YAHUDİLƏR HAQQINDA

1759_map_Holy_Land_and_12_TribesYahudi milləti…
Böyük bir toplum dini və yanlış informasiyalardan dolayı bu ada nifrət edir, saxta düşmənçilik hissi ilə alışıb yanır, digər bir toplum isə bu millətin seçilmişliyinə inanaraq onların nailiyyətləri qarşısında özlərini aciz tuturlar. Hər iki tərəfin hissi davranışlarının qaynağı isə ağızdan ağıza keçən miflər, əsassız uydurmalar və məqsədyönlü olaraq alovlandırılan ideoliji nifrətdir. Bəs bütün bunların xaricində, tarixin fonunda və obyektiv olaraq baxsaq necə? Kimdir yahudilər, nədir yahudilik? Onlar həqiqətən bu qədər nifrət və eyni zamanda heyrətə layidirlərmi?
Gəlin tarixə qısa ekskursiya edək. Baxaq millətlər tarixi içindən yahudi xalqının həyat yoluna. Bu səyahət sonrası hər kəs öz qərarını verə biləcək məncə, kimdir əslində yahudilər. Bəlkə də bu ad qismən tərifə, qismən də nifrətə layiq bir cığır açmışlar tarixin bağrında. Bəlkə də yenidən tanımış olacağıq bu millətin tarixini.
İlk öncə qeyd edək ki, bu millətin tarixi çox, həm də çox qədimlərə gedib çıxır. Tarix boyunca böyük təzyiqlərə məruz qalmış, inad və bərabərlikləri, özlü ideologiya və dini sadiqlikləri hesabına daim ayaqda qalaraq digərlərini daha da qızışdırmış, böyük qətliamlarla üzbəüz qalmışlar. Daim yaşadıqları torpaqlardan didərgin salınaraq ətrafa səpələnmişlər. Və bütün hallarda, bu səpələnmlərdən mümkün qədər xeyirlərinə istifadə etmiş, nəyin bahasına olursa olsun ayaqda qalaraq öz dəst-xətlərini dünyaya yeridə bilmişlər.
yahudiBizim eranın 70-ci ilində Romanın Qüdsü işğal etməsi nəticəsində onlar öz doğma yurdlarından çıxarıldılar. Qaçmaqla, qul kimi satılmaqla bütün ölkələrə və qitələrə yayıldılar. Yahudilərin müqəddəs kitablarından və ruhani xatirələrindən yaranan digər böyük dinlər və tərəfdarları onları təqib edir və qırırdılar. Onlar təcrid olunmuş vəziyyətdə çox sıx olan  gettolarda (Orta əsrlərdə yahudi məhəlləsi), ağır təqiblər içərisində yaşayırdılar. Əhalının hücumlarına məruz qalır, krallar tərəfindən qarət olunurdular. Buna baxmayaraq öz əmək vasitələri və zəhməti ilə abad şəhərlər salırdılar. Onlar cəmiyyət tərəfindən rədd edilir, insanlardan uzaqlaşdırılır, təhqir olunur və incidilirdilər.Bütün bunlara baxmayaraq yahudilər həm fiziki, həm də mənəvi cəhətdən özünün irqi və mədəni  toxunulmazlığını, öz adət -ənənələrini, ən qədim mərasimlərini qoruyub saxlayır, öz qurtuluş günlərini əzm və səbrlə gözləyirdilər.
Əslində dünyaya səpələnmə Qüdsün süqutundan çox əsr əvvəldən başlamışdı. Yahudilər bütün Aralıq dənizi ərazisinə – Afrikaya, İsgəndəriyyəyə və Korsikaya, Romaya və Marselə, hətta uzaq İspaniyaya və Portuqaliyaya yayılmışdılar. Məbədlərinin dağıdılmasından sonra əhalı iki istiqamətdə hərəkət etdi: bir istiqamət Dunay və Reyn boyunca, Polşaya və Rusiyaya doğru idi; digər istiqamət isə İspaniyaya və Portuqaliyaya gedib çıxırdı. Mərkəzi Avropada yahudilər tacirlər və maliyyəçilər kimi seçilirdilər. Onlar ərəblərin riyazi tibbi və fəlsəfi biliklərini həvəslə öyrənirdilər. Və Kordovanın, Barselonanın, Sevilyanın böyük məktəblərində öz mədəniyyətlərini inkişaf etdirirdilər. XII-XIII əsrlərdə yahudilər burada antik dövr mədəniyyətinin və şərq mədəniyyətinin Qərbi Avropaya çatdırılmasıda  böyük rol oynayırdılar.

yahudilik

İspaniya yahudiləri 1492-ci ilə – Ferdinandın Qrenadanı işğalına və müsəlmanların son dəfə qovulmasına qədər çiçəkləndilər və inkişaf etdilər. Yahudilər İslam dininin mülayim hakimiyyəti zamanı olduqları azadlığı itirdilər. İnkvizisiya xaç suyuna salınma, xristian dininə əməl olunması, ya da sürgün və əmlak müsadirə olunma seçimi ilə onların başının üstünü aldı. Yahudilərin böyük əksəriyyəti çətin yolu seçdilər və sığınacaq yeri axtarmağa başladılar. Bəziləri gəmiyə minib Genuyaya və İtaliyanın digər limanlarına daxil olmağa çalışdılar. Dənizdə hökmranlıqlarına görə özlərini yahudilərə borclu bilən Venesiya onların yalnız az qismini qəbul etdi. Qalanları isə Afrikaya üz tutdular. Artmaqda olan əzab-əziyyətə və xəstəliyə baxmayaraq Afrika sahillərinə çatana qədər üzməyə davam etdilər. Burda isə onların qiymətli daşlara malik olduqları güman edildi və onlardan çoxu elə bu səbəbdən də öldürüldü. Böyük dəniz səyahətinin onlara yeni məskən tapacağı ümidi ilə, ola bilsin ki, elə öz irqlərindən olan Kolumbun səyahətini pulla təmin etdilər. Onların çox hissəsi heç olmasa bir az yaxşı qəbul görmək üçün İngiltərə və Fransa arasında kiçik, ancaq bərəkətli Hollandiyaya üzdülər.
Bundan sonra İspaniya zəiflədi, Hollandiya isə çiçəkləndi. Yahudilər birinci sinaqoqlarını (yahudi məbədi) 1598-ci ildə Amsterdamda tikdilər və 75 il sonra onlar Avropada ən möhtəşəm ikinci sinaqoqu tikəndə xristian qonşuları onlara maliyyə yardımı göstərdilər. Rembrantın ölməzlik verdiyi tacirlərin və ruhanilərin köklüyünə, məmnunluğuna əsasən mühakimə yürütsək, indi yahudilərin xoşbəxt olduqlarını deyə bilərik.

Hazırladı: Vüsaləddin Rüstəmov

VN:F [1.9.16_1159]
Rating: +19 (from 27 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

One comment

Bir cavab yazın