MUSİQİ SEHRİ. BİR MAHNININ GÜNDƏLİYİNDƏN.

musiqi-özünü ifadə dili..

musiqi-özünü ifadə dili..

Musiqi – cahanşümul dil…
Bir musiqi insana nə anlata bilər?

Bəzən donmuş xatirələri bir- bir düzər önünə, bəzən dünyanın sirlərinin açarını verər sənə, bəzən də səni olduğun dünyadan alıb aparar başqa hüzurlu bir dünyaya. Apardığı aləmin sehrini sənə yaşadıb sənə bir ümid verər, bir iş verər, meydan oxuyar sənə…

-Axı sən insansan. Özünü, dünyanın yaranma səbəbi bilən insan. Mən səni olmaq istədiyin aləmlə tanış etdim və onun mövcud olduğunu sənə göstərdim. Amma mən bitəcəm, mən bitdikcə də yenidən mövcud olduğun dünyaya qayıdacaqsan. Mövcud olduğun dünyada qalıcı, yaradıcı olan sənsən, iplər sənin əlində. Yarat görüm, bu sehri öz dünyanda- deyər. 

Bir musiqi insana nə anlata bilər?

Eşitmək istədinsə, hər şeyi…
O nələr deyir sənə ?
Nə deyə dinləyirsən onu ?
Demək istədiklərini eşidirsənmi ?

Musiqi- o gizlicə qulağımıza pıçıldayar sirrini..

Musiqi- o gizlicə qulağımıza pıçıldayar sirrini..

Bir musiqi insana nə anlata bilər?

İnsanın gücünü, onun nələrə qadir ola biləcəyini. Axı  musiqini də bir insan qəlbi yaratdı..

Bir musiqi mənə nələr anlatdı ?

Su ilə əhatə olunmuş dünyada ilk qurunun yaranmasını, ilk həyatın meydana çıxmasını,
Təbiət şıltaqlığından sonra təbiətin, yenidən özünü, vurduğu yaraları sarımağa başlamasını,
Yağışdan sonra günəşin bizi isitməsini,

Susqun insanın səssizliyinin anlatmaq istədiyi cox şeyi,
Darmadağın olmuş həyatlarda bir işığın görünməsini,
Quranın “Hər çətinlikdən sonra bir asanlıq gələr” ayəsini,

Məğrur ağacın yıxıldıqdan sonra, bir fidan olaraq həyata yenidən davam etməsini,
Heç nəyin təsadüf olmadığını, təsadüflərin olmadığını,
Bizi əhatə edən hər şeyin Üstün gücə xidmət etdiyini,
Mənim bir təsadüf olmadığımı və daha nələr nələr…


Müəllif : Fidan Eyvazzadə

Beyenmeler
0   1  
VN:F [1.9.16_1159]
Rating: +15 (from 15 votes)

Fidan Eyvazzadə

Fitret.az yazarı. Müəllim.

 
Facebook

SUFİLƏRİN 40 QAYDASI

1-ci qayda :
“Yaradanı hansı sözlərlə müəyyən etməyimiz, özümüzü necə gördüyümüzə güzgü tutur. Əgər, Tanrı deyəndə, əvvəlcə ağlına qorxacağın, utanacağın bir varlıq gəlirsə, deməli, sən də əsasən qorxu və utanc içindəsən. Yox əgər, Tanrı deyiləndə əvvəla eşq, mərhəmət və şəfqət başa düşürsənsə, səndə bu xasiyyətlərdən bol-bol mövcud olduğu deməkdir.”

2-ci qayda:
“Haqq yoluyla irəliləmək ağıl işi yox, ürək işidir. Bələdçin daim çiynin üzərindəki başın deyil, ürəyin olsun. Nəfsini silənlərdən yox, bilənlərdən ol”.

3-cü qayda:
“Quran dörd səviyyədə oxuna bilər. İlk səviyyə zahiri mənadı. Sonrakı batini məna. Üçüncü batininin batinidi. Dördüncü səviyyə o qədər dərindi ki, haqqında danışmağa sözlər bəs eləmir.

4-cü qayda:
“Kainatdakı hər zərrədə Allahın sifətlərini tapa bilərsən, çünki O, məsciddə, kilsədə, sinaqoqda deyil, hər an hər yerdədir. Allahı görüb yaşayan olmadığı kimi, onu görüb ölən də yoxdur. Kim onu görürsə, əbədiyyətə qədər Onda qalır”.

5-ci qayda:
“Ağlın xüsusiyyəti ilə eşqin xüsusiyyəti başqadır. Ağıl təmkinlidir. Addımlarını qorxa-qorxa atır. “Amandır, özünü saxla” deyə tənbeh edir. Halbuki, eşq elədirmi? Onun bircə dediyi var: “Burax özünü, qoy getsin!” Ağıl hələ-hələ yıxılmır. Eşqsə özü dağılır, xarab olur. Halbuki, xəzinələr və dəfinələr xarabalıqların arasında olur. Nə varsa, xarab qəlbdə var”.

6-cı qayda:
“Bu dünyadakı toqquşmaların, qərəzlərin və düşmənçiliklərin çoxu dildən qaynaqlanır. Sən sən ol, sözlərə həddən artıq fikir vermə. Eşq diyarında dil onsuz da öz hökmünü itirir. Eşq, dilsiz olur”.

7-ci qayda:
“Bu həyatda təkbaşına inzivada qalıb, təkcə öz səsinin yanğısını eşidib, Həqiqəti kəşf edə bilməzsən. Özünü ancaq başqa bir insanın güzgüsündə tam görə bilərsən.”

8-ci qayda:
“Başına nə gəlirsə-gəlsin, məyus olma. Bütün qapılar örtülsə belə, axırda O sənə heç kəsin bilmədiyi gizli bir cığır açar. Sən bu anda dar keçidlər arasında nə qədər cənnət bağçası olduğunu görə bilməsən də, Şükür elə! İstədiyini əldə edənə qədər şükr etmək lazımdır. Sufi, diləyi gerçəkləşməyəndə də şükr etməyi bacarandır”.

9-cu qayda:
“Səbr etmək, eləcə dayanıb gözləmək deyil, uzaq görən olmaq deməkdir. Səbr nədir? Tikana baxıb gülü, gecəyə baxıb gündüzü təsəvvür edə bilməkdir. Allah aşiqləri, səbri bal kimi şirin-şirin sorar, həzm edər. Və bilərlər ki, göydəki ayın ayparadan bütöv aya çevrilməsi üçün zaman lazımdır”.

10-cu qayda:
“Hansı tərəfə gedirsən get-Gündoğana, Günbatana, Quzeyə ya da Güneyə- çıxdığın hər səfəri özünə doğru səyahət kimi düşün! Öz içində səfər edən adam axırda ərzi dolaşır”.

11-ci qayda:
“Mamaça bilir ki, sancı çəkilmədən doğmaq olmaz, ana bətnindən körpəyə yol açılmaz. Səndən yepyeni bir Sən zühur eləməsi üçün çətinliklərə, sancılara hazır olmaq lazımdı”.

12-ci qayda:
“Eşq səfərdi. Bu səfərə çıxan hər yolçu istəsə də, istəməsə də təpədən-dırnağacan dəyişir. Bu yollara düşüb dəyişməyən yoxdu”.

13-cü qayda:
“Bu dünyada göydəki ulduzlardan daha çox sayda saxta hacı, xoca, şeyx-şıx var. Həqiqi mürşid səni öz içinə baxmağa, nəfsini aşıb özündəki gözəllikləri bir-bir kəşf etməyə yönəldir. Durub ona heyran olmağa yox”.

14-cü qayda:
“Haqqın qarşına çıxardığı dəyişikliklərə müqavimət göstərmək əvəzinə, təslim ol. Qoy həyat sənin əksinə yox, səninlə birlikdə axsın. “Nizamım pozular, həyatım alt-üst olar” -deyə narahat olma. Həyatın altının üstündən yaxşı olmayacağını hardan bilirsən?”

15-ci qayda:
“Allah batində və zahirdə hər an hamımızı tamamlamaqla məşğuldur. Təklikdə hər birimiz tamamlanmamış sənət əsəriyik. Yaşadığımız hər hadisə, adlatdığımız hər gözlənilməzlik çatışmazlıqlarımzı aradan qaldırmaq üçün nəzərdə tutulub. Rəbb nöqsanlarımızla ayrı-ayrı məşğul olur, çünki bəşəriyyət deyilən əsər qüsursuzluğa can atır”.

16-cı qayda:
“Allah qüsursuzdu axı, Onu sevmək asandı. Çətin olan xətasıyla, savabıyla fani insanları sevməkdi. Unutma ki, adam bir şeyi ancaq sevdiyi ölçüdə tanıya bilər. Deməli, o birini, həqiqətən, bağrına basmadan, Yaradandan ötrü yaradılanı sevmədən, nə layıqıncə tanıya, nə layiqincə sevə bilərsən.”

17-ci qayda:
“Əsas kirlilik zahirdə yox, batində, geyim-keçimdə yox, qəlbdə olur. Ondan başqa hər ləkə nə qədər pis görünürsə görünsün, yuyulanda təmizlənir, suyla arınır. Yuyulmaqla çıxmayan tək pislik qəlblərdə yağ bağlamış həsəd və hiylədi”.

18-ci qayda:
“Bütün kainat mövcud qatları, nizamsızlığıyla insanın içində gizlənib. Şeytan, zahirimizdə bizi başdan çıxartmağı gözləyən qorxunc məxluq deyil, yalnız bizim içimizdəki səsdi. Şeytanı qıraqda başqalarında yox, özündə axtar. Birdə unutma ki, nəfsini tanıyan Rəbbini tanıyar. Başqalarıyla yox, təkcə özüylə vuruşan insan axırda axırda mükafat kimi Yaradanı tanıyar”.

19-cu qayda:
“Başqalarından hörmət, münasibət, ya da sevgi gözləyirsən, amma bunları birinci özünə borclusan.Özünü sevməyən adamın sevilməsi mümkün deyil. Sən özünü sevdiyin halda dünya sənə tikan  yolladımı, sevin. Bu o deməkdi ki, yaxında gül yollayacaq”.

20-ci qayda:
“Yolun ucunun haraya gedəcəyini düşünmək bihudə cəhddən ibarətdir. Sən sadəcə atacağın ilk addımı düşünməyə borclusan. Gerisi, onsuz da öz-özünə gələcək”.

21-ci qayda:
“Hamımıza ayrı-ayrı sifət verildi. Lakin Allah hamının eyni olmasını istəsəydi, heç şübhəsiz ki, elə eləyərdi. Fərqlərə hörmət göstərmək, öz doğrularını başqalarına sırımağa can atmaq Haqqın müqəddəs nizamına hörmətsizlik eləməkdi”.

22-ci qayda:
“Həqiqi Allah aşiqi meyxanaya girdimi, ora ona namazgah olur. Amma əyyaş eyni namazgaha girdimi, ora ona meyxana olur. Bu həyatda nə eləyiriksə eləyək, fərqi yaradan, surətlə yarlıqlar yox, niyyətimizdi”.

23-cü qayda:
“Yaşadığımız həyat əlimizə verilmiş rəngarəng, əmanət oyuncaqdan ibarətdi. Bəziləri bu oyuncağı ciddi qəbul edib ağlayır, onun üçün pərişan olur. Bəzisi əlinə alar-almaz oyuncağı elə qurdalayır ki, qirib atır. Ya həddən artıq qiymət verir, ya qiymətini bilmir”.
İfratçılıqdan uzaq dur. Sufi nə ifratdadı, nə təfritdə. Sufi daim orta yerdədi…

24-cü qayda:
“Madam ki, insan əşrəfi məxluqdu, yəni varlıqların ən şərəflisidi, atdığı hər addımda Allahın yer üzündəki xəlifəsi olduğunu xatırlaya-xatırlaya, buna yaraşan əsilzadəliklə hərəkət etməlidi. Insan yoxsullaşsa, iftiraya məruz qalsa,həbsə girsə, hətta əsir olsa belə, yenə də başı dik, gözü tox, könlü əmin xəlifə kimi davranmaqdan əl çəkməməlidi”.

25-ci qayda:
“Cənnəti və cəhənnəmi heç də gələcəkdə axtarma. İkisi də bu an burda mövcuddu. Nə vaxt kimisə mənfəətsiz, hesabsız, bazarlıqsız sevməyi bacarsaq, əslində cənnətdəyik. Nə vaxt kimlərləsə dava eləsək, nifrətə, həsədə, kinə bulaşsaq kəllə-mayallaq cəhənnəmə düşəcəyik”.

26-cı qayda:
“Kainat tək vücud, tək varlıqdı. Hər şey, hamı gözəgörünməz tellərlə bir-birinə bağlıdı. Ehtiyatlı ol, heç kimin ahını götürmə. Bir başqasına, hələ-hələ səndən zəif olana əziyyət vermə. Unutma ki, dünyanın o biri başında bircə insanın kədəri bütün bəşəri bədbəxt eləyə bilər. Bir adamın səadəti də hamının üzünü güldürə bilər”.

27-ci qayda:
“Bu dünya dağa oxşayır, ona necə səslənirsən, o da sənə səsləri elə əks etdirir. Ağzından xeyirli söz çıxırsa, xeyirli söz əks-səda verər. Şər çıxarsa, sənə geri şər qayıdar. Ona görə kim sənin haqqında pis danışır, sən o adam haqqında qırx gün, qırx gecə ancaq gözəl sözlər söylə. Qirx günün sonunda görəcəksən ki, hər şey dəyişib. Sənin könlün dəyişərsə, dünya dəyişər”.

28-ci qayda:
“Keçmiş, beyinlərimizi bürüyən duman buludlarından ibarətdir. Gələcəksə, azad xəyal pərdəsidi. Nə gələcəyimizi bilə, nə keçmışımızı silə bilərik. Sufi daim bu anın həqiqətini yaşayır”.

29-cu qayda:
“Alın yazısı həyatımızın qabaqcadan çəkilmiş olduğu demək deyil.Buna görə də “neyləyək qismətimiz belədi” deyib boyun əymək cahillik əlamətidi.Alın yazısı yolun hamısını deyil, sadəcə yolayrıclarını verir. Mənzilbaşı bəllidi, amma bütün döngələr, yol başlanğıcları yolçunun ixtiyarındadı. Ona görə də nə həyatın hakimisən, nə də həyat qarşısında çarəsizsən”.

30-cu qayda:
“Həqiqi sufi elə adamdı ki, başqaları onu qınasa, töhmətləndirsə, dedi-qodusunu eləsə, hətta iftiraya məruz qalsa belə. ağzını açıb kiminsə haqqında bir kəlmə pis söz demir. Sufi qüsur görmür. Qüsuru örtür”.

31-ci qayda:
“Haqqa yaxınlaşmaq üçün məxmər kimi qəlbə sahib olmalısan. Hər insan bu və ya digər şəkildə yumşalmağı öyrənir. Kimi qəza keçirir, kimi ölümcül xəstəlik, kimi ayrılıq acısı çəkir, kimi maddi itki… Hamımız qəlbdəki rəhmsizliklərin öhdəsindən gəlməyə fürsət verən fırtınalardan keçərik. Amma kimimiz bundakı hikməti anlayır, yumşalırıq; kimimizsə, təəssüf ki, daha da sərtləşib çıxır”.

32-ci qayda:
“Aranızdakı bütün pərdələri bir-bir götür ki, Tanrıya saf eşqlə bağlana biləsən. Qaydaların olsun, amma qaydalardan başqalarını kənarlaşdırmaq , yaxud da mühakimə etmək üçün istifadə olunmur. Xüsusilə, bütlərdən uzaq dur, dostum. Bir də ehtiyatlı ol, öz doğrularını bütləşdirmə! İnancın böyük olsun, amma inancınla böyüklük iddiasına düşmə!”

33-cü qayda:
“Bu dünyada hər kəs bir şey olmağa çalışanda, sən HEÇ ol. Mənzilin yoxluq olsun. İnsanın küpdən fərqi olmamalıdı. Necə ki, küpü saxlayan zahiri forma yox, içindəki boşluqdursa, insanı dik tutan da mənlik zənni yox, heçlik şüurudu”.

34-cü qayda:
“Haqqa təslimçilik nə zəiflik, nə də itaətkarlıq deməkdir. Tamamilə əksinə, belə bir təslimçilik son dərəcə güclü olmağı zəruri edir. Təslim olan insan çalxantılı, girdablı sularda çapalamaqdan əl çəkir, əmin bir yerdə yaşayır”.

35-ci qayda:
“Bu həyatda ancaq təzadlarla irəliləyə bilərik. Mömin içindəki dinsizlə, Tanrıya inanmayan adamsa içindəki inananla tanış olmalıdı. Adam İnsani Kamil mərtəbəsinə çatana qədər addım-addım irəliləyir. Həm də ancaq təzadları əhatə edə bildiyi ölçüdə yetkinləşir”.

36-cı qayda:
“Hiylədən, intriqadan narahat olma. Əgər bəziləri sənə tələ qurur, zərər vermək istəyirsə, Tanrı da onlara tələ qurur. Quyu qazanlar o quyuya özləri düşər. Bu sistem qarşılıqlar əsasına görə işləyir. Nə bir qətrə xeyir, nə bir qətrə şər cavabsız qalır. Ondan xəbərsiz yarpaq belə tərpənməz. Sən sadəcə buna inan!”

37-ci qayda:
“Tanrı qılı qırx yerə yarıb vasvasılıqla çalışan saat ustasıdı. O qədər dəqiqdi ki, sayəsində hər şey düz vaxtında olur. Nə bir saniyə tez, nə bir saniyə gec. Hər insan üçün bir aşiq olma vaxtı, bir də ölmək vaxtı var”.

38-ci qayda:
“Yaşadığım həyatı dəyişdirməyə, özümü çevirməyə hazırammı?- soruşmaq üçün heç vaxt gec deyil. Neçə yaşda oluruq olaq, başımıza nə gəlmiş olursa- olsun  tamam yeniləşmək mümkündü.
Bircə gün belə eynilə əvvəlkini təkrarıdırsa, təəssüf. Hər an hər nəfəsdə yenilənməlidi. Yepyeni bir həyata doğulmaqdan ötrü ölməzdən öncə ölməlisən”.

39-cu qayda:
“Nöqtələr daim dəyişsə də, bütöv eynidi. Bu dünyadan gedən hər bir oğrunun yerinə bir oğru doğulur. Ölən hər dürüst insanın yerini bir dürüst insan tutur. Həm bütöv heç zaman pozulmur. Hər şey yerli-yerində, mərkəzində qalır… Həm də bir gündən o biri günə heç bir şey eyni olmur.
Ölən hər sufi əvəzinə bir sufi doğulur”.

40-cı qayda:
“Eşqsiz keçən bir ömür bihudə yaşanıb. Görəsən, ilahi eşq arxasıncamı getməliyəm, yoxsa dünyəvi, səmavi  ya da cismanimi, deyə soruşma! Ayrı seçkiliklər, ayrı seçkilikləri doğurar. Eşqin isə heç bir sifətə ehtiyacı yoxdur. Başlı-başına bir dünyadır, eşq.
Ya düz ortasında, mərkəzindəsən, ya eşiyində, həsrətində..

Mənbə: Əlif Şəfəq “Eşq” romanı
Hazırladı:  Psixoloq Rübabə

Beyenmeler
0   1  
VN:F [1.9.16_1159]
Rating: +21 (from 21 votes)

Psixoloq Rübabə

Fitret.az yazarı. Psixoloq.

- Sayt ünvanı

GÜNAH NƏDİR?

günah-əngəl

Günah əngəldir, o əngəli insan fiziki olaraq görmür.

Günah nədir?
Günahın meyarı nədir?
Hansı əməlləri günah saymalıyıq və günahdan necə qaçmalıyıq?

İslamda günah anlayışının başqa dinlərlə oxşar cəhəti çoxdur. Mahiyyət etibarıyla eynidir. Günah əngəldir. İnsanın yer üzündə yaşamasının bəlli bir mənası var ki, insan öz yaradılışının mənasına gəlib çatmalıdır, Allahın dərkinə gəlib çatmalıdır. Sənsə bəzi hərəkətlər edirsən ki, o sənlə hədəfin arasında əngəl yaradır, sonra sən o əngəli aşıb keçə bilmirsən Allaha sarı….

O əngəli insan fiziki olaraq görmür. Məsələn, Dostoyevski kimi böyük rus yazıcısı öz əsərlərində, məsələn, “Cinayət və cəza”da araşdırır ki, hətta sekulyar insan belə günah adlı əngəlin onun heyatında ona necə əngəl törədə biləcəyini ehtimal belə etmir. Burda belə bir məsələ ortaya çıxır ki, insan özünü tanımır. Quranda belə bir ayə var, deyir, Allah Adəmi yaratdı və ona öz nəfsindən üfürdü. İnsanda Allahın nəfsi var, qığılcımı var, nuru var. Və o nurunun təbiətinə uyğun olmayan işlər edəndə böyük zərər görür. Məsələn, Quranda deyilir ki, Musa peyğəmbər adam öldürür və belə bir etiraf edir: “Allahım nəfsimə zülm elədim…” Sən başqasına zülm etmisən, amma o bunu bu cür izah edir ki, mən nəfsimə zülm etdim, mən onun yolunda əngəl qoydum, indi o yaşaya bilmir, indi o rahatlıq axtarır, indi o böyük tövbə istəyir, o böyük bir peşmançılıq hiss edir.

Özün öz yolunda günah işlədərək əngəl qoyursan və beləliklə sən məhv olursan.

Özün öz yolunda günah işlədərək əngəl qoyursan və beləliklə sən məhv olursan.

Hər bir insan günahlar törədir və günahlar törətdikcə diqqətli olur ki, aha bunu elədim rahatlığım pozuldu, bunu elədim yolum dayandı, bunu elədim səadətim çıxdı əlimdən, yəni bu bir ekspermental (təcrübi) yolla hiss edir bunu. Əslində həyat özü elə ekspermentallıq deməkdir. Hər bir fərd ekspermental yolla onun sərhədlərini özü üçün müəyyən edəcək. Müdriklik elə əslindən budur.

İnsan yaşlandıqca bilir ki, hansı həddə addımını atanda bu istiqamətdə nə olacaq, bu biri istiqamətdə nə olacaq. Bu baxımdan dünya ədəbiyyatında, uzaq şərq təlimlərində günah əngəl kimi xarakterizə olur ki, sən ondan sonra inkişaf edə bilmirsən, inkişaf edə bilməyəndə də ölürsən. Yəni iki yol var, ya inkişaf edirsən, çicəklənirsən, ya da çürüyürsən. Əgər sən çiçəklənə bilmirsənsə ömür uzunu və o günahlar da səni çiçəklənməyə qoymursa, demək sən özün özünə qarşı olursan, Özün öz yolunda günah işlədərək əngəl qoyursan və beləliklə sən məhv olursan. Günahdan qurtulmağın da yeganə yolu çox dərindən anlamaqdır. Çox dərindən peşman olmaqla qəlb bundan aralanır, ən azı günahdan müdriklik dərsi götürür və əvəzini ödəmiş olur.

Müəllif: Müşfiq Şükürov (İctimai TV, “Din və Cəmiyyət” verilişindən çıxışı)
Hazırladı: Nərmin Heydərova

Beyenmeler
0   1  
VN:F [1.9.16_1159]
Rating: +32 (from 32 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

MƏN YƏMƏNLİ BİR QIZAM…

Mən ona yaxınlaşanda o otağın küncündə bardaş qurub oturmuşdu; sadəcə gözlərini görürdüm (niqabda olduğu üçün). Məni görən kimi pəncərəyə doğru getdi və heç bir neçə saniyə çəkmədi ki, mənə tərəf dönüb danışmağa başladı…

Ən son nə zaman pəncərədən ətrafa baxdığımı unutmuşam. Nəinki baxmağı, hətta deyərdim ki, qız olduğum üçün varlığımı belə unutmuşam. Yəməndə qız olmaq heç bilirsən necədir?! Düşüncəsi belə sənin ruhuna və ağlına ağırlıq edər, elə ağırlıq ki, onu ya göz yaşlarınla çıxarmalısan, ya da oturub dərin-dərin nəfəs almalısan…  Amma sən də hamı kimi edəcəksən. Bilirəm… Sadəcə mənim üçün bir neçə dəqiqə, yaxud bir neçə saat üzülüb unudacaqsan… Mən isə yenə bu həyatı yaşamağa davam edəcəyəm. Əslində, heç “davam edəcəyəm” sözünün mənasını dərk edə bilmirəm, çünki davamlılıq üçün varlığımın və var olmağımın qəbul olunması lazımdır. Bəs mən qəbul edilirəmmi bu cəmiyyətdə?! Mən qız doğulduğum üçün mənə insan hüquqlarını tanıyırlarmı bu ölkədə?! Nə edim, qadın olduğum üçün utanımmı?! Gülümsəmək istəyirəm bu kəlməni deyərkən amma… Yenə amma… Yəqin ki, artıq bu “amma” kəlmələri ilə yordum səni. Sənə deyim ki, mən heç zaman qadın olmaqdan utanmadım, usanmadım… Bəlkə bunu söyləməm üçün yaşımın az olduğunu deyəcəksən… Yanılırsan! Mən yaşımla deyil, mənə yaşadılanlarla, gördüklərimlə böyümüşəm. Mənim üçün gülmək, danışmaq, düşüncələrimi dilə islam-qadın-örtügətirmək günaha çevrilibdir. Bilirəm heç 18-i görmədən məni də bir kişiyə satacaqlar, elə başqa yəmənli qızlar kimi… Bunun adına evlənmək deyə bilmərəm, biz burada satılırıq, nə fikrimizi soruşan var, nə qəlbimizə qulaq verən. Mən ağlasam, mən qarşı çıxsam, nə dəyişəcək?! Çox uzağa getsəm, amansız şəkildə məni öldürəcəklər, necə ki, qonşu ölkədə- İranda təcavüz edildiyi üçün iffətini qorumaqdan ötrü öldürdüyü adama görə edam edilən 19 yaşlı Reyhanə kimi. Tez-tez divarın bir küncünə sıxılıb qadın olduğu üçün əzab çəkən, ağlayan, saçlarına zamanından öncə dən düşmüş anama baxıram, həyatını düşünürəm və “məgər məni dəmi o sonluq gözləyir?!”- sualını ağlımdan keçirmək belə ruhumu ürpərdir. Bilirsən, burda qadınların oxumaq hüququ yoxdur, işləyib özünə baxmaq hüquqları da artıq sıradan çıxıb. Bir qadın bir kişi ilə eyni işdə çalışırsa, kişi 100 alanda, qadına 30 verirlər. Düşün, burada qadınların kimlik almaq haqları belə yoxdur; ancaq ya atalarının, ya da ərlərinin icazəsindən sonra ala bilərlər. Hər 4 qadından biri aclıq, yoxsulluq çəkir, onlar ehtiyaclarını ödəmək üçün hətta bədənlərini satmaq məcburiyyətində qalırlar. Bir qadının öz iffətini satışa çıxarması bilirsən nə deməkdir?! Özünü məcbur et buna, düşünməyə məcbur et, özünü o qadınların yerində hiss et! Yum gözlərini, yum, canlandır beynində hiss edərək… Məcbur et, özünü. Səni alçaltmaq deyil niyyətim, məni yanlış anlama, məqsədim var sadəcə. Sənin də bunu hiss etməyini istəyirəm ki, bəlkə, ruhunun ən dərinliyində sənə çata bildim, vicdanına toxuna bildim. Bu, mənim üçün və bütün yəmənli qızlar üçün nə qədər önəmlidir, bir bilsən. Sən ordasan, bir başqa ölkədə, başqa şərtlər altında, rahat  həyatın var və hətta mənə, bizə yardım edə bilmək gücün var. Mənim üçün dünyaya səslənə bilərsənmi? Yəməndə qız doğulmağın nə qədər acı olduğunu, nə qədər arxa planda qaldığını, dəyərsizləşdiyini, insani hüquqlardan məhrum edildiyini deyə bilərsənmi?! Bir qadının şiddət görməsini düşün, dilənçiliyə, fahişəliyə, hətta narkotik satıcısı olmağa məcbur edilməsini düşün, dinləmə (oxuma) sadəcə, bu dediklərimi düşün… İndi isə sənə çıxış yolunu anladacağam. Ya bizə xilaskar olacaqsan, ya da bizə bu həyatda: “Həyatına davam elə”, -deyənlərdən. Hansı ki, biz davam etməyin nə olduğunu belə hələ dərk edə bilmirik.  Çoxları zənn edir ki, bu həyatı yaşamağımıza səbəb bizim dinimizdir. Yox, bu, belə deyil. Düzdür, mən oxumağı və yazmağı bacarmıram, amma mənim babam mənə həmişə dinimizin mükəmməl olduğunu izah edərdi, mənə Quran oxuyardı, əslində, dinimizdə qadınların nə qədər dəyərli olduğunu deyərdi. Hətta o, mənə bəzi ayələri əzbərlətmişdi: “Allah`ın onlardan birini digərindən üstün etdiyinə və öz mallarından xərclədiklərinə görə kişilər qadınlar üzərində himayəçidirlər…” (Nisa Surəsi, 34). Babam mənə deyirdi ki, kişiyə qadını qorumaq vəzifəsi verilmişdir. Hətta bu ayədə keçən “kavvam” kəlməsi ərəbcədən “qoruyan, göz-qulaq olan” demək imiş. Əslində, demək istəyirəm ki, əsl Quranda əmr edilən din yaşansaydı, nə mən, nə anam, nə də başqa yəmənli qadınlar bu həyatı yaşayardı. islam-qadın-örtüYəməndə kişi və qadın bərabərsizliyi çox üstün səviyyədədir, ancaq Quranda Allah əmr edir ki: “Mənim qatımda ən üstün olanınız irqiniz, cinsiniz deyil, təqvaca üstün olanınızdır”. Bax, əslində, mən bu həyatın arzusundayam, cinsiyyətin fərq qoyulmadığı, eyni hüquqlara sahib cəmiyyət istəyirəm. Bəlkə də bir çox yerdə əsl islam yaşanmır, elə buradakı kimi. Amma biz daha acınacaqlı vəziyyətdəyik. Sizdən istəyim bizim üçün birləşməyinizdir… Əgər dünyada əsl İslami birlik yaradılarsa, heç kimsə müsəlman bir qardaşının , bacısının zülmünə, əziyyətinə göz yummaz və mütləq bizləri bu vəziyyətdən, çətinlikdən xilas edər. Bax, mən bu örpəyimi çıxarsam, mənim üz cizgilərimə diqqət etsən, vicdanın titrəyər. Ona görə yox ki, mən döyülmüşəm. Üzümün yaralarından deyil, sadəcə üz cizgilərim o qədər dərinləşib ki, ruhumdakı yaralar üzümə əks olunub. Ağlamıram, ağlamayacağam, səbirlə məni dinləyən dünyanı, müsəlmanları gözləyirəm, sən də məni dinlədin və bunları yazmağını, səsimi hər kəsə duyurmağını istəyirəm. Unutma, mən qadınam və mənim yerimdə hər hansı bir qadın ola bilərdi. Biz mədəni şəkildə zindan həyatı yaşayırıq. Yardım üçün son dəfə hər müsəlmana səslənirəm, bizim üçün İslamı yaşayın və bizi də xilas edin.

Mən bu yazını, əslində, öz düşüncələrim əsasında yazdım, amma bunu yazmağıma vadar edən yəmənli qadınların həyatını araşdırmağım oldu. Yəni həqiqətdə mən Yəmənli bir qızdan müsahibə almamışam, sadəcə onlar haqqında oxuyub öyrəndiklərim mənə o qədər təsir etdi ki, onu ancaq ən gözəl bu şəkildə izah edə bilərdim. Düşündüm ki, bu şəkildə qələmə alsam, insanlar daha çox diqqət edər. Əslində, sadəcə diqqət etmələrini istəmirəm, yuxarıda deyildiyi kimi, həll yolu üçün müsəlmanların birləşərək əziyyət görən hər müsəlman qadını, hər bir müsəlmanı zülmdən xilas etməsini istəyirəm. Nəinki şiddət və əzab görən müsəlman qadınlar, hətta dinindən və irqindən asılı olmayaraq, hər qadının, hər insanın gözəl həyat yaşamağa haqqı var və kimsənin də bu haqqı onun əlindən almaq hüququ yoxdur! Mənim üçün tək çıxış yolunun təkcə müsəlmanların deyil, bu həyatı yaşayan hər kəs üçün həll yolunun məhz əsl İslam, əsl Quran olduğunu düşünürəm.

Müəllif: Züleyxa Sultan

Beyenmeler
0   1  
VN:F [1.9.16_1159]
Rating: +6 (from 6 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

İNSAN VƏ ƏMANƏT

quran-insan-əmanət“Biz əmanəti göylərə, yerə və dağlara təklif etdik. Onlar ona yüklənməkdən imtina etdilər. Ona insan yükləndi. Həqiqətən, o çox zalım, çox cahildir.”
Əhzab 33/72

Ayənin bu an etibarilə mənim həyatımda yeri nədir? Onlar ondan imtina ediblər, bundan bizə nə? Bu söhbət bizim həyatımızda necə yerini tapacaqdır?

Quranda izah olunan hər şey, İNSANIN əhval-ruhiyyəsi ilə əlaqəlidir. Başın yerindədirsə, normal bir insan olaraq edəcəyin işdə qaydalara riayət edəcəksən, işini üsuluna uyğun etməyə çalışacaqsan.
Məsələn, qarlı havada maşın sürürsən və normal şərtlərdə bu maşını idarə edərkən qaydalara diqqət edirsən, qırmızı, yaşıl işıqlar, sürət həddi, kəmər və s., amma tutaq ki, maşın sürüşməyə başladı və idarə etmədən çıxdı, bu vəziyyətdə ağlına heç qayda gələr? Qaydalara riayət edəcəksən, yoxsa canını qurtarmağa çalışacaqsan? Canını qurtarmağı düşündüyün andan etibarən, maşın sürüşmədən əvvəl sənin qaydalara qarşı bağlılığın nəyə yüklənməkdən imtina etdi? Qaydalara yüklənməkdən imtina etdi, elə deyilmi? Çünki qorxdun, avtomatik canının qeydinə qalmağa başladın. Bu həyəcan içində heç qayda yada düşər, maşını, yoxsa canını qurtarmağa çalışacaqsan? Qayda-maydanın yeri deyil artıq, canını qurtarmağa çalışacaqsan. Məhz bu ayədə izah olunan budur.

quran-insan-əmanətEL-EMANET deyilen şey, bir işin qaydasına və üsuluna uyğun olaraq edilməsi ilə hədəf aldığı şəxsdə meydana gələn ETİBARDIR.
Məsəlçün, təyyarə pilotu təyyarəni üsuluna uyğun, yəni qaydalara uyğun idarə etsə, bu hal hər kəsdə inam, etibar hissi əmələ gətirər, amma adam “ales semavati vel ardı vel cibali” olarsa, yəni panika, həyəcan qatarsa işin içinə, özünü itirərsə, istər bu nəzarət olunan bir panika olsun (cibal), istər nəzarətdən çıxmış (semavati vel ard), bu nöqtədə qaydalar artıq deaktiv olur, yəni adamın əl-ayağı bir-birinə dolaşacaq haldadır və bu halda olan üçün qayda-mayda işləmir.

Bu halda qarşımıza iki insan psixologiyası çıxır:

Allah qaydalara uyğun olaraq görülən bir işin insanda əmələ gətirdiyi etibar hissinə, güvən hissinə “EL-EMANET” deməkdədir. Bu güvən hissi adamın o andakı halı ilə yaxından əlaqəlidir. Həddindən artıq qorxsan, beynində şübhə əmələ gəlsə, nəyəsə ilişib qalsan, həll edə bilmədiyin bəzi problemlər sənin düşncələrinə HÖKM EDƏRSƏ, bu nöqtədə avtomatik olaraq sənin əhval-ruhiyyən ƏMANƏTİ rədd edəcəkdir. Buna “ales semavati vel ard vel cibali” ye “fe ebeyne en yahmilneha ve eşfakne” deyilir, diqqət etsəniz imtina etdi deyir. Əlbəttə imtina edəcək, adamın əl-ayağı bir-birinə dolaşmış halda qayda güdəcəkmi!
Bir insan bu qədər qorxu və narahatlıq içində olmasına baxmayaraq İNSAN olmaq xüsusiyyətini davam etdirə bilirsə “hamelehal insan” olacaq, yəni ona yüklənəcəkdir.

Hazırladı: Erkin Qiyasi

Beyenmeler
0   1  
VN:F [1.9.16_1159]
Rating: +12 (from 12 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus