AZAD QADIN VƏ SEVGİ

Azadlıq və sevgi bir arada?
Azadlıq anlayışı ən çox istismar olunan, ən çox bayağılaşdırılan və şiti çıxarılmış mövzudur. İçi həddən ziyada boş bir anlayışdır. Amma bununla belə, cari və aktual olan azadlıq anlayışı üzərindən yola çıxaraq azadlıq fonunda sevgi (qadın və kişi ilişkisi) anlayışına baxmağa çalışacam. Sevgi anlayışı da azadlıq qədər olmasa da, istismar olunan və şiti çıxarılmış anlayışlardandır. Onun da mövcud və yayğın formasını ələ alacam. Azadlıq və sevgi anlayışlarını bir mövzuda bir araya gətirmişkən, mərkəzə qadınları qoyacağam. Günümüzün qadın obrazını. Azadlıqdan yoxsun, sevgi dolu sayılan qadınlar.

Azad qadın portreti
Qadınlar, əksərən, təbiətən azad olmaq istəməzlər. Çünki ümumən azadlıq narahatlıq gətirən bir şeydir. Hələ də kişilərin himayədarlığı varkən, bu narahatlığa nə lüzum? Məhz bu rahatlıq naminə qadınlar kişilərə bağlanar, sadiq qalar və qayğı göstərərlər. Biz də bunun adını sevgi qoyuruq. Bəli, günümüzdə qadınlar kişilərdən çox asılıdırlar, azad deyillər. Kişilər onların hər bir şeylərini, rahatçılıqlarını təmin edir. Əslində qadınlar bundan məmnundurlar. Onların yanında olmaq, hər bir işlərini həll etmək, onları ətrafdan qorumaq onlara sərf edir, xoş gəlir. Ona görə kişini sevmək zorundadırlar. Sevirlər də. Amma bu azad insanın sevgisi deyil. Sevgi adı qoyduğumuz bağlılıq, asılılıq olan bu mənzərə, azadlıq fonunda buxarlanır, itir.

Ümumiyyətlə, sevgi azad insan üçün onun köhnə beynindəki anlayışdan çox fəqrlidir. Bir insan azad olmağa başladıqca onun sevgi anlayışı da dəyişir. Azad insanın sevgisi ən saf, ən təmiz, ən xalis sevgidir deyərdim. Sadəcə ənənəvi sevgi anlayışından fərqi budur ki, onun davamlılığı, əbədiliyi sual altında olur. Hansı ki, bizim sevgidən gözləntimiz də məhz budur. Bəli, azad olanın sevgisi, azad sevgi adətən uzunmüddətli olmur. Bu o demək deyil ki, onun ömrü az olmalıdır. Yox, uzun müddətli də ola bilər, bəlkə də bir ömür ola bilər, sadəcə azad sevgidə müddətlilik şərt deyil . Bu şərt ənənəvi sevgiyə (bağlılığa, asılılığa) xasdır. Yəni kölə sevgisidir müddətə, sadiqliyə hesablanmış bir şey.

Azad insan sevməli olduğu üçün sevməz, sevməli olduğu üçün qalmaz. Azad insan sevdiyi vaxt sevər, sevə bildiyi qədər də qalar.

Azad insanın sevgisi davamlı olmaya bilər. Mən düşünürəm ki, azad, saf sevgi dediyimiz şeyin daha uzunömürlü olmasını təmin etmək üçün elə azadlığın özünü qoruyub saxlamaq lazımdır hər iki tərəfdə. Yəni hər iki sevən, sevilən tərəfin azadlığını qoruyub saxlamaq lazımdır ki, o azadlıq şəraitində, atmosferində sözügedən sevgi də davamlı olsun. Bu atmosfer nə qədər davamlı olsa sevginin özünün də uzun ömürlülüyü artar. Bundan başqa sevgi kəşf edilməyi, heyrətlənməyi sevər. Sevginin bəslənməsi üçün kəşf, təəcüblənmə, mədh eləmə, bunlar mütamadi olmalıdır, daim insanlar bir-birində bunları tapmalıdır. Və yeri gəlmişkən bu azad insanlara məxsus bir şeydir ki, qarşı tərəfdə zamanla bir çox şeyləri kəşf etsin, buna heyrətlənsin, təəccüblənsin, bundan zövq alsın.

Müəllif:  vusaladdin.rustamov

Beyenmeler
0   10  
VN:F [1.9.16_1159]
Rating: +4 (from 4 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

Bir cavab yazın