Biz nəyin axtarışındayıq? Hamımızın istədiyi şey nədir? Xüsusən də hər kəsin sakitlik, xoşbəxtılik, sığınacaq axtarışında olduğu bu rahatsız dünyada bunu bilmək çox vacibdir, elə deyilmi ? Nəyi axtardığımızı, nəyi kəşf etməyə çalışdığımızı öyrənməliyik.
Bəs yaxşı, biz nəyin axtarışındayıq? Xoşbəxtlikmi axtarırıq, ya bizi məmnun edəcək bir şeyinmi axtarışındayıq? Xoşbəxtliklə məmnunluq arasında fərq vardır. Xoşbəxtlik axtarıla bilərmi? Ola bilsin ki , nədənsə məmnunluq tapa biləsiniz, amma xoşbəxtlik tapıla bilməz. O bir şeyin törəməsidir, nəyinsə nəticəsidir, o hazır məhsul deyil.
Qorxuram, çoxumuz məmnunluq axtarırırıq. Məmnun olmaq axtarışımızın sonunda dolğunluq hissinə çatmaqdır.
Həm iç, həm də çöl dünyada hər birimizin nəyin axtarışında olduğumuzu öyrənməliyik. Bu məsələdə düşüncələrimizdə dürüstsək, heç bir məkana, hansısa bir müəllimə, kilsəyə, ya da dini quruma getməyə ehtiyac yoxdur.
Elə isə aşmamız gərək olan və əsl çətinlik niyətlərimizdə təmiz, dürüst olmaqdır. Bəs yaxşı, dürüst ola bilirikmi ? Və o dürüstlük, təmizlik axtarışlamı, ya da başqalarının dediklərini izləməkləmi, yoxsa hansısa kilsəyə getməkləmi əldə edilir? Saysız – hesabsız kitab oxuyuruq, bir çox toplantıya qatılır, müxtəlif qurumlara üzv oluruq – bu şəkildə həyatımızdakı çətinlik və səfilliklərə bir çarə tapmağa çalışırıq. Hansısa kitabın, müəllimin, qurumun bizi təmin etdiyini düşünürük, o zaman içində qalaraq kristallaşırıq və xarici dünya ilə olan bağlılığımız kəsilir.
Bütün bu qarışıqlıq arasında əbədilik, daimilik, həqiqət, Tanrı, gerçəklik – ya da nə ad verirsinizsə verin bunları axtarırıq.
Çoxumuzun içində əbədilik axtarışı var, tutuna biləcəyimiz, bizə özgüvən, ümid, qalıcı bir həvəs, əminlik hissi verən bir şey axtarırıq, çünki içimizdəki heç bir şeydən xəbərdar deyilik. Özümüzü dərk etmirik. Ümumi həqiqətləri, kitabda yazılanları bilirik, amma özümüz haqda bir şey bilmirik.
Və istədiyimiz son şey də budur: özümüzü dərk etmək. Şübhəsiz ki, bu üzərinə nələrisə inşa edəcəyimiz tək bünövrədir. Amma inşa etmədən, çevrilmədən, qınamadan ya da, dağıtmadan öncə nə olduğumuz dərk etməliyik.
Həqiqəti, Tanrını tapmaq üzrə axtarışa çıxmazdan, hərəkətə keçməzdən, bir birimizlə münasibətə girməzdən öncə özümüzü anlamaq vacibdir. Səmimi insan o insandır ki, bir hədəfə necə çatacağını deyil, ilk növbədə bunun nə olduğunu dərk edir.
BƏS ÖZÜNÜ DƏRK ETMƏK NƏDİR? ÖZÜNÜ NECƏ DƏRK ETMƏK OLAR?
İnsanın özünü dərk etməsi bilik və ya yığdığı təcrübə ilə əldə edilməz. Özünü dərk etmək anlıq məsələdir. Özümüz haqqında bilik toplasaq, bu bilik özümüzü dərin şəkildə anlamağımıza mane olar. Yaxşı, özünü dərk etmək üçün hansısa bir yol sistem metod vardırmı? Hansısa bir filosof, alim sistem, metod və ya bir üsul icad edə bilər, amma sistemin ardınca getmək şübhəsiz ki, o sistemin yaratdığı bir nəticəyə gətirib çıxaracaqdır, elə deyilmi? Əgər özümüzü dərk etmək üçün bir üsul ardıyca getsək, o sistemin yaratdığı nəticəyə çıxarıq, amma nəticə, şübhəsiz ki, özünü dərk etmək olmayacaqdır. Bir şablona uymaq özünü dərk etmək demək deyil.
Avtoriter – müəllim, mürşid, xilaskar, təbii olaraq insanın bütünlüklə özünü anlamasını əngəlləyir və dolayısı ilə nəticədə azadlığı yox edir, yaradıcılıq ancaq azadlıq olanda var. Yaradıcılıq ancaq insanın özünü dərk etdiyi zaman var. Çoxumuz yaradıcı deyilik, bir – birimizi təkrarlayan maşınlarıq, hansısa mülahizəni dönə dönə çalan qrammafonlar kimiyik. Yaradıcı olmaq rəsm çəkmək ya da şeir yazıb şöhrətli olmaq demək deyil. Bu yaradıcılıq deyil, bir fikri ifadə etmək bacarığıdır və cəmiyyət tərəfindən alqışlanır, göz ardı edilir. Bacarıqla yaradılış eyni şey deyil, bacarıq hansısa bir texnikaya, üsula yiyələnməkdir. Yaradıcılıq isə fərqli bir yaradılış halıdır, öz olmaqdır, təkrarçılıq deyil, içində məncilliyin olmadığı, zehində artıq təcrübələrin, həvəslərin, cəhdlərin, istəklərin və cəhdlərin olmadığı haldır, o mütləq bir hal deyil, hər an yenidir, dəyişir. İçində “mən” in “mənim” in olmadığı, hansısa ehtiras, bacarıq, məqsəd və ya səbəbin olmadığı bir hərəkət halıdır.
Özünü dərk etmək bir nəticə, çatılacaq bir nöqtə deyil, insanın hər an özünü münasibətlərin – sahib olduqlarıyla, əşyalarla, insanlarla və fikirlərlə olan münasibətlərinin güzgüsündə görməsidir. Amma ayıq olmaq, fərqində olmaq bizə çətin gəlir və biz ancaq bir üsulu təqib edirik – avtoritetləri, batil inanclar və təmin edici nəzəriyyələri qəbul edərək zehnimizi korlaşdırmağı tərcih edirik və beləcə zehinlərimiz yorğun, gərgin hala düşür. Elə bir zehin azadlıq halında ola bilməz. Məlumlarla dolu olan beyin məhkumdur və o məchulu dərk edə bilməz.
Müəllif: Jiddu Krişnamurti
Tərcümə edən: Namiq Bağırlı