Parkda gəzişirəm. Təxminən 2 yaşında bir uşağın kiçik oyuncaq maşını naminə ona toxunan yaşca böyük uşağa necə hücum etdiyini gördüm. Öz qızıma da olub bu. Nəinki öz oyuncağını əldən vermək istəmirlər, hətta başqasının da oyuncağına sahib çıxmaq istəyirlər. Bu iki vəziyyəti həmin bu iki uşağın timsalında anlamaq olar. Sözümün canı nədir?
Deyirlər haa uşaqlar safdır, səmimidir, filan, bax bu belə bəsit tərif ediləsi məsələ deyil. Məncə məsələ sahiblənmək duyğusunun formalaşmasındadır. Sadəcə böyüdükcə daha çox mülkiyyət, daha çox sahiblənmə formalaşır insanda. Mülkiyyəti az olan uşağın simasında andığımız “saflıq” təcəssümü uşaq böyüdükcə itir. Çünki mülkü (öz çapında) çoxalır, böyüyür. O zaman təcavüzkarlığı da artır. Hakimiyyət hissini də əlavə etmək olar, bir-biri ilə oynayan zaman görmək olur bunu. Mülkiyyətçilik, hakimiyyət faktorları bir-birinə sıx bağlı olan, hətta biri birini törədən amillərdir. Biz bütün bunların insanoğlu ilə paralel böyüdüyünü görürük. Bununla belə böyüklər uşaqlar kimi saf deyil deyirik. Mən isə belə deyərdim: Sadəcə uşaqlar böyüklər qədər sahib deyillər, ona görə.
Uşaqlar səmimidirlər deyirik. Çünki içləri ilə çölləri, yəni daxili aləmləri ilə əməlləri uzlaşır, eynidir deyirik. Uşaqların içi ilə çölü ona görə birdir ki, qarderoblarında hələ çoxlu “obraz”lar yoxdur. Çünki az olaylarla qarşılaşırlar. Yeni bir şey ortaya qoymaq zərurəti yaranmır. Vallah yaranan kimi böyüklərdən də ustalıqla yalan söyləyir, rola girirlər. O üzdən yaradıcılıqvə incəsənət qabiliyyəti uşaqlıqdan bəlli olur deyirlər.
Ümumən belə bir nəticəyə də gəlinir ki, Tanrı insanı saf yaradır, uşaqkən ancaq gözəllik və dürüstlüklə dolu oluruq. İnsan böyüdükcə korlanır. Nəticə etibarı ilə eyni mənzərədən bəhs edilsə də mən yaradılış haqda fərqli düşünürəm. Bəli, yuxarıda da qeyd etdiyim kimi, uşaqlarla böyüklər sadaladığımız hallar müqayisəsində fərqlidirlər. Amma mən düşünmürəm ki, bu ilkin saflığın sonradan pozulmasıdır. Mənim fikrimə görə Tanrı ümumiyyətlə yaxşılıq və pislik deyə bir anlayışların mənbəyi deyil. Tanrı qatında sadəcə fəaliyyət, hadisə və olaylar var. Ədalət, şəvqət, pis, yaxşı kimi duyğusal qavramları bu fəaliyyət və olaylara biz yükləyirik. Biz potensialca ilkin formada da davam edirik. Sadəcə hadisələrlə münasibətdə ortaya çıxan hallara ictima və fərdi formada adlar düşünür və qoyuruq.
Uşaqların bu tip reaksiya verməsi psixoloqların fikrinə görə, mənlik hissinin yaranması əlamətidir. Bu gözəl xüsusiyyətdir və normaldır. Lakin uşaq böyüdükcə bu hissini doğru idarə edə bilməsə təkəbbürlülüyə və həsədə çevriləcək kimi fikirlər də var. Ümumən doğru yanaşmadır. Amma iş orasıdır ki, uşaq vaxtı da yanlış idarə olunmanın nəticələrini görürük çox. Paxıllıq, mülkiyyətçilik, hücum, yalan, yeni obrazlar və s. O üzdən mən bu məsələyə ancaq pozitiv fonda baxmağın tərəfdarı deyiləm. Uşaqlığımız olsa belə, vəhşi saydığımız yönlərimizlə üzləşməyi bacarmalıyıq. Nəticədə bu hamısı bizik, biz insanlar. Kiçik ikən böyük olmağa, böyüyəndə isə kiçik halımıza həsrət edən insanlar.
Bütün bunlardan belə nəticəyə gəlirəm ki, baş verənlərə ilkin reaksiyamız, onu real halı olaraq idrakımıza açıq tutmaqdır. Faktlarla qarşılaşmağı, iç dünyamızla, kimliyimizlə, keçmişimizlə üzləşməyi öyrənməliyik. Açıq, yalın və yabanı şəkildə. Lüt-üryan. Anlamlar və mənalar yükləyib formasını təhrif etməklə deyil. Bu həqarət deyil, bu özbaşınalıq, dikbaşlıq deyil. Məsələlərə öz kimi baxmaq lazımdır. Fon vermədən baxmaq. Yaxşı-pis, doğru-yanlış, gözəl-çirkin fonu verincə subyektin özü arxa plana keçir. Bu anlayışları zamanla formalaşdırdığımıza görə ilkin halımızı özümüzə həqarət bilirik. Biz yükləyirik bunları öz beynimizə, ordan da ətraf aləmə. Uşaqlığımıza həsəd etməkdənsə özümüzlı üzləşməyi bacaraq.
Müəllif: Vüsaləddin Rüstəmov