Əziz oxucu, ilk öncə onu qeyd etməliyəm ki, bu mövzu haqqında yazmaq həm çətin, həm də maraqlıdır. Çətindir ona görə ki, əsrlərdir bu mövzu haqqında müxtəlif araşdırmalar aparılmış, mövzu ətrafında ədəbiyyata aidiyyatı olan və olmayan adamlar müxtəlif səpkili mübahisələr etmişlər. Ancaq tam olaraq bu hadisələr (intiharlar) filan səbəbdən baş verir deyə yekdil bir fikrin üzərində dayanmaq mümkün olmamışdır. Elə bu gün də yekdil bir fikir yoxdur. Çünki bu intiharlar daha çox səbəblər toplusuna dayandığına görə mövzu bir qədər də qəlizləşir.
Mövzunun maraqlı tərəfi isə araşdırdıqca kökü daha dərinlərə gedən faktların, qeyri-adi talelərin və bütün bu baş verənlərin qeyri-adi səbəblərinin ortalığa çıxmağıdır.
Ümid edirəm ki, bu kiçicik giriş araşdırdığımız məsələnin əslində nə qədər incə bir məsələ olduğunu sizə izah etdi.
Əslində məsələnin bu qədər qarışıq və çarpışmalarla dolu olmasını qeyd etməyimin bir neçə səbəbi var.
Birincisi və ən əsası burada söhbət fərdin varlıq və yoxluq arasındakı incə cizginin üzərində yeriməsindən gedir ki, bu heç də asan dərk edilən bir məsələ deyil. Bu proseslərin böyük əksəriyyətinin fərdin daxilində getdiyini nəzərə alsaq və yox oluşun nə vaxt baş verəcəyini dəqiq bilmədiyimizə görə insan bir fərd olaraq bəzən istəsə belə bütün bunlara təsir edə bilmir.
İkincisi isə bu məsələnin incə məqamlarını istədiyim kimi sizə çatdıra bilməmə qorxusuna sahibəm ki, bu da məni çox narahat edir.
Məqsədim heç də dünyaca tanınmış yazarların və əsərlərin baş qəhramanlarının intihar ssenarisini sizlərə danışmaq deyil. Siz onsuz da bunların çoxu ilə tanışsız və hadisələrin də necə cərəyan etdiyini bilirsiz. Burada bizi əsas narahat edən məsələ bütün bu intiharların “Niyə?”, “Hansı səbəbdən?” baş vermələridir.
Ədəbiyyatda intiharın təzahürləri incələndiyi zaman üzdə müxtəlif problemlərlə qarşılaşsaq da, əslində məsələnin əsli varlıq problemlərinə, dəyərlərlə cəmiyyətin reallıqlarının toqquşmasına, xarakterin (obrazın) müəyyən bir çıxış yolunun tapmamasına və s. səbəblərə qədər gedib çıxır.
Xırda (bəlkə də böyük) bir məsələni qeyd etmək istəyirəm. Dahi Albert Kamyu “Sizif haqqında mif” in sınaq yazılarına “Sadəcə tək bir fəlsəfi problem var və o da intihardır” tezisi ilə başlamışdır. Və əslində yaşamağa dəyərmi yoxsa dəyməzmi sualının cavabı əsas problemin də həlli olacaqdır.
Həyatın anlamı nədir?
Yazara görə ürəyin lap dərin qatlarında planlanan intihar bir sənət əsəri ilə eyni təbiətə sahibdir.
Albert Kamyunun dediyi bu son cümlə insanı həqiqətən də düşünməyə vadar edir. Bu cümlə ilə Kamyu bəlkə də ədəbi əsərləri yazarların özlərini intihar formalarından biri kimi qələmə verir. Bəlkə doğrudan da belədir. Daxilində yaşanan bütün hadisələri, çaxnaşmaları, əsəbi, stresi yazdığı bədii əsərlərə töküb sonda yekunlaşdırmaqla bir növ öz intiharlarını gerçəkləşdirmiş olurlar. Yazıb bitirmə həm nələrdənsə azad olma, nələrisə sonlandırmaqdır ki, intihar da bir növ buna xidmət edir. Məsələnin digər bir tərəfi isə odur ki, bu tip intihar əslində yenidən doğulmadır. Bitirilən hər əsər əslində növbətinin başlanğıcıdır. Varlıq və yoxluq əslində bir birinə qaynayıb qarışmış və bir birindən ayrı durması mümkünsüz kimi görünən anlayışlardır bu mənada.
Cəmiyyətin həyatı özünün hər inkişaf mərhələsində ətrafında baş verən hadisələr nəticəsində müxtəlif təriflər alır və müəyyən bir sistem halına salınır. Belə bir vəziyyətdə intihar fərdin öz davranışını öz nəzarəti altına aldığı andır əslində. Əlbəttə ki, buradakı intihar heç də pisixoloji pozuntular nəticəsində ölümün seçilməsi deyil. Bu şüurlu şəkildə planlanan və nəticədə şüurlu bir şəkildə öz həyatını sonlandırmaqdır. Və ədəbiyyatdakı bu intihar əslində iki şeyi bizə sübut etməyə çalışır; Ya sonu görünməyən bir umudsuzluğu, ya da cəsarətliliyi.
Həyatlarındakı anlaşılmaz mübahisələrlə və yaşadığı cəmiyyətdə baş verənlərlə heç cür barışa bilməyən Ştefan Zvayq, Virgina Vulf, Syilvia Plath və daha neçələri varolma ilə bağlı suallara cavab olaraq intiharı seçmişdilər.
Burada məsələ bir qədər də qəlizləşir. Çünki yazıçı intiharları çox problemli bir məsələdir və bu məsələnin incə detallarını açmaq çox çətin məsələdir.
Ancaq ədəbi mətnlərin daxili dünyasında intihar “səs vermə” ya da Syilvia Plathın şeirlərinin birində deyildiyi kimi “susma cəsarəti” dir.
Ədəbiyyatın tarixinə fikir versək görərik ki, bir çox yazılı mətn əslində bizə cəmiyyətlə heç cür barışa bilməyən, onun qaydalarını rədd edən və həyatı boyunca bütün bu çaxnaşmalara qarşı mübarizə aparanların hekayəsini danışır. İntiharın ruhundakı dəyişikliklər də həm varolma anlayışının keçirdiyi dəyişikliklər, həm də bu çevrilmələrin təsir etdiyi ədəbiyyatın dəyişikliyi ilə əlaqədardır.
Ateniusla Kleopatranın hekayətində tarixi gerçəkliyə söykənən intihar təzahürlərini saymasaq da, bilinən intihar növləri, obrazlı ya da deyil, bir çox hekayətlərdə diqqət çəkir. Əgər dönüb yazının tarixinə baxsaq görərik ki, müxtəlif mətnlər müxtəlif səbəblərdən öz şərəf və ləyaqətlərini itirmiş, itirdikləri insanların arxasınca acılar çəkən, itirəcək heç bir şeyi qalmayan obrazların intiharları ilə doludur… (Ardı olacaq)
Müəllif: Müşviq Osmanlı