NAĞIL TERAPİYA: “Küsəyən fil balası”

Xüsusi

Psixoterapiyada nağıl terapiya istiqaməti var. Terapiya- müalicə deməkdir. Nağılların müalicəvi xüsusiyyəti  var. Nağıl vasitəsiylə qorxu, fobiya, aqressiya, özgüvən əksikliyi, müxtəlif davranış pozuntuları, ailə daxili münasibətlər, boşanma ilə bağlı yaranan problemləri aradan qaldırmaq mümkündür. Uşaqlara öyüd-nəsihət vermək əksər hallarda nəticə vermir. Nağılda isə toxunduğumuz problem, onun aradan qaldırılması həm şüurlu, həm şüuraltı təsirlə baş verir.

Aşağıdakı nağılı özgüvən korreksiyasında istifadə edə bilərsiniz.

 

Küsəyən fil balası

Biri vardı, biri yoxdu. Balaca, utancaq, ağlağan bir fil balası vardı. Fil balası anası ilə birlikdə gəzər, anası evə dönən kimi də evə gələrdi. Anası həmişə balaca filə deyirdi ki, bir az təklikdə gəzsin, özü kimi balaca heyvanlarla dost olsun, onlarla oyunlar oynasın. Fil balası isə yeni dost tapmağa, onlarla oynamağa utanırdı.

Bir dəfə bala fil həmişəki kimi təklikdə oynayırdı. Yaxınlıqda dovşan, dələ, meymun, çaqqal balaları da oynayırdılar. Fil balası anasının söylədiyi kimi bu heyvanlara yaxınlaşmaq, onlarla dostlaşmaq istəyirdi. Amma çox utanırdı. Cəsarətini toplayıb yaxınlaşmaq istəyirdi ki, çaqqal balası əvvəlcə ona baxdı, sonra da dostlarına baxdı və gülməyə başladı. Çaqqalın dediklərindən belə başa düşdü ki, fil balasının xortumu ona qəribə görünüb. O biri dostları çaqqal balasına deyirdilər:

-Axı niyə gülürsən? Görmürsən, o sənin sözlərini eşitdi, hətta bizə tərəf gəlmək istəyirdi, amma yolunu dəyişdi.

Doğurdan da fil balası çox kövrəlmişdi. Ağlaya-ağlaya evlərinə gəlib çatdı. Güzgünün qarşısında dayandı. Diqqətlə xortumuna baxdı. İndi gözündə ən çirkin heyvan özü idi. “Axı mən niyə belə çirkinəm? Bu xortum mənim nəyimə lazımdır? Gör necə də böyükdür” deyə-deyə ağlayırdı.

Bu vaxt yem dalınca getmiş anası qapıdan içəri girdi. Balaca filin hönkürə-hönkürə ağladığını görüb çox həyəcanlandı. Əlin­dəkiləri bir tərəfə qoyub balasını qucaqladı.

-Sənə nə olub mənim gözəl balam, niyə ağlayırsan?

-Mənə gözəl deyirsən? Axı mən çox çirkinəm. Uzun, eybəcər xortumum var. Mən çox gülməliyəm.

Ana fil hələ də nə baş verdiyini anlamırdı.

-Yaxşı, sakitləş, bax, sənə ən sevdiyin otlardan gətirmişəm deyib, balasını sakitləşdirdi.

Yeməyini yeyib qurtardıqdan sonra anası onun kürəyini sığallaya-sığallaya mahnı oxumağa başladı. Sonra astadan soruş­du:

-Bayaq xətrinə kim dəymişdi, mənim balam?

-Çaqqal balası mənim xortumuma gülürdü. Ancaq onda günah yoxdu, mən çox eybəcərəm.

-Hə, deməli, sən xortumunu bəyənmirsən? Bəs biz nə edə bilərik?

Ana fil balasının gözlərinə baxaraq sözlərinə davam etdi.

-Xortum biz filləri başqa heyvanlardan fərqləndirir. Biz xortumumuzla çox miqdarda  su götürə bilir, qoxuları hiss edirik. Susuz bir yerdə olduqda xortumumuz uzaq məsafədə su qoxusunu alır və bizi ora götürür. İndiyə qədər xortumsuz bir fil də dünyaya gəlməyib. Hər heyvan növünün özünəməxsus olan, onu başqa heyvanlardan fərqləndirən cəhətləri var.

Anasının sözlərii bala fili sakitləşdirmişdi.

-Bəs mən xortumumla hansı yaxşı iş görə bilərəm ?-deyə fil balası soruşdu.

Susuzluqdan yanan gülləri sulaya bilərsən- deyə anası cavab verdi.

Bala filin əhvalı xeyli yaxşılaşmışdı, güzgüyə baxıb, özünə xoş sözlər deyirdi.

Səhəri gün günəş çıxar-çıxmaz bala fil xortumuna su alıb gülləri, ağacları sulamağa başladı. Bu kənardan ona baxan balaca heyvanların çox xoşuna gəldi. İndi onlar da bir xortumları olsun istəyirdilər. Çaqqal balası dünənki hərəkətinə görə çox peşman olmuşdu. Onlar fil balasına yaxınlaşaraq, birllikdə oynamaq istədiklərini bildirdilər. O buna sevinmişdi. Hətta zarafatyana  xortumuna su alıb, balacaları sulamağa başladı. Onlar buna sevinir, atılıb-düşürdülər.

Fil balası artıq anlamışdı ki, fərqli olmaq heç də pis olmaq deyil.

“Hər uşağın öz dünyası” kitabından
Müəllif: Rübabə Mərdanova

Beyenmeler
0   0  
VN:F [1.9.16_1159]
Rating: +5 (from 5 votes)

Psixoloq Rübabə

Fitret.az idarəçisi. Psixoloq.

- Sayt ünvanı

ALDANIŞ

Xüsusi

Yazmaq daxilimdən gələn bir şeydir, onsuz  bu işlər zorla olmur.  Əvvəl gündəlik yazırdım, ara sıra yenə yazıram. Məni incidən, düşündürən, yoran, içimdən keçənləri gündəliyə yazırdım. Boş sətirləri doldururdum, sakitcə dinləyirdilər, tək dostum o dəftər olub. Bəzən yenə köhnə dostumla danışıram. Ədəbiyyatı çox sevirəm. Tarixçi olmasaydım yəqin ki, ədəbiyyatçı olardım. Jurnalistika, hüquq da sevdiyim sahələrdi, bir də həkimlik. Daim insanlara kömək etmək olub istəyim, təmənnasız həm də, faydalı olmaq, bacardığım qədər kömək etmək. İnsanlar üçün çox kiçik nəsə edə bilirəm, çox kiçik həm də.
Bir gün zəngin olsam, uşaq evlərindən çıxan uşaqlar üçün evlər tikəcəyəm, 18 yaşından ordan çıxan kimsəsiz bir qız hara gedə bilər, nə edə bilər? Digər bir istəyim sahibsiz heyvanlar üçün sığınacaqlar tikməkdir. Onlar küçədə xəstəliyə tutulurlar, insanların təzyiqlərini görürlər, məsum baxışlarında nə qədər qorxu görmüşəm. Bilmirəm, bunları etmək qismət olacaqmı, amma imkanım olsa edəcəyəm bunları.Hər gün nə qədər insan işə, dərsə tələsir, o insan selinin içində onlardan biri də mən oluram. Taleyin ucqar dağ kəndindən sovurub küləklər şəhərinə atdığı insan və həyatı bir çox şeylərlə dəyişən, bir çox şeylər yaşayan insan. İri şəhərlərdə insan özünə və insanlara yadlaşır, çünki aid olduğu təbiətdən uzaq düşür, bu yadlaşma getdikcə daha da dərinləşir. Kibrit qutusu kimi evlərin içində biz də kiçilirik, ruhumuz da daralır, “balacalaşır” və beləcə aşınıb gedirik. İnsanlar br-birindən qorunmaq üçün daş hasarlar çəkirlər, çünki bir-birilərinə inanmırlar…
Çox axmaq iş görüb insan, dünyada darıxmamaq, özünü önəmli hesab etmək üçün, həm də öz rahatı üçün “iş”i yaradıb. Zamanla  bu formal xarakter alıb, kiməsə əmr etmək üçün fürsət olub. İnsan başqa insanı yarqılamaq üçün qanunlar yaradıb, başqa birini asanlıqla mühakimə edə bilir, halbuki cinayətkarı cəmiyyət yetişdirir…!
Hər kəs belə təmizdir axı, bəs onda dünya niyə çirkab içində itib-batır, niyə qanları təmizləməyə daha  su da yetmir? Bir yazı çıxmışdı qarşıma keçən dəfə, Hanna Arendtin “Şərin banallığı: Eyxman Qüdsdə” əsəri haqda idi. Adolf Eyxman 6 milyon yəhudinin ölümündə günahkar bilinir. Hanna Arendt onun məhkəməsini izləyib sonra əsəri yazıb. Eyxman İsraildə mühakimə olunub, Hanna Arendt deyir ki, Eyxman kimilər aramızdadır, yəni onların heç bir ruhi problemi yoxdur. Eyxman öz vəzifə borcu kimi edib bunu, bir düşünün aramızda nə qədər eyxmanlar var, “n” qədərdi onlar. Elə göz görə-görə nələr edirlər. İnsanın xisləti budur, insan daim əməllərinə bəraət axtarır, Eyxmanın da dediyi kimi “Mən müharibənin qaydalarına əməl etməli idim və bayrağıma xidmət edirdim.” Acı gerçək budur…
Hərdən düşünürəm ibtidai insanlar bizdən daha xoşbəxt olublar, daha yaxşı yaşayıblar. Tək və əsas problemləri qida əldə etmək olub, biz isə min bir zəncirlə qandallanmışıq, özüm-özümüzə süni zəncirlər yaratmışıq, cinayəti yaradıb sonra da onu törədən insanı mühakimə etmək üçün qanun da yaratmışıq.
Eyni yollar, eyni insanlar… Hətta hər gün bir avtobusda, bir qatarda yol getdiyin eyni insanlar… Onlar da məni hər gün görür, mən də onları… Eyni avtobus və qatarda, amma fərqli istiqamətlərə gedirik, hərə öz dayanacağında düşür. Həyat da belədir. Eyni dünyanın fərqli həyatı olan insanlarıyıq. Nə qədər insan var, hərə öz həyatını yaşayır, amma fərqli şəkildə. Hər gün Qara Qarayev metrosunun yanında limon, alça satan lal kişini görürəm, qocadır. insanlara əlindəki limonu göstərib “nə olar, alın” deyən baxışları var, hər görəndə qəribə oluram. Arada ondan limon da alıram. Kaş elə edə biləydim ki, onun bütün ehtiyacları qarşılansın. Dünyanın hər yerində hamının yaxşı yaşamasını təmin edə bilmərik, mümkünsüzdür. Beləcə kənardan izləyirik…
Bilirsənmi niyə yorğunuq? Çünki qoca dünyanın, əsrlərdir düşünən insanların fikir yükünü çəkirik, ötürülə-ötürülə gələn düşüncə seli ağırlıq edir. Ən ali bəşər olan insanın etdiklərini anlaya bilmirik, şüurlu olan insan şüursuz dediyi heyvandan üstün nə edib ki? Ancaq dağıdıb, indi də davam edir… Gözü doymur, dəniz suyu kimi içdikcə susayır insan. Çox bədbin şeylər yazdım, deyəsən. Həyatda gözəlliklər də var, həm də çox böyük gözəlliklər, elə ən böyüyü gözəl görən ürəkdir, düşünən insandır. Bəlkə də güləcəksən ağac,yarpaq, çiçək, ot, günəş, torpaq, su, külək və digərləri hamısı gözəldir…Vicdanı təmiz, ürəyi gözəl hər insan gözəldir. Heç nə tam ağ və tam qara deyil, ağ da olmalıdır, qara da. Bəlkə də həyatın anlamı elə bundadır, hər şey əla olsaydı, bəlkə də anlamsız olardı… Avstriyalı yazar Robert Müzilin “Yeniyetmə Törlessin sarsıntıları” kitabını oxuyuram, adı mənə Hötenin “Gənc Verterin əzabları” kitabını xatırlatdı. Yeniyetmə insanın düşüncələri, özünü axtarış, nifrət, qəzəb, küskünlük, özünü təsdiqə meyillilik, hamımızın yaşadığı oxşar hisslər…
Bir çoxumuz elə bilirik ki, bu hissləri ancaq biz yaşamışıq amma yox. Hər yazarın əsəri elə onun özünün ifadəsidir, düşüncəsinin ifadəsidir, təbii ki, hara qədər ifadə edə bilirsə… Yüklərimizi bir az buraxaq, daxilimizə sakitlik verək, yaşadığımız problemlərin çoxunun süni, formal olduğunu bilirik, çoxunun elə bizim kimi insanlar tərəfindən yaradıldığını da bilirik, ruhunu azad burax, içində özünə yönəl. İnsan özünə məğlub olur. Bu daim belədi, heç kim bizi məğlub etmir, biz özümüzə məğlub oluruq. Gecə, saat, mən və klaviatura… Saat işləyir, “çıkk çıkk” səsələri də çəkdiyi əzabı bildirir, ağır-ağır hərəkət edir…İnsan bir şeyə alışdısa, elə də gedə bilir, çox şey belədi. Sabah yeni gün başlayacaq, bu günə bənzər yeni bir gün… Yaşadığımız heç bir günün təkrarı olmur, olmayacaq da, bunu bilə-bilə israf edirik həyatı, günləri… Ən əsası ömrümüzü… İnsanın ən böyük faciəsi özünü aldatması ilə başlayır… Özümü aldatmağım olub, kim aldatdı səni özündən çox? Heç kim, elə özüm.

Müəllif: Aida İsmayılova

Beyenmeler
0   4  
VN:F [1.9.16_1159]
Rating: +10 (from 14 votes)

NAĞILLAR – ÖLDÜKCƏ YAŞAMAQ

Xüsusi

Nağıllar…  Ah bu nağıllar!..

Qəhrəmanımızı nağıllardan seçirik; hər zaman onlara oxşamaq istədiyimiz qəhrəmanlar. Düşmənimizi də eləcə! Əsəbləşdiyimiz, nifrət etdiyimiz düşmən tipini əvvəl nağıllarda tapırıq, sonra onları həyatın içində axtarırıq. Əsla düşmənlərimiz kimi olmaq istəmirik; ya onlardan qaçarıq, ya da onlarla döyüşməyi seçirik. Hər kəs “Ağca və 7 cücə”-ni xatırlayır (Snow White and the Seven Dwarfs). Kim Ağcanın ağ atlı şahzadəsi olmağı istəməmiş, alnından öpərək oyandıracağı gözəli xəyal etməmişdir ki görəsən? Səbətində alma daşıyan yaşlı cadügərləri sevməzdik. Bəli, yaşlanmaqla cadugər olmaq arasında əlaqə qurmağımızın səbəbi, cadugərlərin yaşlı olması deyil, cadugərlərin yaşlılar arasından seçilməsi; cadugərlərin yaşlanmağı seçməsidir.

qarğa və tülkü-nağılHələ bu Lafontenin nağıllarına bax!

Zavallı qarğalar, yalnız çirkin deyil, eyni zamanda axmaqdırlar da. Tülkülər isə hiyləgər, oyanıq və mənfəətçi. Haydı bir mahnı oxu dostum! Qarğa qarıldar-qarıldamaz pendiri ağzından salar. Mahnı oxumanın əvəzi, pendiri əldən verməkdir. Aldadılmaq, qanmaz yerinə qoyulmaq. O halda mahnı söyləməyin, yoxsa yeməyinizdən olarsınız. Halbuki belə bir dərs də ola bilərdi: Mahnımı oxudum ləzzətlə, pendirimdən oldumsa, nə qəm! Pendiri itirməkdən qorxaraq mahnınızdan vaz keçməkdənsə, mahnı oxumağı seçin; aşağı yuxarı bir pendir, arada əlinizdən alınsa nə olacaq?

Amma Lafonteyə belə dərslər vermək yaraşmazdı; bu səbəblə o, saf uşaqlara ağıllı olmağı nəsihət etdi.

“Əsla açmayın ağızınızı; yoxsa pendirinizdən olarsız.”

Bizlər də çoxlu tülkülər qarşısında açmadıq ağzımızı; beləliklə həssaslıqla qorumağı bacardıq pendirlərimizi. Pendiri itirməmək üçün mahnı oxumadıq həyatımız boyunca. Anlamadıq ki, bu kal səsimizlə mahnı oxumağı gözə almadıqca, pendirə sahib olmağın da bir mənası qalmayacaq həyatımızda. Aldanmamaq üçün nə çağırdıq, nə çığırdıq, ancaq səssiz-səssiz pendir toplamaqla məşğul olduq; bütün zamanımızı topladığımız o pendirləri qorumaqla keçirdik.

cırcıramaBildiyiniz başqa nağıla baxaq. Lafonten indi də qarışqa ilə cırcıramanın hekayəsini danışır: Cırcırama bütün yay boyunca işsiz-gücsüz gəzər, mahnılar söyləyər, saz çalar. Qış gəldiyində isə ac qalar. Yeməyə bir şey tapa bilməz. Beləcə məhv olub gedər. Çünki işləmədi, sabahı düşünmədi və toplayıb yığmadı. Qış gələndə səbəti boş qaldı; aclıqdan və soyuqdan öldü. Qarışqa isə sobanın qarşısında ayaqlarını uzatmış, isti evində kef çəkməkdədir bu əsnada. Kisələri ağzına qədər doludur. Çuval-çuval buğdalar, noxudlar, qab-qab yağlar yığılmışdır bir kənara. Yaz boyunca çalışıb və yığıb bir kənara.

Cırcırama… hesabını bilməyən, sabahını hesablamayan adam… kefinə düşgün, tam bir sər-səri…
Qarışqa isə əksinə tam bir hesab adamı … başıaşağı, çalışqan, intizamlı, nə istədiyini, hara getdiyini bilən, əsla macəradan xoşlanmayan biri… ağıllı və oyanıq…

Qış gəlmişdir artıq. Çöldə qar var, yağış var, fırtına var, lakin yemək yoxdur! Bizim tənbəl və avara cırıramamız indi acdır, üstəlik soyuqdan da donmaq üzrədir. Bir dəfə namərdə möhtac olmub artıq, çarəsiz gedər qarışqanın qapısını döyüb bir az yemək istər. Qarışqa da bütün insafsızlığıyla qapını üzünə çırpar.

“Get burdan,” deyər; “Daha əvvəl ağılın hardaydı? Bunu yazda avara-avara gəzib mahnı oxuyarkən düşünərdin! ”

Cırcırama də eynilə qarğa kimi mahnı oxumağının cəzasını çəkər. Biri pendirindən oluşdu mahnı oxumaq uğrunda, digəri bir pendir sahibi belə ola bilməmişdi həyatı boyunca. Birincidə tülkü qarğanı aldadıb pendirinin alır; ikincisində cırcırama qarışqadan bir tikə belə almağı bacarmır.

Bu səbəblə cırcıramanın hekayəsi çox daha faciəvidir. Bəlkə qarğanın halına gülərsiniz, “O da ağılla hərəkət edərdi,” filan deyərsiniz; lakin cırcıramanın halına vicdan sahibi uşaqları gülə bilməz; “Əcəb olur!” deyə bilməz; içində bir sancı duyar onlar. Ağrımaqdan da betər bir şeydir bu.

Nağıllar… Ah bu nağıllar!

Bəziləri nə də mərhəmətsiz; nə də vicdansız!

Lafontenin qarışqaları buna görə çox insafsızdırlar.

Kasıbların üzünə qapını çırpan, “incimə, çalışsan sənin də olar” deyən bu qarışqaya haqq qazandıranların, cırcıramanın gerçək faciəsinin yanında Lafontenin təsvirlərinin nə halda qaldığını görmələrini istəyirəm. Məhz bu səbəblə bu faciəni bir də Cevat Şakirin (Halikarnas Balıqçısı) dilindən oxumanızı təklif edirəm:

avqust böcəyi“Cırcırama yaza doğru yumurtadan bir tırtıl olaraq çıxar, sonra qanadlı bir böcək olar. Hamilə qalan dişi böcək, toxumla dolu yumurtalıqlarını qızdırmaq məcburiyyətindədir. Caynaqlı ayaqlarını günəş tutan bir budağa keçirərək möhkəm yapışar. Cırcırama bülbül kimi ötməz. Kürəyində bir çox halqalar vardır; onları -ağıldan kənar bir zövq və vəhşi bir inadla- sürtüb durar. Cırhacır səsi, həyatın nəbz atışıdır. Bu sürtünüş nəticəsində fövqəladə bir istilik olur; və ananın dərhal yanması bahasına yumurtalıqdakı toxumlar yetkinləşir. Və günlər qısalar, havalar soyuyar, bax o zaman qarnı çatlamış, incə zər halında qalmış bir böcək qabığı görərsiniz; ağacda ilişib qalmışdır. Qış küləkləri o incə qabığa ürəklərin ağrıyla “cızz” etməsi kimi, yoxsul və kədərli səslər çıxartdırar. Qış gəlincə, günəşli dünyadan köçüb getmiş olan cırcırama ortalıqda yoxdur ki, namərdə möhtac olaraq qarışqaya əl açıb dilənə. Cırcırama (guya avara adamın həyatı) nisbi bir əxlaq qaydası deyil, qorxunc, insafsız, acı bir yaratma prosesini təmsil edər. Zavallı cırcırama “yaratmaq” üçün özünü fəda edər. ”

Yaratmağın ağrısını çəkməyənlər cırcıramanın faciəsini anlaya bilməzlər.

Bu səbəblə onlar Lafontenin nağılları ilə özlərini ovudub durarlar.

Şəxsən, mahnı söylədiyi üçün ölənlərə deyil, bir mahnı belə söyləmədən ölənlərə yas tuturam mən; hətta, qarışqanın təmkinliliyi yerinə cırcıramanın sərsəriliyini üstün tutaram. Qarışqa yaşamaq üçün bir zibil parçasını əsirgədiyi halda, cırcırama həyatını fəda edər yaratmaq üçün.

O halda nə çəkinirsən dostum, hayadı bir mahnı da sən söylə!

Müəllif: Dücanə Cündioğlu
Hazırladı: Vüsaləddin Rüstəmov

Beyenmeler
0   5  
VN:F [1.9.16_1159]
Rating: +14 (from 14 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

“SANDIQ”LARIM

Xüsusi

savaş“SANDIQ”LARIM…

Mən sandım ki, bütün uşaqlar həmişə xoşbəxt olur… müharibənin ortasında ölüm qalım savaşı verən uşaqları görənə qədər..
Mən sandım ki, müharibələrdə ancaq haqsız tərəf itki verir..
Mən sandım ki, bütün atalar hamıdan güclüdür, “şəhid” atasının çarəsizliyini görənə qədər..
Mən sandım ki, anamı kimsə üzə bilməz, mənim ağladığımı görüb nə qədər üzüldüyünü görənə qədər..
Mən sandım ki, təsir həmişə əks təsirə bərabərdir, təsirin təsirsiz qaldığını görənə qədər..
Mən sandım ki, kimsə bir-birini incitmək istəmir..
Mən sandım ki, incidən hər kəs könül almasını da bilir..
Mən sandım ki, hər şey həmişə pis getməyə də bilər..
Mən sandım ki, dəyər verdiyi qədər dəyər görər insan, dəyər verdikcə dəyərsizləşdirənləri görənə qədər..
Mən sandım ki, hər kəs hər şeyi edər deyə bir şey yoxdur.. Bəzi insanlar bəzi şeyləri etməyəcək qədər çox sevir bizi..
Mən sandım ki, sevgi olan yerdə maneələr toz yığını qədər mənasızdır..
Mən sandım ki, “sevirəm” deyən hər kəs həqiqətən sevir..
Mən sandım ki, hiss edilməyən heç bir duyğu dilə gətirilmir..
Mən sandım ki, gerçək duyğuların olduğu yerdə “söz vermək” deyə bir şeydən söhbət gedə bilməz..
Mən sandım ki, bəzi insanlar “SÖZ”süz güvəniləcək qədər etibarlıdırlar..
Mən sandım ki, hesablamalar ancaq mühasiblərin işidir, münasibətlərdə “hesab-kitab” söhbəti olmur..
Mən sandım ki, “doğma olmaq ” qan qohumu olmaqla əlaqəli deyil.. Nə “doğma”lar var “yad” olduğumuz..
Mən sandım ki, əsl dostluqlar heç bitmir.. Ən yaxın dostumun mənə ayıracaq vaxtının olmadığını görənə kimi..
söz verməkMən sandım ki, tarix heç vaxt təkrarlanmır, eyni zərbəni eyni insandan təkrar- təkrar alana qədər..
Mən sandım ki, həyat bu qədər bəsit deyil.. bir gün hər kəs bunu anlayacaq..
Mən sandım ki, bir güllə də bahar olur.. yetər ki, “gül”üşümüz solmasın..
Mən sandım ki, qaranquş həmişə baharın xəbərçisidir, onun mənə payızı yaşatdığını görənə qədər..
Mən sandım ki, insan ancaq fiziki və zehni işləməkdən yorulur.. düşündüklərimin məni taqətdən saldığını görənə kimi..
Mən sandım ki, küsülü olsa belə sevdiklərim yenə məni düşünür, mənim onları düşündüyüm kimi.. )
Mən sandım ki, insan məfhumu 30% cisim, 70% ruhdan ibarətdir..
Mən sandım ki, dar günündə yanında olduğun insanlar xoş günlərində səni silib atmır..
Mən sandım ki, bəzi insanlar gülüşümdən daha dəyərlidir, məni ağladıb başqaları ilə gülə bildiklərini görənə qədər..
Mən sandım ki,insan özünü ancaq düşməndən qorumalıdır..
Mən sandım ki, bir gün hər kəs dəyişər, hər şey dəyişər,dünya tərsinə dönər amma bəziləri həmişə istisna olaraq qalar..
Mən sandım ki, həyat nə qədər çətin olsa da yenə də gözəldir..
Mən sandım ki, ölümlər ancaq cismən baş verir, ruhumu öldürənləri görənə qədər..
Mən sandım ki, ən çətin anlarda filmlərdəki kimi kimsə çıxıb bütün bunların zarafat olduğunu deyəcək..
Mən sandım ki, baş qəhrəmanlar nağıllarda olduğu kimi sonda xoşbəxt olur..
Sandım ki, həyat da nağıllar kimi “Happy End” ləri sona saxlayır. .
Mən sandım ki, qarşılıq görməyən bütün hisslər sönür, qarşılıq gözləmədən sevdiklərim gözümün önünə gələnə qədər..
Və Mən sandım ki, bütün bu “SANDIQ”larım hər kəs üçün keçərlidir, onların yalnız mənim “UTOPİYAM “da real olduğunu görüb məyus olana qədər..

Müəllif: Esmira Talıbova

Beyenmeler
0   5  
VN:F [1.9.16_1159]
Rating: +22 (from 22 votes)

Psixoloq Rübabə

Fitret.az idarəçisi. Psixoloq.

- Sayt ünvanı

NAĞIL TERAPİYASI

nağıl terapiyası 2Uşaqlar nağılları niyə sevir ?
Və ya valideyn, nənə-baba uşaqlara niyə nağıl danışmalıdır ?

Bu çox bəsit, adi bir şey kimi gələ bilər, amma mahiyyətinə vardıqda bir çox açıqlama ilə nağıl danışmağın nə qədər faydalı olmasını izah etmək olar. Nağıl bir terapiya üsuludur. Nitq inkişafı, diqqətin toplanması, təfəkkür, təxəyyül formalaşır, mədəni ünsiyyət qurmasına şərait yaradır, müqayisələr etməyi bacarır, xeyir və şər anlamlarını qavrayır. Təbii nağılların məzmunu da məqsədəuyğun şəkildə xüsusi olaraq seçilməlidir. Məsələn, şiddət üslublu nağıllar uşağın psixoloji ovqatına mənfi təsir edir, qorxular, aqressiya, şiddət göstərmə istəyi, ünsiyyət pozğunluğu, yoldaşları ilə yola gedə bilməmə, ailəsindən uzaqlaşma və hətta iştah pozuntusu belə yaradır. Təhlükə yaradan nağıllar siyahısına “samizdat nağıllar” deyilir. Bəzi nağıllar da var ki, orda cəzalandırma üslubunu görmək olur. Hər bir aildə isterika yaradan, ərköyün böyüdülən, sözə baxmayan uşaq ola bilər. Həmin cəzalandırma nağıllarında da şiddət olmadan hansı formada cəzalandırıb onu mənfi əməllərdən çəkindirmək olar kimi suallarına cavab tapmaq olar. Yəni hər bir uşaq mükafatlandırıldığı kimi, nöqsanlarına görə cəzlandırılmalıdır da. Bəzən uşaqlar məsləhəti sevmir, amma nağıllara qulaq asarkən hansısa mənfi əməlini mütləq o nağılda tapa biləcək. Özünü o nağıldakı qəhrəman və ya obrazın yerində hiss edəcək. Əməllərini götür-qoy edə biləcək.
Bundan başqa, müxtəlif duyğuları qavrayacaq, qarşısına çıxan məsələlər və ya çətinliklər zamanı həmin dinlədiyi nağıllar köməyinə gələcək. Hansı əməllərin zərərli, hansı əməllərin faydalı olduğunu öyərənəcək.
nağıl terapiyası 3Terapiya – bildiyiniz kimi müalicə deməkdir. Nağıl terapiyası ilə aqressiv, qorxuları və ya fobiyaları olan, ünsiyyət çatışmazlığı sözə baxmayan – isterika çıxaran, həmçinin davranışında nöqsanlar, yaramazlıq edən uşaqlar üçün çox əhəmiyyətli vasitədir. Nağılda dinlədiyi nəticə istənilən nöqsanına səmərə verəcəkdir.
Ən sonda isə nağılı kimlərin danışmasının vacibliyi vardır ki, bunu da bilmək çox vacibdir.
Nənə-babalar artıq bəlli yaşında təcrübəli valideyn kimi , həmçinin xüsusi səbrə, nitqə və mülayim , asta, intonasiyalı səsə malik insanlar olduğu üçün əgər ailədə nənə-baba varsa, onların danışması daha təsiredici olar. Amma yalnız valideyn və övladlardan ibarət ailədirsə, hər iki valideyn növbə ilə nağıl danışması çox lazımlıdır. Nə üçün? Təbii ki, ilk növbədə valideynlər ev işləri, qazanc işləri ilə məğul olarkən bütün günlərini işə həsr edirlər və uşaqla çox az ünsiyyət qurub, onlarla maraqlanırlar. Ən azı axşam vaxtı zamanınızı onlara, yəni uşaqlara ayıraraq onları özünüz yatızdırıb, nağıllar danışın. Nağılı sizin dilinizdən eşitməklə bərabər, sizi öz yanında görmək, sizə yaxın olmaq istəyinin olduğunu unutmayın! Çünki nağıl danışmaqla bərabər, siz onlarla yaxın təmasda olacaqsınız. Nağıldakı qəhrəmanların simasını sizin simanızla canlandırmağa başlayacaq. Çünki siz onlar üçün qəhrəmansınız, sizə olan sevgisi, sizi incitdiyi anları xatırlayıb davranış qaydalarını düzəltməyə çalışacaqlar.simasını sizin simanızla canlandırmağa başlayacaq.
Öz yoldaşları ilə oynayarkən, oturarkən nağılı sərbəst olaraq danışmaq həvəsi yaranacaq, dünyagörüşünün formalaşmasına, gələcəkdə dərslərini daha yaxşı öyrənmə qabiliyyətinə müsbət təsir göstərəcəkdir.

Hazırladı: ailepsixoloqu.com saytının yazarı Psixoloq Teymurova Esmira

Beyenmeler
0   6  
VN:F [1.9.16_1159]
Rating: +18 (from 20 votes)

Psixoloq Rübabə

Fitret.az idarəçisi. Psixoloq.

- Sayt ünvanı