AXİRƏTƏ İNANMAQ

1517722_846327148714042_4513701520958800047_nAxirət nədir?
Ona inanmaq mı, onun haqqında bilmək mi lazım?
Axirətmizin suallarımızda olması nədir?

Başqa bir dünyanın olub olmaması iman işidir, bilgi işi deyil. Kimsənin bu haqda birbaşa, rasional bilgisi yoxdur. Bəs o zaman bu anlayış necə formalaşıb insanlıq tarixində? Axı o insanlıqla, həyatla yaşıddır desəm yanılmaram. Axirətin bu dünya ilə ən doğru müqayisəsi, gördüklərimiz üzərindən yola çıxaraq onların mahiyyətinə varmamızdır. Hər şeyin bir fonu var. Axirət, gördüyümüz hər şeyin anlamlı olan və anlam qatan, görmək istədiyimiz sevgi və barış dolu olan fonudur.
Axirət (başqa bir dünya) haqqında beyində yaranan bilgilərin ilk öncə qorxudan və ümiddən yarandığını düşünürəm. Hər şey demək olar ki, qorxu və ümid arasında formalaşır. İnsan bu dünya ilə sərhədlənən bir ömürün olmasından qorxur və bu həyatdan yaranan təcrübəsi ilə görünənlərdən başqa bir dünyanın olmasına da ehtimal verərək ora doğru maraq edir. Bu, insanın həm həyat fəaliyyətinin rejimə və faydalılığa köklənməsinə, həm də dinamik bir yürüyüş adına ümidin təmin olunmasına yol açır.
Deyirik ki, axirətə inanmalıyıq. Amma inanmaq, hələ əmin olmaq deyil. Əmin olmaq üçün insana bilgi, məntiq gərəkdir. O üzdən ilk etdiyimiz şey şübhə və sorğulamadır. Klassik din anlayışında isə iman sorğulanmaz. O üzdən dində əminlik çox azdır. Bunun əvəzinə inandırmağa çalışdılar ki, iman ön bilgidir. Düşünürəm, iman heç zaman ön bilgi ola bilməz. O üzdən Quran belə, ilk ayəsindən İNAN demir, OXU (İQRA) deyir. Necə oxuyaq? Haqqı ilə oxuya bilsək inanarıq deyirik. Bəli, haqqı ilə oxumaq, Rəbb-Tərbiyə adına oxumaqdır. Aləmlərin Rəbbi, yəni bütün aləmi öz içinə alacaq, ümumbəşər, təəssübsüz və obyektiv bir tərbiyə (yanaşma və dəyişmə sistemi). Axirət, illaki mənim İslam dinindən, Quran mətnindən anladığımdır, gerisi mənlik deyil deyə yox. Unutmayaq ki, Aləmlərin Tərbiyəsinə inanaraq (Aya, Günəşə inanıb imtina etdikdən sonra İbrahim-Mən aləmlərin rəbbinə iman etdim-deyir) yürüyən bir İbrahim belə, axirətin bilgisini (ölülərin təkrar necə dirildiyini sorur, inandığını, amma əmin olmaq istədiyini deyir) tələb edir Allahdan, sadəcə inanmaq yetmir deyə bir dava açır.
Axirət və sual… Bilmək üçün sual etmək lazımdır. Bəli, insan bilmədiyinin düşmənidir. Axirətimizi bilgisizlik üzərindən quraraq ona düşmən kəsilməyək. Ona nə qədər düşmən olsaq, orda böyük bir cəhənnəm quraraq çoxlarını orda görmək istəyəcəyik, öz həyatımızı cəhənnəmə çevirərək. O üzdən sual edib aydınlataq dünyamızı. Bu aydınlıq içindən hər şeyin arxa fonunu, mahiyyətini, dolayısı ilə axirətini görər, ona nəzərən fəaliyyətimizi düzənə qoyar və faydalılıq əmsalımızı artırarıq. Bu minvalla, düşünürəm ki:

Sual verin, sual verin ki, faydalı olasınız…

Müəllif: Vüsaləddin Rüstəmov

Beyenmeler
1   16  
VN:F [1.9.16_1159]
Rating: +17 (from 17 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

Bir cavab yazın