Azadlıq, nə istədiyini bilərək, əsaslı və şüurlu seçimlər edə bilməkdir. İqtidara, ənənə vasitəsilə müqəddəs hesab edərək qurduğu hakimiyyətə və müqəddəsləşdirdiyi hakimiyyətlə özünə və mənfəətlərinə yadlaşan sürüyə meydan oxuya bilməkdir.
İnkişafı təmin edənlər, iqtidarı, ənənəni və müqəddəs hesab edilən hakimiyyəti sorğulayanlar, ona şüurlu tənqid yönəldənlər, sürüyə baş qaldıranlardır. Tarixə baxılsa, bu qrupa peyğəmbərlər, bəzi siyasi rəhbərlər, bəzi filosoflar, bəzi elm adamları və bəzi sənətçilər daxildir. Az qala hamısı, azadlıq tələbiylə ənənəni tənqid etdiklərində, iqtidar və öz mənfəətlərinə yadlaşmış sürülər tərəfindən dəli, həddini bilməz və s. deyə adlandırılmışlar. Əzilməyə, yox edilməyə çalışılmışlar.
Azadlıq döyüşçüləri, təzyiqlərdən xilas olub iqtidarın otardığı sürüdən oyandırıb qurtarmağı bacardıqlarıyla birgə zəfər çaldıqlarında, bu dəfə yeni iqtidar və sürüsü ənənə halına gətirilmişlər, çünki sürü və onları otarmaq istəyən çobanlar ənənəsiz yaşaya bilməz.
Sürü yaratmaz, yalnız iqtidarın verdiklərinə tapınar; hər çoban da, sürünü otarmaq üçün, əvvəl qarşı çıxdığı amma sonra mənfəətləri üçün razılaşdığı azadlıq döyüşçüsünün ifadəsini şəkli hala salıb korlamış, ənənələşdirmiş və iqtidarın vasitəsi etmişdir.
Bu baxımdan ənənə-azadlıq, bir başqa deyişlə iqtidar-müxalifət döyüşü qədim bir döyüşdür və ictimai inkişafın itələyici gücüdür. Döyüşü verənlər, iqtidar əleyhdarı azad ruhlu olanlar və o ruhu həqiqətən daşıyanlardır. Hər iqtidar, əvvəllər qarşı çıxdığı, amma sonra boyun əydiyi dövrünün azad ruhlarını qəlibləşdirərək, müqəddəs hesab edərək və ənənələşdirərək, özü və mənanı deyil də formasnı təqdim edərək, əslində onların ruhlarına da xəyanət etmişdir və onların dövrlərinə görə azadlıqçı ifadələrindən yeni hakimiyyətlər çıxarmışdır. Onları özlərinə və missiyalarına yadlaşdırmışdır.
Bu dediyim kimi qədim bir dialektikadır.
Qəribə olan budur ki, görünüşdə daim bir onlar, bir başqaları qazanır kimi qəbul edilər. Halbuki tarix doğru oxunsaq görərik ki, daim döyüşənlər və qazananlar azadlıq döyüşçüləri olmuşdur. Çünki hər azadlıq döyüşçüsü sonrasında iqtidar və mövcud nizam tərəfindən ənənələşdirildiyi üçün, hər yeni azadlıq döyüşçüsü, iqtidar və ənənə halına gətirilən digər azadlıq döyüşçüsüylə zidd düşmək məcburiyyətində qalmışdır. Bu maraqlı bir paradoksdur və zənn edirəm insan həyatı bir növ paradokslar arenasıdır.
Müəllif: Hasan Aydın; “Azadlıq döyüşçüsü və iqtidar”
Hazırladı: Bəhruz Nurməmmədov