QƏFƏSDƏ

Xüsusi

Dünya uzun zamandan bəri karantini yeni dadmışdı. O isə çoxdan  bu rejimdə yaşayırdı. Əvvəllər ad qoya bilmirdi. Nə idi bu yaşayışın adı? Həbsxanamı? İnsanı hansısa cinayət səbəbindən həbsə atırlar. Günahsız olduğuna adı kimi əmin idi. Amma nə vaxtsa cinayət edəcəyi (səhv, günah) düşünülərək əvvəlcədən tədbir görülmüşdü. Çətin idi belə yaşamaq, lakin günlər keçdikcə alışırdı. Hətta maraqlı məqamlar yaşanırdı. Bayırdan gələn səslərə xəyali surətlər çizir, insan səsləriylə ayaq səslərini uyğunlaşdirir, beləcə bu dünyada mövcud olmayan, əslində mövcud olan, amma onun xəyalındakı kimi olmayan insanlar yaradırdı. Pəncərədən oğrun-oğrun küçədən keçən insanları müşahidə edir, evindən çıxıb sərbəst şəkildə harasa gedə bilməyin azadlıq olduğunu düşünürdü. Bu qədər bəsit. Bir zamanlar o da azad idi, heyif ki, anlamamışdı.
Karantini maraqlı etmək olardı. Kitab oxumaq sevimli məşğuliyyəti idi, əlindən alınırdı. Musiqi dinləməkdən zövq alırdı, dinlədiyi musiqilərə görə sorğu-sual olunurdu. Niyə kədərli musiqilərə qulaq asır? Yoxsa bir dərdimi var? Əlbəttə, nə dərdi ola bilər, günü dörd divar arasında keçən adamın nə dərdi olsun? Bu vasitələr onu azadlığa yaxınlaşdıra bilərdi, ona görə qarşısı alınmalıydı.
Yaxşı ki, insanın xəyal dünyası var, ruhu azaddı. Xəyalında gizlicə dağı arana, aranı dağa apara bilir. Bircə gizlin qurduğu xəyalları əlindən almaq mümkün deyildi. Amma yenə də diqqətli olmalıydı. Üz ifadələri, jestləri onu ələ verə, “uzaqlarda” olduğu hiss olunardı. Fikir cinayətindən fikir polisinə yaxalana bilərdi (!)
Arabir icazəylə evdən çıxa bilərdi. Müəyyən şərtlərlə; tək olmamalıydı, qısa müddətdə, sağa-sola baxmadan gedib-qayıtmalıydı. Yalnız bir nöqtəyə baxmaq da əvvəl çətin görünsə də, zamanla dünyanı bu bir nöqtəyə köçürə bilmişdi. O bir nöqtəyə sığan dünyada o özü idi. Ətrafındakı insanlar onun özüylə danışırdılar. Bəzən xəyaldan geri dönər güzgüdə əksinə  baxardı. Sima doğmadı, odur, amma bu həyat onundurmu? Güzgüdəki adama ünvanladığı suallar ona özünü axtarmağa, kəşf etməyə, nə istədiyini müəyyən etməyə kömək edirdi. İndi daha aydın məqsəd və hədəfi vardı. Əvvəlki itaətkar adamdan fərqlənirdi, içində bir mübarizlik, cəsarət formalaşmışdı. Bu kölə həyatının onun formalaşmasına böyük təsiri vardı, hətta azadlıq üçün özünə bir hədd çizə bilirdi. Bu fərqində olmadığı azadlıqdan çox fərqlənirdi.

Bircə qurtula bilsə, çox şey dəyişəcəkdi. Çox çırpındı, özünü qəfəsin dəmir barmaqlıqlarına çox çırpdı. Bacarmadı. Sadəcə müəyyən qaydaların yumşaldılmasına nail ola bildi. Əvvəl buna da şükr edirdi. Xəyalındakıların müəyyən qismini reallaşdıra bilmişdi, məmnun idi. Lakin böyük hədəflərə doğru irəlilədikcə, onu nəyinsə geriyə çəkdiyini hiss edirdi. İlişmişdi… Bir tərəfi gedirdisə də, bir tərəfi möhkəm ilişmişdi. Uzağa gedə bilməzdi. Sürəti həddən artıq olsa, ilişən yerdən buraxıla, zərblə yerə, bəlkə də göydən yerə çırpılacaqdı. Addımlarını yavaşıtsa, ilişən yer asta-asta onu özünə çəkəcəkdi. Neyləməli? Azadlıq oduna yanmaqmı, kölə kimi yaşamaqmı?
Bu çək-çevir içində dünya da onunla bərabər karantinə girmişdi. Mübarizə ruhu zəifləmiş, sustalmışdı. Daşı ölmüş saat kimiydi. Arabir çıqqıldayır, tərpənir, ancaq zamanı tuta bilmirdi.

İçindəysə bir səs ” Məgər biz sənin köksünü açıb genişləndirmədik?! Və yükünü çiynindən qaldırmadıqmı? O yük ki belini iki büklüm etmişdi? Əlbəttə hər çətinliklə bərabər mütləq bir asanlıq vardır”-deyirdi. (Şərh surəsi)

Müəllif:  SEVƏR

Beyenmeler
0   1  
VN:F [1.9.16_1159]
Rating: +3 (from 3 votes)

Psixoloq Rübabə

Fitret.az idarəçisi. Psixoloq.

- Sayt ünvanı

GÖZƏL QIZ!

Xüsusi

qadınBu yolda irəliləyərkən çətinlik çəkəcəksən, mübarizə aparacaqsan, yorulacaqsan, amma, unutma, özün olacaqsan. Bəzilərinin istədiyi kimi yaşamayacaqsan. “Xeyr!” deməyi öyrənəcəksən. Sən, elə istədiyin üçün edəcəksən, hər şeyi. Necə bir insan olacağına ancaq sən qərar verə bilərsən, kimsənin həyatının üzərində söz haqqı yoxdur. Tək bir həyatın var; buna görə önünə maneələr qoyan insanlara qarşı qərarlı olmalısan. İnsanlar səni susdurmağa, əzməyə çalışacaqlar. Etməyin lazım olan tək şey, bütün iradənlə yoluna davam etməkdir.

Gözəl qız, səni əhatə edən cəhalət, insanlığı öldürüb yerinə qadın kişi deyə iki cins qoymuşdur.  Qadını cinsi obyekt olaraq göstərib, sənin yalnız o işə yaradığını sənə öyrədən zehniyyət cinsi problemlərini aşa bilməmiş pozğunlardır. Lütfən, sən də kişiləri yalnız səninlə cinsi əlaqə yaradacaq varlıqlar olmalarının xaricində, onların  insan olduqlarını öyrən.

Gözəl qız, sənə öyrədildiyi kimi kişi üstün deyil. Kişilər ilə qadınlar bir-birilərilə harmoniyada olan varlıqlardır. Onun hər söylədiyini, hər istədiyini etmək məcburiyyətində deyilsən.  Sənin yaşamaq üçün öz iradən və öz həyatın olmalıdır . Sən öz həyatını yaşayarsan və sənin həyatına hörmət edəcək, səninlə həyatı paylaşacaq, səni bir kölə olaraq görməyəcək bir kişi yoldaşın olar. Eşqi, sevgini, cinsəlliyi onunla yaşayacaqsan.

Kişilər, suveren cəmiyyətlər, kişi suveren dinləri yaratmışlar. İnsanlar bərabərdir. İnsanı qadın kişi deyə təsnif etmək, qadını ikinci plana itələmək kişilərin öz eqolarını təmin etmələrindən başqa bir şey deyil. Cəmiyyətin yarısını kamuflyaj edib digər qalan yarısını da cahil buraxmaq isə ən çox kapitalizmə xidmət edir. Bu da imperialistlərin ağızını sulandırar.

Gözəl qız. Sənə  yalanlar sırıdılar. Sən bu oyuna gəlmə. Gerçək mənada din nədir, bir öyrən. Sənə hər deyilən qulaqdan dolma məlumatlara güvənmə. Araşdır. Dinsizmi olaq? Xeyr. Əgər siz öz iradənizlə bir dinə inanmaq istəyirsinizsə, öz seçiminiz. Kimsənin başqa birinin dinini, inanclarını, həyat formasını mühakimə etmə haqqına sahib olmadığını düşünürəm. Mənim qarşı çıxdığım fanatizm, cəhalət və bunu istifadə edən imperializmdir.

Gözəl qız, səni tanrı kimi tərənnüm edib , sənin azadlığını cinsəlliyinlə ölçmək istəyənlər olacaq. Unutma, azadlıq sənin düşüncəndədir, sənin iradəndədir.

qadın azadlığı

Gözəl qız. Oxu, öyrən, cəhaləti bir kənara burax və öz yolunu tap. Öz doğruların olsun, həyatda. Məktəbini bitir. Xoşbəxtliklə, keyiflə edəcəyin bir işin olsun ki, iqtisadi azadlığını qazanasan. Kimsəyə qul, kölə olma. Ayaqlarının üzərində dayan. Güclü ol. Necə bir insan olacağına ancaq sən qərar verə bilərsən, kimsənin həyatın üzərində söz haqqı yoxdur. Tək bir həyatın var; buna görə önünə maneələr qoyan insanlara qarşı qərarlı olmalısan.

Azadlıq – adamın digər fərdlərə hörmət etdiyi müddətcə, dilədiyi şəkildə yaşamasıdır. Azadlıq – insanın rahat nəfəs ala bilməsidir. Bizlər azadca yaşaya bilirikmi? Yoxsa hələ cəmiyyətin bizə biçdiyi qəliblərin içinə sıxışıb qaldıqmı?

Öz inqilabımızı etmədən xalqın inqilabının mümkün olmayacağını anlamamız və əvvəl özümüzdən başlayaraq bir işıq yandırmağımız lazım olduğunu düşünürəm.

İş belədir, gözəl qız, sənin əsarətinin adını azadlıq qoydular. İnanma! Azadlığın nə olduğunu özün üçün aydınlaşdır!

 

Hazırladı: Naz Ramizqızı
Mənbə: İndigodergisi.com

Beyenmeler
0   7  
VN:F [1.9.16_1159]
Rating: +20 (from 20 votes)

Naz Ramizqızı

Fitret.az yazarı. Tələbə.

- Sayt ünvanı

 
TwitterFacebook