“ƏKİNÇİ” QƏZETİ-MİLLİ MƏTBUAT.

“Əkinçi” — Azərbaycan dilində işıq üzü görən ilk milli qəzetdir. 1875-ci ilin 22 iyulundan 1877-ci ilin 29 sentyabrına qədər nəşr edilən Əkinçi qəzetinin ümumilikdə 56 sayı işıq üzü görmüşdür. Qəzet ayda iki dəfə 300-400 tirajla nəşr olunurdu; baş redaktoru Həsən bəy Zərdabi idi.

sx_877384400_dp

XIX əsrin II yarısında Azərbaycanın iqtisadi və ictimai inkişafı milli mətbuatımızın yaranmasını zəruri edirdi. Bu zərurəti dərk edən görkəmli maarifçi Həsən bəy Zərdabi hökumətə müraciət edərək çətinliklə olsa da belə bir qəzetin nəşrinə icazə ala bilmişdi. Qəzetin nəşri üçün Zərdabi İstanbuldan xüsusi ərəb mətbəə şriftləri gətirtməli olmuş və nəhayət, xeyli əziyyətdən sonra 1875-ci ilin 22 iyulunda Bakıda qubernator mətbəəsində qəzetin ilk nömrəsinin nəşrinə nail ola bilmişdi. “Əkinçi”nin nəşrilə həm də milli mətbuatımızın əsası qoyulmuşdu. “Əkinçi” qəzetində Moskvadan Nəcəf bəy Vəzirov və Əsgər ağa Gorani, Şamaxıdan Seyid Əzim Şirvani və Məhəmmədtağı Əlizadə Şirvani, Dərbənddən Heydəri və Tiflisdən Mirzə Fətəli Axundovun məqalələ və digər yazıları dərc olunurdu. 1877-1878-ci illər Rus-Türk müharibəsi başlanan zaman arxa cəbhədə “türk-tatar” dilində qəzetin mövcudluğundan ehtiyat edən Rusiya hökümətinin göstərişi ilə 1877-ci ilin sentyabrın 29-da “Əkinçi”nin nəşrinə rəsmən xitam verilmişdi. İlk mətbuat orqanımız olan “Əkinçi” qəzetinin işıq üzü gördüyü gün – iyulun 22-si artıq respublikamızda “Mətbuat Günü” kimi qeyd edilir.

Ekinchi“Bizim şəriətimizə görə qulu azad etmək çox böyük savab olduğunu bilə-bilə biz özümüz öz xaişimizlə bir-birimizə qul olmuşuq: rəiyyət padşaha, övrət kişiyə, uşaq ataya, nökər ağaya, şagird ustaya məgər qul deyilmi? Bəli, biz hamımız quluq. Buna səbəb bizim ata-baba adətlərimizdir. Xülasə, Şərqi zəmində azadlıq olmadığına biz Avropa əhlindən geri qalmışıq və nə qədər belə olsa biz tərəqqi etməyəcəyik və edə də bilmərik”. Bu fikirlər “Əkinçi” qəzetinin 1877-ci ildə çıxan 6-cı nömrəsindəndir. Məqalələrində Azərbaycan xalqının yüksəlişi məsələlərinə tez-tez toxunan “Əkinçi”lər feodal quruluşunun məhv olacağına inanırdılar. Əsgər ağa Gorani məqalələrinin birində yazırdı ki, quldarlığı feodalizmi də kapitalizm əvəz edəcəkdir. “Əkinçi” insanların adi hüquqlardan belə məhrum olduğunu açıqcasına deyirdi. Qəzet başqa bir məqalədə söz azadlığının olmamasına acıyaraq yazırdı: “Məlumdur ki, heyvan haraya getsə gedər, hər tərəfə istəsə baxar, hər nə istəsə eləyər; haçan keyfi necə istəsə mələyər, amma insan nəinki özü istədiyini edə bilmir, hətta keyfi istədiyi kimi danışa da bilmir”. “Əkinçi”nin müəllifləri xalqın zülm altında olmasının əsas səbəblərindən birini elmsizlikdə görürdülər. Onların fikrincə adamların biri digərinə avamlıq üzündən qul olur. Məqalələrin birində deyilir: “Məlumdur ki, bir heyvan bir ahunu şikar edib özü yeyir və əgər bir qeyri heyvan onun əlindən o ahunu almaq istəsə, onunla ölənəcən dava edər, amma insan qan-tər töküb qazandığını avamlığı cəhətdən öz əli ilə özündən güclülərə verib onların dəxi artıq təvanə olmağına bais olur ” (54).

i95

Məhz buna görə də qəzet oxucuları elmli olmağa, maarif ardınca getməyə, gözüaçıqlığa səsləyirdi. “Əkinçi” mühərrirləri xalq yaradıcılığına böyük qiymət verirdilər. H. Zərdabi xalq mahnılarının qarşısında ictimai həyatı əks etdirmək vəzifəsini qoyurdu. O, məqalələrinin birində yazırdı: “Məlumdur ki, hər kəsin mahnıdan xoşu gəlir, səsi olan da, olmayanda könlü istəyən vaxt mahnı oxuyur. Bu səbəbə mahnı çox vacib şeydir, ona binaən onun mənasını yaxşılaşdırmaq səyinə düşmək lazımdır. Hər tayfanın keçmişində olan yaxşı və yaman günlərini şərh edən mahnıları olur; bunlar ağızdan-ağıza düşüb milləti birləşdirməyə bais olur. Amma bizim mahnılara baxan gərək təəccüb eyləsin, xudavənda, onları kim və nə üçün düzəldib! Onların çoxunu ki, avam çağırır, heç mənası yoxdur. Məsələn, Ağacda oturub sərçə, Niyə uzunsan ay küçə. Sən harada qaldın ay beçə, Ey yar, ey yar, ey qara qız ” (56). Zərdabi məqalənin sonunda göstərir ki, bizim şairlərimiz bir-birinə həcv etməkdənsə mənalı mahnılar yazsalar, xalqın mənəvi inkişafına kömək edərlər. Qeyd etmək lazımdır ki, “Əkinçi” redaksiyasına çoxlu hekayələr gəlirdi. Lakin Zərdabi bədii və məzmun cəhətdən zəif olanları buraxmırdı. Beləliklə, qəzet real həyatdan bəhs edən əsərlər uğrunda qızğın mübarizə aparırdı. Qəzet bu cür mübarizəsi ilə realist Azərbaycan ədəbiyyatının və ədəbi tənqidinin inkişafına faydalı təsir göstərmişdi. H. Zərdabi dünyagörüşü etibarilə maarifçi-demokrat idi. O, Qərbi Avropa burjua respublikalarında olan şəraitin Azərbaycanda da bərqərar olmasını arzulayırdı: “. . . Nə qədər Avropa əhli bizim təki azadlıqdan bixəbər olub, ol vaxtacan bizdən bədtər avam olub. Amma bu halda azadlıq cəhətdən Avropa əhli çox tərəqqi edib və hər bir işdə bizdən irəli düşüb. …Xülasə, Məşriq-zəmində azadlıq olmadığına biz Avropa əhlindən geri qalmışıq və nə qədər belə olsa, biz tərəqqi etməyəcəyik və edə bilmərik ” “Hamını çağırıram gəlmir, göstərirəm görmür , deyirəm qanmır. Axırda gördüm onları haraylayıb çağırmaqdan başqa bir əlac yoxdur. Ola bilməz ki, sözümü eşidənlərdən heç biri qanmasın. Necə ki, bir bulağın suyunun altına bərk bir daş qoysan ,bir neçə ildən sonra su tökülməkdən daş deşilir , habelə söz də , ələlxüsus doğru söz… Heç olmaz ki, doğru söz yerdə qalsın…” xalq üçün yanaraq deyirdi Zərdabi . Həsən bəy Zərdabi Azərbaycan teatrının yaranmasında, ilk xeyriyyə cəmiyyətinin təşkilində, qız məktəbinin açılmasında, ana dilində təhsilin həyata keçirilməsində və başqa sahələrdə misilsiz rol oynamış ziyalıdır. “Əkinçi” üçün əlindən gələni əsirgəməyən maarifçilərimizdən biri Nəcəf bəy Vəzirov “Əkinçinin” Rusiya müxbiri idi. Seyid Əzim Şirvani “Əkinçi”nin təsirilə günün bir çox zəruri məsələləri ilə maraqlanır və yaradıcılığında yeni mövzulara keçir, müasir həyatın tələblərinə uyğun şeirlər yazır, Azərbaycanın ilk mətbu orqanında nəşr etdirir. Maarifçi şair üçün “Əkinçi” xalqa müraciət yeri idi. O, xalqı qəflət və cəhalət yuxusundan oyanmağa çağırır, Həsən bəy Zərdabinin xeyirxah, maarifçi təşəbbüslərini alqışlayır, onu bilikli bir müəllim və xeyirxah bir insan kimi qiymətləndirirdi. O, “Əkinçi”də çap etdirdiyi şeirlərilə müasirlərini bu qəzeti oxumağa, ona kömək etməyə çağırırdı:

Bəs “Əkinçi” cəlalımızdır bizim,
Nasehi xoşməqalımızdır bizim.
Səy edək, ey guruhi-niksifat,
Etməsin ta bizim “Əkinçi” vəfat.

Əsgər ağa Goraninin “Əkinçi” qəzetinin 17 nömrəsində müxtəlif imzalarla 39 məqaləsi dərc olunub . Mirzə Həsən Əlqədari “Əkinçi”nin “Məktubat” bölümündə cənubda baş verənləri xəbərdar edən əsas yazarlardan biri idi. Məmmədtağı Əlizadə tez-tez Almaniya , Fransa kimi ölkələrə gedir , orada dərin biliklər və məlimatlar əldə edir, “Əkinçi” oxucuları ilə paylaşırdı. “Əkinçi”nin Dağıstan müxbiri Ələkbər Heydəri gənclərin dərin elmi biliklərə yiyələnməsini zəruri məsələ kimi irəli sürürdü. O, köhnə təlim-tərbiyə üsullarını pisləyir, məktəb-mədrəsədəki təlimin yarıtmazlığını , orda tədris edilən fənlərin puçluğunu açıb göstərirdi. “Əkinçi”nin inadkar və dözümlü olmasına görə fərqlənən əməkdaşlarından biri Əhsənül-Qəvaid təxəllüsü ilə yazan Gəncəli Hacı Məhəmməd Sadıq idi . O, idrakın gücünə inanır , hətta onun vasitəsilə insanların azad ,dinc , qayğısız yaşayacaqlarına bel bağlayırdı. “…Bu qayda qədim zəmanə qaydasıdır və zəmanə dəyişdiyinə görə gərək o da dəyişsin . İndi hər bir sənətin sənətkarı olduğu kimi , elmləri də hamısını bir ustadddan , bir məktəbdən öyrənmək olmaz. Həm də hər iki elm bir məktəbdə bir ustaddan öyrənildikdə , oxuyanlar hər ikisindən də avara olur.” Bu fikirlər “Əkinçi”nin əməkdaşı Məhbus Dərbəndiyə aiddir. “Əkinçinin yazarlarından biri Zaqafqaziya Şeyxülislamı Axund Əhməd Hüseynzadə idi. O, dünyəvi elmləri mükəmməl bilmiş, onadək kitab müəllifi olmuşdur.

Mənbə: “Discovery” jurnalı; http://az.wikipedia.org/
Hazırladı: Naz Ramizqızı

Beyenmeler
1   16  
VN:F [1.9.16_1159]
Rating: +23 (from 27 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

2 comments

Bir cavab yazın