ZAMAN HAQQINDA

zaman-əbədilik-anZaman: Andan əbədiliyə yolçuluq…

Zaman məhfumu ta qədimdən insanları düşündürmüşdür. Qədim yunanların dini baxışlarına baxsaq, orda ən böyük tanrı Xronos (Zaman) adlanırdı və onu təsvir edəndə, öz balalarını yeyən ana kimi təsvir edirdilər. Zaman, sanki bir süfrə açır və sonra da o süfrədə nə qoymuşdusa hamısını bir-bir yığmağa başlayır. Bunu Quran da daima xatırladır ki, yer üzündə sizə yalnız bir müddət faydalanmağa imkan var, yəni müddətin özü məhduddur. Şərq fəlsəfəsi, hind fəlsəfəsi, çin fəlsəfəsi və bizim sufilər də təbii ki, zaman anlayışına çox diqqət ayırıblar. Burda əsas mövqelər nədən ibarət olubdur?
Birinci o böyük fikir olmuşdur ki, zaman nə qədər efemer, ötəri, ani olsa da əbədiyyətin iyini, ətrini biz elə ancaq o ani zamanda ala bilərik və müdriklər o kəslər olublar ki, o ötəri zaman anlarının içindən əbədiyyətə çıxış tapa biliblər. Əgər şəxsiyyət öz qəlbini zamanın ötəriliyinə verirsə (hər zaman da ötəri dəyərlər çıxa bilir, ötəri hay-həşir ola bilir, ötəri inqilablar ola bilir), əbədi dəyərlərin üzərində köklənə bilmirsə, bu ancaq ona görədir ki, o, zamanda əbədiyyəti duya bilmir.Yəni bu əbədiyyət dəyərlərini bəzən insana aşılayanda, insan məcbur olub onu mənimsəyir, amma əgər o zaman dekorasiyasının arxasında duran əbədiyyəti özü görmürsə, o dəyərləri doğru-düzgün yaşıya bilmir. Riyakarlıq yaranır. Bizim tarixdə gördüyümüz ən böyük adamlar: Nəsimi, Xəyyam, Füzuli; bu insanlardan sanki əbədiyyətin ətri gəlir. Onlar zəmanə adamı olmayıblar, çünki onlar əbədiyyətə zamandan çıxış yolu tapa biliblər.

zaman nədir?Zamanın sürəti və indinin dəyərləndirilməsi.

Bir də zamanın bu sürətliliyi bir növ adamı təsirləndirir. Zamanla ayələr açılır. Məsələn, Quranda bir ayə var, Furqan surəsində, “İnanmayanlar deyərlər ki, kaş bu Quran bir dəfəyə nazil olardı”, amma 20 ildən çox bir zamanda ayələr gəlib və həmin ayədə izahat da verilib ki, “bu səni möhkəmləndirmək üçündür”. Deməli, Allah elə bir dünya dizayn eləyib ki, orda həqiqətlər və ayələr özləri də zamanla aşkarlanır, İsa peyğəmbər İncildə belə bir söz deyir ki, “mən sizə həqiqətin hamısını demədim, qorxdum ki, ürəyiniz partlayar”. Çünki insan da həqiqətə hazırlanmalıdır, o, uşaqlıqda boylana bilmədiyi həqiqətlərə, özündə zamanla boylanmaq cəsarəti tapır. Deməli, zaman həm də həqiqətin yetişməsi üçün mövcuddur. Zaman, insanı ələ salmaq, insanı çətin duruma salmaq üçün deyil, zaman özü də bir asanlıqdır əslində. İkinci bir əhəmiyyətli mövqe də var ki, Şərq filosoflarında dəfələrlə buna rast gəlinir. Onlar nəyi vurğulayırlar?
İndinin dəyərləndirilməsi!
İnsan indiki yaşadıgı zamana çox diqqət yönəldə biləndə, məsələn, bu həm buddizmin fəlsəfəsində var, həm Vedalarda, onda o, adam tanrının nəfəsini duya bilər. Çünki Tanrının nəfəsini yaxalamaq istəyirsənsə, vəhyini, iradəsini yaxalamaq istəyirsənsə, diqqətini indiki ana yönəlt. Amma biz baxırıq ki, dinlər tarixində də, mədəniyyətlərdə də bir nostalji duyğular çox hökm sürür. İnsanlar keçmişlə yaşayırlar, nə bilim, səadət əsriylə, nə bilim İsa peyğəmbərin olduğu zamanla. O əsrin xiffətini çəkirlər. Quran isə deyir ki, onlar gəldilər getdilər. Siz indi yaşayırsınız, siz baxın nə edirsiniz. İndiki zamanı keçmişlə əksiltmək halı var. Siz indiki zamanınızı itirirsinizsə – siz həyatınızı itirirsiniz. İnsan heç bir xidmət göstərə bilməz, əgər o keçmişlə və yaxud da gələcəklə yaşayırsa.

Müəllif: Müşfiq Şükürov (İctimai TV, “Din və Cəmiyyət” verilişindən çıxışı)
Hazırladı: Nərmin Heydərova

VN:F [1.9.16_1159]
Rating: +12 (from 12 votes)

Nərmin Heydərova

Fitret.az yazarı. Müəllim.

 
Facebook

One comment

  1. Çox gözəl və qiymətli yazıdır. Sonuncu abzas isə çox insanın “yaralı yeri”dir. Zamanın əsil nəbzini tutsaq, düzgün iradə, əzm göstərsək keçmişdə pərəstiş etdiyimiz, əl çatmaz hesab olunan şəxslərdən də Allahın izni ilə çox önə getməyə qadirdir “indi”-ni olduğu kimi duya bilənlər. Bu mövzuda yazılar daha çox olsa yaxşı olar. Təşəkkür edirəm.

Jeyhun E. Mikayil üçün bir cavab yazın Cavabı ləğv et