SAVAŞ NƏDİR?

Xüsusi


xerosima naqasaki-nüvə savaşıSavaş
kəliməsi  qarşıdurma və mübarizə mənalarına gəlir. Hərbi termin olaraq: təşkilati güclər arasındakı qarşıdurmadır. Təşkilati güc:  bir dövlət, yaxud insanlar üzərindən idarə edilən bir qurum ola bilər. Önəmli olan fərdləri aşan bir quruluş tərəfindən nəzarət edilməsi və təşkilati şəkildə inkişaf etməsidir. Kütlələri sövq edən bir hadisə olduğu üçün “siyasi şiddət” olaraq da təyin olunmuşdur. Müasir zamanlarda siyasi birliklərin silahlı toqquşması mənasını verir. Kəlimə olaraq mənası çoxdur və müxtəlifdir. Hərbi termin olaraq öz içində bir çox anlama malikdir. Nümunə üçün bir neçəsini açıqlayaq:

Ənənəvi savaş: Açıq döyüş yolu ilə düşmən tərəfin zərərsizləşdirilməsi cəhdidir. Dövlətlər arasında elan edilir. Nüvə, kimyəvi, bioloji silahlar istifadə edilməz. Cəbhə döyüşü olaraq da bilinir. Cəbhələrdə, odlu silahların istifadəsi ilə formalaşan döyüş növüdür. Qarabaş Savaşı buna misaldır.
Qeyri-ənənəvi savaş: Qələbənin silahsız yöntəmlə təmin edilməsidir. Beyət, təslimiyyət, gizli dəstək və kapitulyasiyalar yolu ilə mübarizə aparmaqdır. Soyuq Savaş və Amerikan-Sovet çəkişməsi buna nümunədir.
Nüvə savaşı: Nüvə silahları ilə edilən müharibə. Döyüşün taleyini nüvə gücü təyin edir. Tarixdə nüvə savaşı yaşanmayıb, ancaq Xerosima və Naqasakinin bombalanması nümunə ola bilər.
Daxili savaş – Vətəndaş müharibəsi: Savaşan güclərin eyni ölkə, ya da eyni siyasi mühitə mənsub olduğu qarşıdrumadır. Ümumiyyətlə inqilab deyilə biləcək yenilənmə hərəkatlərında, ya da imperialist güclərin ölkə siyasətinə müdaxiləsi ilə ortaya çıxır. İspan Vətəndaş müharibəsi, Amerika Vətəndaş Müharibəsi buna nümunədir.
Asimmetrik savaş: Hərbi tutumu bir-birindən fərqli qruplar arasında olan müharibə. Asimmetrik döyüşlər ümumiyyətlə partizan savaşı ilə nəticələnir. Bu da, tutumu qeyri-kafi qrupun birbaşa vuruşmadan qaçaraq böyük qrupun boşluqlarını axtarışıdır. Beləliklə kiçik, amma təsirli olan belə döyüşlər çox uzun sürür. ABŞ-İraq müharibəsi buna nümunə verilə bilər.

LÜĞƏTDƏ SAVAŞ  NƏDİR

1. Dövlətlərin diplomatik əlaqələrini kəsərək girişdikləri silahlı mübarizə
2. Uğraşma, döyüş, mübarizə.
3. Heyvanların bir-birləriylə etdiyi mübarizə
4. Bir şeyi aradan qaldırmaq, yox etmək məqsədiylə girişilən mübarizə

Tarix termini olaraq: Bir cəmiyyətin başqa bir cəmiyyətə, istəyini mənimsətmə məqsədiylə bütün imkanları və gücləriylə etdikləri nizamlı hücum.
Sosioloji termin olaraq: Başqa cəmiyyətləri, toplumları istismar etmək üçün, ya da onların istismarından azad olmaq üçün insan cəmiyyətlərinin, toplumların girişdikləri silahlı döyüş.

Mənşəcə: Sav (söz) kəliməsinə artırılan +Aş əlavəsi ilə törədiyi ehtimal olunur. Bu minvalla döyüş, mübarizə, münaqişə mənalarına qədər təkamül edir.
Qarşılığı: Hərb: <Ərəbcə <Aramicə χarbā qılınc və ya mizraq <İbranicə χəreb <Akaddca χarbu kəsici alət; Müharibə: Ərəb muHārabat- döyüşmə <Aramicə Haraba-döyüşdü; Cəng: Farsca Cang جنگ döyüş = Ave yang- böyük hadisə, hadisə, həngamə; Cidal: Ərəbcə qarşıdurma, mübarizə, müzakirə <Aramicə cadala جدل burdu, ip hördü, qüvvətlə gərdi kəlimələridir

savaşan spermaNƏ ÜÇÜN SAVAŞIRIQ?

Dövlət, insanlar üzərindəki təşkilati güc formasında ortaya çıxmışdır. Savaş, insanlığın təməlindəki bir impuls ola bilər. Təbii ki, savaşa hansı tərifi verməmiz çox əhəmiyyətlidir. Savaş bir mübarizə, bir fəaliyyətdirsə, o zaman bütün canlılarda mövcuddur. Savaş digərlərini öldürmək mənasını gəlirsə; bu insan istisna olmaqla, təbiətin heç bir tərəfində yoxdur.

Savaşı mübarizə mənasıyla ələ alsaq, bütün təbiət savaş halındadır. Atom altı parçacıqların mübarizələri, elementlərin fərqliliyi, fiziki reaksiyalar, hüceyrənin meydana gəlməsi, mutasiya, genetik fərqlər və s. bütün hadisələr əleyhdar hərəkətlərin qarşıdurmasına səhnə olur. Döyüşü digərlərini yox etmək olaraq ələ alsaq; bu təbiətin heç bir yerində yoxdur və yalnız insanın anlayışına məxsusdur. Təbiət bir şeyi yox edər görünsə də, bu, mübadilə və digərlərini yaşatmaq üçündür. Halbuki insan yox edəndə bu yalnız öldürmək məqsədini daşıyır. Hər insan da deyil, müasir insan bunu etməkdədir. Döyüşlər milyonlarca ildir davam edir, ancaq XX əsrdən etibarən heç əlaqəsi olmayan insanlar ölməkdədir. Savaşla əlaqəsi olmayan, hər hansı bir məsuliyyəti olmayan şəxslərin öldürülməsi müasir insanın savaş anlayışıdır.

II Dünya Savaşından sonra sadəcə məğlub olan tərəf mühakimə edilmişdir. (c)

II Dünya Savaşından sonra sadəcə məğlub olan tərəf mühakimə edilmişdir.

MODERN İNSANLAR ÜÇÜN SAVAŞ NƏDİR?

İkinci Dünya müharibəsində təxminən 70 milyon insan ölmüşdür. Bunun 70% -i sivil (dinc əhali) ölümlərdir. Yəni hərbi təyyarələr evində oturan insanların üstünə bomba yağdırmışdır. 1980-ci illərdən sonra isə, döyüşlərdəki ölümlərin 90% -i sivildir. Get-gedə artan bir axmaqlıq görməkdəyik. Ən köhnə çağlarda yalnız döyüş meydanında, hətta bəzən ən yaxşı döyüşçülərin təmsilçiliyi ilə həll edilən qarşıdurmalar, zamanla günahsız insanlara yayılmışdır. Bu gün Fələstin və Pakistanda terrorla mübarizə adı ilə bombardumanlar edilir, pilotsuz təyyarələr və mərmilərlə çoxlu dinc sakinlər öldürülür. Və bunları dünyanın ən inkişaf etmiş ölkələri edir.

Savaşlar qaynaqların idarəsi üçün başladı. İlk öncə qida, ya da su qaynağı, indi isə enerji qaynaqları. Bu minvalla gələcəkdə səbəb yenə qida qaynaqları olacaq. Müasir olmaqla öyünən, aydınlanmış insanlıq hələ də milyonlarla illik bir fəaliyyəti davam etdirməkdədir. Üstəlik gedərək daha əxlaqsız bir şəkildə. Əvvəllər rəqibini belə öldürməyən insanlar, indi əlaqəsi olmayan insanları öldürməkdən çəkinmir. İlk öncə həyati ehtiyaclar üçün savaşmışdıq. Daha sonra bunu daha da artırmaq üçün döyüşdük. İndi yalnız bir heçlik üçün əlaqəsiz insanları öldürürük. İlk əkinçilik dövlətlərində kafi məhsul toplaya bilməyən insanlar qarın doyurmaq üçün qonşu dövlətlərə hücum edirdilər. Daha sonra bir az daha irəli getdik və müqəddəslik, yaxud iqtidar adı altında daha çoxuna meyl etdik. Bu azmış kimi, sənaye ortaya çıxdı və problem yalnız istehlak oldu. İstehlak üçün heç bir məlumatı – əlaqəsi olmayan iki qitəni qətl edərək istismar etdik. İstismar az gəldi və köhnə qitədə da iki dünya müharibəsinə yol açdıq. İndi müasir insan ənənəvi savaşları buraxmış görünür. Nüvə bombası ilə dəqiqələr içində bütün insanlığı yox etmə təhlükəsi varkən, ənənəvi savaşın olmaması anlaşılandır. Ancaq heç bir şeydən xəbəri olmayan günahsızların öldürülməsi artaraq davam etməkdədir. Nə hikmətsə, bu, inkişaf ilə paraleldir.

İŞİD-terrorTERROR adı verilən və çox nisbi olan bir fəaliyyəti ələ alaq. Terroru günahsız insanlara qəsd edən zərərli fəaliyyət olaraq görürük. Yəni bir məqsədi olan insanlar o məqsəd uğruna, o məqsədə aid olmayan insanları öldürməkdədir. Müasir döyüşlərdəki günahsız insanlara qəsd etmə tutumu burada da özünü göstərir. Ən inkişaf etmiş dövlətlər belə bunu edərkən, üç- beş vəhşinin də bunu etməsi gözlənilən bir şeydir. Nəticə olaraq siyasi liderlərin qəbahətini cəmiyyətə ödətdirən inkişaf etmiş dövlətləri və iddialarından xəbərsiz günahsız insanları öldürən terroristləri görməkdəyik.

Terrorist cahil olduğu üçün bunları edir. İdeologiyasına zidd insanları öldürmənin özünə zərər olduğunu bilmir. İnkişaf etmiş dövlətlər isə bu cahilliyi aydınlanma adı ila edir. Yüksək, müqəddəs hədəflər üçün; mədəniyyət adına insanları yox edir. Məsələn, ABŞ. İraq və Əfqanıstanda Azadlıq Əməliyyatında 1 milyon vətəndaşı öldürərək necə mədəniyyət aparmağı planlaşdırır? İnsan özünü belə düşünməməyə başlamışdır. Bunu həmişə xatırlamaq lazımdır: Hər hərəkətin bir qarşılığı vardır. Müasir insanın cinayətləri yanına qalmayacaq. Hər şeyin bir qarşılığı, bir hesabı yoxsa, niyə yaşayaq ki?

Mənbə: www.dmy.info
Hazırladı: Vüsaləddin Rüstəmov

Beyenmeler
0   4  
VN:F [1.9.16_1159]
Rating: +7 (from 7 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

92 YAŞLI ŞİMON PERESİN NİTQİ

Xüsusi

Şimon Peres “Biz öz torpağımıza qovuşmağı arzulayırdıq, ancaq əldə etdiyimiz torpaq yaxşı deyildi. Yaxın Şərqin mində bir hissəsi olan balaca kəsik idi. Bu torpaq bizə o qədər də yaxşı münasibət göstərmədi. O, bataqlıq, həşəratlar, səhra və daşlardan ibarətiydi. Onun iki gölü vardı, biri ölüydü, ikincisi də ölürdü. Məşhur çay var idi, amma suyu qurumuşdu. Doğrusu, su adlı şey ümumiyyətlə mövcud deyildi. Heç bir təbii resurs da yox idi, nə qızıl, nə də ki neft. O zaman deyirdilər ki, Yaxın Şərqdə iki cür ölkə var: neft ölkələri və müqəddəs ölkələr. Bizimki tər-təmiz müqəddəs idi, çünki heç nəyi yox idi.

Biz tənhaydıq. Dini baxımdan qardaşlarımız, dil baxımdan bacılarımız, tarixi baxımdan da qonşularımız yox idi. Bütün bunlar isə Holokostdan sonra baş verirdi. Biz ora gələndə, ümumiyyətlə bilmirdik nə edək. Sözün həqiqi mənasında bilmirdik.

Onda biz fikirləşdik ki, təbiətin ən böyük sərvəti elə insandır. İnsanlar torpağı zənginləşdiriblər, torpaq insanları deyil.

Hamımız alim olduq. İsraildə hər bir fermer, hər bir əkinçi kənd təsərrüfatını susuz, torpaqsız inkişaf etdirmək üçün yollar aramağa başladı. Biz onu inkişaf etdirməyə başladıq. Bu, dünyada hay-tek əsasında qurulan ilk kənd təsərrüfatı oldu. Mən özüm həmin dövrdə Kənd təsərrüfatı universitetində tələbə idim, biz suvarmanı yaxşılaşdırmaq istəyirdik, ağacları isti suyla suvarırdıq, düşünürdük ki, onda daha yaxşı bitəcəklər.

Nə qədər təəccüblü olsa da, bəlli oldu ki, kənd təssərrüfatı təkcə torpaqda deyil, hay-tek əsasında da işləyir. Bu gün bizim kifayət qədər suyumuz var. Suyu adətən tapırlar, yaratmırlar. Biz isə onu yaratmağa başladıq. Buna nail olduq. Biz duzlu suyu şirinləşdirməyə başladıq, çoxlu “su içməyən” tərəvəzlər axtarmağa başladıq, seleksiyayla məşğul olduq. Bu da sizinçün əsl sirr: gələcək üçün vacib olan tapdıqlarınız deyil, istehsal etdiklərinizdir.

israilBizim insanlarımız, silah-sursatımız yox idi, heç zaman müharibə etməmişdik. Biz cəmi 450 min nəfər idik, nə generallarımız, nə də hərbi təcrübəmiz vardı. BMT İsrail dövləti yaratmaq qərarına gəlmişdi, ancaq faktiki olaraq müharibə gedirdi. Biz nə edə bilərdik? İki seçim vardı.

Birincisi – insanlar cəsarətli və şücaətli olmalıydılar. Onlar başa düşməliydilər ki, başqa seçim yoxdur – biz ancaq qalib gəlməliyik. Əgər cəmi bir dəfə məğlub olsaq – vəssalam.

İkincisi – silahımız olmadığından onu istehsal etməyə başladıq. Ordunu qurmaq üçün İT-ni inkişaf etdirməli olduq. İsrailin İT sektoru orduda işləyirdi. Çünki biz düşmənlərin mühasirəsində tək başına qalmışdıq.

Məndən bəzən soruşurlar: arxaya baxanda, ən böyük səhvləriniz hansılardır? Mən cavab verirəm: biz fikirləşirdik ki, arzularımız böyükdür. İndi isə başa düşürük ki, onlar elə də böyük olmayıblar. Daha çoxunu arzulayın. Arzunuz nə qədər çox olsa, o qədər çoxa nail olacaqsız.

Bunu sizə niyə danışıram? Mən hələ də gənc qız və oğlanlara deyirəm: dostlar, sizdə sizin düşündüyünüzdən daha çox şey var. Sizdə torpağın sizə verəcəyindən daha çox şey var. Siz sizə verilməyən nəsnələri istehsal edə bilərsiniz. Bu hər kəs üçün bir dərsdir.

Ukrayna kənd təsərüffatı sahəsində dünyanın ən vacib ölkələrindən biridir. Siz həqiqətən çox şey ortaya çıxarırsız və siz kənd təsərüfatından imtina etməməlisiz – siz modernləşdirməyi, resursları və xalqın istedadını birləşdirməyi bacararsız və bunu etməlisiz.

Hər bir insanın çox böyük potensialı var. Ancaq onların hamısı biraz tənbəldirlər. Nəyəsə nail olmaq istəyirsinizsə, işləmək lazımdır. Heç nə göydən düşmür. Biz İsraildə hədsiz çox işlədik. Bunda pis nə var? Başa düşmürəm…

İnsanlar məzuniyyətə gedirlər, bu boş vaxt itkisidir. Mənim artıq 90 yaşım var və heç vaxt məzuniyyətdə olmamışam. Mənə deyirlər: “Sən anormalsan? Bəs necə istirahət edirsən?”. Mən işləməyi üstün tuturam. İş mənə sevinc bəxş edir.

Və heç vaxt pessimist olmayın – bu özü də vaxt itkisidir, xüsusilə dövr dəyişəndə.

11214084_845846942160548_252928936489389354_nElmin dalınca getmək lazımdır. Elmin sərhədləri, hüdudları yoxdur, elmin refleksləri olmur. Keçmişin problemlərini həll etməyə çalışmayın, mən bilmirəm, ümumiyyətlə, bu mümkündürmü ki. Keçmiş ümumiyyətlə heç bir rol oynamır. Sadəcə köhnə səhvləri təkrarlamamaq üçün onu öyrənin. Keçmişdə gələcək və ümidlər yoxdur.

İnsanların əksəriyyəti təqdim etməkdənsə, xatırlamağı üstün tutur – bu ən böyük səhvdir. Nəyi xatırlamaq istəyirsiz? Buraxılan bütün səhvlərimi? Tarixə bel bağlamaq olmaz. Tarixçilər hökmdarların və hakimiyyətdə olanların carçıları olublar, nə deyilməlidirsə, onları deyiblər.

İnsanlar nədənsə qorxurlar… Ancaq bizim axırımızın necə olacağını təkcə tanrı bilir.

Sizin gənc nəsliniz möhtəşəmdir. Ancaq mənim onlarda bəyənmədiyim xüsusiyyət siyasətçilərə nifrət etmələridir. Onlar deyirlər: Siyasət çirklənib, o bizə görə deyil. Mən isə deyirəm: siz dürüstsünüz, siz dürüst siyasət istəyirsiniz – o zaman gedin dürüst siyasətlə məşğul olun.

Bütün bunların hamısı mənim keçmişdən aldığım dərslərdir.

Məndən necə aktiv qalmağı soruşan insanlar var. Cavab sadədir. Yaddaşınızda olan nailiyyətlərinizi və arzularınızı hesablayın. Əgər arzularınız nailiyyətlərinizdən çoxdursa, deməli, siz hələ gəncsiniz. Əksidirsə, deməli, siz qocalmısınız.”

Mənbə: ann.az  (Tərcümə: Cavid Ramazanlı)
Hazırladı: Naz Ramizqızı

Beyenmeler
0   4  
VN:F [1.9.16_1159]
Rating: +31 (from 35 votes)

Naz Ramizqızı

Fitret.az yazarı. Tələbə.

- Sayt ünvanı

 
TwitterFacebook

“SANDIQ”LARIM

Xüsusi

savaş“SANDIQ”LARIM…

Mən sandım ki, bütün uşaqlar həmişə xoşbəxt olur… müharibənin ortasında ölüm qalım savaşı verən uşaqları görənə qədər..
Mən sandım ki, müharibələrdə ancaq haqsız tərəf itki verir..
Mən sandım ki, bütün atalar hamıdan güclüdür, “şəhid” atasının çarəsizliyini görənə qədər..
Mən sandım ki, anamı kimsə üzə bilməz, mənim ağladığımı görüb nə qədər üzüldüyünü görənə qədər..
Mən sandım ki, təsir həmişə əks təsirə bərabərdir, təsirin təsirsiz qaldığını görənə qədər..
Mən sandım ki, kimsə bir-birini incitmək istəmir..
Mən sandım ki, incidən hər kəs könül almasını da bilir..
Mən sandım ki, hər şey həmişə pis getməyə də bilər..
Mən sandım ki, dəyər verdiyi qədər dəyər görər insan, dəyər verdikcə dəyərsizləşdirənləri görənə qədər..
Mən sandım ki, hər kəs hər şeyi edər deyə bir şey yoxdur.. Bəzi insanlar bəzi şeyləri etməyəcək qədər çox sevir bizi..
Mən sandım ki, sevgi olan yerdə maneələr toz yığını qədər mənasızdır..
Mən sandım ki, “sevirəm” deyən hər kəs həqiqətən sevir..
Mən sandım ki, hiss edilməyən heç bir duyğu dilə gətirilmir..
Mən sandım ki, gerçək duyğuların olduğu yerdə “söz vermək” deyə bir şeydən söhbət gedə bilməz..
Mən sandım ki, bəzi insanlar “SÖZ”süz güvəniləcək qədər etibarlıdırlar..
Mən sandım ki, hesablamalar ancaq mühasiblərin işidir, münasibətlərdə “hesab-kitab” söhbəti olmur..
Mən sandım ki, “doğma olmaq ” qan qohumu olmaqla əlaqəli deyil.. Nə “doğma”lar var “yad” olduğumuz..
Mən sandım ki, əsl dostluqlar heç bitmir.. Ən yaxın dostumun mənə ayıracaq vaxtının olmadığını görənə kimi..
söz verməkMən sandım ki, tarix heç vaxt təkrarlanmır, eyni zərbəni eyni insandan təkrar- təkrar alana qədər..
Mən sandım ki, həyat bu qədər bəsit deyil.. bir gün hər kəs bunu anlayacaq..
Mən sandım ki, bir güllə də bahar olur.. yetər ki, “gül”üşümüz solmasın..
Mən sandım ki, qaranquş həmişə baharın xəbərçisidir, onun mənə payızı yaşatdığını görənə qədər..
Mən sandım ki, insan ancaq fiziki və zehni işləməkdən yorulur.. düşündüklərimin məni taqətdən saldığını görənə kimi..
Mən sandım ki, küsülü olsa belə sevdiklərim yenə məni düşünür, mənim onları düşündüyüm kimi.. )
Mən sandım ki, insan məfhumu 30% cisim, 70% ruhdan ibarətdir..
Mən sandım ki, dar günündə yanında olduğun insanlar xoş günlərində səni silib atmır..
Mən sandım ki, bəzi insanlar gülüşümdən daha dəyərlidir, məni ağladıb başqaları ilə gülə bildiklərini görənə qədər..
Mən sandım ki,insan özünü ancaq düşməndən qorumalıdır..
Mən sandım ki, bir gün hər kəs dəyişər, hər şey dəyişər,dünya tərsinə dönər amma bəziləri həmişə istisna olaraq qalar..
Mən sandım ki, həyat nə qədər çətin olsa da yenə də gözəldir..
Mən sandım ki, ölümlər ancaq cismən baş verir, ruhumu öldürənləri görənə qədər..
Mən sandım ki, ən çətin anlarda filmlərdəki kimi kimsə çıxıb bütün bunların zarafat olduğunu deyəcək..
Mən sandım ki, baş qəhrəmanlar nağıllarda olduğu kimi sonda xoşbəxt olur..
Sandım ki, həyat da nağıllar kimi “Happy End” ləri sona saxlayır. .
Mən sandım ki, qarşılıq görməyən bütün hisslər sönür, qarşılıq gözləmədən sevdiklərim gözümün önünə gələnə qədər..
Və Mən sandım ki, bütün bu “SANDIQ”larım hər kəs üçün keçərlidir, onların yalnız mənim “UTOPİYAM “da real olduğunu görüb məyus olana qədər..

Müəllif: Esmira Talıbova

Beyenmeler
0   4  
VN:F [1.9.16_1159]
Rating: +22 (from 22 votes)

Psixoloq Rübabə

Fitret.az idarəçisi. Psixoloq.

- Sayt ünvanı

TARİXİN İTKİN DÜŞƏN QADINLARI

Xüsusi

qadın kişi

Tarixin itkin düşən qadınları

Yunan filosofu Aristotel hələ eradan əvvəl dördüncü əsrdə məsələni konkret qoymuşdu: “Qadınlar və kişilər bölgüsü təbii həyat şərtlərinin diqtəsidir”. Qadın və kişi ayrımçılığı aparmaq və ümumiyyətlə, klassik cinslərarası bölgü meyarları üzərində fikir diskussiyaları aparmaq elmin də yanlış bir yola girməsinə səbəb olmuşdur. Media qadın haqqlarından danışır, halbuki insan haqqları özü sistematik bir problemdir və dünyadakı avantürist mətbuat nəhənglərinin qadın və kişi diskussiyalarını aparması insan hüquqları problemindən yayınmaq üçün ortaya atılan mənasız cəhd və manevrlərdən başqa bir şey deyil. Qadın problemləri üzrə dərnəklər yaradılır, süni QHT yaratma addımları atılır, klublar formalaşdırılır və qadınların səsini dünyaya duyurma cəhdləri pərdəsi altında insana yanaşmanı ikiləşdirmə cəhdləri ilə çıxış edirlər. Bütün bunlar ənənəvi və hər gün xəbər portallarından “gözümüzü deşən” mənzərələrdir. Bir də qeyri-ənənəvi cəhdlər var ki, burada da məqsəd diqqət çəkməkdən ibarətdir. Bu qeyri-ənənəvi və problemdən səthi bəhs edən birinci sfera feminizm hərəkatı və ondan törəyən feminist iclaslar, yığıncaqlar, çap vasitələridir. Bir cinsin üzərində bütün diqqəti yönəltmək və qadın haqqları üzərində fokuslanaraq, əks cinsə qarşı aqressiv fəaliyyət aparmağın məntiqi nəticəsi yoxdur. İkinci bir qeyri-formal mübarizə metodu FEMEN qızlarının çılpaq aksiyalarıdır. Buna bənzər aksiyalara Orta Əsrlərin sonu və yeni dövrdə Qərb ölkələrində rast gəlinir. Qərbi Avropada iyirminci əsrin ilk illərində qadın istismarına qarşı şlyapa yandıran qadınlara və kişi kostyumu geyinərək kamuflyaj etiraz yığıncaqlarına cəhdlər olmuşdu. Amerikada irqi münasibətlərin lokal hökumət tərəfindən diqqətdən yayındırıldığı illərdə ciddi qadın ayaqlanmaları oldu. Bunlardan biri kolonistlərə qarşı dirəniş mübarizəsi aparan yerli hindu qadınların ayağa qalxması idi. Daha sonra yenə Amerikada əmək istismarına qarşı qadın müqaviməti ortaya çıxmışdı. Amerikanın ştatlar səviyyəsində pambıqçı qadınlar tərəfindən təşkil olunan aksiyalarında, İngiltərədə dəmiryolçu qadınların etiraz aksiyalarında, Niderland burjua inqilabında qadınların fədakarlığı tarixin yönünü dəyişməyə qadir oldu.

qadın kişi tarixQadınların rolunu diqqətə çəkmək üçün edilən cəhdlər çox uğursuzdur. Dünyada öz bacarıqları və uğurları ilə bir növ, kişilər üzərində əzici üstünlüyə malik olan qadın simalar hər zaman olmuşdur. Axı niyə, ümumiyyətlə, qadına baxışları məişət dilemmasından izah etməyə çalışırıq? Uyğunsuzluq total şəkildə bizi girdabına alıb.
Diqqət edin, tv-də xəbər verilir, qadın döyüldü. Qəzet yazır, qadın vəhşicəsinə öldürüldü. Xəbər portalları manşet çıxarır, qadın təcavüzə məruz qaldı. Qadının adı mənfiliklə assosiasiya olunur, sanki və şüuraltı olaraq bu məsələdə həssaslıq insana mənfi bir istiqamət verir. Uğurlu qadın simalarının timsalında mənfi yüklü qadın xəbərləri psixologiyamızda daha ağır iz buraxır. Pisxoloq Erix Fromm qadın məsələsinə həssaslığı cins ayırımı olmadan, insan üçün instinktiv hesab edirdi. Psixoanalizdə Freydin vurğuladığı nüans da məhz bu idi, insanın qeyri-şüuri dünyasında qadına dair izahsız refleksiyalar mövcuddur. Baxın, bir məhəllədə eyni gündə iki nəfər döyülür və ard-arda iki döyülmə xəbəri çıxsa da, bir qadın döyülməsi xəbəri çıxması sosial şəbəkədə daha çox müzakirəyə səbəb olur. Demək ki, əzilən insan problemi mövcuddur. Söz yox, qadının istismara məruz qalması, qadının şiddət görməsi və bir toplumda belə xəbərlərin çıxması onun üçün ayıbdır. Amma dünya nizamı heç vaxt əvvəlki kimi olmur. İndi qadınlar dünyada güclü missiyalara sahibdirlər, onlar rəhbər postlarda və siyasətdə, ədəbiyyat və incəsənətdə heç də kişilərdən geri qalmırlar. Avreli Avqustin istedadlı və istedadsız problemindən danışırdı. Dediyim odur ki, qadının zərif cins olması onun estetik mahiyyətindədir. Və bəşər insanının keçdiyi bütün dinamik tarixi inkişaf qanunauyğunluqlarında qadınlar bir addım kişilərdən öndə olubdur. Antropolji tədqiqatlar və arxeologiya danılmz bir həqiqəti bizim “üzümüzə çırpır”: ən qədim dövrlər ana xaqanlığı-matriarxat dövrü olmuşdu. İnsan şüurunun təkamülə yenicə başladığı illərdə qadınlar qəbilə quruluşunda başda dayanırdı və onlara əvəzolunmaz bir rol verilirdi. Baxmayaraq ki kişilər ova çıxır, qəbilə münasibətlərini tənzimləyirdi, amma qadınlar ayrı bir sayğı və sevgi ilə mükafatlandırılırdı. Beləliklə, qadınların həm estetik yükü, həm də ontoloji çəkisi kişilərlə bir idi və hətta gözəllik qadınla paralel izah olunduğundan, daha çox qiymətləndirilirdi. Qadını istədiyimiz kimi təqdim edirik və qadınlar da istədiyi kimi təqdim olunur. Heç kim elm və düşüncə tarixini istiqamətləndirən qadınlardan bəhs etmir, onlarla bağlı olan tarixi məlumatlara diqqətsiz bir münasibət göstərirlər. Qadın obrazı qətiyyən bu gün dünyanın təqdim etdiyi, informasiya texnologiyalarının formalaşdırdığı obraz deyil.

Antik yunan fəlsəfəsində Sokratı yalnız onun etik və fəlsəfi təlimləri məşhurlaşdırmamışdır. Onun qadını Ksantipa da bu günümüzə qədər müzakirə mövzusu olaraq qalır. İyirmi birinci əsrin filosofu, ya yaradıcı şairinin onu məişət təfəkkürüylə sorğuya çəkən qadını və antik yunan filosofunun qadını Ksantipa. Məsələ aydındır. Qərb düşüncə sahiblərinin əsrlər öncə yaşadığı və mərhələ olaraq geridə qoyduğu pillənin biz hələ üstündəyik. İlk fəlsəfi məktəbləri araşdıran tədqiqatçıların gəldikləri nəticələr oxşar idi. Sokrat Ksantipanın deyingənliyindən çox bezirdi. Sokratın bu barədə ayrıca məktubları olmuşdur və bunlar çox yaxşı materiallar kimi istifadə olunmağa başlandı. Sokrat kimi erkən dövrün mütəfəkkir filosofu Ksantipanın bezdiriciliyindən gələcək nəsillərə “qeybətlər” ötürmüşdü. Mübahisələr, davalar, Sokratın başından tökülən sular onun evlilik haqqında baxışlarına təsir etmişdir. Bundan sonra, Sokrat evliliyə dair tələbələrinə dərslər verməyə başlayır. Sokrat xoşbəxt evlilik sualları üzərinə qeyd edirdi: “Evlilik yaxşıdır və müqəddəsdir. Əgər evləndiyin yaxşı insan olacaqsa, xoşbəxt, pis olacaqsa, mənim kimi filosof olacaqsan.” Ksantipa örnəyi Qərb fəlsəfəsində daha çox bilinən nümunədir. Buna dair faktlar çoxdur, amma az tədqiq olunan və ya heç öyrədilməyən qadın filosoflar da yetərincə idi.

TeanoHəndəsənin və kosmik fəlsəfənin, atomizmin banisi Pifaqorun qadını Teano barədə danışılmır niyəsə. Teano yalnız Pifaqorun həyat yoldaşı deyil, həm də tarixin ilk pifaqorçu qadını və Pifaqor teoreminin yayılmasında xidməti olan biridir. Teano Pifaqordan riyaziyyat və fəlsəfə dərsləri almış və daha sonra Pifaqorun ölümündən sonra Pifaqor məktəbinin əsasını qoymuşdu. Teano Pifaqordan fərqli olaraq idealist idi. Teanonun idealist fəlsəfəsində ruhun əbədiliyinə inam möhkəm idi. O maddənin əhəmiyyətinə fikir vermirdi. Bundan başqa, Teano musiqi ilə riyaziyyat, ritmlərlə fəlsəfə arasında əlaqələr axtarmışdır. Sosial psixologiya sahəsində onun hələ ö dövrlərdə irəli sürdüyü ideyalar bu gün üçün də aktual olaraq qalır. İndinin özündə belə psixologiya tarixinə dair dərsliklərdə Teanonun ailə və qadının evlilikdəki roluna dair fikirlərinə rast gələ bilərik. Pifaqor və tələbələrinin çətirində olan Teano şanslı idi, lakin həmin vaxtlarda Teano kimi şanslı olmayan filosof qadınlar da var idi. Baxmayaraq ki Aristoteldən Platona qədər antik düşüncənin nəhəng simaları qadının düşüncələrinə önəmdən bəhs etmişdi, yenə də qadın filosoflar ciddi basqılara məruz qalır və lağ hədəfinə çevrilirdi. Fəlsəfə qaynaqlarına adı az bəlli olan belə isimlərdən biri Aspasiadır. Yunan kişi mərkəzçilər ciddi fəlsəfi tezisləri olan Aspasianı yunan dilində “hetaira” deyə adlandırırdı. Dilimizə tərcümədə bu ifadə ədəbsiz və pozğun anlamını verir. Bunun bir səbəbi də o çağlarda qadınların fiziki imkanlarını pul qarşılığında satışa çıxaran mərkəzlərin olması və Aspasianın da bu mərkəzlərdən birində rəhbərlik etməsi idi. Platonun Sokrat haqqında qeydlərini diqqətlə nəzərdən keçirəndə orada Sokratın Aspasianın dinləyicilərindən olması haqqında fikirlərə rast gəlirik. Ritorikanın ayrıca bir sahə kimi inkişafında da onun xidmətləri olmuşdur. Ən dramatik qadın düşüncə sahiblərindən biri də sözsüz daş-qalaq edilən və fikirləri uğruna böyük acılara məruz qalan Hypatiadır. Hypatia öz dövründə bir qadın olaraq İskəndəriyyədə astronomiya və geometriya kimi ağır elmlərdən dərs alan azsaylı qadınlardan idi. Onun fəlsəfi fikirləri Platona yaxın olsa da, qatı materialist fikirləri olmamışdır. Təəsüfverici haldır ki, günümüzə qədər Hypatianın hər hansı bir kitabı gəlib çatmayıb. Onun ayrı-ayrı fəlsəfi tezisləri yaddaşlarda qalıb. Xristian doktrinanın bütün hakimiyyəti totallaşdırdığı illərdə Hypatia paqanizmdə gühahlandırılır və facəvi formada, daşlanaraq öldürülür. Sxolastika illərində din və fəlsəfə münasibətlərini tənzimləmək cəhdlərində olan qadın fəlsəfəçilər ortaya çıxır. Ömrünün 25 ildən çoxunu bir hücrədə qalan Hildegard daha sonra rahibəlik andı içir. Onun bir qadın olaraq kişilərdən ayrı ilk monastrı qurması və ikinci bir monastrı ərsəyə gətirməsi həmin zamanlar üçün inqilabi addım idi. Hildegardın varlıq fəlsəfəsində insan Allah və kosmos arasında bir vasitəçi idi. Hər şeyin yuvarlaq bir forma üzərində dayandığını söyləyərək, dünyanın yaradıcısını ilahi timsalda görürdü. Onun latın dilində üç əsəri mövcuddur və bu gün də qorunur. Orta əsrlərin güclü qadın filosofları sırasında fransız Kristine de Pizanın adını çəkməsəm olmaz. Dul bir qadın olan Pizan fəlsəfə ilə yanaşı, politologiya sahəsində güclü fikirləri olan ilk qadın düşüncə sahiblərindən hesab olunur. Onun şeirlər yazması da məlumdur. Kilsə inkvizisiyasına məruz qalan qadınların başında Marqaret Poret dayanır. Sırf idealist filosof olsa da, fikirləri kilsənin monoton teokratik ideyaları ilə üst-üstə düşmədiyi üçün təqiblərə məruz qalır. Onun “Çılpaq ruhun aynası” əsəri isə həyatının bitməsinə səbəb oldu. Poret ruhun sərbəstliyi ideyasına inanırdı. Ruhun azadlığı və çərçivəsizliyi fikiri kilsə müddəalarına uymadığı üçün Poret yandırılaraq qətl edilmişdir. Renessans ilə baş verən aydınlanma ilə bütün fikirlər bir azadlıq qazandı. Renessansı dünyaya bəxş edən filosoflar və sənətkarlardan çox bəhs olunsa da, pərdə arxasında qalan və adı az məlum olan qadınları xatırlamırlar. Renessansın aydın qadınları arasında Mari Le Jarsın adını xüsusi qeyd etmək lazımdır. Fəlsəfə ilə yanaşı, fizika və geometriya ilə maraqlanan Le Jarsın həyatındakı dəyişim məşhur Renessans dühası Mişel Mari Le JarsMontenle tanışlıqdan sonra dəyişir. Dil fəlsəfəsi və linqvistikaya dair ciddi tədqiqatları olmuşdur. Bütün bunlardan əlavə “Kişilər və qadınların bərabərliyi üzərinə” kitabını yazmışdır. Qadın və kişini ruhən vəhdətdə görən Mari Le Jars insan azadlığını ruhun qayəsi hesab edirdi. Onun siyasi sistemə dair açıq çıxışları da olmuş və məşhurlaşmışdı. Renessansın tək mənəvi fəlsəfə yaradıcısı qadını olan Tulia Araqonanın “Eşqin sonsuzluğuna dair dialoqlar” əsəri məşhurluq qazanaraq sərhədləri aşdı. Kitabda bizim anladığımız klassik məhəbbət fədailiyindən deyil, eşqin elmi və bioloji tərəflərindən bəhs olunurdu. Deyərdim ki, eşq fəlsəfəsinə dair ilk ciddi cəhd idi və Freydə qədər belə cəhdlər çox az idi. Həmçinin alman fəlsəfəsi Kant, Hegel, Haydegger, Nitsşe ilə xatırlansa da on üçüncü əsrdə yaşamış Fon Magdeburgun həyat fəlsəfəsinə dair ciddi araşdırmaları olmuşdur. Qadın filosoflar arasında dialoqlar və məntiqin arqumentasiya nəzəriyyəsinə ən toplu baxışlar Magdeburga məxsus idi. O, sual verməni bilginlik hesab edirdi. Sual verən insan zəkasını gələcək üçün önəmli bir struktur sayırdı. İtaliyada on dördüncü əsrdə yaşayan Katerina Siena iradə azadlığı məsələsini qabardan filosof idi. O hesab edirdi ki, insan iradəsi idarəolunmazdır və həyat prosesi tamamilə təbii bir hərəkət mexanizmasıdır. İspaniyanın qadın filosofu Tereza Avila öz əsərləri ilə səs-küy yaratmışdı. Onun bütün fəlsəfi baxışları yenilikçi və daha öncə səslənməmiş tezislərə söykənirdi.

Yeni dövrə qədəm qoyduqda bu dönəmin iki önəmli qadın filosofunun adı xüsusi qeyd olunmalıdır. Bunlardan biri Olimpiya De Qujdur. 1748-ci ildə Fransada doğulan Olimpiya De Quj insan fəlsəfəsindən dediyi fikirlərlə yadda qalsa da, tarixdə ən güclü qadın feministlərdən biri də hesab edilir. Onun məşhur “qadının dar ağacına çıxma haqqı olduğu kimi, fikir bildirmək haqqı da var” fikiri geniş kütlələrə yayıldı. Evlilik kənarındakı münasibətlərə və qadınların istismarına qarşı çıxan Olimpiya Fransa inqilabına aid əsaslı yazıları ilə də səs-küyə səbəb olmuşdu. Yeni dövrün digər tanınan filosof qadınlarından biri Jan Pol Sartrın evləndiyi Simona De Bovuar idi. Onun “İkinci Cins” əsəri “feminizmin konstitusiyası” hesab olunur. Sartr onun haqqında danışanda “həyatımda heç kimin girə bilməyəcəyi yeri var” fikrini səsləndirirdi. Digər qadın fəlsəfə adları da yeni dövrdə mövcud idi, lakin onların iki məşhur örnəyindən göründüyü kimi bu dövrdə fəlsəfədə cinslərarası münaqişə meyilləri ortaya çıxdı və sonralar bu uzun bir zamanı özündə cəmləşdirdi.

Bütün bu sadalananlarla yanaşı, Şərqin də önəmli qadın filosofları var. Elm tarixini dəyişən qadın alimlər olmuşdur. Bir yazıda bu haqqda bəhs etmək mümkün olmadığı üçün növbəti yazılarda Şərqin qadın filosofları və elm tarixinin “ilahələrindən” də bəhs etməyə çalışacağam.
Qadın gözəlliklə asosiasiya olunur.
Qadın düşüncənin və mübarizənin adıdır.
Qadın aydınlıqdır və işıqdır. Onu qaranlığa salmaq istəyənlər öz əməlləri ilə məsuliyyətsiz və yaradılışa zidd hərəkətlər etdiklərinin fərqində belə deyillər.
Qadınları təqdim etməyin, buraxın, onlar yaratsınlar.
Dünyada savaşlardan barışı törədən qadındır.
Qadın başlanğıcdır.
Qadın yaradılışdır və ruhun təməlidir.
Türkiyənin ilk qadın filosofu və karikatüristi olan Piyalə Madranın yaxşı bir deyimi var: “Gözə girən gülünclükdən daha çox kiçik bir hərəkətlə, bir baxışla, bir sözlə arxa planı göstərmənin daha vurucu zərbə olduğunu düşünürəm.”
Qadın dəqiqliyi də elə bu deyilmi?!

Mənbə: kirpi.info
Müəllif: Tural İsmayılov

Beyenmeler
0   4  
VN:F [1.9.16_1159]
Rating: +6 (from 8 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

DİNƏ MÜNASİBƏT NECƏ OLMALIDIR?

Dini məsələlərə doqmatik yanaşmırsınızsa yəqin ki, özünüzə sual verməmiş olmazsınız – yəni bütün bu ağlasığmaz möcüzələr doğrudurmu? Yəni məsələn, İsa peyğəmbərin tanrının oğlu olduğu və ya yenidən dirildiyi, Nuh peyğəmbərin 1000 il yaşadığı, Musa peyğəmbərin dəryanı ikiyə böldüyü və sair.

Bura islam dinində də iddia edilən möcüzələri daxil edə bilərik. Əlbəttə ki, bütün bunlara müasir insan zəkası ilə düşündüyündə məntiqi çərçivə tapmaq mümkün deyil. Əgər bütün bunlar dinin o müqəddəslik, qorxu və bir az da təşviq pərdəsi altında özünə yer tapmasa, sən yəqin ki, “yox bir” deyib gülüb keçərdin. Ancaq bu, dinin rolunu bütünlükdə inkar etmək üçün əsas deyil. Ədəbiyyat özü də uydurmadır, amma sən onun əhəmiyyətini dana bilməzsən. Beləliklə din, yalnız möminlərin öhdəsinə buraxılmayacaq qədər maraqlı, müdrik və təsəlliverici fenomendir.

dinlərə münasibət-isa-çarmıxİsa peyğəmbərin çarmıxa çəkilməsini götürək. Xristianlar bu hadisəyə insanlığın ən böyük cinayəti, az qala dünyanın sonu kimi baxırlar. Çox həzin və kədərli bir hadisədir: o, çox xeyirxah, mərhəmətli, səmimi və müdrik insan idi. Yoxsulların və tənha insanların hamisi idi, anasını və dostlarını sevirdi, sevgiyə və mərhəmətə inanırdı. Ədalətli dünya qurmaq istəyirdi. Amma bütün bunların axırı alçaldılma, xəyanət və dözülməz ağrı-acı ilə bitdi. Ən yaxın dostu onu satdı, uydurma ittihamlarla mühakimə olundu, insanlar onu tək buraxdı, kütlə ələ saldı, təhqir etdi. Nazaretli İsa dirəyə mismarlandı və ölümə tərk edildi. Günlərlə dəhşətli əzab içində can verdi.

Bütün bunların həqiqətən də məhz belə baş verdiyini heç kim əminliklə söyləyə bilməz. Ancaq məsələ onda da deyil, yəni bu hadisənin gerçəkliyi müəyyənedici faktor deyil. Aydındır ki o, “Allahın oğlu” deyildi, bununla belə bu əhvalat müasir dünyamızı aydınladır və bizə nə isə bir şeylər anlatmağa çalışır. Gəlin buna bir az fərqli aspektdən yanaşaq. İsa burada simvolik xarakterdir, insan övladını təmsil edir. Əslində onun əzablı hekayəsi biz insanların qəm-qüssə dolu həyatının bir qədər şişirdilmiş versiyasıdır. Günümüzdə nələr baş vermir ki, nə qədər sınaqlardan keçməli oluruq. Kimisi öz doğmasını itirir, kimisinə xərçəng diaqnozu qoyulur, ailələr dağılır. Adi səhvlərimiz belə, nə qədər müsibət və fəlakətlər doğurur. İsanın çarmıxa çəkilmə əhvalatı bütün bu insani müsibətlərə qarşı bir dözüm və bağışlanma üfüqü açır. İnsanlar ümidsizcəsinə bu üfüqə doğru irəliləməkdə davam edirlər.
Bu hala elə öz nümunəmizdə, Kərbala faciəsinə şiələrin münasibəti fonunda da baxa bilərik. İnsanlar əslində burada təkcə imam Hüseynə deyil, öz ağrı acılarına ağlayırlar və bağışlanmaq istəyirlər. Kərbala hadisəsi onların kədərinin, ümidsizliyinin, ədalətə olan inamının obrazlı şəkildə ifadəsidir. Bu həm də dindəki kimi mücərrəd də deyil, insanın özünü tapdığı, öz yaşantısından alıntılar ala biləcəyi bir hadisədir. Bu onu göstərir ki, bizim cəmiyyət olaraq ağrı-acının öhdəsindən gəlib həqarət və xəyanətlərə dözməkdə bizə bələdçi olacaq, bizi aydınlatan və bizə təsəlli verən nümunələrə ehtiyacımız var. Din bunun öhdəsindən çox gözəl gəlir.

Adəm və HəvvaDinlərin dahiliyi, həmçinin ondadır ki, bütün bu dini əhvalatların mərkəzində adi insan dayanır. İdeallaşdırılmış, hər şeyə qadir olan insan üstü varlıqdan söhbət getmir. İsa peyğəmbərin nümunəsində o, insanlar tərəfindən həqarətlərə məruz qalır – ancaq eyni zamanda öz statusunu saxlayır: Həm hökmdarlar hökmdarı, həm də adi məğlub insan. Bu inanılmaz dərəcədə insanlara təsəlli verir. İnsanlar düşünür ki, bəzən əzab çəkməklə, yıxılıb ayağa qalxmaqla, bir çox şeyləri itirməklə də həyatda qalib gəlmək olar.

Digər tərəfdən bu dəhşətli hadisə çox müdrik bir şəklidə sonda qisas alınmasını deyil, bağışlamağı, əhv etməyi təşviq edir. Ona qarşı edilən bunca həqarətlərə rəğmən o, vəhşilikdən gözü dönmüş kütlənin zərər görməsini istəmir. İsa peyğəmbərin ölümündən əvvəl son ricası belə olur: Bağışlayın onları, onlar nə etdiklərini bilmirlər. O, inanırdı ki qəddarlıq – sevgi və xoşgörünün çatışmazlığından irəli gəlir. Kütlə içərisində həqarət edən, vurub sındıran, vəhşilikdən gözü dönmüş fərd, həmin an düşdüyü kütləvi davranış psixikasının təsiri altında fəaliyyət göstərir. İsa peyğəmbər hesab edirdi ki, bu insanlar düşdüyü həmin mühitin qurbanıdır. Bütün varlığımızla onları anlamağa çalışsaq qəzəb hissindən daha çox təəssüf hissi keçirmiş olarıq.

İslam dinində də mərhəmət və bağışlamaq fenomeni mərkəzi yerlərdən birini tutur. Amma xristianlıqdan fərqli olaraq burada tanrının özünün tükənməz mərhəmətindən, günahları bağışlamasından söhbət gedir. İnsanın özünə gəldikdə isə onun qisas almaq hüququ, onunla savaşanlara qarşı savaşmaq hüququ tanınır.
Nəticə olaraq biz bu qənaətə gələ bilərik ki, din harda ki, ruhi sferadan kənara çıxmır əsil dəyərini orda göstərir. Ruhi sferada olduğu müddətdə də burada hər hansı bir məntiq axtarılmamalıdır. Biz dini əhvalatların doğru olub olmadığının o qədər də qayğısına qalmaya bilərik. Əhəmiyyətli olan bu əhvalatların nə dərəcədə faydalı, ibrətamiz olmasıdır. Din sevda, eşq kimi ruhi bir anlayışdı və bu çərçivədə baxıldığı müddətdə faydalıdır. Hər halda biz onu asanlıqla başqa bir dəyərlə əvəz edə bilmirik.

islam-qadın-örtüAmma din, sosial, iqtisadi, siyasi sferaya sirayət etdiyi andan cəmiyyətə zərər vurmağa başlayır. Əgər din sosial sahəyə müdaxilə edib sənin öz həyat yoldaşınla necə münasibət qurmalı olduğuna aydınlıq gətirməyə qalxarsa və ya xeyli dərəcədə mürəkkəb olan mülkiyyət, vərəsəlik kimi məsələlərin hüquqi tənzimləməsinə çalışarsa, ya da heç nə ilə əsaslandırılmayan faizssiz bankçılıq modelində israr edərsə və ya siyasi idarəetmə alətinə çevrilərsə, o andan etibarən o öz əsl təyinatını itirmiş olur. Eyni zamanda o öz ilahi mahiyyətini də ititrir. Çünki sadaladığımız məsələlər artıq dünyəvi, məntiqi sferadır, siz bütün bunları bir doqma kimi, ilahi bir göstəriş kimi cəmiyyətə təqdim edə bilməyəcəksiz, məntiqi bir izah tapmalı olacaqsınız. Dinin sosial sahəyə təsirinə bir nümunə olaraq din və iqtisadi inkişaf arasında asılılığa dair statistikaya baxa bilərik. Belə ki, dünyanın ən varlı 19 ölkəsində əhalinin 70 faizindən çoxu dini özü üçün əhəmiyyətli hesab etmir. Əksinə dünyanın ən kasıb ölkələrində isə əhalinin mütləq əksəriyyəti dinə inanır. Bu həm də onunla izah olunur ki, kasıb ölkələrdə insanlar bir şeyləri dəyişmək iqtidarında olmadıqlarını düşünüb və bu dünyada hər şeydən əlini üzüb o dünya üçün fokuslanırlar. Əksinə dinin hakim olmadığı varlı ölkələrdə isə insanlar öz bacarıqlarına bel bağlayırlar və öz taleyini səy və istedadları ilə dəyişə biləcəklərinə inanırlar. Belə nəticəyə gələ bilərik ki, zülm və səfalətin olmadığı ölkələrdə din az yada düşür.

Sonda dini fundamentalizmin tüğyan etdiyi müasir dövrümüzdə dinə münasibət necə olmalıdır, orta yolu necə tapmalıyıq? Cavab sadədir: dinləri bir sosial fenomen kimi öyrənməliyik. Ayrıca götürülmüş hər hansı bir dini yox, bütün dinləri öyrənməliyik və sual verməkdən, sorğulamaqdan və müqayisə etməkdən qorxmamalıyıq. Bilgi, dini mövhumat və cəhalətə qarşı ən yaxşı silahdır. Əksinə, əgər sizin insanın və dünyanın mənşəyi, insanın təyinatı, cəmiyyətdə rolu və s. bu kimi fundamental suallara artıq hazır cavablarınız vardırsa və mütləq qəbul etdiyiniz dini həqiqətləri sorğulamaq imkanından mərhumsunuzsa, onda çətin ki siz bütün bu məsələləri alternativ qaydada təhlil edən və çoxlu suallar qoyan elmi inkişafda maraqlı olmaq istəyəcəksiniz. Bəşəriyyət minillər boyunca elm, incəsənət, fəlsəfə, tarix, ədəbiyyat və digər sahələrdə çox dəyərlər yaratdı. Din də bu dəyərlərdən biridir və onlarla birlikdə öyrənilməlidir. Son nəticədə nağılları sevib oxumağınız, nağıllara inanmağınız anlamına gəlmədiyi kimi, dinləri öyrənməyiniz də dindar olmağınız anlamına gəlməz.

Müəllif: Nurlan Babayev
Mənbə: “Philosophers Mail” portalının materialları əsasında hazırlanıb, Kultura.az

Beyenmeler
0   4  
VN:F [1.9.16_1159]
Rating: +7 (from 9 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus