın. Çoxumuz deyə bilərik ki, bu yaşda uşaq necə elə suallar verə bilər? Hələ də kimə kimə, Tanrıya.. Bəkə də deyəcəyik ki, bunu ateistlər hazırlayıb. Olsun.  Məsələ bu deyil, əzizlərim. Bir baxaq, bu sualları vermək üçün elə uşaq kimi saflaşmaq lazım olmurmu bizə. Amma biz nə uşaq olmağı, nə də bu sualları verməyi özümüzə sığışdırmarıq. Axı biz Tanrı haqqında hər şeyi bilirik. Bizim işimiz onu sorğulamaq deyil, Ona görə hər kəsi sorğulamaq, Ona görə ölmək və öldürməkdir…

Nədən suallardakı təəccübə deyil, sulların verilməsinə təəccüblənirik?
Nədən biz böyüklər bu sualların özünü sorğulayırıq?
Nədən biz də belə suallar verə bilmirik?

Biz böyümüşük, biz böyüklərik, onlar isə uşaqlar. Uşaq kimdir, uşaq olmaq nədir? Uşaq olmaq demək, təəccüblənməyi bacarmaq, heyrətlənə bilmək deməkdir. Uşaqlar bu üzdən yeni şeylərlə qarşılaşmaqdan çəkinməzlər. Onlar ona görə mühakimə edərlər ki, öyrənmək istəyirlər. Ona görə öyrənmək istəyirlər ki, tanış olmaq, kəşf etmək ehtiyacları var. Onlar bunu etdikcə təəcüblənirlər, heyrətlənirlər.
Biz tez böyüdük. İtirdik bu qabiliyyətlərimizi. Biz ancaq öyrətmək üçün mühakimə edirik. Çünki təəccüblənmək deyil, başqalarını təəccübləndirmək və  heyrətə salmağı sevirik. Çünki elə özümüzü Tanrı kimi aparırıq. Biz böyüklər Tanrıdan qorxan tanrılarıq. Əslində, biz Tanrı üçün deyil, Tanrı adına öz tanrılığımız üçün mübahisə edir, savaşır və öldürürük…
tanrı-uşaq-allah-duaTanrı uşaqları tez eşidir deyirik. Niyə? Çünki uşaqlar dinləmək istəyir, öyrənmək istəyir. Uşaqlar bütün hüceyrələrini qulağa çevirirlər, dua etdikləri zaman. Çünki, uşaqların duaları içdən gələn istəkləridir, ritualları deyil. Uşaqların tək ritualı var, o da öyrənmək. Böyüklər isə qulaqların tutub ancaq sual verilər kimi davranarlar. Onlar öyrəndiklərini təsdiq etmək üçün qulaq asır, öyrənirlər. Böyüklər ritualları ilə öyünərlər. Onlar üçün Tanrı ilə danışmaq ritualdır.Burada vurğum yaş üzərinə uşaqlıqdan və böyüklük üzərinə deyil tam olaraq. Onları simvolik olaraq ələ aldım. Bir də var, böyük ikən uşaq olmaq. Uşaq kimi olmaq. Demək ki, uşaq olmaq böyüməmək, böyümək isə uşaq olmamaq deyil. İnsan hər yaşında saf, suallara açıq, dinləməyi sevən biri ola bilər. İnsan hər yaşda Tanrı ilə içdən danışa bildikdə uşaq sayılar. Çünki, biz bunları edənə uşaq deyirik…

Müəllif: Vüsaləddin Rüstəmov

Beyenmeler
0   4  
VN:F [1.9.16_1159]
Rating: +12 (from 16 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus