DİQQƏT DEFİSİTİ VƏ HİPERAKTİVLİK SİNDROMU

Xüsusi

Diqqət defisiti və hiperaktivlik sindromu (DDHS)

Uşaqlar böyüklərə nisbətdə daha enerjili və hərəkətlidirlər. Aktivliyinə görə də hər bir uşaq digərindən fərqlənir. Lakin hiperaktivlik bu aktivlikdən tamamilə fərqli bir haldır. Valideynlər  əlamətləri dəqiq müəyyən etmədən övladlarını bu adla etiketləyirlər. Bəziləri hiperaktivliyi hətta sevinirmiş kimi, bəziləri bir qəbahət varmış kimi qəbul edir.
Bəs DDHS nədir?
Uşaqda həm nəzərə çarpacaq dərəcədə diqqət əksikliyi, həm normadan artıq hərəkətlilik, həm də impulsiv (düşünülməmiş) davranışlar özünü göstərirsə, bu sindromun olmasından şübhə etmək olar. Şübhələri əsaslandırmaq üçün öncə həkimə müraciət etmək lazımdır. Çünki bəzi hallarda hiperaktivlik beyində mikro dəyişikliklər, dofomin istehsalındakı problemlərlə bağlı ola bilir. Həkim diaqnozundan sonra isə müalicə ilə yanaşı psixoloqun da uşaqla iş aparması vacibdir.
Hiperaktivlik həmişə hərəkətliliklə müşahidə olunmur. Hiperaktivliyin üç tipi var:
-diqqət əksikliyinin öndə olduğu
-hiperaktivliyin öndə olduğu
-hər ikisinin bir arada olduğu
Əksər hallarda diqqət əksikliyi olub, hərəkətli olmayan uşaqların problemi arxa planda qalır.
Hiperaktivlərin ən sıx məşğuliyyəti televiziya izləmək, kompyuter və telefonlarda oyun oynamaqdır. Valideynlər məhz bunu əsas gətirərək bildirirlər ki, mənim övladım saatlarla cizgi filmi izləyir, onun diqqət problemi ola bilməz. Lakin bildirmək istəyirəm ki, TV və ya kompyuter izləyən zaman diqqətin aktiv şəkildə cəmlənməsinə ehtiyac olmur. Burada passiv diqqət üstünlük təşkil edir. Uşağın diqqət problemi isə məktəbə başlayarkən özünü büruzə verir.
Hiperaktivlik diaqnozu 6 yaşa qədər qoyulmalıdır.  Nə qədər erkən müdaxilə edilərsə, çətinliklər bir o qədər tez aradan qalxar.

 

Hiperaktiv uşaqların valideynləri nələri bilməlidirlər:

-Bu uşaqlar qaydaları, rituala çevrilmiş gündəlik işləri daha asan qəbul edirlər. Çalışmaq lazımdır ki, yemək, yatmaq, hansısa məşğələni həyata keçirmək vaxtı hər gün eyni saata təsadüf etsin.

-Hiperaktivlərin hədsiz hərəkətli olması, danışqan olması onlara qarşı valideynin aqressiv davranış göstərməsinə səbəb olur. Onlar çox zaman etdikləri səhvi anlayır, öz yaramazlıqlarından yorulurlar, lakin qarşısını ala bilmirlər. Buna görə onları yaxşı davranışlarına görə mükafatlandırmaq, sevgi göstərmək, anladığınızı hiss etdirmək müsbət nəticə verəcək. Çox tənqid olunan uşaqların özgüvəni zədələnir, davranışları isə daha da dözülməz olur.

-DDHS bir zəka problemi deyil. Lakin müdaxilə edilmədikdə ən zəkalı uşaq da məhz diqqət dağınıqlığı və hərəkətlilik səbəbindən yaşıdlarından geri qala bilər.
Bu zaman valideyn və müəllim yanaşması olduqca vacibdir. Davamlı tənqid edilmək, cəzalandırılmaq bu uşaqlara mənfi təsirdən başqa bir şey deyil.Onların qabiliyyətlərini ortaya çıxarmaq üçün həssas yanaşmağınız tövsiyə olunur.

– O uşaqlar ki, xoşbəxt mühitdə böyüyür, valideyn övladının yaxşı cəhətlərini, mənfi cəhətlərdən daha çox görür və qiymətləndirir, o ailələrdə uşaqlar sevimli, gülərüz olur. Belə olduqda ətrafdakılar uşağın hərəkətlərindən bezmir.

-Tünd xasiyyətli, aqressiv hiperaktivlər isə tutarlı, qaydaları olan ailədə böyümədiyini göstərir. Valideyn uşağı qaydalarla böyüdə bilmirsə, bu gün tətbiq etdiyi qaydanı sabah tutarlılıq göstərmədən, uşağın israrı ilə pozursa, belə uşaqlar inadkar , tərs davranışlar göstərir.

-Bu uşaqların, tərkibində qatqı maddələri olan qidalarla qidalanmasına şərait yaratmayın. Bu qidalar davranış pozuntularının artmasına səbəb olur.
-Çox zaman hiperaktivlərdə yuxu və qidalanma probleminə rast gəlinir. Yuxusuz qalmalarına, rejimsiz qidalanmalarına imkan verməyin;

-Onları digər yaşıdlarıyla müqayisə edərək rəqabətə məcbur etməyin;

– Onun özünə güvənməsinə şərait yaradın və yaşına uyğun davranın;

-Davranışları ilə bağlı mükafat və cəzalandırmanı ləngitmədən, dərhal tətbiq edin. Uğurlarını alqışlayın. Müsbət davranışlarını balla qiymətləndirərək, müəyyən etdiyiniz saya çatanda hədiyyə ala, gəzintiyə apara bilərsiniz.

-“Yox”, “Olmaz” sözlərindən mümkün qədər istifadə etməyin. Daha çox “Hə” deyin.

-Fiziki cəza verməyin. Sizdən qorxmasın, ona dəstək olduğunuzu hiss etsin. Başqalarının yanında pis cəhətlərindən danışıb, onu danlamayın.

-Telefon, kompüter, televizordan uzaq tutun.

-Uzun çalışmalar verməyin. Hətta oyunların da müddəti uzun olmasın. Tarşırıqların qısa müddətə bir-birini əvəz etməsinə çalışmaq lazımdır. Bu diqqətin yenidən mərkəzləşməsinə kömək edəcək.

Hiperaktivlərin özgüvənini artırmaq üçün nə etmək olar?

-Ona düşüncə və duyğularını ifadə etməsi üçün şərait yaradın: “Nə düşünürsən?”, “Necə hiss edirsən?”;
-Tez-tez söz haqqı verin;
-Danışarkən göz təması qurun, aktiv dinləməklə fikrinə dəyər verdiyinizi hiss etdirin, bununla onu cəsarətləndirin;
-Müsbət davranışlarını qiymətləndirin, uğursuzluqlarını böyütməyin;
-Yaşına uyğun tapşırıqlar verin və tapşırıqları yerinə yetirərkən təqdir edin;
-Onu qorxu və təşvişlərinə görə məzəmmət etməyin;
-Başqalarının yanında qüsurlarını üzünə vurmayın, həddən artıq tənqidçi olmaqdan və günahlandırmaqdan uzaq olun;
-Yanış davranışları ilə bağlı söhbətlər aparın və doğru olanları göstərin;
-Onu sevdiyinizi tez-tez söyləyin, ailənin vacib üzvü olduğunu hiss etdirin;
-Ondan gözləntiləriniz həddən artıq olmasın;

Müəllif:  Psixoloq R_M

Beyenmeler
8   0  
VN:F [1.9.16_1159]
Rating: +8 (from 8 votes)

Psixoloq

Fitret.az idarəçisi. Psixoloq.

- Sayt ünvanı