AZAD QADIN VƏ SEVGİ

Xüsusi

Azadlıq və sevgi bir arada?
Azadlıq anlayışı ən çox istismar olunan, ən çox bayağılaşdırılan və şiti çıxarılmış mövzudur. İçi həddən ziyada boş bir anlayışdır. Amma bununla belə, cari və aktual olan azadlıq anlayışı üzərindən yola çıxaraq azadlıq fonunda sevgi (qadın və kişi ilişkisi) anlayışına baxmağa çalışacam. Sevgi anlayışı da azadlıq qədər olmasa da, istismar olunan və şiti çıxarılmış anlayışlardandır. Onun da mövcud və yayğın formasını ələ alacam. Azadlıq və sevgi anlayışlarını bir mövzuda bir araya gətirmişkən, mərkəzə qadınları qoyacağam. Günümüzün qadın obrazını. Azadlıqdan yoxsun, sevgi dolu sayılan qadınlar.

Azad qadın portreti
Qadınlar, əksərən, təbiətən azad olmaq istəməzlər. Çünki ümumən azadlıq narahatlıq gətirən bir şeydir. Hələ də kişilərin himayədarlığı varkən, bu narahatlığa nə lüzum? Məhz bu rahatlıq naminə qadınlar kişilərə bağlanar, sadiq qalar və qayğı göstərərlər. Biz də bunun adını sevgi qoyuruq. Bəli, günümüzdə qadınlar kişilərdən çox asılıdırlar, azad deyillər. Kişilər onların hər bir şeylərini, rahatçılıqlarını təmin edir. Əslində qadınlar bundan məmnundurlar. Onların yanında olmaq, hər bir işlərini həll etmək, onları ətrafdan qorumaq onlara sərf edir, xoş gəlir. Ona görə kişini sevmək zorundadırlar. Sevirlər də. Amma bu azad insanın sevgisi deyil. Sevgi adı qoyduğumuz bağlılıq, asılılıq olan bu mənzərə, azadlıq fonunda buxarlanır, itir.

Ümumiyyətlə, sevgi azad insan üçün onun köhnə beynindəki anlayışdan çox fəqrlidir. Bir insan azad olmağa başladıqca onun sevgi anlayışı da dəyişir. Azad insanın sevgisi ən saf, ən təmiz, ən xalis sevgidir deyərdim. Sadəcə ənənəvi sevgi anlayışından fərqi budur ki, onun davamlılığı, əbədiliyi sual altında olur. Hansı ki, bizim sevgidən gözləntimiz də məhz budur. Bəli, azad olanın sevgisi, azad sevgi adətən uzunmüddətli olmur. Bu o demək deyil ki, onun ömrü az olmalıdır. Yox, uzun müddətli də ola bilər, bəlkə də bir ömür ola bilər, sadəcə azad sevgidə müddətlilik şərt deyil . Bu şərt ənənəvi sevgiyə (bağlılığa, asılılığa) xasdır. Yəni kölə sevgisidir müddətə, sadiqliyə hesablanmış bir şey.

Azad insan sevməli olduğu üçün sevməz, sevməli olduğu üçün qalmaz. Azad insan sevdiyi vaxt sevər, sevə bildiyi qədər də qalar.

Azad insanın sevgisi davamlı olmaya bilər. Mən düşünürəm ki, azad, saf sevgi dediyimiz şeyin daha uzunömürlü olmasını təmin etmək üçün elə azadlığın özünü qoruyub saxlamaq lazımdır hər iki tərəfdə. Yəni hər iki sevən, sevilən tərəfin azadlığını qoruyub saxlamaq lazımdır ki, o azadlıq şəraitində, atmosferində sözügedən sevgi də davamlı olsun. Bu atmosfer nə qədər davamlı olsa sevginin özünün də uzun ömürlülüyü artar. Bundan başqa sevgi kəşf edilməyi, heyrətlənməyi sevər. Sevginin bəslənməsi üçün kəşf, təəcüblənmə, mədh eləmə, bunlar mütamadi olmalıdır, daim insanlar bir-birində bunları tapmalıdır. Və yeri gəlmişkən bu azad insanlara məxsus bir şeydir ki, qarşı tərəfdə zamanla bir çox şeyləri kəşf etsin, buna heyrətlənsin, təəccüblənsin, bundan zövq alsın.

Müəllif:  vusaladdin.rustamov

Beyenmeler
0   0  
VN:F [1.9.16_1159]
Rating: +1 (from 1 vote)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

SİSTEMLİ İŞƏ ƏNGƏL OLAN AMİLLƏR

Xüsusi

1. İşin loyallıq (sadiqlik, şəxsi münasibətlər) üzərinə qurulması.
Bu zaman gözləntilər işin özündən daha çox, əsasən sadiqlik anlayışı üzərinə formalaşır. Bəzən iş əla getdikdə belə, xırda bir nüansdan dolayı loyallıq zədələnsə, iş birliyi pozulur. Və ən pisi, iş birliyinin pozulması çox zaman tədricən baş tutur. Çünki loyallıq üzərinə qurulmuş vəzifə yenidən sadiq biri ilə doldurulmalıdır və bu dərhal və qəti qərarla baş tutmur. Nəticədə ortaya uzun müddətli qətiyyaətsizlik çıxır. Bu isə işə ən çox zərbə vuran amillərdəndir.


2. İşçilərdən təşəbbüs tələb etmək. 
Təşəbbüskarlıq şəxsi keyfiyyətdir. Olsa əla, amma olmadığı müddətcə onu tələb etmək və zorla əldə etmək, zamanla həmin işçilərin süni dominantlığını yaradır və iş etibarı ilə o işçidən asılılıq yaradır. Bu isə öz növbəsində intizamı pozur. Və dolayısı ilə işə, işin keyfiyyətinə təsir edir.


3. Mütəxəssislərə o qədər də önəm verməmək. Əvəzində daxili imkanları səfərbər edərək qənaət etməyə çalışmaq. 
Bu, həm son nəticədə pulun havaya sovrulması, həm də ümumi intizamın pozulmasına ilə nəticələnir. Köməkçi işlər üçün bu yanaşma, yəni onu yetişdirmə, daxili imkanlar çərçivəsində istifadə etmə keçərli ola bilər, amma əsas iş üçün mütəxəssislər gərəkdir.


4. Maddi gəlirlərin artmasını tələsik önqəbul etməklə uzunminvallı prioritetləri arxa plana atmaq. Yeni gəlirlər üçün işlər yaratmaq, amma onun strategiya və struktunu gözardı etmək. 
İşi dinamik şəklə salmaq əladır, amma statik durumu gözardı etmək sonra keyfiyyəti əldən salır. Kəmiyyət və keyfiyyət çarpazlanması bir faktdır, bax burda da bu fakt qabarır.


5. İş çoxluğunu və hərəkətliliyi iş kimi görmək.
Dinamika önəmlidir, amma faydalı iş əmsalı olmadıqca, sadəcə yorucu hərəkətlər toplusu olacaq. Ölkəmizin hal-hazırkı iş durumu buna bənzəyir. Sanki hər kəs hərəkətdədir, çalışır, vuruşur, amma rentabellik yoxdur. Geriyə stress, əndişə və aqressiya qalır.


6. Milli və yerli ustanovkaları alət edinmədən xarici iş mənzərəsi yaratmaq cəhdi. 
Yerli zehniyyəti tətbiq etməklə Avropa modeli tələb etmək ziddiyətli mənzərə və xaos yaradır. Eynşteyn demiş, eyni şeyləri edib fərqli nəticələr gözləmək sadəlövhlükdür.

Müəllif: Vüsaləddin Rüstəmov

 

Beyenmeler
0   1  
VN:F [1.9.16_1159]
Rating: +2 (from 2 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

NİKAH HÜQUQU – HETERO VƏ HOMOSEKSUAL MÜNASİBƏTLƏR

nikah-din-kilsəHüquq tarixinin böyük hissəsi ailə və nikah haqqında müfəssəl qanunvericiliyin olmadığı dönəmlərə aiddir. Bu münasibətlər tamamilə dinlərin və ictimai əxlaqın öhdəsinə buraxılmışdı. Milli dövlətlərin hələ formalaşmaqda olduğu şəraitlərdə hüquq sistemi dünyəviləşə və güclənə bilmirdi, ona görə də özəl həyat münasibətlərin hamısı və ictimai münasibətlərin xeylisi din, əxlaq və ənənəylə tənzimlənirdi.

Milli dövlət – (hər şeydən öncə) dünyəvi dövlətdir. Milli dövlət – (daha sonra) güclü mərkəzi hakimiyyəti olan dövlətdir. Milli dövləti ilk qurmuş ölkə Fransa olmuşdur. İnqilabdan sonra daxili çəkişmələr və qonşularla müharibələrə baş qarışmış Fransa’nın öz hüquq sistemini şəkilləndirməyə imkanı olmadı. Yalnız Napoleon’un hakimiyyətdə güclənməsindən sonra Fransa’da Mülki Məcəllə qəbul olundu və orada ailə-nikah münasibətləri tarixdə ilk dəfə müfəssəl şəkildə və dünyəvi tərzdə təsbit olundu. Fransa’nın təcrübəsi çox ölkələr üçün örnək oldu. Bəziləri ailə-nikah münasibətlərini mülki məcəllədə, başqaları isə ayrıca qəbul etdikləri ailə məcəlləsində nizamladı. Məsələn, bizim ölkə ikinci qrupa aiddir – bizdə mülki məcəllə və ailə məcəlləsi ayrıdır.

Ailə münasibətlərin dünyəviləşmədiyi dönəm və şəraitlərdə nikahın bağlanması, saxlanması və pozulması, eləcə də nikahda doğan və nikahın içində davam edən münasibətlərin tənzimlənməsi tamamilə dinin inhisarında idi. Ailə – tanrıya xoşgələn, tanrıdan xeyir-dua alan, tanrı tərəfindən izlənilən və qorunan, tanrının izniylə dünyaya uşaq gətirən özəl həyat birliyi sayılırdı. Dini təşkilatların, xadimlərin və ayinlərin rolu həlledici olub. Dindənkənar nikahlar qəbul olunmurdu. Bunun bir mənası eyni dinin içində tələb olunan mərhələ və mərasimlərdən keçmək, başqa mənasi isə – fərqli dinlərə aid olan adamların nikahına yol verilməməsilə bağlı olub. Ailələr bəzi dinlərdə poliqam (çoxarvadlılıq, ya da çoxərlik), bəzi dinlərdə monoqam, amma bütün hallarda heteroseksual olub. Bütün dinlər homoseksual əlaqələri günah sayıb, qadağan edib.

nikah-hüququ-tarixMilli dövlətlər qurulanda mərkəzi hökumətlər ictimai münasibətlərdən dini uzaqlaşdırmağa başladı. Buna rahat nail olmaq üçün özəl həyat sahəsində dinin nüfuzu hələ tanınırdı (kompromis kimi). Ona görə ailə münasibətlərində dövlətlər dünyəvi qanunlar yazanda, dinin də rolunu qəbul etməli olurdu. Fransa bu yanaşmanı birdəfəlik qıran ilk ölkə olmuşdur. Napoleon’un Mülki Məcəlləsilə “kilsə nikahı” qadağan olunmasa da, tələb olunmurdu. Dövlət ancaq “vətəndaş nikahını” – yəni, vətəndaş vəziyyətlərini qeydə alan qurumlarda qeydiyyatdan keçmiş nikahı tələb edirdi. Kilsə nikahı hər kəsin özəl həyat seçimi kimi qalırdı, amma dövlətlə münasibətlərdə ailənin tanınması üçün mütləq vətəndaş nikahı lazım gəlirdi.

Milli (dünyəvi) dövlətlərin nikaha belə yanaşması nəyə gərəkdir? Hüquqşünas olmayanların bəzilərinə burası qəribə gələ bilər, amma ailə münasibətlərini nizamlayan qanunlarda nə sevgi, nə mehribanlıq, nə sədaqət, nə də başqa bənzəri tələb var. Bu anlayışların heç birisinin hüquqtutumu yoxdur. Hüquq sevgi və onunla bağlı münasibətləri nizamlaya bilmir, çünki belə münasibətlərdə hüquq üçün önəmli olan üç əsas göstərici yoxdur – qarşılıqlıq, mənafelər və ölçüləbilənlik (sübutolunabilənlik). Sevgi çox vaxt qarşılıqsız olur, ən yaxşı halda hərə bir cür sevir. Sevgidə mənafelər olmur – yəni, sevən sevigisilə seviləndə heç bir öhdəlik yarada bilmir. Nəhayət, sevgi münasibətlərini ölçmək mümkün deyil. Ona görə də siz ailə-nikah qanunlarında belə sözlərə (“sevgi”, “sevmək” və s.) rast gələ bilməzsiniz.

Bəs, elədirsə, dövlətlər niyə ailə-nikah münasibətlərini nizamlayan qanunlar qəbul edir? Nəyi nizamlayır belə qanunlar? Ailə sevgi üzərində qurulumurmu? Evlənənlərin bir-birini sevməsi arzulanmırmı? Əlbəttə, qurulur da, arzulanır da. Amm hüquq üçün (yuxarıda göstərdiyim səbəblərdən) bunların heç birisinin önəmi yoxdur. Dövlətin də marağı yoxdur belə mövzulara.

Dövlət üçün ailə münasibətlərində ictimai maraq doğuran üç böyük mövzu var: 1) mülkiyyət; 2) vərəsəlik; 3) uşaq haqları. Hər yerdə ailə-nikah qanunlarında bütün nizamlama bu böyük mövzular üzərində qurulub. Yaş həddi, qarşılıqlı razılıq, nikah müqaviləsi, boşanma, valideynlik və uşaqların tərbiyyəsi və s. kimi qaydalar da bu üç böyük mövzunun açılmasına xidmət edir. Bir sözlə, dünyəvi qanunların gözündə ailə – əmlak münasibətlərinin nizama salınmasının bir formasıdır. Ailə qanunvericiliyində ülvi hisslər axtarmayın, yoxdur.

ailə-sevgi-nikahDini qanunlarda olduğu kimi, dünyəvi qanunlarda da ailə – heteroseksual birlikdir (son zamanlara qədər hər yerdə belə olub). Heteroseksual birlik təbiidir, nəsilartırandır, qəbuolunandır, anlaşılandır, əmək və məsuliyyət bölgüsü yaradandır, haqq və imtiyaz doğurandır, əmlak münasibətlərinə nizam gətirəndir.

Dünyəvi qanunların heteroseksual nikahlara münasibəti həmişə eyni olmayıb. Dünyəvi dövlətlər ilk növbədə poliqam nikahları qadağan etdi, çünki əmlak münasibətləri, xüsusilə vərəsəlik məsələsində ən çox çaşqınlıq yaradan poliqamiyadır. Sonra cehiz və gəlinpayı kimi münasibətlər hüquqdan çıxarıldı. Qadağan olunmasa da (buna görə cəza yoxdur), tələb də olunmadı. Daha sonra bakirəlik tələbi aradan götürüldü (dini qanunlarda, patriarxal cəmiyyətlərdə bakirəlik çox vacib tələb idi). Sonra valideynlərin icazəsi çıxarıldı. Nikah – ancaq evlənmək istəyənlərin qarşılıqlı razılığı əsasında bağlanırdı. Sonra “qanunsuz uşaqlar” məsələsi qadağan olundu. Əvvəllər ancaq nikahda doğulan uşaqların vərəsə olmaq haqqı tanınırdı, nikahdankənar doğularnlarınsa belə haqqı olmurdu, ona görə (mülkiyyət baxımından) onlara “qanunsuz uşaqlar” deyilirdi. Dünyəvi qanunlarda nikahdankənar doğulan uşaqların nikahda doğulanlarla eyni haqları var və onları dünyaya gətirən insanların valideynlik haqq və vəzifələri tamdır. Yəni, dünyəvi qanunlara görə, uşaq haqları baxımından nikahın olub-olmaması heç nəyi dəyişmir. Sonra boşanma qaydalarına da dəyişiklik edildi. Bir sıra dinlərdə boşanma qadağan olduğu halda, dünyəvi qanunlar buna icazə verməli oldu (yənə də əmlak münasibətləri baxımından). Nikah müqaviləsi, əslində, boşanmanın şərtləri haqqında öncədən (nikaha girərkən) bağlanan sazişdir.

Bütün bunlarla yanaşı, dünyəvi qanunlarda hələ də bir sıra məhdudiyyətlər qalırdı. Məsələn, uzunmüddət irqlərarası nikahlara qadağa vardı. Başqa dövlətlərin vətəndaşlarıyla nikaha girməyin də şərtləri çox çətin olduğu dönəmlər olmuşdu. Lakin, ümumilikdə, dünyəvi qanunlarda nikah münasibətləri getdikcə liberallaşırdı. Önəmli olan odur ki, liberallaşma həmişə heteroseksual çərçivədə qalırdı.

nikah-homoseksual-lgbtSon zamanlar nikah münasibətlərində liberallaşma heteroseksual çərçivəni aşmağa başlayıb və bu aşma getdikcə genişlənir (daha çox ölkəni əhatə edir). Bu prosesin getdiyi hər yerdə təəssüf, tənqid və etiraz doğuran da budur.

Homoseksuallığa qarşı olmağın bir anlamı yoxdur. Özəl həyat seçimlərinə hörmətlə yanaşılmalıdır. Məsələ sırf özəl həyat səviyyəsində qalsaydı, bu haqda danışmağa da dəyməzdi (heç bir problem olmayacaqdı). Amma burada söhbət homoseksuallığın ictimailəşdirilməsindən gedir (public manifestation of homosexuality).

Homoseksuallar bu məsələdə, əslində, nə istəyir? Onlara sekslə məşğul olmağa, bir yerdə yaşamağa mane olan yoxdur, hüquqda buna qadağa qoyulmayıb. Problem nədədir? Homoseksualların hədəfi başqadır. Onlar, nikahlarının rəsmiləşdirilməsi vasitəsilə, əmlak münasibətlərinin tanınmasını istəyir. Onlar da vərəsə olmaq, sığorta, ölmüş həyat yoldaşına görə müavinət almaq, uşaqları övladlığa götürmək və s. istəyir. Nikah onlara bunun üçün lazımdır. Nikahsız bunları edə bilmirlər.

Müəllif: Erkin Qədirli

Beyenmeler
0   2  
VN:F [1.9.16_1159]
Rating: +9 (from 9 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

ŞƏRQ AİLƏSİ VƏ ŞƏRQ QADINI

şərq-qadınıŞərq ailəsində qadın.
Əvvəla, mənim mövqeyim ona əsaslanır ki, mən Şərqin qədimliyini ideallaşdırmaq fikrində deyiləm. Şərqdə nigah, ailə munasibətləri istər Yaponiyada, istər Hindistanda, istər Yaxın Şərqdə, müsəlman svilizasiyasında – mən burda ideal bir şey görmürəm. Bu, əsas etibarı ilə köləlik prinsipləri üzərində qurulan bir ailədir. Yenə də qeyd edirəm, istər Çin olsun, istər Yaxin Şərq olsun, kişinin üstünlüyü- qadının tabeçiliyi üzrə qurulan ailələrdir. Və uzun əsrlərdir bu belə davam edir, əslində, qadının bu qapalı dairədən çıxmağa şansı da olmayıb. Bütün cəmiyyət də onu itələyib ailəsinə ki, “otur oturduğun yerdə.”
Qərblilərin niyə belə marağı var şərq ailələrinə, eyni zamanda müsəlman ölkələrinə? Ona görə ki, ordakı qadınlar hələ köhnə süurun daşıyıcılarıdır, onlar ailəyə gəlirlər, onların dözüm imkanları çoxdur, hər şeyə səbir edirlər. Amma misalçün, sosioloqlar bilirlər ki, Şərqdən Qərbə köçən ailələrdə, o cümlədən müsəlman ailələri olsun, istəyir lap Çin ailələri olsun, Qərbə gəlib çatan kimi bir müddət sonra boşanmalar onların da ailələrində baş verir. Bu niyə görə belədir? Qərbin özünün bu sahədə narahatçılığı var. Qərb son əsrlərdə çoxlu sosial ekpermentlər edir, müşahidələr aparır, bu çox yaxşıdır. Əsrlərlə yığılıb qalmış problemləri, qadınların azadlığı məsələsini müzakirə edir.
Bu ayıbdır ki, qadının fiziki və bəzən intellektual baxımdan kişiylə ayaqlaşa bilməməsi səbəbindən bütün sivilizasiya patriarxat rəng altında quruldu? Və Avropa bunu təhlil eləyir. Amma o, təhlil etdikcə zaman dəyişir, yeni ailə idealını formalaşdırmağa imkan tapa bilmir və daxili bir şok keçirir. Qərb ona görə bir qədər ehtiyatlı olsun deyə, hardasa özünü sığortalasın deyə, Şərqə müraciət eləyir ki, bəlkə, orda ideal bir model vardır. Mən hesab edirəm ki, Şərqdə ideal ailə modeli yoxdur.Yaxşı bir şeylər olubsa da, bunu davam etdirmək lazım idi, həyat həmişə davam etməlidir. Bu gün biz yaşayırıqsa, yeni ailə modeli haqqında fikriləşməliyik, öz həyatımızı yeni, dəyişən həyata uyğun olaraq hesablamalıyıq.

Azərbaycan_ailəsiTürklərdə ailə və qadın.
Azərbaycan türklərinin qadına münasibəti digər Şərq xalqlarının münasibətindən fərqlənir, çünki türklər köçəri həyat sürüblər. Köçəri həyat tərzi sürəndə sənə qul-kölə lazım deyil, sənə yoldaş lazımdır, at üstündə gedən və sənə kömək edən. Fikir verin ki, türklərdə quldarlıq da olmayıbdır, quldarlıq oturaq svilizasiyalarda olur. Türkün həyat tərzi ona imkan verməyib ki, qadınını çox da kölələşdirsin, o, onun yoldaşı idi, onunla birlikdə döyüşürdü. Misal üçün, Dədə Qorqudu yada sala bilərik. Bunlar mobil xalq idilər, onlara kölə lazım deyildi, kölə istənilən vaxt mobil xalqın içindən qaçıb gedə bilər. Burda sədaqət prinsipləri, hamının birlikdə işləməyi lazım idi, ona gorə türk ailəsində bəzi spesifik fərqlər var idi. Bilirsiz, qadın ilə kişi arasında fərq var. Qadın daha çox zəriflik xüsusiyyətini özündə əks etdirir, gözəllik, məlahət. Yəni, insanlıq keyfiyyətlətinin bu tərəflərini özündə daha qabarıq şəkildə əks etdirir. Kişi də daha çox möhkəmlik, sərtlik, dəyanət. Bu çinlilərin bir yaxşı fəlsəfəsi var, “İn-yan” fəlsəfəsi. Bütöv dairənin içərisində qadın və kişi başlanğıclarının harmoniyasını veriblər. Orda maraqlı bir nüans var ki, qadın başlanğıcının içində kişilik cücərir, kişi başlanğıcının içində isə qadınlıq cücərir. Əslində hər bir kişi daxilində bir qədər qadında olan insani keyfiyyətləri də özündə daşımalıdır. Yoxsa o, çox kobud bir adama dönər. Kişidə bir qədər zəriflik olmasa, o, heç vaxt həqiqəti dərk edə bilməz, o heç vaxt musiqiçi ola bilməz, o harmoniyanı duya bilməz. Eyni zamanda, həqiqəti qorumaq üçün qadına da bir qədər sərtlik, dəyanət lazımdır. Bəşər özünü elə yaratdı ki, bütün fərqlər problemə çevrildi: dəri fərqləri, dil fərqlər problem yaratdı. Mədəniyyət fərqləri, cins fərqləri, din fərqləri… Allah müxtəlifliyi sevir, amma insan muxtəlifliyə dözə bilmir və bundan çeşidli problemlər çıxarır.

qloballaşma-ailəQloballaşmanın təsiri necə olacaq bizim ailələrə?
Qloballaşma inteqrasiya stiuasiyasi yaradır, xalqlar bu vaxta qədər olmadıqları qədər birbirinə yaxın olublar. Mədəniyyətlərin də bir-birinə sirayət etmə imkanları çoxalıb. İnternet, tv, tərcümələr, kinolar, musiqilər vasitəsiylə bu təsirlər bir-birindən öyrənmə situasiyası yaradır. Biz nədənsə qərbdən texnika götürməyi, onlardan texnologiya öyrənməyi xoşlayırıq, amma Qərbin sosial və hardasa ekzistensial sahədəki müşahidələrini əsasən, cəmiyyətdə birmənalı olaraq itələmə mövqeyindən yanaşırıq. “Bu yaxşı deyil”! Məsələn, müasir ailədə kişi qadın bərabərliyi məsələsi, yəni, kişinin bəzi üstünlükləri var, təbii ki. Məsələn, kişilər çalışırlar ki, qadınları ondan çox pul qazanmasın, çünki onda onlar hakimiyyətini itirərlər,ona görə də birdən tale elə tərs fırlanır ki, qadın kişidən daha çox pul qazanmağa başlayır və onda ailədə balans pozulur, çünki bu, əslində, dərinə baxanda, insanilik problemidir. Əsrlərlə davam edən, kişinin hegemonluğu üzərində qurulan münasibət insanilik baxımından qüsurlu münasibətdir. Bunlar təhlil olunmalıdır. Bu zaman bizim həyatımız təbii ki, yaxşıya doğru dəyişəcək… Bu,”malı-məli” şəkilçisiylə gələn tələblər çox təhlükəli tələblərdir. “Qadın belə olmaldır”,”kişi elə olmalıdır”. Bəli,ümumi məcralar var, onları inkar etmək olmaz; qadın qadınlığını itirməməlidir, kişi kişiliyini itirməməlidir. Bu birmənalıdır, amma bunun içində o qədər rəng çalarları var, o qədər özünəməxsusluqlar var ki… Mədəniyyət bütün bunlara qarşı hücumundan geri çəkilməlidir.

Müəllif: Müşfiq Şükürov (AzTV, “Səadət” verilişindən çıxışı)
Hazırladı: Nərmin Heydərova

Beyenmeler
0   2  
VN:F [1.9.16_1159]
Rating: +10 (from 14 votes)

Nərmin Heydərova

Fitret.az yazarı. Müəllim.

 
Facebook

ƏLİF ŞƏFƏQ – “EŞQ”

elif-şafak-aşkƏlif Şəfəq,  25 oktyabr 1971-ci ildə Fransada, Strasburq şəhərində dünyaya gəlmiş türk əsilli yazardır. Atası sosial psixoloq Nuri Bilgin, anası diplomat Şafak Ataymandır. Doğulandan qısa bir müddət keçəndən sonra atası və anası ayrılıb, anasının himayəsində böyüyüb və soyadı kimi anasının adını götürüb. Orta təhsilini anasının çalışdığı yer olan Madriddə, daha sonra lisey təhsilini “Ankara Atatürk Anadolu Lisesi”ndə alıb. Ali təhsilini Orta Şərq Texniki Universitetinin Beynəlxalq Əlaqələr fakültəsində alıb. Onun 2009-cu ildə çap edilən Eşq (Aşk) adlı romanı ən qısa müddətdə ən çox satılan türk romanı olub. Əsər ingilis dilində yazılıb.

Ella Rubenşteyn 40 yaşlı evdar qadındır. Tipik burjua dəyərlərinin hakim olduğu çox varlı ailəsi, görüntüdə olduqca sağlam və problemsiz ailəsi var. Üç uşağını böyütdükdən sonra bir nəşriyyatda redaktor assisenti kimi işə düzəlir. İlk işi A. Z. Zahara adlı tanınmamış bir yazıçının təsəvvüf fəlsəfəsi mövzusunda olan tarixi romanı “Eşq şəriəti”  haqqında rəy yazmaqdır. Lakin həyatının kritik məqamında əlinə aldığı bu kitab, heç gözləmədiyi şəkildə Ellanı sarsıdacaq, dünyəvi eşqi kəşf etmək adına çətin və təhlükəli bir yolçuluğa çıxmasına səbəb olacaqdır.
Həyatımızın durğun gölünü dalğalandıran daş misalı…
A. Z. Zaharanın  “Eşq şəriəti” adlı əsərində Mövlanə və Təbrizli Şəms arasındakı ilahi eşqdən söz açılır, Şəmsin dilindən sufilərin 40 qaydası qələmə alınır. Sufilərin 40 qaydası tamamilə Əlif Şəfəqin xəyal gücünün məhsuludur.

KİTABDAN SEÇMƏLƏR:

Daş çaya düşəndə təsiri bilinmir. Suyun üzü azca aralanır, dalğalanır. Aşkar-gizli bir cür səsi çıxır, axıntının ortasında belə eşidilmir, uğultuda itir. Olub-qalanı ancaq budur.
Amma bir də eyni daş gölə düşsün… Təsiri daha davamlı, sarsıdıcı olur. O daş var ha, o daş durğun suları təlatümə gətirir. Daşın suya dəydiyi yerdə əvvəl bir halqa yaranır. O halqa tumurcuqlanır, o tumurcuq çiçəklənir, elə hey açır, pardaqlanır. Göz açıb-yumana qədər balaca bir daş başa nə işlər aça bilər. Bütün səthə yayılır əksi, bir də baxırsan ki, hər yeri bürüyüb. Ta ki ən sonuncu həlqə də sahilə çırpılıb yox olanadək həlqələrdən həlqələr yaranır.

İnsan illərlə çalışır, öz sözlüyünü yaradır. Əhəmiyyət verdiyi hər anlayışa bir təyin tapır. “Həqiqət”, “xoşbəxtlik”, “gözəllik”, “qürur”,” etibar”, “sədaqət…”. Həyatın hər mühüm dönəmində öz şəxsi sözlüyünü açıb baxırsan. Vaxtilə etdiyin tanımları bir daha hələ-hələ soruşmursan. Qəfildən bir gün, bax, o yad adam gəlir, qiymətli sözlüyünü götürüb tullayır. “Bildiyin hər şeyi unutmaq vaxtı çatdı”- deyir.
Sən sorğu-sualsız sahib çıxdığın hər təyini yenidən yazmağa başlayırsan.

Bu dünyada baş verən münaqişələrin, davaların “din problemi” yox, “dil problemi” olduğuna inanırdı. İnsanlar bir-birlərini mütəmadi səhv başa düşür, bir-birləri haqqında səhv hökmlər verirdilər. “Səhv tərcümələrlə” yaşayırıq. Belə bir dünyada hər hansı məsələdə inadkar olmağın nə mənası vardı?! Ən güclü qənaətlərimiz də adi bir səhv başa düşmədən yarana bilərdi. Çünki həyatda heç bir məsələdə sabit fikirli, qəti olmağa ehtiyac yox idi: axı yaşamaq demək daim dəyişmək deməkdir.

Yolun ucunun haraya gedəcəyini düşünmək bihudə cəhddən ibarətdir. Sən sadəcə atacağın ilk addımı düşünməyə borclusan. Gerisi onsuz da, öz-özünə gələcək.

Dünya nəhəng qazana bənzəyir. İçində mühüm xörək bişir. Gördüyümüz, hiss etdiyimiz, söylədiyimiz, hətta düşündüyümüz hər şey ədviyyat kimi o qazana daxil olur. Ona görə də bu dünyəvi xörəyə nə qatdığımızı özümüzdən soruşmalıyıq. İncikliklər, ehtiraslar, qan davaları və zorakılıqlarmı? Yoxsa eşq, inam, ahəngmi?

Dünyanın lütf etməsi, yaltaqlanması xoş loxmadır, amma az ye.
Çünki oddan bir tikədir!
…mədh edilmək dadlıdır. Qınanmaq acı olduğundan dərhal pis görünür.
Halbuki qınanmaqdan da ululuq gəlir, sına və bax!

Allah, eşqi dərya-dəniz kimidir. Öz xasiyyətinə görə hər insan ondan su götürür. Amma kimin nə qədər su götürəcəyi qabının böyüklüyündən asılıdır. Kiminin  qabı çəllək, kiminin ki tuluq, kimininki bardaqdır, kimininki səhəng.

Eşqin heç bir təyinə ehtiyacı yoxdur.
Azad dünyadır, eşq. Ya düz ortasında, mərkəzindəsən, ya eşiyində, həsrətində.

Hazırladı :  Psixoloq Rübabə

Beyenmeler
0   2  
VN:F [1.9.16_1159]
Rating: +13 (from 15 votes)

Psixoloq Rübabə

Fitret.az yazarı. Psixoloq.

- Sayt ünvanı