2019-CU İLƏ ÖZƏL- İŞIQ TUTAN SEÇMƏLƏR

Xüsusi

İnsanları sev, lakin qısqanc olma, sahiblənmə. Mümkün qədər çox insanla əlaqə qur, lakin azad qal və qoy, onlar da azad qalsın. Basqı altına almağa çalışma və heç kimin səni basqı altına almağına icazə vermə.
Əşyalardan istifadə et, lakin unutma: bu dünyaya əllərin boş gəlirsən və gedərkən də əllərin boş olacaq, buna görə də heç bir şeyə sahib ola bilməzsən.

Sənin xoşbəxtliyin, sənin şüurunun keyfiyyətinə bağlıdır. Xaricdəki şeylərə bağlı deyil.

Gülmək, çiçək açmaqdır.

Pul, həyat tərzin nədirsə, onu zənginləşdirər.

Xoşbəxt bir insan, Tanrının hər yerdə olduğunu görər. Onu görə bilmək üçün xoşbəxt gözlərə ehtiyacın var.

Əgər kimsə səni təhqir etsə və sən sussan – heç bir şey olmamış kimi – qarşındakı insan daha da hirslənər; getdikcə daha da özündən çıxar. Sən də hirslənsən, o bunu anlaya bilər, ancaq səssizliyini anlaya bilməz. Hətta, sənin səssizliyin səbəbilə özünü çox təhqir edilmiş hiss edə bilər. Sən, səssizliyin sayəsində yüksəlirsən. O isə böcək kimi qalır.

Həyatın istifadə qaydası yoxdur.

Əgər sən kişisənsə və qısqancsansa, qadın beyninə sahibsən. Əgər qadınsan və qısqanc deyilsənsə, onda kişi beyninə sahibsən.

Nə üçün qadın kişidən daha qısqancdır? – çünki qısqanclıq qorxudan doğur. Kişi, qadınla müqayisədə daha az qorxar, səbəb budur – kişi qadınla müqayisədə daha az qorxar. Daha az qorxduğu üçün də daha az sahiblənir. Qadın ağlı daha çox qorxar, qorxu ona təbii gələr, həmişə titrəyər. Bu qorxu səbəbilə qadın daha çox sahiblənər. Sahib olduğuna tamamilə əmin olmadığı müddətcə xoşbəxt olmaz. Və tamamilə sahibləndiyi zaman da xoşbəxt ola bilməz, çünki kişi artıq ölüdür. Ancaq, azadlıq insanı canlı edər.

Gerçək bir insan,  onu xoşbəxt edən şeyləri edəcək cəsarətə sahibdir.

Yanına sayılmayacaq qədər çox, yüzlərlə quş gəlirdi. Hisslərin dilini bilirdi. Bu sevgidir. Heç kim sevgidən qorxmaz, quşlar belə. Və onlar mütləq sizdən daha çoxunu hiss edərlər, çünki düşünə bilmək üçün hər hansı bir vəsaitləri, kifayət qədər beyinləri yoxdur.

Əgər həqiqətən gerçəyin nə olduğunu öyrənmək istəyirsənsə, din və fəlsəfənin içində itməməyə diqqət et.

Bir şeylərin axtarışında olmaq, bir şeyləri arzulamaq ağlın ən başda gələn xəstəliyidir. Bir şey axtramamaq, bir şey istəməmək, varlığının ən böyük sağlamlıq işarəsidir.

Zen insanı məqsədsiz şəkildə dolanar, bir hədəfi, bir gələcəyi yoxdur. Anlıq yaşayar, beyni işin içinə qarışdırmaz; eynilə yarpağın etdiyi kimi özünü küləyə buraxar. Küləyə deyər ki, “Məni istədiyin yerə apar.” Əgər göyün üzündə küləklərlə yüksəklərə çıxarsa, yerdə qalanlara qarşı özünü üstün hiss etməz. Əgər yerə düşsə, küləklə göyün üzünə yüksələnlərə qarşı dəyərsizlik duyğusu bəsləməz. Uğursuz ola bilməz. Əsla məğlubiyyətə uğramış hiss edə bilməz. Məqsədin yoxdursa, necə uğursuz ola bilərsən? Və də əgər, bəli bir hədəfə doğru getmirsənsə, necə məğlubiyyətə uğramış kimi hiss edə bilərsən? Üzüntüyə yol açan gözləntilərdir. Şəxsi ehtiraslar, uğursuzluğu gətirər. Zen insanı uğursuz olduğu zaman belə müzəffərdir.

Sevdiyin insanla belə gerçək ola bilməsən, harda gerçək olacaqsan? Harda? Səni sevdiyini düşündüyün insanla da gerçək ola bilməsən, onunlaykən belə gerçəyi açıqlamağa qorxur və gizlənirsənsə, tamamilə azad ola biləcəyin bir yeri harda tapacaqsan?

İcazə ver, hər şey öz yoluna getsin.

Əgər özünə güvənirsənsə, mənə güvənə bilərsən, insanlara güvənə bilərsən, varoluşa güvənə bilərsən. Əgər özünə güvənməsən, başqa heç bir güvən mümkün deyildir.

Sevgi idarə edilə bilməz, sifarişlə ortaya çıxmaz. Bir dəfə yox olduğu zaman da, geri qaytarmağın yolu yoxdur.

Həqiqi eşq üçün sabah yoxdur, həqiqi eşq üçün zaman yoxdur. Əgər bir insanı sevirsənsə, sevirsən. Sabah nə olacağı səni maraqlandırmır. Bu an elə çoxdur ki, bu an bir sonsuzluqdur. Sabah nə olacaq, görəcəyik. Sabah gələndə… Və sabah heç gəlməz. Həqiqi eşq indiyə aiddir.

Kimisə sevirsən və söz verirsən: “Səni həyatım boyu sevəcəyəm.” Əslində çox yaxşı bilirsən ki, sabahından əmin ola bilməzsən; saxta bir söz verirsən. Bütün deyə biləcəklərin sadəcə bundan ibarət ola bilər: “Hal-hazırda sənə aşiqəm və sənə hər şeyimi verirəm. Daha sonrası haqqıda heç bir şey bilmirəm. Necə söz verə bilərəm? Məni bağışla.”

Əslində kimsə səni sevdiyi zaman təəccüblənirsən. “Nə, mən? Kimsə məni sevir?” Zehnindən bu fikir yüksəlir: “Məni tanımır, ona görə. Əgər məni tanısa, əgər məni olduğum kimi görsə, məni əsla sevməz.” Buna görə də sevgililər özərini bir-birilərindən gizlətməyə başlayır. Çox şey gizli saxlanır, sirlər açılmır, çünki ürəklərini açdıqları anda sevginin itməyə məhkum olduğundan qorxurlar. Özlərini sevə bilmədiklərinə görə, başqasının onları sevə biləcəyini necə qəbul etsinlər? Sevgi özünü sevməklə başlayar.

Həyat, çözüləcək bir problem deyil, yaşanacaq bir sirrdir.

Əslində gözəl insan da yoxdur, çirkin insan da yoxdur. Çirkin insan biri ilə uyumlu ola bilər; o zaman çirkin insan, o insan üçün gözəldir. Gözəllik uyumun bir kölgəsidir. Əslində bir insana gözəl olduğu üçün aşiq olmursan; olan bunun tam əksidir. Birinə aşiq olduğun zaman, o insan gözəl görünür. Gözəllik fikrini gətirən eşqdir; əksi olmaz.
Lakin sənə tam uyan birini tapmaq nadir hallarda olur. Kimsə o qədər şanslı olduğu zaman, o zaman həyat bir melodiya ilə yaşanar;  o zaman iki bədən və tək ruh var. Bu gerçək bir cütlükdür. Və harda belə bir cütlüyə rast gəlsən, böyük bir zərafət və musiqi vardır çevrələrində, böyük bir aura, gözəl bir işıq, bir səssizlik…

Özünü sev. Bu sənin təməl öhdəliyin olmalıdır. Özünü sev. Digər hər şey öz-özlüyündən olacaqdır, amma təməli budur.

Sevinc, bütün qorxular üçün əks təsirdir. Həyatın dadını çıxarmasan, qorxu başlayar. Həyatın dadını çıxarsan, qorxu itib gedər.

Qorxu, sahib olmaq arzusundan doğar; bir yan məhsuludur; sahib olmaq istəyərsən, buna görə də qorxu başlayar. Əgər sahib olmaq istəməsən, qorxu da olmaz.

Dünyada hər zaman möhtəşəm şeylərin olmağını gözləyərək bir sürü şey qaçıran tonlarla insan var. Olmaz. Sadəcə kiçik şeylər olar; yemək yeyərək, səhər yeməyi yeyərək, yürüyüşə çıxaraq, duş qəbul edərək, bir dostla danışaraq, sadəcə tək başına oturub göy üzünə baxaraq və ya yataqda uzanıb heç bir şey etməyərək. Bu kiçik şeylər, həyatı yaradır. Bunlar həyatın içindədir. Buna görə də hər şeyi sevinclə et və hər şey bir duaya çevrilsin.

Qorxursansa, qorxursan – niyə bunu problem edəsən ki?

Səhv etməkdən qorxma, çünki səhv etməkdən qorxsan, heç irəli gedə biməzsən və həyatı qaçırarsan. Səhv etmək, heç bir şey etməməkdən yaxşıdır.

Qorxu varsa və sən onunla bağlı bir şey etməyə başlasan, yeni bir qorxu başlayacaq; qorxu qorxusu; hər şey daha da qarışacaq. Buna görə də qorxu varsa, qəbul et. Onunla bağlı heç nə etmə, çünki “etmənin” bir köməyi olmayacaq. Sənin qorxudan edəcəyin hər hansı bir şey, daha çox qorxuya səbəb olacaq; qarışıqlıqla edəcəyin hər hansı bir şey, daha çox qarışıqlıq yaradacaq. Heç bir şey etmə! Qorxu varsa, qorxunun orda olduğunu bil və qəbul et.

Qorxu çözülə bilər, lakin ondan qurtulmaq üçün tələsmə; yoxsa gizlədəcəksən. Səbrli ol, izlə, anlamağa çalış. Sənin bir parçan olduğunu qəbul et. Sənə yapışan çirkin bir şey olduğunu düşünmə – bu, onu rədd etməkdir və rədd etmənin faydası olmayacaq. O sadəcə sənin bir parçandır. Sevgi necə bir parçandırsa, qorxu da elədir. Qəzəbin bir parçan olması kimi, o da sənin bir parçandır. Heç bir duyğunu rədd etmə, çünki bütün o duyğular səni yaradır və hamısı gərəklidir. Əlbəttə, tək bir duyğuya ilişib qalmaq lazım deyil; sənin içində həmişə bir orkestr olmalıdırlar, ölçülü qalmalıdırlar.

Eqonun ölümü, sənin ölümün deyil; eqonun ölümü, əslində həyat ehtimalıdır.

Qorxu hiss edilirsə, problem sevgidir. Daha sevgi dolu ol. Qarşındakı insana qarşı bir neçə addım at… çünki hamı qorxur, sadəcə sən yox. Sən birinin sənə gəlib sevməyini gözləyirsən – sonsuza kimi gözləyə bilməzsən, çünki qarşı tərəf də qorxur. Və qorxan insanlar bir şeydən çox qorxarlar və bu da rədd edilməkdir. Mən gəlib sənin qapını döysəm, sənin məni rədd etməyin bir ehtimaldır. Bu rədd, bir yaraya çevriləcək. Ona görə də gəlməməyim daha yaxşıdır. Yalnız olmaq daha yaxşıdır. Tək başına olmağın, kiminləsə yaxınlaşmamağın daha yaxşıdır, çünki rədd edilə bilərsən. Yaxınlaşdığın və sevgiyə dair addım atdığın anda ilk qorxu başlayar – qarşı tərəf səni qəbul etsə belə, ehtimal həmişə var – səni geri çevirə bilər. Buna görə də qadınlar əsla ilk addımı atmazlar; onlar daha çox qorxur. Həmişə kişidən gözləyirlər – kişi gəlməlidir. Onlar həmişə rədd etmə və qəbul etmə ehtimalını özlərinə saxlayırlar, qarşı tərəfə bu şansı verməzlər, çünki kişilərlə müqayisədə daha çox qorxarlar. Buna görə də bir çox qadın bir ömür boyu gözləyər! Qapılarına heç kim gəlməz, çünki qorxan bir insan bir anlamda elə çox qapanar ki, insanları özünə yaxınlaşdırmaz. Qorxan insan ətrafına elə çox titrəyişlər yayar ki, yaxınlaşan hər kəs vazkeçər. Hərkətlərində belə qorxunu hiss edə bilərsən.

Mənbə: Osho 
Hazırladı: Fidan Aslanova

Beyenmeler
0   4  
VN:F [1.9.16_1159]
Rating: +2 (from 2 votes)

Fidan Aslanova

Fitret.az idarəçisi

 
Facebook

OŞO – “EMOSİYALAR”

Xüsusi

KİTABDAN SEÇMƏLƏR:emosiyalar

Nə qədər ki vaxtınız, imkanınız var, özünüzə “qərq” olun, özünüzü müşahidə edin. Özünüzə yenidən, daha yaxın gedin, öz varlığınızın həqiqətinə daha çox yaxınlaşdıqca, özünüzü daha çox anlayacaqsınız.

Əgər siz hirsinizi tökdüyünüz adam ağıllı adamdırsa, burda heç bir problem yoxdur. O razı olacaq ki, siz hirsinizi ona töküb sakitləşəsiniz. Amma elə ki, hirsinizi tökdüyünüz adam nadandır – o sizə reaksiya verəcək. O da hirsini sizə tökəcək. O sizin üstünüzə daha çox hirs tökəcək. Bu halda zəncir yaradırsınız, hirsinizi ona tökürsünüz, o da sizə. Sonda düşmən olursunuz.

Hirsinizi heç kimin üstünə tökməyin.
Hirsiniz də qusmaq kimi bir şeydir. Qusmağınız gələndə gedib kiminsə üstünə qusmursunuz axı. Hirsi də qusmaq kimi qaytarmaq lazımdır. Qusmağınız gələndə hamama gedib qusursunuz, bütün bədəniniz təmizlənir. Əgər qusmasanız, bu bədəniniz üçün çox təhlükəlidir. Qusanda isə bədəniniz təmizlənir, boşalır, sanki ağır yükdən xilas olur, sağlam olursunuz. Yediyiniz yeməkdə nəsə bir problem olmuşdu, qusmaqla ondan imtina etmiş oldunuz.

Birincisi odur ki, reaksiya ilə cavab arasında fərq var. Reaksiya başqa şəxs tərəfindən idarə olunur. Kimsə sizi təhqir edir, siz acıqlanırsınız, siz acıqlı hərəkət edirsiniz. Bu, reaksiyadır. Müstəqil deyilsiniz, istənilən adam sizi bu və ya digər başqa yola çəkə bilər. Sizə tez təsir etmək olur, siz asanlıqla şantaj olunursunuz. Reaksiya emosinal şantajdır. Siz acıqlı deyildiniz. Kimsə sizi təhqir etdi, onun təhqiri sizdə acıq oyatdı, indi sizin hərəkətinizə səbəb də acıqdır.
Cavab isə azadlıqdan doğur. Cavab başqa bir şəxsdən asılı deyil. Başqa adam sizi təhqir edə bilər, amma siz acıqlı olmursunuz. Əksinə siz fikirləşirsiniz, götür-qoy edirsiniz, öz-özünüzə sual verirsiniz ki, axı o sizi niyə təhqir etdi? Bəlkə o təhqir etməkdə haqlıdır? Əgər həqiqətən də belədirsə, siz ona hirslənməkdənsə ona minnətdar olmalısınız.
Bəlkə sizi təhqir edən səhv edib? Əgər o səhv edibsə, niyə onun səhvi ucabtından ürəyinizi hirslə zədələməlisiniz?

Alkoqol insanı necə kor edirsə, emosiyalar da eləcə kor edir.

Qəzəbin psixologiyası belədir ki, siz nəyisə istədiniz, kimsə sizə onu əldə etməkdə mane oldu. Kimsə yolunuzda durdu. Sizin bütün enerjiniz nəyisə əldə etməyə yönəlir, kimsə bu enerjinin yolunu kəsdi, siz istədiyinizi ala bilmədiniz. Bax, onda bu alt-üst edilə enerji qəzaba dönür – arzunuzu həyata keçirmək imkanınızı darmadağın edən, sizə mane olan o şəxsə qarşı.

İrəliyə doğru hərəkət edin, daha dərinliyə gedin, elə bir yerə çatacaqsınız ki, orda qəzəb yoxdur.
İçinizdə, mərkəzdə heç bir qəzəb yoxdur.

Qəzəb heç vaxt mərkəzdən gəlmir, o, eqodan gəlir. Eqo da saxta obyektdir.

Əgər siz içinizin daha dərinliyinə getsəniz, görərsiniz ki, qəzəbiniz kənardan, çöldən gəlir, mərkəzdən yox. Qəzəb mərkəzdən gələ bilməz, mərkəzdə boşluqdur, tamamilə boşluq. Qəzəb eqodan gəlir, eqo isə cəmiyyət tərəfindən yaradılan saxta obyektdir, o nisbidir. Qəflətən kimsə sizə “zərbə” endirir, budur, eqo incidilir, qəzəb peyda olur.

Sizin bütün varlığınız içinizdə boğduğunuz qəzəblə zəhərlənib. Siz qəzəblə yeyirsiniz. Qəzəblə yeməyən şəxsi müşahidə etsəniz,  görərsiniz ki, onun fərqli keyfiyyəti var, ona baxmaq xoşdur, çünki o, qəzəblə yemir. Ola bilsin ki, o ət yesin, amma qəzəblə yemir. Ola bilsin ki, siz tərəvəz, meyvə yeyirsiniz, əgər içinizdə qəzəb boğmusunuzsa, siz qəzəblə yeyəcəksiniz. Çünki yemək yeyərkən dişləriniz və ağzınız vasitəsilə içinizdəki qəzəbi çölə çıxarırsınız.Siz ağzınızdakı yeməyi elə əzirsiniz ki, sanki düşməninizdir.

Qəzəbinizi kiminsə üstünə tökməyinizə ehtiyac yoxdur. Qəzəbli olanda hamama girə bilərsiniz, piyada uzun bir yol gedə bilərsiniz. Bu o deməkdir ki, içinizdə olan qəzəbdən azad olmaq üçün sürətli fəallıq lazımdır. Qəzəbli olanda yavaş sürətlə qaçın, onda görəcəksiniz ki, qəzəbdən azad olmuşsunuz. Ya da heç qaçmayın, yastığı götürüb onu əzişdirin, dişləyin. Onda əlləriniz və dişiniz sakit olacaq. Cəmi beş dəqiqəlik katarsis nəticəsində siz sakitləşəcəksiniz, sanki yükdən azad olacaqsınız. Bircə unutmayın ki, qəzəbinizi başqasının üstünə tökmək axmaqlıqdır.

Xalis qəzəb gözəldir, çünki bütövdür, içində hər şey var. İsanın başına gələnlərə bir baxın. O bir gün böyük bir məbədə gedir, orada pul dəyişənləri və onların masalarını görüb cin atına minir, qəzəblənir – mərhəmətin və sevginin içində olan eyni enerji. Yalın əllə, siahsız bütün pul dəyişənləri qovub məbəddən çıxardır, onların masalarını aşırdır. Həqiqətən də o çox qəzəbli olub. Çünki bir neçə puldəyişəni məbəddən yalın əllə qovub çıxarmaq o qədər də asan deyil.
Onun içindən gələn qəzəb əsl, xalis qəzəb idi.

Dediyim odur ki, heç kimin qəzəbdən əzab çəkməyinə ehtiyac yoxdur. Sadəcə, qəzəbinizi dərk edin, həmişə ayıq-sayıq olun. Qəzəb qalxanda onu dərk etməklə siz onu dəyişəcəksiniz. Qəzəbini dərk edən şəxs qəzəbli olmur, tamahkarlığı dərk edən şəxs tamahkar olmur, qısqanclığı dərk edən şəxs qısqanc olmur. Dərk etmək- qızıl açardır.

Qəzəbin niyə baş verdiyini anlamağa çalışın.
Anlayın görün o haradan qalxır, onun kökləri haradadır.
Onun necə baş verdiyindən agah olun, onun sizə necə qalib gəldiyini öyrənin, anlayın görün qəzəbli olanda siz dəliyə necə dönürsünüz.
Qəzəb əvvəllər də olub,
indi də baş verir.
Ancaq indi ona bir element də əlavə edin.
Bu elementin adı anlamaqdır.
Onda qəzəbin keyfiyyəti dəyişəcək.
Bundan sonra yavaş-yavaş,
tədricən anlayacaqsınız ki,
siz qəzəbi nə qədər çox anlasanız
o bir o qədər də az olacaq.
Elə ki, siz qəzəbi tamamilə anlayırsınız
onda o yox olur.
Anlama istilik kimdir.
İstilik müəyyən dərəcəyə – 100-ə çatanda su yox olur.

Deyirlər ki, qəzəb pisdir.
Hamı sizə qəzəbin pis olduğunu deyib, amma heç kim sizə deməyib ki, qəzəbi necə anlamaq olar.

Hamı deyir ki, seks pis şeydir. Sizə öyrədiblər ki, seks çox pisdir. Amma heç kim seksin nə olduğunu, onun nə olduğunu öyrəməyi sizə deməyib. Seks haqqında atanızdan soruşun, o dəqiqə özünü narahat hiss edəcək. O deyəcək: “Belə pis şeylər haqda danışma!” Amma axı onun pis dediyi bu şeylər faktdır. Hətta, atanız da bu pis “fakt”dan xilas ola bilməyib, belə olmasaydı, siz heç dünyaya gəlmzədiniz. Siz əsl faktsınız.

Bir şeyi də unutmayın-
axtaran üçün bunu anlamaq çox vacibdir.
Öz faktlarınızla bir yerdə qalın,
Onları öyrənməyə cəhd edin.
Cəmiyyəti izləməyin
Cəmiyyətin ideologiyasını özünüzə tətbiq etməyin.
Özünüzə başqalarının gözüylə baxmayın.
Axı öz gözləriniz var, siz kor deyilsiniz.
Öz daxilinizdə faktlarınız var.
Öz gözlərinizi işlədin!

Öz ideyalarınızın, fikirlərinizin, bu vaxta qədər qəbul etdiklərinizin əksi olanla qarşılaşdığınız an, qızıl bir andır. Əgər qarşılaşdığınız düzdürsə, ondan niyə qorxasınızki?

Qısqanclıq müqayisədir.
Biz isə müqayisə etməyə öyrəşmişik.
Biz müqayisə etməyə öyrəşmişik, həmişə müqayisə etməyə adət etmişik.
Kiminsə qeşəng evi var,
kiminsə daha yaxşı bədən forması,
kiminsə çoxlu pulu var.
Kiminsə daha çox xarizmatik şəxsiyyəti var.
Yanınızdan keçən istənilən şəxslə müqayisə edin özünüzü
Nəticə – qısqanclıqdır…
Bax, müqayisə etməyə adət etməyin “meyvə” si budur.
Əks təqdirdə isə, yəni siz müqayisə etməyə son qoyandan sonra qısqanclıq da yox olur. Bu halda anlayırsınız ki, siz kimsiniz, heç kim siz ola bilməz, buna ehtiyac da yoxdur. Nə yaxşı ki, siz özünüzü ağaclarla müqayisə etmirsniz, yoxsa içinizdə qısqanclıq oyanardı ki, niyə siz də ağac kimi yaşıl deyilsiniz? Deyərdiniz ki, niyə Tanrı sizə qarşı sərt olub, niyə sizə də meyvə verməyib? Yaxşı ki özünü quşlarla, çaylarla, dağlarla müqayisə etmirsiniz? Yoxsa həmişə elə əzab çəkərdiniz. Özünüzü yalnız insanlarla müqayisə edirsiniz, çünki siz yalnız insanlarla müqayisə etməyə öyrəşmişsiniz. Siz özünüzü tovuz quşları, tutuquşları ilə müqayisə etmirsiniz, yoxsa daha çox qısqanclıq olardı içinzidə. Yoxsa elə qısqanc olardınız ki, yaşamağa gücünüz də çatmazdı.
Müqayisə çox axmaq bir münasibətdir, çünki hər bir insan özlüyündə unikaldır, nadirdir, müqayisə edilməzdir.
Elə ki, siz bunu dərk edirsiniz, qısqanclıq da yox olur.
Unutmayın, hər bir insan unikal və müqayisə edilməzdir.
Siz yalnız özünüzsünüz.
Heç kəs heç vaxt sizin kimi olmayıb.
Və heç kəs heç vaxt sizin kimi olmayacaq.
Elə isə sizin də başqa birisi kimi olmağa ehtiyacınız yoxdur.
Tanrı yalnız orijinalları yaradır.
Tanrı nüsxələrə inanmır.

Cəmiyyət fərdləri elə müxtəlif yollarla istismar edib ki, artıq ona inanmaq mümkün deyil. Cəmiyyət elə qurğular yardıb ki, siz heç onların qurğu olduğuna da inana bilmirsiniz, çünki çox inandırıcıdır. Bu qurğuların hamısı fərdləri istismar etmək üçün, onların bütövlüyünü darmadağın etmək, onların malik olduğu hər şeyi onların əlindən almaq üçündür – cəmiyyət bunu elə alır ki, fərdlər bunu heç duymur da.

Mən sizə nəyisə “fikirləş, götür-qoy et” deyəndə, müşahidə etməyi nəzərdə tuturam. Öz daxili dünyanızda alim olun. İmkan verin beyniniz laboratoriyanız olsun, siz isə müşahidə edin – ittiham etmədən.

Heç bir mühakimə yürütmədən müşahidə edəndə nə baş verir?
Siz açıq-aydın görməyə başlayırsınız. Qısqanclıq çox şəffaf olur, siz onun axmaqlığını görürsünüz, siz onun sarsaqlığını görürsünüz. Artıq siz görürsünüz ki, qısqanclıq axmaqdır. Əgər belə qərar vermişsinizsə, onda əsas məqamı unudursunuz. Unutmayın! Mən demirəm ki, siz qısqanclığın axmaq olması qərarını verəsiniz. Bu axmaqlıqdır. Əgər belə qərar versəniz vacib olan məqamdan yan keçirsiz. Siz sadəcə qısqanclığı müşahidə edin, onun nə olduğunu görün.
Nədir qısqanclıq?
Qsqanclıq adlanan bu enerjinin adı nədir? Qızılgülü necə müşahidə edirsinizsə, qısqanclığı da eləcə müşahidə edin – onun içinə baxın. Heç bir nəticəyə gəlməyənlərin gözü daha aydın görür. Qısqanclığı müşahidə edin, içinə baxın. Bu vaxt o, çox şəffaf olacaq. Görəcəksiniz ki, o axmaqlıqdır. Onun axmaq olduğunu biləndən sonra o öz razılığı ilə itir. Onu tullamağınıza ehtiyac yoxdur.

Hətta sevdiyiniz insanın başqasıyla necə xoşbəxt olmasına heç bir dəqiqə də baxa bilməzsiniz. Amma fikirləşirdiniz ki, sevdiyiniz o şəxs üçün ölərdiniz, hər şeyə dözərdiniz. Sadəcə, içinizə baxın, görün o insana qarşı içinizdə olan nədir – bu vaxt qısqanclıq qeyb olur. Çox hallarda sizin sevginiz də qısqanclıq ucbatından qeyb olur. Bəlkə də belə yaxşıdır. Qısqanclıqla dolu olan sevgi, heç sevgi deyil, ona nə ehtiyacınız varki?
Əgər qısqanclıq yox olandan sonra da sevginiz qalırsa, deməli, həyatınızda yaxşı nəsə var, buna sahib olmağa dəyər.

Qısqanclıq özünüz, başqalarınız, əlaqələriniz haqqında ən geniş yayılmış psixoloji nadanlıqdır.

Hamıya elə gəlir ki, onlar sevginin nə olduğunu bilirlər, amma əslində bilmirlər. Onların sevgi haqqındakı anlaşılmazlığı qısqanclıq yaradır. İnsanların çoxu “sevgi” deyəndə, müəyyən bir inhisar, xüsusi mülkiyyət başa düşürlər. Sadə bir faktı anlamaq istəmirlər ki, canlı varlığa sahib olmaqla onu öldürmüş olurlar.

Mənbə: Oşo – “Emosiyalar” kitabı
Hazırladı: Fidan Aslanova

Beyenmeler
0   6  
VN:F [1.9.16_1159]
Rating: +15 (from 15 votes)

Fidan Aslanova

Fitret.az idarəçisi

 
Facebook

İQTİSADİ BÖHRANIN İNSANLAR ÜZƏRİNDƏKİ TƏSİRİ

Xüsusi

iqtisadi böhran-ekonomik krizBöhranın insan üzərində yaratdığı ilk təsir “şok dövrü” adlanır. Bu iqtisadi böhranda insanlar əvvəlcə inanma çətinliyi yaşayacaq və bu hadisənin təsiri ilə nə edəcəklərini bilməz bir halda hərəkətsiz qalmağı üstün tutacaqlar. Bu dövrü təqib edən “reaksiya dövrü” isə “şok dövründən” sonra bir neçə gün ərzində baş qaldırır. Bu dövrdə artıq hadisələr haqqında şərhlər verilməyə başlayır, sistemə iradlar, barışa bilməmələr, rədd etmələr və buna səbəb olan amillərə qarşı təpkilər artmağa başlayır. Və nə edə biləcəyi barədə qərarlar qəbul olunmağa və bunun ardınca da monotonluqdan çıxıb, hərəkət etməyə başlanılır. Bu dövrün nəticəsində də baş verən bu böhrana qarşı “uyğunluq dövrü” yaranacaqdır. Vəziyyətə uyğunlaşıb həyatına davam edənlər qədər, bu böhranın yaratdığı təsir ilə özünə və ətrafına zərər verə biləcək şəxslər də yaranacaqdır. Bu dövrlərdən yola çıxaraq iqtisadi böhranların insanın üzərində yaratdığı psixoloji təsirləri daha detallı bir şəkildə sizlərlə bölüşməyə çalışacağam.

İqtisadi böhranlar, insanların gələcəyə yönəli çətinlik və narahatlıqlarını artırır. İnsan gələcəyini zəmanətə almaq və gələcəyə güvənmək istəyir. Gələcəyin onun əsas ehtiyacları üçün nə kimi çətinliklər yaradacağı üzərində düşünməyə başlayır. Gələcəyini təhdid edən hər bir hadisəyə qarşı qorxu ilə baxır. Bu barədə Maslovun “Ehtiyaclar Nəzəriyyəsindən” bəhs etmədən keçməyəcəyəm. İnsan, “tələbat nəzəriyyəsində” var olan fizioloji tələbatlarını ödəyə bilməyəcəyi fikrinin narahatlığına görə, digər ehtiyacları ilə də məşğul olmayacaqdır. Həyatını və ehtiyaclarını təhdid altında hiss edən insan özünü inkişaf etdirmək üçün səy göstərməyəcəkdir. Maslov iyerarxiyasında ən son kateqoriya olan “özünü gerçəkləşdirmədə” problemlər yaşanacaq. Buradan yola çıxaraq deyə bilərəm ki, insan əsas ehtiyaclarını qarşılamaqda problem yaşayanda daha aqressiv və təcavüzkar ola bilər.

QLOBAL BÖHRANIN YARADACAĞI MÜMKÜN PROBLEMLƏR

1) İş həyatında yarana biləcək problemlər,
2) Ailə daxili problemlər,
3) Fərdi psixoloji və fiziki sağlamlıq problemləri,
4) Digər insanlarla sosial əlaqə problemləri

İŞ HƏYATINDA YARANA biləcək PROBLEMLƏR

İş yerlərində çalışanlar arasında rəqabət başlayacaq və çalışanlar işlərini itirməmək üçün digər insanları keçməyə çalışacaq və ya özü işdə qalmaq üçün digər insanların ayağını büdrətməyə çalışacaqdır. Hər gün işə gedərkən “bu gün kim işdən çıxarılacaq, görəsən, yoxsa mənmi?”, deyə düşünən və işdən atılma riskini daşıyan bir insan, işə gedərkən həyəcanlı, gərgin və narahat olacaq. İş həyatı və işdən götürülən qazanc insanın özünü təhlükəsizlikdə hiss etməsinə səbəb olur. Bunları itirəcəyini düşünməsi isə insanın iş səmərəsini aşağı salacaqdır. İşə diqqət verməyəcək, gördüyü şeylərə konsentrasiya olmasını əngəlləyəcəkdir. İş yerində yaşanacaq problemlər təkcə iş səmərənin azalması ilə bitməyəcək. İş yerindəki dostları ilə əlaqələrinə də təsir edəcəkdir. Bir-birini rəqib kimi görməyə başlayan insanlar, bir-birilərinin etdiklərinə mane olacaq, ya da bir-birilərinin qüsurlarını taparaq, öz yerlərini möhkəmləndirməyə çalışacaqdır. İş yerində baş verəcək inamsızlıq insanların bir-birləri ilə əlaqələrini də əhəmiyyətli dərəcədə azaldacaqdır. Rabitə də etimad problemi, paylaşmalara mane olur. Keçmişdə aldığı kreditləri ödəməyən və ya təcrübələri birjaya ya da fərqli yerlərə yatıran adamlar özlərini zəmanətdə hiss etməyəcəkdir. Daim veriləcək xəbərləri dinləməyə yönələcək və özünü idarə etməsi lazım olan işə kökləməyəcəkdir.

AİLƏ DAXİLİ PROBLEMLƏR

İş yerindəki gərginliyə səbəb olan bu qayğı və həyəcanlı vəziyyət, insanların şəxsi həyatında da əks olunacaqdır. Ailə fərdlərinə qarşı əsəbi və təcavüzkar bir rəftar nümayiş etdirilə bilər. Evə maddi xeyir verən şəxsin işlərinin pozulması, ailə üzvlərinin ona qarşı davranışlarının mənfi istiqamətə yönəlməsinə təsir göstərə bilər. Uşaqların böhrandan əvvəlki kimi yaşamaq istəmələri, ailədə qarşıdurmalara səbəb ola bilər. Uşaq əvvəlcədən malik olduğu istəklərinə maneə qoyulmasını istəməyib reaksiya göstərə bilər. Yaşadığı vəziyyət onun yoldaşları arasındakı yerini və əhəmiyyətini də poza bilər. İtki yaşayan uşaq hirsini ailəsinin və dostlarının üstünə tökə bilər.
Həyat yoldaşı arasında ünsiyyət pozula bilər. Gələcəyin dərdi ilə yaşayan fərd özünə etibarını da itirə bilər. Özünə inamını itirən fərd isə heç bir şey etmək istəməyəcəkdir. İstəksiz və motivasiyası əskik olan şəxs həyat yoldaşı ilə problemlər yaşamağa başlaya bilər.

FƏRDİ, FİZİKİ VƏ PSİXOLOJİ PROBLEMLƏR

İş həyatının və maddi qayğıların yaratdığı problemlər insan həyatının digər sferalarına da təsir edə bilər. Bundan başqa, etmək istədikləri şeylərdə tərəddüdlər yaşayacaq və risk etməkdən çəkinəcək. Risk etmək istəmədiyi və özünü zəmanətdə hiss etmədiyi üçün pulunu xərcləməyəcəkdir. Bu da iqtisadiyyatı çıxılmaz vəziyyətə sürükləyəcəkdir. İstehsal və istehlakın olmadığı bir iqtisadiyyat isə düşünülə bilməz. Kiçilmə və istehsalın azalması işsizliyi artıracaq. İşsiz qalan insan da istehlak etməkdən çəkinəcəkdir. İnsan sahib olmaq istəyən bir varlıqdır. İstehlak da insanın sahib olma ehtiyacını dəstəkləyən bir hadisədir. Sahib olmamaq və ehtiyaclarının xaricində bir şey almaması insanın psixoloji tarazlığını pozacaqdır. Psixoloji olaraq depressiya və qorxu simptomları müşahidə ediləcəkdir. Bundan başqa, psixoloji mənşəli fiziki şikayətlər də ortaya çıxa bilər. Baş ağrısı, mədə ağrısı, ürək bulanması və gərginliklə bağlı bədənin müxtəlif yerlərində ağrılar başlaya bilər. İnsanlar baş verən böhranla bağlı çarəsizlik hissləri də yaşaya bilər. Bu vəziyyətdən necə xilas olacağı və necə bacara biləcəyini düşünməyə başlayır, çarələr axtarır. Çarəsizlik hiss edən insan isə ya problem yaradan vəziyyətdən qaçmağa, ya da problemin içində mübarizə aparmağa çalışacaqdır. Problemdən qaçma yolunu seçən insan, içində olduğu vəziyyətlə bacara bilməyib, özünə zərər verə bilər. İş həyatının və şəxsi həyatın itirilməsi kimi anlar yaşana bilər.

DİGƏR İNSANLARLA SOSİAL ƏLAQƏ PROBLEMLƏRİ

Gözləntilərin qəbuledilməz səviyyəyə gəlməsi insanları bir-birindən uzaqlaşdırar. Bir çox insan özünü ictimai həyatdan təcrid edə bilər. Keçmişdəki maddi imkanlarını itirən insan özünü digər insanlardan uzaqlaşdırdığı kimi, digər insanlar tərəfindən də tərk edilər. Böhranla bağlı mənfi fikirlər şəxslərin qayğı, qorxu, qəzəb, həyəcan, gərginlik, tənhalıq, çarəsizlik, risk etməmək, narazılıq, natamamlıq və inamsızlıq, eləcə də motivasiya azalması şəklində hiss və davranışlarını artıracaqdır. Böhran şəxsiyyətin xüsusiyyətlərinə bağlı olaraq, hər insanın üzərində müxtəlif təsirlər də yaradacaqdır. Şəxsiyyət xüsusiyyətləri ilə yanaşı, insanın sosial-iqtisadi quruluşunu da istisna etmək olmaz. Psixoloji təsirlərdən bəhs edərkən bir fərdi bütöv şəkildə nəzərə almağımız lazımdır. Psixoloji quruluşun təşkilində ictimai ölçünü yox saymaq mümkün deyil. İnsanlarda meydana gələn bu dəyişikliklər cəmiyyətin dəyər mühakimələrinə də təsir edəcəkdir.

Hazırladı: Coşqu İsmayılzadə

Beyenmeler
0   6  
VN:F [1.9.16_1159]
Rating: +11 (from 11 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

“BƏDƏN DİLİ” KİTABINDAN BİR HİSSƏ

Xüsusi

 

bədən diliKələk gəlmək və həqiqi hislərimizi gizlətmək üçün bədənimizin ən çox istifadə etdiyimiz hissəsi üzümüz olsa da, qarşısındakı insanın bədən dilini oxumağa çalışanlar adətən öz müşahidələrinə təpədən (üzdən) başlayıb aşağı doğru enməyə meyillidirlər. Mənim məsləhət görəcəyim üsul isə tam əksinə olacaq. Bu günə qədər FTB üçün minlərlə görüş keçirmiş insan kimi əvvəlcə şübhəlinin ayaq və qıçlarına diqqət etməyi, sonra müşahidələri yuxarı doğru qaldıraraq üzdə sonlandırmağı məsləhət görürəm. Əgər söhbət dürüstlükdən gedirsə, ayaqlardan yuxarıya qalxdıqca bu xüsusiyyət azalır. Təəssüf ki, son altmış ildə istintaq üsullarında və insanları oxuma cəhdlərində əsas diqqət üzə yönəlib. Bir çox agent istintaqa çəkilən insanların ayaq və qıçlarını masanın altında gizlətməsinə imkan verərək problemi daha da dolaşdırmış, bədən dilini oxumağı daha da qəlizləşdirmişlər.

Əgər bir az düşünsəniz üz ifadələrimizin aldadıcı təbiətini aşkar edə bilərsiniz. Üzümüzlə yalan söyləyərik, çünki uşaqlıqdan bəri bizə bunu öyrədiblər. Qarşımıza qoyulan yeməyə müsbət reaksiya verməyəndə “üzünü bu hala qoy-ma”, yaxud “Sifətini düzəlt” deyərək bizi sıxışdırıblar. “Əmin uşaqları gələndə ən azından sevinmiş kimi görünə bilərsən”, dedikləri üçün zorla da olsa gülümsəməyi öyrənmisiniz. Valideyn və cəmiyyətin bizdən tələb etdiyi sosial ahəngin təmin olunması üçün üzümüzdən istifadə edərək həqiqi hislərimizi gizlətməyimiz, insanları aldatmağımız və yalan söyləmiyimiz vacibdir. Yəni, bu məsələdə yaxşı olmamağımız təəccüblü sayılmamalıdır. Yaşımız irəlilədikcə bu işdə o qədər mahirləşirik ki, çıxıb getməyini istədiyimiz insanlara hiss etdiklərimizin əksinə olaraq üzümüzə təbəssüm maskası taxaraq baxır, bunun sayəsində qohumlarımızla bir yerdə olmaqdan məmnun görürük.

b'd'n diliBu barədə bir düşünün. Üz ifadələrimizi nəzarətdə sax-laya bilməsəydik, “poker üzü” termini hansı mənanı daşıyardı? “Məclis üzü” maskasını necə taxmaq lazım gəldiyini bilirik, ancaq aramızda çox az adam tapılar ki, başqaları bir yana, öz ayaq və qıç hərəkətlərinə maraq göstərsin. Təlaş, stress, qorxu, həyəcan, ehtiyatlılıq, sıxıntı, tələskənlik, xoşbəxtlik, nəşə, kədər utancaqlıq, naz, təvazökarlıq, qəribəlik, arxayınlıq, itaət, qanı qaralmaq, ətalət, rol oynamaq, nəfsinə qul olma və ya qəzəb –bütün bunlar ayaq və qıç davranışları ilə müəyyən edilə bilər. Sevgililərin ayaqlarını mənalı bir şə-kildə bir-birinə toxundurması, yad adamların qabağında uşağın utancaq ayaq hərəkətləri, qəzəbli adamın duruşu, doğum evindəki arvadını gözləyən ərin əsəbi yerişi – bütün bu davranışların hamısı hislərimizə işarə edir, eyni zamanda da oxuna bilər.
Ətrafımızdakı dünyanı aydınlaşdırmaq və başqalarının davranışlarını doğru şəkildə izah etmək istəyirsinizsə, düzgün informasiya ötürən ayaqları diqqətlə müşahidə edin.

Mənbə:  Kitabevim.az
Hazırladı: Asifə Əfəndi

Beyenmeler
0   6  
VN:F [1.9.16_1159]
Rating: +10 (from 10 votes)

Naz Ramizqızı

Fitret.az yazarı. Tələbə.

- Sayt ünvanı

 
TwitterFacebook

UŞAQ “SAFLIĞI”

Xüsusi

uşaq saflığıParkda gəzişirəm. Təxminən 2 yaşında bir uşağın kiçik oyuncaq maşını naminə ona toxunan yaşca böyük uşağa necə hücum etdiyini gördüm. Öz qızıma da olub bu. Nəinki öz oyuncağını əldən vermək istəmirlər, hətta başqasının da oyuncağına sahib çıxmaq istəyirlər. Bu iki vəziyyəti həmin bu iki uşağın timsalında anlamaq olar. Sözümün canı nədir?

Deyirlər haa uşaqlar safdır, səmimidir, filan, bax bu belə bəsit tərif ediləsi məsələ deyil. Məncə məsələ sahiblənmək duyğusunun formalaşmasındadır. Sadəcə böyüdükcə daha çox mülkiyyət, daha çox sahiblənmə formalaşır insanda. Mülkiyyəti az olan uşağın simasında andığımız “saflıq” təcəssümü uşaq böyüdükcə itir. Çünki mülkü (öz çapında) çoxalır, böyüyür. O zaman təcavüzkarlığı da artır. Hakimiyyət hissini də əlavə etmək olar, bir-biri ilə oynayan zaman görmək olur bunu.  Mülkiyyətçilik, hakimiyyət faktorları bir-birinə sıx bağlı olan, hətta biri birini törədən amillərdir. Biz bütün bunların insanoğlu ilə paralel böyüdüyünü görürük. Bununla belə böyüklər uşaqlar kimi saf deyil deyirik. Mən isə belə deyərdim: Sadəcə uşaqlar böyüklər qədər sahib deyillər, ona görə.
Uşaqlar səmimidirlər deyirik. Çünki içləri ilə çölləri, yəni daxili aləmləri ilə əməlləri uzlaşır, eynidir deyirik. Uşaqların içi ilə çölü ona görə birdir ki, qarderoblarında hələ çoxlu “obraz”lar yoxdur. Çünki az olaylarla qarşılaşırlar. Yeni bir şey ortaya qoymaq zərurəti yaranmır. Vallah yaranan kimi böyüklərdən də ustalıqla yalan söyləyir, rola girirlər. O üzdən yaradıcılıqvə incəsənət qabiliyyəti uşaqlıqdan bəlli olur deyirlər.

Ümumən belə bir nəticəyə də gəlinir ki, Tanrı insanı saf yaradır, uşaqkən ancaq gözəllik və dürüstlüklə dolu oluruq. İnsan böyüdükcə korlanır. Nəticə etibarı ilə eyni mənzərədən bəhs edilsə də mən yaradılış haqda fərqli düşünürəm. Bəli, yuxarıda da qeyd etdiyim kimi, uşaqlarla böyüklər sadaladığımız hallar müqayisəsində fərqlidirlər. Amma mən düşünmürəm ki, bu ilkin saflığın sonradan pozulmasıdır. Mənim fikrimə görə Tanrı ümumiyyətlə yaxşılıq və pislik deyə bir anlayışların mənbəyi deyil. Tanrı qatında sadəcə fəaliyyət, hadisə və olaylar var. Ədalət, şəvqət, pis, yaxşı kimi duyğusal qavramları bu fəaliyyət və olaylara biz yükləyirik. Biz potensialca ilkin formada da davam edirik. Sadəcə hadisələrlə münasibətdə ortaya çıxan hallara ictima və fərdi formada adlar düşünür və qoyuruq.

uşaq saflığıUşaqların bu tip reaksiya verməsi psixoloqların fikrinə görə, mənlik hissinin yaranması əlamətidir. Bu gözəl xüsusiyyətdir və normaldır. Lakin uşaq böyüdükcə bu hissini doğru idarə edə bilməsə təkəbbürlülüyə və həsədə çevriləcək kimi fikirlər də var. Ümumən doğru yanaşmadır. Amma iş orasıdır ki, uşaq vaxtı da yanlış idarə olunmanın nəticələrini görürük çox. Paxıllıq, mülkiyyətçilik, hücum, yalan, yeni obrazlar və s. O üzdən mən bu məsələyə ancaq pozitiv fonda baxmağın tərəfdarı deyiləm. Uşaqlığımız olsa belə, vəhşi saydığımız yönlərimizlə üzləşməyi bacarmalıyıq. Nəticədə bu hamısı bizik, biz insanlar. Kiçik ikən böyük olmağa, böyüyəndə isə kiçik halımıza həsrət edən insanlar.

Bütün bunlardan belə nəticəyə gəlirəm ki, baş verənlərə ilkin reaksiyamız, onu real halı olaraq idrakımıza açıq tutmaqdır. Faktlarla qarşılaşmağı, iç dünyamızla, kimliyimizlə, keçmişimizlə üzləşməyi öyrənməliyik. Açıq, yalın və yabanı şəkildə. Lüt-üryan. Anlamlar və mənalar yükləyib formasını təhrif etməklə deyil. Bu həqarət deyil, bu özbaşınalıq, dikbaşlıq deyil. Məsələlərə öz kimi baxmaq lazımdır. Fon vermədən baxmaq. Yaxşı-pis, doğru-yanlış, gözəl-çirkin fonu verincə subyektin özü arxa plana keçir. Bu anlayışları zamanla formalaşdırdığımıza görə ilkin halımızı özümüzə həqarət bilirik. Biz yükləyirik bunları öz beynimizə, ordan da ətraf aləmə. Uşaqlığımıza həsəd etməkdənsə özümüzlı üzləşməyi bacaraq.

Müəllif: Vüsaləddin Rüstəmov

Beyenmeler
0   6  
VN:F [1.9.16_1159]
Rating: +9 (from 9 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus