AZƏRBAYCAN QADINI: YORĞUN HAYQIRTI

Bilinməyənə məktub…

Ölüm elə təkcə cismani olmur ki. İnsan yaşaya-yaşaya da ölür. Fiziki ölüm birdəfəlik yox olmaqdır, ruhi ölüm isə hər gün zərrə-zərrə ölməkdir, qram-qram əriməkdir. Sənə yad insanlar içində əriməkdir ruhi ölüm. Neçə insanın ürəyində ölmüşük, neçə insan bizim ürəyimizdə ölüb. Kəfənsiz dəfn etmişik, “yox” etmişik. Aprel ayı özünü noyabr ayı kimi aparır, yaz gəlmək istəmir. Bəzən hansı fəslin olmasının bir anlamı olmur, çünki insan fəsilləri ürəyində yaşayır. Qışın ən sərt məqamında ürəyində bahar ola bilir, yayın ən istisində isə dona bilərsən.
Bilirsənmi insan ən çox nədən yorulur? Özü olmamaqdan, rol oynamaqdan, maskalar geyinməkdən… Çünki səni o maskalarda görmək istəyirlər, çünki “əsl sən” heç kimə lazım deyil. Özünü tapıb itirmək nədir, bilirsənmi? Böyük insan seli içində anasını itirən körpə kimi ortada qalmaqdı. Ətrafında səslər gəlir, qorxursan, tanımırsan heç kimi, anlaya bilmirsən, gözlərin bir tək ananı axtarır, fəryad edirsən, donub qalırsan, gözünün önündən insanlar keçir, səs-küy, özünü itirirsən, axtardığın tək anandı, xilaskarın… ”İnsanın qatili də, xilaskarı da özüdür” demişdim, həmişə xilas edə bilmirsən özünü, bir ələ ehtiyac duyursan. Özünü itirəndə insanlardan qaçırsan, gözlərini eynəklə bağlayırsan, öz hücrənə sığınırsan. İnsanlar görməsin istəyirsən özünü itirdiyini, onsuzda bilsələr də anlamazlar, gözlərində yuva salan kədəri görməzlər.
Yarımçıq insanlar ölkəsində yaşayırıq… Hər şeydən yarımçığıq, bir yanımız daim həsrətdə, daim boş, yarımızı ya heç tapmırıq, tapanda da onunla birlikdə özümüzü də itiririk. Sonra daim axtarırsan özünü, tapdığın insandasan, bilirsən, amma ona uzaqsan, onda yaşarsan onun xəbəri olmadan. Hərdən oxuduğun kitablara da əsəbləşirsən, onlara da küsürsən, çünki sənə çox şey öyrətdilər, bixəbər yaşayıb xoşbəxt olmağa qoymadılar. Bilirsən, elə an olur ki, nə Nitsşe fəlsəfəsi köməyinə çatır, nə Freydin psixologiyası, nə tarixin dərsləri kömək edir, nə dinin təsəllisi, heç nə səni ovutmur, püskürən vulkan təki ətrafı yandırmaq istəyirsən, “niyə?” sualları beynini deşir. Emil Mişel Çoran burda nə gözəl deyir ki, özümüzdən qurtula bilməyəndə özümüzü yeyib-bitirməyin kefini çıxarırıq. İnsan axı özünü məhvə meyillidir…
Bilirsən, ananın qırışlarında ölərsən hər gün, vaxtsız qocalmış simasında, ağarmış, heç sevgi sığalı görməmiş saçlarında, donuqlaşmış baxışlarında, işığı azlamış gözlərində, çat-çat olmuş əllərində ölərsən, bəlkə də o heç bunun fərqinə varmaz amma sən ölərsən… Gecələr yaşayıram mən çünki yalnız gecə öz otağımda özüm oluram, gündüzlər rollar oyanyıram, tamaşaçılar bəyənsin deyə. Başımda 5 yaşlı qızın havası qalıb, ruhumda ucsuz-bucaqsız çölləri daşıyıram, əsən yelləri hiss edirəm, qaçıram, gülürəm, qış elə soyuq deyil, yaz belə üşütmür. Onda heç burda da deyildim, hardan biləydim bura gələcəyəm, taleyimə bu şəhərdə yaşamaq düşəcək. Ömrün yarısında qulağımda anamın danlaqları. Onun istədiyi kişiləri seçmədim deyə hər dəfə danlaq eşidirəm, daxilimdə məhv olsam da susuram, hər gün öldüyümü bilmir axı anam, qoy bir az da o öldürsün məni. Dünyaya gətirmək istəmədiyi övladı olmuşam, əsəbləşəndə də üzümə vurur “səni istəmirdim” deyir, bunu bəlkə də ürəkdən demir, amma sözlərin yarası ağırdır… Heç sağalmır…
Öz seçimlərinlə yaşamaq ağırdır, səhvlərin bir ömür çırpılır üzünə, hər dəfə xatırladılır çünki onlar deyəni etmədin, onlara sənə verdiyi rolu oynaya bilmədin, özündən başqa hamı olmalısan, ruhunu qopartmalısan, doğmalara yad olanda belə olur. Bəlkə günah məndədi, soyuğam, özümə qapanığam, bəlkə də tək günahkar elə özüməm. Dünyada ən son günahkar insanın özüdür axı. Bilirsənmi, ən çox nə vaxt sevinmişdim? Öz evimiz olanda, kiçik bir daxma kimi ev almışdıq, 10 yaşım var idi, ən çox onda sevinmişdim. Mətbəxinin döşəməsi torpaq idi, divar kağızları uçub tökülmüşdü, qapıları, pəncərələri sınıq idi, uçuq-sökük bir ev idi, amma mənim üçün saray idi. Evə baxmağa gələndə ayaq yoluna gedib orda Allaha “Allahım sənə çox şükür” deyə yalvardım, bunu indiyə qədər heç kəs bilmir. Ordan-ora, burdan-bura köçmək, psixoloji əzilmək ağır idi, bu daxma evdə universitetə hazırlaşdım, qəbul da oldum, həmin gün ağlamışdım, sevincdən ağlamışdım. Gecə yarısından sonra başlayır təhlükəli həqiqətlərin baş döndürən sərxoşluğu… Bəzən insanları tanımaq arxeoloji qazıntıya bənzəyir. İlk olaraq orta əsrlər dövründə olursan, vay o hala ki, eneolitə filana çatasan. Orada isə sən daha çox salamat qalmış, bütöv saxsı qablardansa, onların fraqmentləri ilə, uçub-dağılmış tikili qalıqları ilə qarşılaşırsan…

Müəllif: Aida İsmayılova

Beyenmeler
14   0  
VN:F [1.9.16_1159]
Rating: +15 (from 21 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

Bir cavab yazın