HERMAN HESSE – “SİDDHARTHA”

Xüsusi

Qovinda: Biz rahiblərə və başqa səyyahlara çox yaxşılıq eləmisən. Qayıqçı, məgər sən də həqiqət axtarışında deyilsənmi?
Siddhartha: Möhtərəm rahib, uzun ömür sürsən də, üzərində Buddanın ardıcıllarının geyimini daşısan da, hələ də axtarışdasan?
─ Düz buyurursan, artılq qocalmışam, amma axtarışlarım davam edir. Yəqin ki, onların sonu olmayacaq. Bu da mənim taleyimdir. Amma sənin də nə vaxtsa axtarışda olduğunu hiss edirəm. Bu haqda bir-iki kəlmə söyləyərsənmi?
─ Heç bilmirəm nə deyim. Bəlkə həddən artıq səy göstərdiyindən artıq nə axtardığını belə bilmirsən.
─ Bu necə ola bilər ki?
─ İnsan axtaran zaman elə ola bilər ki, məqsədinə ilişib qalsın və elə bu səbəbdən axtardığını tapmasın, burnunun ucunda olan həqiqəti belə ruhuna yaxın buraxmasın. Axtarmaq – məqsədi olmaq deməkdir. Tapmaqsa istənilən məqsəddən qurtuluşdur. Sən axtarışda olana oxşayırsan, çünki məqsədinə çatmaq uğrunda lap yaxınında olanı belə görmürsən.
─ Sənin hansısa nəzəriyyən varmı? Ya inandığın və əməl etdiyin hansısa həqiqətin?
─ Əzizim, yadındadırsa, hələ cavan yaşlarımda meşədə samanların arasında yaşayarkən müəllim və nəzəriyyələrə etibarımı itirdim. Bu fikrimdən dönməmişəm, amma həmin gündən bəri həyatımda çoxlu müəllimim olub. Gözəl kurtizan qadın da , varlı tacir də, qumar yoldaşlarım da mənə müəllimlik edib.
─ Sənin indiyəcən heç bir müəllimin ardınca getmədiyinə inanıram. Amma məgər özün yaşamına kömək edən, qanına işləyən nəzəriyyə olmasa da, hansısa bir həqiqət tapmamısanmı?
─ Düzdür, bəzi məqamlarda bu cür həqiqətlər tapırdım, amma onları sənə açıqlamaq olduqca çətindir. Müdrikliyin başqasına ötürülməsinin qeyri-mümkün olması gəldiyim nəticələrdən biridir. Müdrik adamın başqasına çatdırması məqsədilə söylədiyi ağıllı söz həmişə axmaq bir nəticəyə çevrilir.
─ Məni ələ salırsan?
─ Zərrə qədər də yox. Mən gəldiyim nəticələrdən danışıram. Biliyi ötürmək olar, müdrikliyisə heç vaxt. Onu tapmaq olar, onunla yaşamaq olar, onu öz yelkəninə çevirə bilərsən, onunla möcüzələr yaradarsan, amma onu sözə çevirmək, kiməsə öyrətmək qeyri-mümkündür. Bu hələ cavan yaşlarımda məni müəllimlərdən uzaq salan həqiqətdir. Qovinda, indi söyləyəcəyimi də yəqin zarafat kimi qəbul edəcəksən: istənilən həqiqətin tərsi də həqiqətdir! Belə ki, yalnız birtərəfli həqiqəti sözlə ifadə etmək mümkündür. Sözlə ifadə olunacaq hər bir fikirsə vəhdətdən, birlikdən məhrumdur. Budda nəzəriyyəsilə bölüşərkən, dünyadan danışarkən, onu iki yerə, sansara və nirvanaya, yanılma və həqiqətə, iztirab və azadolmaya bölmək məcburiyyətində qalmışdı. Başqalarını öyrətmənin digər yolu qeyri-mümkündür. Qovinda ətrafimizda olan hər şeyin iki üzü var. Heç vaxt insan və onun elədikləri yalnız sansara və nirvanaya məxsus olmur. Heç vaxt insan təkcə müqəddəs və ya günahkar olmur. Bu yalnız bizə elə gəlir, yanılaraq fikirləşirik ki, zaman gerçəklikdir. Bu belə deyil və mən dəfələrlə əmin olmuşam və əgər zaman gerçəklik deyilsə, faniliyi əbədilikdən, ağrını həzzdən, yaxşılığı pislikdən ayıran sərhəd də mövcud deyil, bu da yanlışdır.
─ Axı bu necə ola bilər?
─ Qovinda, diqqətlə qulaq as. Mən və ya sən, fərqi yoxdur, kimsə nə vaxtsa günahkar olduğu halda, bir dəfə özündə Brahmanı hiss edə, nirvanaya çatıb Buddaya çevrilə bilər. Qovinda, bax bu “ bir dəfə” yanlışdır, yalandır. Günahkar “mükəmməlliyə gedən”, “inkişafda olan” anlamını vermir, halbuki düşüncələrimiz onları başqa cür təsvir etməyə qadir deyil. Xeyr hər bir günahkarda artıq bu gün, indi, sabahkı Budda, gələcək həyatı mövcuddur, sən onda – məndə va ya elə özündə – mərhəm, inkişafda olan, gələcək Buddaya hörmət etməlisən. Qovinda, dünya mükəmməlliyə çatmaq üçün uzun yol gediləsi qeyri-mükəmməl bir şey deyil. Əksinə, o, əbədi mükəmməl olub, olacaq da. Hər bir günah özündə əfv, hər uşaq qoca, hər körpə ölüm, hər can verənsə əbədi həyat daşıyır. Heç kəs yoldaşının yolun hansı hissəsində olduğunu görə bilməz, istənilən qumarbazda, istənilən quldurda Budda, brahmandasa quldur yaşayır. Elə buna görə də hər şey mənə gözəl gəlir, ölümdə həyatı, günahda müqəddəsliyi, dəlilikdə ağlı görə bilirəm, bu elə belə də olmalıdır, hər şeyin yalnız mənim xeyir-duama, hazırlığıma, sevgi dolu razılığıma ehtiyacı var və bu zaman o, mənə ziyan verə bilməz, əksinə, faydası olar. Bütün həyatımla, vücudumla, ruhumla günahın zəruri olduğuna əminəm. Nəhayət, içimdəki qarşıdurmanı sındırmaq, dünyanı sevə bilmək, onu xəyallarımda canlandırdığım aləmlə, mükəmmlliklə müqayisə etməmək, əvəzində onu oluduğu kimi sevmək, ona mövcudluğuma görə sevinmək üçün günaha batmaq, var-dövlət toplamalı, tamahkara çevrilməli və sonsuz ümidsizliyə qapılmalıydım. Qovinda, tapdığım həqiqətlər bunlardır.
Siddhartha əyilib yerdən daş götürdü.
─ Bü daşı görürsən? – o, daşı ovcunun içində fırladaraq dedi. Nə vaxtsa o, torpağa çevriləcək, sonra bitkiyə, ya da hansısa heyvana, olabilsin, insana. Əvvəllər deyərdim: “Bu, olsa-olsa daşdır və heç bir qiyməti yoxdur, Mayya dünyasına aiddir, yalnız çevrilmələrindən birində dönüb insan olanda ona hörmət edəcəm”. Əvvəllər belə fikirləşərdim. Amma bu gün tam əksini düşünürəm: bu, həm daş, həm heyvan, həm Allah, həm də Buddadır və onu nə vaxtsa hansısa birinə çevriləcəyinə görə sevmirəm, o, artıq var və əbədidir. Bəli, o daşdır və mən onu daş olduğunagörə sevirəm, onun hər bir çatına, rəng çalarına, bərkliyinə, əl vurarkən çıxan səsinə hörmət edirəm. Bu qədər yetər. Qaranlıq işıqdan qorxan tək mərhəm məna da sözdən qorxur. Nəyisə sözlə ifadə edən kimi əsas məğz sürüşüb aradan çıxır və dilimizdə axmaq bir şeyə çevrilir. Amma bu da mənim ürəyimcədir, bununla da razıyam. Axır-əvvəl birinin dəyər verdiyi həqiqət digərinə səfeh bir şey kimi görünə bilər.
─ Niyə daşdan misal gətirdin?
─ Bunun heç bir xüsusi anlamı yoxdur. Bəlkə ona görə ki, bu daşı, çayı və ətrafımızda olan hər şeyi sevirəm və onlardan nəsə öyrənirəm. Mən eyni sevgini daşa, ağaca və ya onun qabığma göstərə bilirəm. Sözlərisə sevə bilmirəm, məhz bu səbəbdən istənilən nəzəriyyədən qaçıram. Onlar yumşaq və ya bərk deyil, rəngə, iyə, dada malik olmur, quru sözdən başqa heç nələri yoxdur. Bəlkə elə sözlərin çoxluğu sənə rahatlıq vermir. Qovinda, qurtuluş, məziyyət, sansara və nirvana yalnız sözdür. “Nirvana” əşya deyil, sadəcə sözdür.
─ Nirvana yalnız söz deyil, o, həm də fikirdir.
─ Açığı, sözlər və fikirlər arasında elə bir fərq görmürəm. Fikrin bir dəyəri olduğuna da şübhə ilə yanaşıram. Mənim üçün qat-qat dəyərlisi cisimlərdir.
─ Lakin sənin “cisim” adlandırdığın həqiqətdirmi? Bəlkə bu, sadəcə görüntüdür, yalandır? Bəlkə bu, Mayyanın məkrindən doğulan illüziyadır? Sənin daşın, ağacın, çayın həqiqət dünyasma aiddirmi?
─ Mənim bununla da işim yoxdur, əgər cismin kökündə görüntü dayanırsa, deməli, mən də görüntüyəm və biz bir-birimizin tayıyıq. Onlar məhz mənə oxşadıqlarına görə hörmətə layiqdirlər. Buna görə onları sevməyinə dəyər. Qovinda, bu da sənə ələ sala biləcəyin nəzəriyyə: Mənim üçün yer üzündə ən əsas şey sevgidir. Fikirlə dünyanı dəlib keçmək, onu izah etmək, ona nifrət etmək qoy mütəfəkkirlərin işi olsun. Mənə lazım olan yeganə şeysə dünyanı sevmək, ona, özümə və hər varlığa heyrətlə, minnətdarlıqla baxmaqdır.
─ Bunu başa düşürəm, amma müqəddəs Budda məhz onu yalan adlandırırdı. Hautama bizə mehribanlığı, acımanı, səbri nəsihət edirdi, lakin yerdəkilərə sevgiyə qadağa qoymuşdu.
─ Bilirəm, Qovinda, bunu bilirəm. Bax, biz mühakimələrin içində itib-batdıq, sözlə mübahisəyə girişdik. Sevgi haqda söylədiklərim Buddanın dediklərinin zahirən tərsi ola bilər. Məhz buna görə sözlərə etibar etmirəm, çünki bu ziddiyyətin yalan olduğunu bilirəm. Budda ilə vəhdət zəncirilə bağlı olduğumu da anlayıram. Sevginin ona yad olması qeyri-mümkündür. İnsan mövcudluğunun keçiciliyinə və heçliyinə varan və eyni zamanda həyatını onları öyrətməyə sərf edən bir müqəddəs necə sevməyə bilərdi?! Bu dahi müəllimin də sözlərinə yox, cisminə qiymət verirəm. Onun etdikləri, həyatı sözlərindən, qolunun hərəkəti yürütdüyü mühakimələrdən qat-qat əhəmiyyətlidir. Buddanın möhtəşəmliyini nitqində, fikirlərində yox, həyatında görürəm.
─ Mənimlə fıkirlərini bölüşdüyün üçün sənə minnətdaram. Fikirlərinin bəzisi mənə qəribə görünsə də, onların çoxu anlaşılmaz olsa da, sənə təşəkkür edirəm.
Eyni zamanda özlüyündə fikirləşdi: “Siddharthanm beynində qəribə fıkirlər dolaşır, onun baxışlan da qeyri-adidir. Müqəddəs Buddanın dedikləri qat-qat aydındır, onun sözlərində gülməli, qəribə, axmaq heç nə yoxdur. Amma Siddharthanın əlləri, gözləri, alnı, nəfəsi, təbəssümü, salamlaşması, yerişi fikirlərinin tam əksidir. Möhtərəm Budda əbədi nirvanaya dalandan sonra ikinci müqəddəslə rastlaşmadım. Yalnız Siddhartha bu cür insana oxşayır. Qoy dedikləri məndə təəccüb dolu gülüş doğursun, əvəzində vücudunun hər bir zərrəsindən hüzn yağan bu insan Buddadan sonra gördüyüm yeganə müqəddəsdir”.

Mənbə: “Siddhartha” Herman Hesse
Hazırladı: Şahanə Nuriyeva

Beyenmeler
0   3  
VN:F [1.9.16_1159]
Rating: +17 (from 17 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

PEYĞƏMBƏRLƏR – ECAZKARLAR KİMİ

Xüsusi

möcüzəpeğəmbərMöcüzədən danışanda çox vaxt Musa peyğəmbər haqqında rəvayətləri xatırlayırlar. Amma təxminən üç min illik tarixə malik rəvayətlərin həqiqiliyi şübhəlidir. Doğru olsa da, hər birini təbii hadisə kimi tamamilə izah etmək mümkündür. Lakin iş burasındadır ki, xalq kütlələrinin Musa peyğəmbəri ecazkar kimi tanıması ruhanilərin mənafeyinə uyğun gəldiyindən, adi hadisələri möcüzə kimi qələmə verirdilər.

Məlum olduğu kimi, peyğəmbərlikdən əvvəl Musa 40 il ərzində Sinay yarımadasında çöl, dağ və səhra şəraitində yaşamış, belə sərt mühitdə bədənin ehtiyaclarını ödəyib, həyatını mühafizə etməyi yerli əhalidən öyrənmişdi. Peyğəmbər olduqdan sonra Misirdə oturaq həyata öyrəşmiş öz xalqını həmin yerlərdən keçirərkən, bildiklərini nümayiş etdirdikdə, xalq bunları möcüzə hesab etmişdir. Məsələn Tövratda nəql olunur ki, susuz dağ ətəyində Musa peyğəmbər əsasını qayaya vurmuş və oradan bulaq suyu fışqırmışdır. Bu «möcüzənin» sirri bədəvilərə yaxşı məlumdur. Hətta quraqlıq dövrü uzun sürdükdə belə dağ ətəklərində nazik qum və əhəng təbəqələri altında yağış suyu toplanmış olur. Aydındır ki, 40 il ərzində Musa belə yerlərə yaxşı bələd ola bilmişdir.

İsraillilər səhrada aclıqdan əzab çəkərkən Musa peyğəmbər onlara vəd edir ki, Allah doyunca yemək göndərəcək. Doğrudan da, tezliklə qatar-qatar bildirçin uçub gəlir, sabahı gün isə hər yer doluya bənzər qar kimi ağ kürəciklərlə örtülmüş olur. Bunların dadı bal sürtülmüş çörəyi xatırladır. Bildirçinin ətindən yemiş xalq indi də «səma mannası» ilə dolanır.

bibliya əfsanələri«Bibliya rəvayətləri» kitabının müəllifi Zenon Kosidovski göstərir ki, Sinay yarımadasının müasir sakinləri bildirçinlərin uçub gəlməsinin möcüzə hesab edildiyini eşitsələr, xeyli təəccüblənərlər. Çünki yazda Afrikadan Avropaya uçan saysız-hesabsız bildirçinlər yolda yorulub, buralarda istirahət etmək üçün yerə enərkən yerlilər onları lap əllə tuturlar. Bədəvilər yulğun bitkisinin yazda şirintəhər maye ifraz edən bir növünü də yaxşı tanıyırlar. Həmin maye havada tez bərkiyib, doluya bənzəyən ağ kürəcik əmələ gətirir.burdan aydın olur ki, Musa bələd olduğu hadisələr barədə israillilərə xəbər verirmiş, onlar isə belə hesab edirmişlər ki, həmin hadisələri Musa peyğəmbər özü törədir. Bu, E.Rostanın «Şantekler» pyesindəki xoruzu xatırladır. Həmin xoruz müşahidə edir ki, hər dəfə o banlayanda gün doğur və belə qənaətə gəlir ki, günəşin çıxmasına səbəb onun banlamasıdır.

Rəvayətə görə, Musa peyğəmbər və qardaşı Harun qüdrətli Allahın onlara ecazkar qüvvə bəxş etdiyini sübut etmək üçün çomaqlarını fironun qabağına atmış və çomaqlar ilana çevrilmişdir. Amma fıron öz aqil və kahinlərini çağırdıqda onlar da bunu təkrar etmişlər. Sonra qardaşlar suyu qana çevirmiş, saysız-hesabsız quru qurbağasını meydana çıxarmışlar. Misir kahinləri də bütün bunları edə bilmişlər.

Musa peyğəmbərin həmin «möcüzələrinin sirləri müasir illüzionistlərə yaxşı bəllidir. 1930-cu ildə Orta Asiyada çıxış edən əfqan illüzionisti tamaşaçıların gətirdiyi ilanları əlində oynadaraq, onların onu çalmasma heç bir zərər çəkmədən dözürmüş. Sonra əlini ilanın bədəninə sürtüb, başının yanındakı bir nöqtəni sıxaraq, bərk silkələyirmiş. İlan uzanıb düzlənərək, katalepsiya vəziyyətinə düşürmüş, yəni sanki çomağa çevrilirmiş.

«İsa nəfəsi» ni də möcüzələrə aid edirlər. Guya İsa peyğəmbər nəfəsi ilə ölüləri dirildib, anadangəlmə korların gözünü açırmış. Burada həqiqəti əfsanədən ayırmaq lazımdır. Məsələn, İncilin özündə yazılmışdır ki, İsa sinaqoq rəisinin qızmı dirildərkən deyir: «Qız ölməmişdir, o yatıb». Deməli, söhbət katalepsiya və ya letargiya kimi tibbdə yaxşı məlum olan qeyri-adi dərəcədə dərin yuxu halından gedir. «İsa nəfəsi»nin qüdrətinə dair başqa rəvayətlərdə, şübhəsiz, bir qədər mübaliğəyə yol verilmişdir.

Tövratda və İncildə nəql edilən bu növ hadisələr təbii möcüzələr adı almışdır. Çünki savadsız adamlar gördükləri təbii hadisədən heyrətlənərək, özlərindən də təfərrüatlar əlavə edir və onu möcüzə dərəcəsinə çatdırırdılar.

İsa peyğəmbərin doğulması da möcüzə hesab edilir. Guya o, anası Məryəm bakirə ikən atasız doğulmuşdur və Allahın oğludur. Odur ki, özü də Allahdır. Bu gün biologiya ilə tanış olan hər bir məktəb uşağı yaxşı bilir ki, bu mümkün olmayan əfsanədir.

quran-vəhy-məhəmmədQuranın möcüzə olmasnı bununla əsaslandırırlar ki, guya Quran ayələri Məhəmmədin öz  sözləri  olmayıb,  bunları Allah öz mələklərindən biri olan Cəbrayıl vasitəsilə ona göndərirmiş. Əlbəttə, Məhəmməd peyğəmbər Quranın Allahdan nazil olması (endirilməsi) fikrini camaata aşılamasaydı, onları dediklərinə qulaq asmağa heç cür məcbur edə bilməzdi. Məlumdur ki, hələ gənc yaşlarından ağıllı və düşüncəli, hafizəli və gözüaçıq adam kimi tanınmış Məhəmməd ticarət məqsədilə o dövrün mədəniyyət mərkəzləri sayılan Şərq şəhərlərinə səyahət etmişdir. Bu səfərləri zamanı o, xristian və yəhudi dinlərinin nümayəndələri ilə görüşmüş, Tövratm və İncilin məzmununa bələd olmuşdur. Məsələn, hələ on iki yaşmda Məhəmməd əmisi Əbu Taliblə ilk səfərə çıxarkən, Bəsrə şəhərinin yaxınlığındakı monastırda Bahira adlı xristian rahibinin qonağı olmuşdur. Rahiblə söhbət və mükalimələr zamanı onun yürütdüyü mühakimələr Bahirəni heyran etmişdir. Sonralar Məhəmməd peyğəmbərin dünyagörüşünə arvadı Xədicənin əmisi oğlu Varaka (Vərəqə) böyük təsir göstərmişdir. Rəmmal olan Varaka Tövratın və İncilin ayrı-ayrı hissələrini ərəb dilində ilk dəfə tərcümə etmişdir.

Bir sözlə, bu tarixi faktdır ki, 40 yaşmda özünü peyğəmbər elan edən anda Məhəmməd artıq xristianlığın və iudaizmin əsasları ilə yaxşı tanış imiş. Quranda isə həmin dinlərin müqəddəs kitabları olan Tövrvtdan və İncildən sitatlar az deyildir.

İslam aləmində belə bir fikir geniş yayılmışdır ki, Məhəmməd peyğəmbər «ümmi», yəni savadsız imiş. Deməli, Quran onun öz yaradıcılıq məhsulu ola bilməzdi və Quran ayələrini Allah göndərmişdir. Əslində Məhəmməd peyğəmbərin savadsız olması heç də dəqiq müəyyən edilmiş həqiqət deyildir. Əksinə, bir sıra faktlar bu fikrə şübhə ilə yanaşmağa əsas verir.

Əvvələn, gənc yaşından ölkələri gəzən, artıq varlanmış, ağıllı, hafizəli və gözüaçıq bir şəxs axı necə olur ki, 28 hərfi öyrənə bilmir?!

İkincisi, Məhəmməd kasıb ailədə anadan olsa da, kiçik yaşda yetim qalıb, varlı əmisi Əbu Talibin evində böyümüşdür. Həmin əmisinin evində ki, onun oğlu, Məhəmməddən təxminən otuz yaş kiçik olan Əli «Nəhcül bəlağə» kimi hikmət və aforizm toplusu olan kitabın müəllifi, dövründə ən savadlı adamlardan olmuşdur. Bəs necə olub ki, eyni şəraitdə Məhəmməd kimi bir fərasətli uşaq savadsız qalıb?! Axı Məhəmməd peyğəmbərin də Qurandan başqa, hikmətlə dolu hədis və kəlamları vardır.

Üçüncüsü, Məhəmməd peyğəmbərin savadsız olması fikrini özünün qəsdən yayması da mümkündür ki, Quranın Allahdan nazil olmasına camaatı asanlıqla inandıra bilsin. Görünür, Məhəmmədin həmin siyasətdən xəbərsiz olan oğulluğu, rəvayətə görə, onun vəfatından sonra deyibmiş ki, atam heç də savadsız deyildir.

Digər tərəfdən, elə deyək ki, Məhəmməd peyğəmbər savadsız olub. Axı, qeyd edildiyi kimi, müxtəlif dinlərin məlumatlı şəxsləri ilə oturub-durmuş, hafızəli, ağıllı və istedadlı bir şəxs çox şey öyrənib, savadı olmasa da, bunları öz dünyagörüşünün və məntiqinin süzgəcindən keçirərək, öz mənafeyinə uyğun təfərrüat artırmaqla nəql edə bilər. Elə Məhəmməd peyğəmbər də bunu edib. Deməli, Quran Məhəmməd peyğəmbərin zəkasının məhsuludur. Quran ayələrini göydən endirilmiş hesab etmək Məhəmməd peyğəmbərin fəaliyyətini sanki qulağına Cəbrayılın pıçıldadığı sözləri ucadan söyləyən mikrafona bənzətmək deməkdir. Bu isə peyğəmbərin dühasına hörmətsizlikdir.

Beləliklə, peyğəmbərin fəaliyyətindəki xalq arasında möcüzə hesab edilən hadisələrin təhlili göstərir ki, bunların hamısı tamamilə real hadisələrdir və bunların şərhi üçün heç bir fövqəltəbiiliyə müraciət etməyə ehtiyac yoxdur.

Mənbə: Nicat Mikayılzadə “Fenomenlərin sirri”
Hazırladı: Şahanə Nuriyeva

Beyenmeler
0   4  
VN:F [1.9.16_1159]
Rating: +7 (from 15 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus