TARİXİN İTKİN DÜŞƏN QADINLARI

qadın kişi

Tarixin itkin düşən qadınları

Yunan filosofu Aristotel hələ eradan əvvəl dördüncü əsrdə məsələni konkret qoymuşdu: “Qadınlar və kişilər bölgüsü təbii həyat şərtlərinin diqtəsidir”. Qadın və kişi ayrımçılığı aparmaq və ümumiyyətlə, klassik cinslərarası bölgü meyarları üzərində fikir diskussiyaları aparmaq elmin də yanlış bir yola girməsinə səbəb olmuşdur. Media qadın haqqlarından danışır, halbuki insan haqqları özü sistematik bir problemdir və dünyadakı avantürist mətbuat nəhənglərinin qadın və kişi diskussiyalarını aparması insan hüquqları problemindən yayınmaq üçün ortaya atılan mənasız cəhd və manevrlərdən başqa bir şey deyil. Qadın problemləri üzrə dərnəklər yaradılır, süni QHT yaratma addımları atılır, klublar formalaşdırılır və qadınların səsini dünyaya duyurma cəhdləri pərdəsi altında insana yanaşmanı ikiləşdirmə cəhdləri ilə çıxış edirlər. Bütün bunlar ənənəvi və hər gün xəbər portallarından “gözümüzü deşən” mənzərələrdir. Bir də qeyri-ənənəvi cəhdlər var ki, burada da məqsəd diqqət çəkməkdən ibarətdir. Bu qeyri-ənənəvi və problemdən səthi bəhs edən birinci sfera feminizm hərəkatı və ondan törəyən feminist iclaslar, yığıncaqlar, çap vasitələridir. Bir cinsin üzərində bütün diqqəti yönəltmək və qadın haqqları üzərində fokuslanaraq, əks cinsə qarşı aqressiv fəaliyyət aparmağın məntiqi nəticəsi yoxdur. İkinci bir qeyri-formal mübarizə metodu FEMEN qızlarının çılpaq aksiyalarıdır. Buna bənzər aksiyalara Orta Əsrlərin sonu və yeni dövrdə Qərb ölkələrində rast gəlinir. Qərbi Avropada iyirminci əsrin ilk illərində qadın istismarına qarşı şlyapa yandıran qadınlara və kişi kostyumu geyinərək kamuflyaj etiraz yığıncaqlarına cəhdlər olmuşdu. Amerikada irqi münasibətlərin lokal hökumət tərəfindən diqqətdən yayındırıldığı illərdə ciddi qadın ayaqlanmaları oldu. Bunlardan biri kolonistlərə qarşı dirəniş mübarizəsi aparan yerli hindu qadınların ayağa qalxması idi. Daha sonra yenə Amerikada əmək istismarına qarşı qadın müqaviməti ortaya çıxmışdı. Amerikanın ştatlar səviyyəsində pambıqçı qadınlar tərəfindən təşkil olunan aksiyalarında, İngiltərədə dəmiryolçu qadınların etiraz aksiyalarında, Niderland burjua inqilabında qadınların fədakarlığı tarixin yönünü dəyişməyə qadir oldu.

qadın kişi tarixQadınların rolunu diqqətə çəkmək üçün edilən cəhdlər çox uğursuzdur. Dünyada öz bacarıqları və uğurları ilə bir növ, kişilər üzərində əzici üstünlüyə malik olan qadın simalar hər zaman olmuşdur. Axı niyə, ümumiyyətlə, qadına baxışları məişət dilemmasından izah etməyə çalışırıq? Uyğunsuzluq total şəkildə bizi girdabına alıb.
Diqqət edin, tv-də xəbər verilir, qadın döyüldü. Qəzet yazır, qadın vəhşicəsinə öldürüldü. Xəbər portalları manşet çıxarır, qadın təcavüzə məruz qaldı. Qadının adı mənfiliklə assosiasiya olunur, sanki və şüuraltı olaraq bu məsələdə həssaslıq insana mənfi bir istiqamət verir. Uğurlu qadın simalarının timsalında mənfi yüklü qadın xəbərləri psixologiyamızda daha ağır iz buraxır. Pisxoloq Erix Fromm qadın məsələsinə həssaslığı cins ayırımı olmadan, insan üçün instinktiv hesab edirdi. Psixoanalizdə Freydin vurğuladığı nüans da məhz bu idi, insanın qeyri-şüuri dünyasında qadına dair izahsız refleksiyalar mövcuddur. Baxın, bir məhəllədə eyni gündə iki nəfər döyülür və ard-arda iki döyülmə xəbəri çıxsa da, bir qadın döyülməsi xəbəri çıxması sosial şəbəkədə daha çox müzakirəyə səbəb olur. Demək ki, əzilən insan problemi mövcuddur. Söz yox, qadının istismara məruz qalması, qadının şiddət görməsi və bir toplumda belə xəbərlərin çıxması onun üçün ayıbdır. Amma dünya nizamı heç vaxt əvvəlki kimi olmur. İndi qadınlar dünyada güclü missiyalara sahibdirlər, onlar rəhbər postlarda və siyasətdə, ədəbiyyat və incəsənətdə heç də kişilərdən geri qalmırlar. Avreli Avqustin istedadlı və istedadsız problemindən danışırdı. Dediyim odur ki, qadının zərif cins olması onun estetik mahiyyətindədir. Və bəşər insanının keçdiyi bütün dinamik tarixi inkişaf qanunauyğunluqlarında qadınlar bir addım kişilərdən öndə olubdur. Antropolji tədqiqatlar və arxeologiya danılmz bir həqiqəti bizim “üzümüzə çırpır”: ən qədim dövrlər ana xaqanlığı-matriarxat dövrü olmuşdu. İnsan şüurunun təkamülə yenicə başladığı illərdə qadınlar qəbilə quruluşunda başda dayanırdı və onlara əvəzolunmaz bir rol verilirdi. Baxmayaraq ki kişilər ova çıxır, qəbilə münasibətlərini tənzimləyirdi, amma qadınlar ayrı bir sayğı və sevgi ilə mükafatlandırılırdı. Beləliklə, qadınların həm estetik yükü, həm də ontoloji çəkisi kişilərlə bir idi və hətta gözəllik qadınla paralel izah olunduğundan, daha çox qiymətləndirilirdi. Qadını istədiyimiz kimi təqdim edirik və qadınlar da istədiyi kimi təqdim olunur. Heç kim elm və düşüncə tarixini istiqamətləndirən qadınlardan bəhs etmir, onlarla bağlı olan tarixi məlumatlara diqqətsiz bir münasibət göstərirlər. Qadın obrazı qətiyyən bu gün dünyanın təqdim etdiyi, informasiya texnologiyalarının formalaşdırdığı obraz deyil.

Antik yunan fəlsəfəsində Sokratı yalnız onun etik və fəlsəfi təlimləri məşhurlaşdırmamışdır. Onun qadını Ksantipa da bu günümüzə qədər müzakirə mövzusu olaraq qalır. İyirmi birinci əsrin filosofu, ya yaradıcı şairinin onu məişət təfəkkürüylə sorğuya çəkən qadını və antik yunan filosofunun qadını Ksantipa. Məsələ aydındır. Qərb düşüncə sahiblərinin əsrlər öncə yaşadığı və mərhələ olaraq geridə qoyduğu pillənin biz hələ üstündəyik. İlk fəlsəfi məktəbləri araşdıran tədqiqatçıların gəldikləri nəticələr oxşar idi. Sokrat Ksantipanın deyingənliyindən çox bezirdi. Sokratın bu barədə ayrıca məktubları olmuşdur və bunlar çox yaxşı materiallar kimi istifadə olunmağa başlandı. Sokrat kimi erkən dövrün mütəfəkkir filosofu Ksantipanın bezdiriciliyindən gələcək nəsillərə “qeybətlər” ötürmüşdü. Mübahisələr, davalar, Sokratın başından tökülən sular onun evlilik haqqında baxışlarına təsir etmişdir. Bundan sonra, Sokrat evliliyə dair tələbələrinə dərslər verməyə başlayır. Sokrat xoşbəxt evlilik sualları üzərinə qeyd edirdi: “Evlilik yaxşıdır və müqəddəsdir. Əgər evləndiyin yaxşı insan olacaqsa, xoşbəxt, pis olacaqsa, mənim kimi filosof olacaqsan.” Ksantipa örnəyi Qərb fəlsəfəsində daha çox bilinən nümunədir. Buna dair faktlar çoxdur, amma az tədqiq olunan və ya heç öyrədilməyən qadın filosoflar da yetərincə idi.

TeanoHəndəsənin və kosmik fəlsəfənin, atomizmin banisi Pifaqorun qadını Teano barədə danışılmır niyəsə. Teano yalnız Pifaqorun həyat yoldaşı deyil, həm də tarixin ilk pifaqorçu qadını və Pifaqor teoreminin yayılmasında xidməti olan biridir. Teano Pifaqordan riyaziyyat və fəlsəfə dərsləri almış və daha sonra Pifaqorun ölümündən sonra Pifaqor məktəbinin əsasını qoymuşdu. Teano Pifaqordan fərqli olaraq idealist idi. Teanonun idealist fəlsəfəsində ruhun əbədiliyinə inam möhkəm idi. O maddənin əhəmiyyətinə fikir vermirdi. Bundan başqa, Teano musiqi ilə riyaziyyat, ritmlərlə fəlsəfə arasında əlaqələr axtarmışdır. Sosial psixologiya sahəsində onun hələ ö dövrlərdə irəli sürdüyü ideyalar bu gün üçün də aktual olaraq qalır. İndinin özündə belə psixologiya tarixinə dair dərsliklərdə Teanonun ailə və qadının evlilikdəki roluna dair fikirlərinə rast gələ bilərik. Pifaqor və tələbələrinin çətirində olan Teano şanslı idi, lakin həmin vaxtlarda Teano kimi şanslı olmayan filosof qadınlar da var idi. Baxmayaraq ki Aristoteldən Platona qədər antik düşüncənin nəhəng simaları qadının düşüncələrinə önəmdən bəhs etmişdi, yenə də qadın filosoflar ciddi basqılara məruz qalır və lağ hədəfinə çevrilirdi. Fəlsəfə qaynaqlarına adı az bəlli olan belə isimlərdən biri Aspasiadır. Yunan kişi mərkəzçilər ciddi fəlsəfi tezisləri olan Aspasianı yunan dilində “hetaira” deyə adlandırırdı. Dilimizə tərcümədə bu ifadə ədəbsiz və pozğun anlamını verir. Bunun bir səbəbi də o çağlarda qadınların fiziki imkanlarını pul qarşılığında satışa çıxaran mərkəzlərin olması və Aspasianın da bu mərkəzlərdən birində rəhbərlik etməsi idi. Platonun Sokrat haqqında qeydlərini diqqətlə nəzərdən keçirəndə orada Sokratın Aspasianın dinləyicilərindən olması haqqında fikirlərə rast gəlirik. Ritorikanın ayrıca bir sahə kimi inkişafında da onun xidmətləri olmuşdur. Ən dramatik qadın düşüncə sahiblərindən biri də sözsüz daş-qalaq edilən və fikirləri uğruna böyük acılara məruz qalan Hypatiadır. Hypatia öz dövründə bir qadın olaraq İskəndəriyyədə astronomiya və geometriya kimi ağır elmlərdən dərs alan azsaylı qadınlardan idi. Onun fəlsəfi fikirləri Platona yaxın olsa da, qatı materialist fikirləri olmamışdır. Təəsüfverici haldır ki, günümüzə qədər Hypatianın hər hansı bir kitabı gəlib çatmayıb. Onun ayrı-ayrı fəlsəfi tezisləri yaddaşlarda qalıb. Xristian doktrinanın bütün hakimiyyəti totallaşdırdığı illərdə Hypatia paqanizmdə gühahlandırılır və facəvi formada, daşlanaraq öldürülür. Sxolastika illərində din və fəlsəfə münasibətlərini tənzimləmək cəhdlərində olan qadın fəlsəfəçilər ortaya çıxır. Ömrünün 25 ildən çoxunu bir hücrədə qalan Hildegard daha sonra rahibəlik andı içir. Onun bir qadın olaraq kişilərdən ayrı ilk monastrı qurması və ikinci bir monastrı ərsəyə gətirməsi həmin zamanlar üçün inqilabi addım idi. Hildegardın varlıq fəlsəfəsində insan Allah və kosmos arasında bir vasitəçi idi. Hər şeyin yuvarlaq bir forma üzərində dayandığını söyləyərək, dünyanın yaradıcısını ilahi timsalda görürdü. Onun latın dilində üç əsəri mövcuddur və bu gün də qorunur. Orta əsrlərin güclü qadın filosofları sırasında fransız Kristine de Pizanın adını çəkməsəm olmaz. Dul bir qadın olan Pizan fəlsəfə ilə yanaşı, politologiya sahəsində güclü fikirləri olan ilk qadın düşüncə sahiblərindən hesab olunur. Onun şeirlər yazması da məlumdur. Kilsə inkvizisiyasına məruz qalan qadınların başında Marqaret Poret dayanır. Sırf idealist filosof olsa da, fikirləri kilsənin monoton teokratik ideyaları ilə üst-üstə düşmədiyi üçün təqiblərə məruz qalır. Onun “Çılpaq ruhun aynası” əsəri isə həyatının bitməsinə səbəb oldu. Poret ruhun sərbəstliyi ideyasına inanırdı. Ruhun azadlığı və çərçivəsizliyi fikiri kilsə müddəalarına uymadığı üçün Poret yandırılaraq qətl edilmişdir. Renessans ilə baş verən aydınlanma ilə bütün fikirlər bir azadlıq qazandı. Renessansı dünyaya bəxş edən filosoflar və sənətkarlardan çox bəhs olunsa da, pərdə arxasında qalan və adı az məlum olan qadınları xatırlamırlar. Renessansın aydın qadınları arasında Mari Le Jarsın adını xüsusi qeyd etmək lazımdır. Fəlsəfə ilə yanaşı, fizika və geometriya ilə maraqlanan Le Jarsın həyatındakı dəyişim məşhur Renessans dühası Mişel Mari Le JarsMontenle tanışlıqdan sonra dəyişir. Dil fəlsəfəsi və linqvistikaya dair ciddi tədqiqatları olmuşdur. Bütün bunlardan əlavə “Kişilər və qadınların bərabərliyi üzərinə” kitabını yazmışdır. Qadın və kişini ruhən vəhdətdə görən Mari Le Jars insan azadlığını ruhun qayəsi hesab edirdi. Onun siyasi sistemə dair açıq çıxışları da olmuş və məşhurlaşmışdı. Renessansın tək mənəvi fəlsəfə yaradıcısı qadını olan Tulia Araqonanın “Eşqin sonsuzluğuna dair dialoqlar” əsəri məşhurluq qazanaraq sərhədləri aşdı. Kitabda bizim anladığımız klassik məhəbbət fədailiyindən deyil, eşqin elmi və bioloji tərəflərindən bəhs olunurdu. Deyərdim ki, eşq fəlsəfəsinə dair ilk ciddi cəhd idi və Freydə qədər belə cəhdlər çox az idi. Həmçinin alman fəlsəfəsi Kant, Hegel, Haydegger, Nitsşe ilə xatırlansa da on üçüncü əsrdə yaşamış Fon Magdeburgun həyat fəlsəfəsinə dair ciddi araşdırmaları olmuşdur. Qadın filosoflar arasında dialoqlar və məntiqin arqumentasiya nəzəriyyəsinə ən toplu baxışlar Magdeburga məxsus idi. O, sual verməni bilginlik hesab edirdi. Sual verən insan zəkasını gələcək üçün önəmli bir struktur sayırdı. İtaliyada on dördüncü əsrdə yaşayan Katerina Siena iradə azadlığı məsələsini qabardan filosof idi. O hesab edirdi ki, insan iradəsi idarəolunmazdır və həyat prosesi tamamilə təbii bir hərəkət mexanizmasıdır. İspaniyanın qadın filosofu Tereza Avila öz əsərləri ilə səs-küy yaratmışdı. Onun bütün fəlsəfi baxışları yenilikçi və daha öncə səslənməmiş tezislərə söykənirdi.

Yeni dövrə qədəm qoyduqda bu dönəmin iki önəmli qadın filosofunun adı xüsusi qeyd olunmalıdır. Bunlardan biri Olimpiya De Qujdur. 1748-ci ildə Fransada doğulan Olimpiya De Quj insan fəlsəfəsindən dediyi fikirlərlə yadda qalsa da, tarixdə ən güclü qadın feministlərdən biri də hesab edilir. Onun məşhur “qadının dar ağacına çıxma haqqı olduğu kimi, fikir bildirmək haqqı da var” fikiri geniş kütlələrə yayıldı. Evlilik kənarındakı münasibətlərə və qadınların istismarına qarşı çıxan Olimpiya Fransa inqilabına aid əsaslı yazıları ilə də səs-küyə səbəb olmuşdu. Yeni dövrün digər tanınan filosof qadınlarından biri Jan Pol Sartrın evləndiyi Simona De Bovuar idi. Onun “İkinci Cins” əsəri “feminizmin konstitusiyası” hesab olunur. Sartr onun haqqında danışanda “həyatımda heç kimin girə bilməyəcəyi yeri var” fikrini səsləndirirdi. Digər qadın fəlsəfə adları da yeni dövrdə mövcud idi, lakin onların iki məşhur örnəyindən göründüyü kimi bu dövrdə fəlsəfədə cinslərarası münaqişə meyilləri ortaya çıxdı və sonralar bu uzun bir zamanı özündə cəmləşdirdi.

Bütün bu sadalananlarla yanaşı, Şərqin də önəmli qadın filosofları var. Elm tarixini dəyişən qadın alimlər olmuşdur. Bir yazıda bu haqqda bəhs etmək mümkün olmadığı üçün növbəti yazılarda Şərqin qadın filosofları və elm tarixinin “ilahələrindən” də bəhs etməyə çalışacağam.
Qadın gözəlliklə asosiasiya olunur.
Qadın düşüncənin və mübarizənin adıdır.
Qadın aydınlıqdır və işıqdır. Onu qaranlığa salmaq istəyənlər öz əməlləri ilə məsuliyyətsiz və yaradılışa zidd hərəkətlər etdiklərinin fərqində belə deyillər.
Qadınları təqdim etməyin, buraxın, onlar yaratsınlar.
Dünyada savaşlardan barışı törədən qadındır.
Qadın başlanğıcdır.
Qadın yaradılışdır və ruhun təməlidir.
Türkiyənin ilk qadın filosofu və karikatüristi olan Piyalə Madranın yaxşı bir deyimi var: “Gözə girən gülünclükdən daha çox kiçik bir hərəkətlə, bir baxışla, bir sözlə arxa planı göstərmənin daha vurucu zərbə olduğunu düşünürəm.”
Qadın dəqiqliyi də elə bu deyilmi?!

Mənbə: kirpi.info
Müəllif: Tural İsmayılov

Beyenmeler
0   15  
VN:F [1.9.16_1159]
Rating: +6 (from 8 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

Bir cavab yazın