Müasir biokimya və farmakologiyanın formalaşdığı dövrə qədər müxtəlif maddələrin əldə edilməsi ilə əlkimyaçılar məşğul olurdu. Belə maddələrdən biri də alkoqol idi. Etil spirtini təmiz halda 6-7-ci əsrlərdə ərəblər almış və ona “alkoqol” adı vermişdilər. Ərəb dilində “al-kuhl” zərif poroşok deməkdir. İlk dəfə alkoqolun alınması və təmizlənməsi distillə üsulu (qızdırmaq və ya qaynatmaqla maddələri tərkib hissələrinə ayırmaq) ilə həyata keçirilib. Bu yolla alınan spirti çaxır spirti adlandırırdılar.O dövrdə bütün uçucu maddələrə “spirt”lər, başqa sözlə,”ruh”lar deyilirdi. Spiritus Vini(çaxırın ruhu) ifadəsi də buradan əmələ gəlmişdir. Bununla yanaşı, həmin dövrlərdə belə hesab edirdilər ki,alkoqol həm də çox qüvvətli dərman maddəsidir. Odur ki, onu həm də “Aqua vitae”(həyat suyu) adlandırırdılar. Tünd içkilərin alınmasının bir neçə üsulunu işləyib hazırlayan Raymond Lulliy alkoqolu qocalar üçün onlara gəncliyi qaytaran vasitə adlandırır və ona “consolita ultima corporis humani” yəni “insan bədəninin sonuncu təsəllisi” deyirdi.Spirtli içkilərin beyinə “dumanlandırıcı” təsiri insanlara bizim eradan 3-4000 il, bəzi müəlliflərə görə 8000 il əvvəl məlum idi. Qədim Misir, Yunan, Mesopotomiya və Roma mənbələrində alkoqoldan hətta xəstəliklərin müalicəsində istifadə olunduğu və onun reseptlərdə yazıldığı göstərilir.
Bütün bunlara baxmayaraq, alkoqolun təkrari və uzunmüddətli qəbulunda ona öyrəşmə və aslılıq (psixi və fiziki) halı meydana çıxmaqla, son nəticədə xronik zəhərlənmə – alkoqolizm kimi son dərəcədə ağır və müalicəyə yatımsız patologiya baş verə bilər. “Alkoqolizm” termini ilk dəfə 1849-cu ildə Magnus Huss tərəfindən təklif olunmuşdur. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə dünyasını dəyişən hər 3 adamdan biri alkoqolizmin qurbanıdır. Alkoqolizmdə ən çox rast gəlinən hallardan biri isə şəxsiyyətin deqradasiyasıdır. Odur ki, sivilizasiyalı insan cəmiyyətinin bütün dövrlərində onunla ciddi mübarizə aparılmış, spirtli içkilərin mütəmadi qəbulundan əhalini çəkindirməyə çalışmışlar. Təəssüflə qeyd etmək lazımdır ki, müxtəlif dövrlərdə, hətta, dövlət tərəfindən qoyulan qadağalar belə, heç də həmişə arzuolunan nəticələri verməmişdir. Məsələn, tarixdən məlumdur ki, I Pyotrun spirtli içkilərin qəbulunu qadağan edən məşhur fərmanı qüvvədə olduğu dövrlərdə, Rusiyada alkoqolizm 5 dəfə artmışdır. Amerika konqresinin 1919-cu ildə qəbul etdiyi, 1920-ci ilin yanvar ayından qüvvəyə minmiş eyni məqsədli fərmanı da, gözlənilən nəticəni vermədiyinə görə, 1933-cü ilin dekabr ayında ləğv edilmişdir. Analoji hal keçmiş Sovetlər İttifaqında (SSRİ) – Mərkəzi Komitənin spirtli içkilərin istehsalı və satışına qadağalar qoyan 14 iyun 1985-ci il tarixli qərarından sonra da müşahidə olunmuşdur. Bu qərar dövlət büdcəsinə o dövrün pulu ilə 50 milyard manat ziyan vursa da, cəmi 2 ildən sonra – 1987-ci ildə vətəndaşlar arasında ümumi xəstələnmə hallarının əhəmiyyətli dərəcədə azalması və orta ömür müddətinin xeyli dərəcədə uzanmasına səbəb olmaqla, təqribən 700 minə yaxın insanı ölüm pəncəsindən xilas etmişdir. Bütün bunlara baxmayaraq, həmin dövrdə qeyri-leqal yollarla hazırlanan spirtli içkilərdən istifadə halının 2 dəfədən çox artması, eləcə də diş pastaları, müxtəlif odekalonlar, tərkibində zəhərli maddələr olan kremlərin (hətta ayaqqabı kremləri belə) sürətlə satılaraq müəyyən dövrdə onlara qarşı tələbatın ödəməməsi halları da məlumdur.
Alkoqolizmin müalicəsi narkoloqun nəzarəti altında müxtəlif dərman vasitələri, eləcə də psixoterapiya, hipnoz, “iqloterapiya” və başqa bu kimi yardımçı vasitələrinin kompleks şəkildə istifadəsi ilə həyata keçirilir. Göründüyü kimi alkoqolizm kompleks müalicə tələb edən, eyni zamanda müxtəlif fiziki və psixi pozğunluqlara səbəb olan xəstəliklərdən biridir.
Mənbə: Musa Qəniyev “Farmakologiya”
Hazırladı: Murad Xəlilli