İQTİSADİ BÖHRANIN İNSANLAR ÜZƏRİNDƏKİ TƏSİRİ

Xüsusi

iqtisadi böhran-ekonomik krizBöhranın insan üzərində yaratdığı ilk təsir “şok dövrü” adlanır. Bu iqtisadi böhranda insanlar əvvəlcə inanma çətinliyi yaşayacaq və bu hadisənin təsiri ilə nə edəcəklərini bilməz bir halda hərəkətsiz qalmağı üstün tutacaqlar. Bu dövrü təqib edən “reaksiya dövrü” isə “şok dövründən” sonra bir neçə gün ərzində baş qaldırır. Bu dövrdə artıq hadisələr haqqında şərhlər verilməyə başlayır, sistemə iradlar, barışa bilməmələr, rədd etmələr və buna səbəb olan amillərə qarşı təpkilər artmağa başlayır. Və nə edə biləcəyi barədə qərarlar qəbul olunmağa və bunun ardınca da monotonluqdan çıxıb, hərəkət etməyə başlanılır. Bu dövrün nəticəsində də baş verən bu böhrana qarşı “uyğunluq dövrü” yaranacaqdır. Vəziyyətə uyğunlaşıb həyatına davam edənlər qədər, bu böhranın yaratdığı təsir ilə özünə və ətrafına zərər verə biləcək şəxslər də yaranacaqdır. Bu dövrlərdən yola çıxaraq iqtisadi böhranların insanın üzərində yaratdığı psixoloji təsirləri daha detallı bir şəkildə sizlərlə bölüşməyə çalışacağam.

İqtisadi böhranlar, insanların gələcəyə yönəli çətinlik və narahatlıqlarını artırır. İnsan gələcəyini zəmanətə almaq və gələcəyə güvənmək istəyir. Gələcəyin onun əsas ehtiyacları üçün nə kimi çətinliklər yaradacağı üzərində düşünməyə başlayır. Gələcəyini təhdid edən hər bir hadisəyə qarşı qorxu ilə baxır. Bu barədə Maslovun “Ehtiyaclar Nəzəriyyəsindən” bəhs etmədən keçməyəcəyəm. İnsan, “tələbat nəzəriyyəsində” var olan fizioloji tələbatlarını ödəyə bilməyəcəyi fikrinin narahatlığına görə, digər ehtiyacları ilə də məşğul olmayacaqdır. Həyatını və ehtiyaclarını təhdid altında hiss edən insan özünü inkişaf etdirmək üçün səy göstərməyəcəkdir. Maslov iyerarxiyasında ən son kateqoriya olan “özünü gerçəkləşdirmədə” problemlər yaşanacaq. Buradan yola çıxaraq deyə bilərəm ki, insan əsas ehtiyaclarını qarşılamaqda problem yaşayanda daha aqressiv və təcavüzkar ola bilər.

QLOBAL BÖHRANIN YARADACAĞI MÜMKÜN PROBLEMLƏR

1) İş həyatında yarana biləcək problemlər,
2) Ailə daxili problemlər,
3) Fərdi psixoloji və fiziki sağlamlıq problemləri,
4) Digər insanlarla sosial əlaqə problemləri

İŞ HƏYATINDA YARANA biləcək PROBLEMLƏR

İş yerlərində çalışanlar arasında rəqabət başlayacaq və çalışanlar işlərini itirməmək üçün digər insanları keçməyə çalışacaq və ya özü işdə qalmaq üçün digər insanların ayağını büdrətməyə çalışacaqdır. Hər gün işə gedərkən “bu gün kim işdən çıxarılacaq, görəsən, yoxsa mənmi?”, deyə düşünən və işdən atılma riskini daşıyan bir insan, işə gedərkən həyəcanlı, gərgin və narahat olacaq. İş həyatı və işdən götürülən qazanc insanın özünü təhlükəsizlikdə hiss etməsinə səbəb olur. Bunları itirəcəyini düşünməsi isə insanın iş səmərəsini aşağı salacaqdır. İşə diqqət verməyəcək, gördüyü şeylərə konsentrasiya olmasını əngəlləyəcəkdir. İş yerində yaşanacaq problemlər təkcə iş səmərənin azalması ilə bitməyəcək. İş yerindəki dostları ilə əlaqələrinə də təsir edəcəkdir. Bir-birini rəqib kimi görməyə başlayan insanlar, bir-birilərinin etdiklərinə mane olacaq, ya da bir-birilərinin qüsurlarını taparaq, öz yerlərini möhkəmləndirməyə çalışacaqdır. İş yerində baş verəcək inamsızlıq insanların bir-birləri ilə əlaqələrini də əhəmiyyətli dərəcədə azaldacaqdır. Rabitə də etimad problemi, paylaşmalara mane olur. Keçmişdə aldığı kreditləri ödəməyən və ya təcrübələri birjaya ya da fərqli yerlərə yatıran adamlar özlərini zəmanətdə hiss etməyəcəkdir. Daim veriləcək xəbərləri dinləməyə yönələcək və özünü idarə etməsi lazım olan işə kökləməyəcəkdir.

AİLƏ DAXİLİ PROBLEMLƏR

İş yerindəki gərginliyə səbəb olan bu qayğı və həyəcanlı vəziyyət, insanların şəxsi həyatında da əks olunacaqdır. Ailə fərdlərinə qarşı əsəbi və təcavüzkar bir rəftar nümayiş etdirilə bilər. Evə maddi xeyir verən şəxsin işlərinin pozulması, ailə üzvlərinin ona qarşı davranışlarının mənfi istiqamətə yönəlməsinə təsir göstərə bilər. Uşaqların böhrandan əvvəlki kimi yaşamaq istəmələri, ailədə qarşıdurmalara səbəb ola bilər. Uşaq əvvəlcədən malik olduğu istəklərinə maneə qoyulmasını istəməyib reaksiya göstərə bilər. Yaşadığı vəziyyət onun yoldaşları arasındakı yerini və əhəmiyyətini də poza bilər. İtki yaşayan uşaq hirsini ailəsinin və dostlarının üstünə tökə bilər.
Həyat yoldaşı arasında ünsiyyət pozula bilər. Gələcəyin dərdi ilə yaşayan fərd özünə etibarını da itirə bilər. Özünə inamını itirən fərd isə heç bir şey etmək istəməyəcəkdir. İstəksiz və motivasiyası əskik olan şəxs həyat yoldaşı ilə problemlər yaşamağa başlaya bilər.

FƏRDİ, FİZİKİ VƏ PSİXOLOJİ PROBLEMLƏR

İş həyatının və maddi qayğıların yaratdığı problemlər insan həyatının digər sferalarına da təsir edə bilər. Bundan başqa, etmək istədikləri şeylərdə tərəddüdlər yaşayacaq və risk etməkdən çəkinəcək. Risk etmək istəmədiyi və özünü zəmanətdə hiss etmədiyi üçün pulunu xərcləməyəcəkdir. Bu da iqtisadiyyatı çıxılmaz vəziyyətə sürükləyəcəkdir. İstehsal və istehlakın olmadığı bir iqtisadiyyat isə düşünülə bilməz. Kiçilmə və istehsalın azalması işsizliyi artıracaq. İşsiz qalan insan da istehlak etməkdən çəkinəcəkdir. İnsan sahib olmaq istəyən bir varlıqdır. İstehlak da insanın sahib olma ehtiyacını dəstəkləyən bir hadisədir. Sahib olmamaq və ehtiyaclarının xaricində bir şey almaması insanın psixoloji tarazlığını pozacaqdır. Psixoloji olaraq depressiya və qorxu simptomları müşahidə ediləcəkdir. Bundan başqa, psixoloji mənşəli fiziki şikayətlər də ortaya çıxa bilər. Baş ağrısı, mədə ağrısı, ürək bulanması və gərginliklə bağlı bədənin müxtəlif yerlərində ağrılar başlaya bilər. İnsanlar baş verən böhranla bağlı çarəsizlik hissləri də yaşaya bilər. Bu vəziyyətdən necə xilas olacağı və necə bacara biləcəyini düşünməyə başlayır, çarələr axtarır. Çarəsizlik hiss edən insan isə ya problem yaradan vəziyyətdən qaçmağa, ya da problemin içində mübarizə aparmağa çalışacaqdır. Problemdən qaçma yolunu seçən insan, içində olduğu vəziyyətlə bacara bilməyib, özünə zərər verə bilər. İş həyatının və şəxsi həyatın itirilməsi kimi anlar yaşana bilər.

DİGƏR İNSANLARLA SOSİAL ƏLAQƏ PROBLEMLƏRİ

Gözləntilərin qəbuledilməz səviyyəyə gəlməsi insanları bir-birindən uzaqlaşdırar. Bir çox insan özünü ictimai həyatdan təcrid edə bilər. Keçmişdəki maddi imkanlarını itirən insan özünü digər insanlardan uzaqlaşdırdığı kimi, digər insanlar tərəfindən də tərk edilər. Böhranla bağlı mənfi fikirlər şəxslərin qayğı, qorxu, qəzəb, həyəcan, gərginlik, tənhalıq, çarəsizlik, risk etməmək, narazılıq, natamamlıq və inamsızlıq, eləcə də motivasiya azalması şəklində hiss və davranışlarını artıracaqdır. Böhran şəxsiyyətin xüsusiyyətlərinə bağlı olaraq, hər insanın üzərində müxtəlif təsirlər də yaradacaqdır. Şəxsiyyət xüsusiyyətləri ilə yanaşı, insanın sosial-iqtisadi quruluşunu da istisna etmək olmaz. Psixoloji təsirlərdən bəhs edərkən bir fərdi bütöv şəkildə nəzərə almağımız lazımdır. Psixoloji quruluşun təşkilində ictimai ölçünü yox saymaq mümkün deyil. İnsanlarda meydana gələn bu dəyişikliklər cəmiyyətin dəyər mühakimələrinə də təsir edəcəkdir.

Hazırladı: Coşqu İsmayılzadə

VN:F [1.9.16_1159]
Rating: +11 (from 11 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

İNANC NƏDİR?

İNANMAQ SÜLHDÜR.

Bir insan nə qədər intellektual, nə qədər mədəni, mənəviyyatı nə qədər zəngin isə, anlama bacarığı bir o qədər az olar. Barbarlar saysız-hesabsız batil inanca sahibdirlər, müasir dünyada da belədir. Daha düşüncəli, daha ayıq, daha diqqətcil olanlar əslində bəlkə də daha az inanan insanlardır. Bunun səbəbi inancın insanı bağlaması, onu təcrid etməsidir; bunun belə olduğunu dünyanın hər yerində görürük, həm iqtisadi, həm siyasət aləmində, həm də mənəviyyat deyilən aləmdə. Siz Tanrının var olduğuna, mən isə var olmadığına inanıram; ya da siz dövlətin hər şeyi və bütün fərdləri tamamilə idarə etməsinin lazım olduğuna inanırsız, mən isə fərdi sahibkarlığa və onun gətirdiyi hər şeyə inanıram; siz sadəcə bir Xilaskarın olduğuna və onun vasitəsilə məqsədinizə çatacağınıza inanırsız, mənsə inanmıram. Beləcə siz öz inancınızla, mən də özümkülərlə-özümüzü göstərmiş oluruq. Amma ikimiz də sevgidən, sülhdən, insanlığın bir olmasından, bir tək həyatdan bəhs edirik, bunların isə bir mənası yoxdur; çünki o inancın özü bir təcridolunma prosesidir. Siz bir Brahmansız, mən isə Brahman deyiləm, siz Xristiansız, mən isə Müsəlmanam və sairə. Siz qardaşlıqdan bəhs edirsiz, mən də həmin qardaşlıqdan, sevgidən və sülhdən bəhs edirəm; amma həqiqətdə isə biz ayrıyıq, özümüzü bir-birimizdən ayırırıq. Sülh istəyən, yeni, xoşbəxt bir dünya yaratmaq istəyən insan hansısa bir inanc vasitəsi ilə özünü təcrid etməz. Bu başa düşülürmü? Sözdə başa düşülə bilər, amma söylədiyimin əhəmiyyətini, tutarlılığını görsəz, o hərəkət etməyə başlayacaq.

Müəllif: Jiddu Krişnamurti
Tərcümə edən: Namiq Bağırlı

VN:F [1.9.16_1159]
Rating: +12 (from 12 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus