TANRI KİMİ DƏSTƏKLƏYİR?

Baxıram bu Facebook-da olan yazılara, görürəm bir çoxları Tanrı adından yazır, bol-bol ayə və hədis gətirir, deyir mən dediyim doğrudur. Başqası da Tanrı adından yazır, ancaq birincisinin dediyindən fərqlənir. O da bol-bol ayə və hədis gətirir. Sonra bu iki ayə-hədislə dolğun adamlar başlayırlar bir-biri ilə çəkişməyə. Biri deyir həqiqət məndədir, başqası deyir məndədir.

Mən də baxıram onlara, bilmirəm onlardan hansına üstünlük verim. İkisi də deyir ki doğrudurlar, ayə-hədislə doludurlar, ancaq bir-birinə qarşıdırlar. Deməli ikisi də Tanrını dəlil gətirərək çəkişirlər. Ancaq nə bilək, Tanrı onlardan hansına üstünlük verir? Bunun üçün Tanrının özündən soruşmalıyıq, bu da imkansızdır.

tanrıSonra baxıram beynalxalq vəziyyətə. Burada da belədir. Bir müsəlman toplumu ölkənin durumunu bir cür görür, başqası başqa cür. İkisi də deyir həqiqət məndədir, Tanrı mənimlədir. İkisi də bol-bol ayə-hədis gətirir. Ancaq mən nə bilim, Tanrı onlardan hansını dəstəkləyir? Tanrının özündən soruşmaq olmur bunu.

Hər şeydə də belədir. İqtisadiyyətdə, məişətdə, ibadətdə və s. və s. Yaşamın və varlığın elə bir sahəsi yoxdur ki, orada çeşidli ayə-hədislə bol olan adamlar bir-birləri ilə çəkişməsinlər. Hər yerdə də anlamıram, bunlardan hansını Tanrı dəstəkləyir?

Üzümü çevirirəm xristian və yəhudilərə. Onlar da Tanrıdan arqumentlər gətirib özlərini doğru bilirlər. Öz kitablarına dayanıb müsəlmanlarla və biri-biri ilə çəkişirlər. İndi mən nə bilim, bəlkə Tanrı bunları dəstəkləyir? Ondan soruşa bilmirəm axı!

Sonra baxıram laik (dünyavi) insanlara və toplumlara. Onlar deyirlər ki, istənilən sahədə dinçilik nə qədər az olsa, bir o qədər yaxşı olar, toplum inkişaf edib irəliləyər. Baxıram bir çox laikçilərin uğurlarına və deyirəm, onlar irəlidədirlərsə, bəlkə elə Tanrı bunları dəstəkləyir?

Sonra baxıram hindlərə, çinlilərə. Onların öz fəlsəfələri var. Tanrını bizim kimi qavramırlar. Ancaq yenə də uğurları var. Ona görə deyirəm, bəlkə Tanrı elə bunları dəstəkləyir?

Bu məsələlər haqqında çox düşündüm. Onilliklər boyu ateist də, laik də, dinçi də, məzhəbçi də oldum. Ancaq Tanrının kimi dəstəklədiyini anlamadım. İndi isə yaşım yetərli qədər çoxdur. Mən anladım ki, məzhəb və din dəyişməklə, ya da ateist olmaqla bu suala cavab tapmaq olmayacaq.

Ona görə də, son olaraq, belə nəticəyə gəldim ki, hər bir işin sonuna baxılmalıdır. Əgər sonluq uğurlu olubsa, irəlləyiş veribsə, insanlara xeyir gətiribsə, deməli o işi Tanrı dəstəkləmişdi. Yox, əgər bir iş pisliyə, əskikliyə, qırğınlara, geriliyə, yoxsulluğa və s. gətiribsə, deməli o Tanrıdan deyil idi.

Tanrı kimi dəstəkləyirBeləliklə, hər kimin nəsə dediyini eşidən kimi onu dəstəkləmək lazım deyil. Ya da kimsə Tanrı adından bol-bol nəsə deyirsə, onu nə bəyənmək, nə də rədd etmək gərəkdir. Hər şeydə səbr edib, onun dediklərinin nəyə gətirdiyinə baxılmalıdır. Əgər o adamın, ya ideyanın sonu yaxşı olubsa deməli Tanrı elə bunu istəmişdi. Belə olmayıbsa, deməli Tanrı bunu istəməmişdi.

Ən doğrusu odur ki, heç kimə qoşulmayasan və fətvasına getməyəsən, öz düşüncəni irəli qoyasan. Çünki ziddiyətlər varsa, deməli iştənilən şey mübahisəli və şübhəlidir. Tanrı da o qədər uzaqdır ki, ondan heç nə soruşmaq olmur. Deməli qırağa çəkilib izləmək gərəkdir. Kimin işi uğura gətirdisə, deməli Tanrı onu dəstəkləmişdir. Yalnız belə olanda o işə üstunlük verib, ona qoşulmaq olar.

Tanrı üçün isə fərqi yoxdur kim müsəlman, xristian, ateist ya buddistdir. Kim işini məntiqlə, ağılla görürsə, ona da üstünlük verir. Bunu biz dünyamızda görürük. Çünki dünyada Tanrı səbəb-nəticə qanununu qoymuşdur. Hər şey də bu qanuna tabedir. Təkcə kiminsə inancına görə Tanrı o qanunu dəyişməz. Çünki qanunu o özü qoymuşdur. Səbəb-nəticə qanunu pozulsa onda dünyanın nizamı pozular. Ona görə də Tanrı nədəsə müsəlmanı, nədəsə xristianı, nədəsə ateisti, nədəsə buddisti dəstəkləyə bilər. Təki səbəb-nəticə qanununa riayət olunsun və xeyirə gətirsin.

Buna görə də sözlərə, nə qədər gözəl olsa belə, inanmaq yox, işlərə baxılmalıdır. Kimin işi uğurludursa, o da haqlıdır. Tələsmək gərək deyil. İllər gərək olsa da gözləməlisən. Gözlə, diqqətlə bax, düşün – o işin, o sözlərin sonu nə oldu? O nəyə gətirib çıxartdı? Ancaq müddət keçəndən sonra deyə bilərsən ki, o işi Tanrı dəstəkləyib, ya yox. Yalnız bundan sona o işə qoşula bilərsən.

Müəllif: Aydın Əlizadə

VN:F [1.9.16_1159]
Rating: +18 (from 20 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

Bir cavab yazın