YENİ İL SİZİ GÖZLƏYİR

yeni-ilDaha bir ilin sonuna gəldik…
Yeni ilin yaxınlaşması nə qədər sevindirici olsa da, insanları kədərləndirən məqamlar da var. İlin sonu yaxınlaşan kimi, bu bir il ərzində qarşımıza qoyduğumuz məqsədləri, gerçəkləşdirə bildiyimiz və bilmədiyimiz planlarımızı xatırlayırıq. Əgər kimsə bir il ərzində çox şey qazanıbsa, planları daha çox reallaşıbsa, özünə güvən hissi üstünlük təşkil edir və il sonunda sanki dərindən nəfəs alır, yeni ili daha sevinclə qarşılayır. Geriyə dönüb baxarkən özüylə qürur duyan insan yeni ildən yeni ümidlər gözləyir.
Amma geriyə baxarkən yarımçıq qalmış işlər, həyata keçməmiş arzular görən insan özünün bacarıqsız biri olduğunu düşünür, çarəsizlik, ümidsizlik kimi duyğular yaşayır. Hətta bir il daha yaşlandığını, heç cür geri qaytarılması mümkün olmayan bir ili itirdiyini düşünən insanlar da var. Bu insanlar depressiv vəziyyətə düşür, ancaq keçmiş günlərlə yaşayırlar.
Bir şeyi unutmamalıyıq ki, yeni illə köhnə il sadəcə olaraq saatlarla bir-birindən ayrılır. Əgər uzun müddət köhnə ilin yasını tutsaq, yeni ilin də necə gəlib-necə getdiyindən xəbərimiz olmaz. Yarımçıq qalmış bütün işləri yeni ildə də davam etdirmək mümkündür.
Ümumiyyətlə, zaman Eynşteynin sübut etdiyi kimi, sadəcə, bir xülyadır. Arzularınıza çatmaq, hədəflərinizi gerçəkləşdirmək üçün zamana ehtiyacınız yoxdur. Siz yalnız arzuladıqlarınızın tezliyinə köklənin.
Hədəf seçərkən onun imkanlarınıza, həyat şəraitinizə uyğun olmasına da diqqət edin ki, gerçəkləşməyən planlarınız sizi məyus etməsin. Yarımçıq qalan işləri yeni ildə də davam etdirə bilərsiniz. Yetər ki, dinamik olun, ruhdan düşməyin.
Bunun üçün düşüncələrinizə diqqət edin.
yeni-ilBiz hamımız düşündüklərimizin nəticəsiyik. (Budda)
Sağlam emosional vəziyyətdə olan insanın bütün problemlərin öhdəsindən gəlməsi mümkündür. Həyatınızdakı bütün xoşagəlməzlikləri doğru düşüncə tərzinin köməyiylə dəyişə bilərsiniz.
Yeni ilə doğru gedərkən daxilən sizi incidən, yaxud incitdiyiniz yaxın, dost insanlardan hələ də inciklikləriniz varsa, addım atın, qürur dediyiniz eqonuzu bir kənara tullayın. Bir xoş sözə ehtiyacı olan insanları unutmayın. Unutmayın ki,verdiyiniz hər şey eynilə özünüzə qayıdır. İllərinizin uğurla bitib, uğurla başlamasını istəyirsinizsə sevgi verin. Əmin olun, sevgi alacaqsınız.
Sevgi almaq üçün… özünüzü onunla elə doldurun ki, sevgini cəzb edən maqnitə çevriləsiniz. (Çarlz Enel)
İlin əvvəli, yaxud sonu olması önəmli deyil, önəmli olan hər şeyi zamanında yaşaya bilməkdir. Yeni il sizi gözləyir, onun da sizdən umduqları var. O sizdən yalnız müsbət enerji gözləyir. Yeni ili bacardıqca gözəl əhval-ruhiyyə ilə qarşılayın  və il boyu bu əhval sizi heç tərk etməsin.
Yeni ildə uğurlarınız, nailyyətləriniz bol olsun, arzuladığınız qədər sevinəsiniz!
YENİ İLİNİZ MÜBARƏK!

Müəllif:   Psixoloq Rübabə

VN:F [1.9.16_1159]
Rating: +12 (from 14 votes)

Psixoloq Rübabə

Fitret.az yazarı. Psixoloq.

- Sayt ünvanı

Bir cavab yazın