Çağdaş zamanımızda da mübahisələr, çəkişmələr, ziddiyyətlər yeni formalarla davam etməkdədir. Yeni texniki vasitələr çəkişmələrin daha geniş kütlələr arasında aparılması üçün imkanlar vermişdir. Artıq çəkişmələrə millionlarla insan cəlb olunmuşdur. Hal -hazırda siyasi xadimlər, iqtisadçılar, siyasətçilər, incəsənət adamları, alimlər, filosoflar və başqa sahələrin nümayəndələri televiziya, radio, internet vasitəsi ilə bütün ölkələrdə çeşidli səviyyələrdə mübahisələr aparırlar.
Bununla belə, mübahisələrin mənfi cəhətləri də üzə çıxmışdır. Birinci növbədə çəkişmələrdə məğlub olanlar ağır psixiki zərbə alırlar, qalib tərəf isə heç də həmişə üstünlüyü həqiqəti ifadə etməklə əldə etmir. Mübahisələr fiziki zorakılığa da gətirib çıxara bilər. Lakin onlar olmasa inkişaf da ola bilməz. Hər bir alim tənqid olunduqca inkişaf edir, rəqiblərinə cavab vermək üçün əsərlər axtarır, elmi nəzəriyyələr qurur. Həm də elm adamları arasında mübahisələr zamanı bir-birlərinin mövqelərini anlaması, tanıması prosesi gedir. Onlar bir-birindən çox şeyləri öyrənib öz elmi işlərini təkmilləşdirirlər.
Alimlər üçün elmi və ya fəlsəfi nəzəriyyə yalnız həqiqətin axtarılmasıdır, həqiqətin özü deyildir. Buna görə də nəzəriyyələr arasındakı ziddiyyətlər təbiidir. Çəkişmələr zamanı bu ziddiyyətlər sağlam düşüncəli adamların bir-birinə qarşı dözümlülüyünə, öz elmi və həyat nəzəriyyələrinin təkmilləşdirilməsinə, bütün suallara cavabların tapılmasına gətirib çıxarır. Bununla da elmi nəzəriyyələr yetkinləşir.
Beləliklə, çağdaş mübahisələr çəkişmədə qalib gəlmək, söz ustalığı, şəxsi ambisiyaları təmin etmək üçün deyil, ehkamlardan ayrılıb obyektiv həqiqətin tapılması üçün aparılmalıdır. Həqiqəti axtaran adam heç vaxt çəkişmədə öz dediklərini yeganə həqiqət saymaz, rəqibinə qəzəblənməz, təkəbbürlük göstərməz. Həqiqət rəqibində varsa, onu qəbul edər. Buna görə də hər adamla mübahisəyə girmək olmaz.
Həqiqətin araşdırılmasını heç də hamı istəmir. Çox vaxt buna onların bilikləri, səviyyəsi və tərbiyəsi imkan vermir. Nadanlıq hətta yüksək elmi, siyasi və iqtisadi rütbələrə çatmış adamlarda da ola bilər. Eyni zamanda hansısa bir sadə əkinçi, fəhlə, sıravi mühəndis müdrik və tərbiyəli ola bilər. Nadanla çəkişməyə girmək özünü hörmətdən salmaqdır, onun səviyyəsinə enməkdir. Çəkişməni yalnız bilikli, tərbiyəli, öz ambisiyalarını və maraqlarını yeritmək məqsədini güdməyən, özünü göstərmək istəməyən, yalnız həqiqəti axtaran adamla keçirmək olar.
Lakin bəzi hallarda bu qaydadan istisnalar da ola bilər. Bəzən həqiqət o qədər ucuzlaşır, cəfəngiyat və nadanlıq hər yeri o qədər bürüyür ki, artıq doğru söz, həqiqət, ədalət uğrunda çarpışmaq lazım olur. Bu halda müdrik insanlar, həqiqəti söyləmək üçün hətta alçalmalara və təqiblərə məruz qalsalar belə, doğru sözü deyib nadanlığın, ədalətsizliyin qarşısını imkanları çərçivəsində almalıdırlar. Onların doğru sözünü insanlar eşidib, çox şeylər haqqında düşünə bilərlər. Bununla da cəmiyyət saflaşa bilər.
Bəzi filosoflar bu yolda hətta canlarını da qurban veriblər. Buna ən gözəl örnək Sokratdır. Hətta onu ölümə məhkum edəndən sonra zindandan qaçırmaq imkanı yaranmışdır. Lakin Sokrat qaçmadı. Çünki o, ömrü boyu həqiqət və doğru söz uğrunda çarpışmış, bu yolda lazım gələrsə canından keçməyi insanlara öyrədirdi. İndi o, zindandan qaçsaydı, öz sözlərini təkzib etmiş olardı, özünü insanlar arasında rüsvay edərdi. Buna görə də Sokrat qaçmadı, ölümü qəbul etdi. Beləliklə o, həqiqət, ədalət və doğru sözün şəhidi oldu; həyatı və ölümü ilə əbədi olaraq tarixə düşdü. Sokratın həyatı və ölümü nadanlığın, lovğalığın, təkəbbürün, savadsızlığın, fırıldaqçılığın üzərində qələbə rəmzinə çevrilmişdir.
Beləcə, doğru söz və həqiqət heç də hamının xoşuna gəlmir, özəlliklə də bizim zamanımızda. Bu gün bütün dünyada yalnız şəxsi maraqlar ortalığa qoyulur, əxlaqi və mənəvi dəyərlər ucuzlaşır, həqiqət deyil, hansısa şəxsin iqtisadi və siyasi maraqları güdülür. İncəsənət, elm, savad, istedad, peşəkarlıq, əxlaq və başqa bu kimi kateqoriyalar yalnız piarla, reklamla, səs çoxluğu ilə dəyərləndirilir. Bu şəraitdə həqiqət ucuzlaşıb ortalıqdan çıxmış olur. Yalnız az saylı müdrik insanlar hələ də öz şəxsi təşəbbüsləri ilə onu araşdırır və doğru sözü şəxsi maraqlardan üstün tuturlar. Bu da onların təbiətindən irəli gəlir. Onlar, sadəcə, kütlənin, səs çoxluğunun, güc sahiblərinin, pullu adamların arxasınca getmirlər, həqiqəti axtarırlar. Bu adamlar, Sokrat kimi, lazım gələrsə yoxsulluğa və təhqirlərə dözməyə hazırdırlar. Onlar həqiqəti yüksək tutur, yalnız onu tanıyırlar.
Müəllif: Aydın Əlizadə