QƏFƏSDƏ

Xüsusi

Dünya uzun zamandan bəri karantini yeni dadmışdı. O isə çoxdan  bu rejimdə yaşayırdı. Əvvəllər ad qoya bilmirdi. Nə idi bu yaşayışın adı? Həbsxanamı? İnsanı hansısa cinayət səbəbindən həbsə atırlar. Günahsız olduğuna adı kimi əmin idi. Amma nə vaxtsa cinayət edəcəyi (səhv, günah) düşünülərək əvvəlcədən tədbir görülmüşdü. Çətin idi belə yaşamaq, lakin günlər keçdikcə alışırdı. Hətta maraqlı məqamlar yaşanırdı. Bayırdan gələn səslərə xəyali surətlər çizir, insan səsləriylə ayaq səslərini uyğunlaşdirir, beləcə bu dünyada mövcud olmayan, əslində mövcud olan, amma onun xəyalındakı kimi olmayan insanlar yaradırdı. Pəncərədən oğrun-oğrun küçədən keçən insanları müşahidə edir, evindən çıxıb sərbəst şəkildə harasa gedə bilməyin azadlıq olduğunu düşünürdü. Bu qədər bəsit. Bir zamanlar o da azad idi, heyif ki, anlamamışdı.
Karantini maraqlı etmək olardı. Kitab oxumaq sevimli məşğuliyyəti idi, əlindən alınırdı. Musiqi dinləməkdən zövq alırdı, dinlədiyi musiqilərə görə sorğu-sual olunurdu. Niyə kədərli musiqilərə qulaq asır? Yoxsa bir dərdimi var? Əlbəttə, nə dərdi ola bilər, günü dörd divar arasında keçən adamın nə dərdi olsun? Bu vasitələr onu azadlığa yaxınlaşdıra bilərdi, ona görə qarşısı alınmalıydı.
Yaxşı ki, insanın xəyal dünyası var, ruhu azaddı. Xəyalında gizlicə dağı arana, aranı dağa apara bilir. Bircə gizlin qurduğu xəyalları əlindən almaq mümkün deyildi. Amma yenə də diqqətli olmalıydı. Üz ifadələri, jestləri onu ələ verə, “uzaqlarda” olduğu hiss olunardı. Fikir cinayətindən fikir polisinə yaxalana bilərdi (!)
Arabir icazəylə evdən çıxa bilərdi. Müəyyən şərtlərlə; tək olmamalıydı, qısa müddətdə, sağa-sola baxmadan gedib-qayıtmalıydı. Yalnız bir nöqtəyə baxmaq da əvvəl çətin görünsə də, zamanla dünyanı bu bir nöqtəyə köçürə bilmişdi. O bir nöqtəyə sığan dünyada o özü idi. Ətrafındakı insanlar onun özüylə danışırdılar. Bəzən xəyaldan geri dönər güzgüdə əksinə  baxardı. Sima doğmadı, odur, amma bu həyat onundurmu? Güzgüdəki adama ünvanladığı suallar ona özünü axtarmağa, kəşf etməyə, nə istədiyini müəyyən etməyə kömək edirdi. İndi daha aydın məqsəd və hədəfi vardı. Əvvəlki itaətkar adamdan fərqlənirdi, içində bir mübarizlik, cəsarət formalaşmışdı. Bu kölə həyatının onun formalaşmasına böyük təsiri vardı, hətta azadlıq üçün özünə bir hədd çizə bilirdi. Bu fərqində olmadığı azadlıqdan çox fərqlənirdi.

Bircə qurtula bilsə, çox şey dəyişəcəkdi. Çox çırpındı, özünü qəfəsin dəmir barmaqlıqlarına çox çırpdı. Bacarmadı. Sadəcə müəyyən qaydaların yumşaldılmasına nail ola bildi. Əvvəl buna da şükr edirdi. Xəyalındakıların müəyyən qismini reallaşdıra bilmişdi, məmnun idi. Lakin böyük hədəflərə doğru irəlilədikcə, onu nəyinsə geriyə çəkdiyini hiss edirdi. İlişmişdi… Bir tərəfi gedirdisə də, bir tərəfi möhkəm ilişmişdi. Uzağa gedə bilməzdi. Sürəti həddən artıq olsa, ilişən yerdən buraxıla, zərblə yerə, bəlkə də göydən yerə çırpılacaqdı. Addımlarını yavaşıtsa, ilişən yer asta-asta onu özünə çəkəcəkdi. Neyləməli? Azadlıq oduna yanmaqmı, kölə kimi yaşamaqmı?
Bu çək-çevir içində dünya da onunla bərabər karantinə girmişdi. Mübarizə ruhu zəifləmiş, sustalmışdı. Daşı ölmüş saat kimiydi. Arabir çıqqıldayır, tərpənir, ancaq zamanı tuta bilmirdi.

İçindəysə bir səs ” Məgər biz sənin köksünü açıb genişləndirmədik?! Və yükünü çiynindən qaldırmadıqmı? O yük ki belini iki büklüm etmişdi? Əlbəttə hər çətinliklə bərabər mütləq bir asanlıq vardır”-deyirdi. (Şərh surəsi)

Müəllif:  SEVƏR

Beyenmeler
0   5  
VN:F [1.9.16_1159]
Rating: +3 (from 3 votes)

Psixoloq

Fitret.az idarəçisi. Psixoloq.

- Sayt ünvanı

AZAD QADIN VƏ SEVGİ

Xüsusi

Azadlıq və sevgi bir arada?
Azadlıq anlayışı ən çox istismar olunan, ən çox bayağılaşdırılan və şiti çıxarılmış mövzudur. İçi həddən ziyada boş bir anlayışdır. Amma bununla belə, cari və aktual olan azadlıq anlayışı üzərindən yola çıxaraq azadlıq fonunda sevgi (qadın və kişi ilişkisi) anlayışına baxmağa çalışacam. Sevgi anlayışı da azadlıq qədər olmasa da, istismar olunan və şiti çıxarılmış anlayışlardandır. Onun da mövcud və yayğın formasını ələ alacam. Azadlıq və sevgi anlayışlarını bir mövzuda bir araya gətirmişkən, mərkəzə qadınları qoyacağam. Günümüzün qadın obrazını. Azadlıqdan yoxsun, sevgi dolu sayılan qadınlar.

Azad qadın portreti
Qadınlar, əksərən, təbiətən azad olmaq istəməzlər. Çünki ümumən azadlıq narahatlıq gətirən bir şeydir. Hələ də kişilərin himayədarlığı varkən, bu narahatlığa nə lüzum? Məhz bu rahatlıq naminə qadınlar kişilərə bağlanar, sadiq qalar və qayğı göstərərlər. Biz də bunun adını sevgi qoyuruq. Bəli, günümüzdə qadınlar kişilərdən çox asılıdırlar, azad deyillər. Kişilər onların hər bir şeylərini, rahatçılıqlarını təmin edir. Əslində qadınlar bundan məmnundurlar. Onların yanında olmaq, hər bir işlərini həll etmək, onları ətrafdan qorumaq onlara sərf edir, xoş gəlir. Ona görə kişini sevmək zorundadırlar. Sevirlər də. Amma bu azad insanın sevgisi deyil. Sevgi adı qoyduğumuz bağlılıq, asılılıq olan bu mənzərə, azadlıq fonunda buxarlanır, itir.

Ümumiyyətlə, sevgi azad insan üçün onun köhnə beynindəki anlayışdan çox fəqrlidir. Bir insan azad olmağa başladıqca onun sevgi anlayışı da dəyişir. Azad insanın sevgisi ən saf, ən təmiz, ən xalis sevgidir deyərdim. Sadəcə ənənəvi sevgi anlayışından fərqi budur ki, onun davamlılığı, əbədiliyi sual altında olur. Hansı ki, bizim sevgidən gözləntimiz də məhz budur. Bəli, azad olanın sevgisi, azad sevgi adətən uzunmüddətli olmur. Bu o demək deyil ki, onun ömrü az olmalıdır. Yox, uzun müddətli də ola bilər, bəlkə də bir ömür ola bilər, sadəcə azad sevgidə müddətlilik şərt deyil . Bu şərt ənənəvi sevgiyə (bağlılığa, asılılığa) xasdır. Yəni kölə sevgisidir müddətə, sadiqliyə hesablanmış bir şey.

Azad insan sevməli olduğu üçün sevməz, sevməli olduğu üçün qalmaz. Azad insan sevdiyi vaxt sevər, sevə bildiyi qədər də qalar.

Azad insanın sevgisi davamlı olmaya bilər. Mən düşünürəm ki, azad, saf sevgi dediyimiz şeyin daha uzunömürlü olmasını təmin etmək üçün elə azadlığın özünü qoruyub saxlamaq lazımdır hər iki tərəfdə. Yəni hər iki sevən, sevilən tərəfin azadlığını qoruyub saxlamaq lazımdır ki, o azadlıq şəraitində, atmosferində sözügedən sevgi də davamlı olsun. Bu atmosfer nə qədər davamlı olsa sevginin özünün də uzun ömürlülüyü artar. Bundan başqa sevgi kəşf edilməyi, heyrətlənməyi sevər. Sevginin bəslənməsi üçün kəşf, təəcüblənmə, mədh eləmə, bunlar mütamadi olmalıdır, daim insanlar bir-birində bunları tapmalıdır. Və yeri gəlmişkən bu azad insanlara məxsus bir şeydir ki, qarşı tərəfdə zamanla bir çox şeyləri kəşf etsin, buna heyrətlənsin, təəccüblənsin, bundan zövq alsın.

Müəllif:  vusaladdin.rustamov

Beyenmeler
11   0  
VN:F [1.9.16_1159]
Rating: +4 (from 4 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

QADINA ŞİDDƏT

Xüsusi

“Qadına şiddət” mövzusu bir az dərinə vardıqca başqa mətləbləri göz önünə qoyur. Bəli, əsrlərdir, hətta minilliklərdir bu fərq və bu fərqin fonunda ədalətsizlik, şiddət hər zaman olub. Ən qədim miflərdə, ən yayğın dinlərdə belə bunun birbaşa və bilavasitə izlərinə rast gəlmək mümkündür. Bu gün qadınların bu fərqi azaldaraq azacıq azadlıq qarşılığında hayqırmaları çox təbiidir əslində. Minilliklərdir boğazlarına keçmiş kobud əllərdən qurtular-qurtulmaz, xırıltı ilə hayqırmağa macal tapıblar…

Qadına şiddətin kişi sancısı:
Mən əks tərəfin nümayəndəsi olaraq, öz içimə, özüm kimi bütün kişilərin içinə və içində olduqları dərin və qaranlıq bir quyuya boylanmaq istəyirəm. Hə, kişilər qadınları öz mülkü kimi, öz seksual obyektləri kimi mənimsəyib və bu səbəbdən də ətrafdan qorumaq ehtirası ilə formalaşan minillik bir mübarizə içindədirlər. Az qala bütün var-yoxlarıdır bu onların. Baxın, bir oğlan uşağı böyüyüb həddi buluğa çatdıqca onu daim ətrafdan tətikləyən və bir kişi olaraq formalaşdıran ana, bacı, arvad, qız övladı, xalaqızı, bibiqızı, hətta baldız və hətta qonşu qızı, sinif yoldaşı olan qızlar kimi böyük bir toplumu “qorumaq” kimi bir vəzifəsi var. İlahi, insan özü öz əli ilə özünə bu qədər yük düzəldə, çuval tikə bilərmi? Bu qədər zülmə nə gərək var? Bu qədər cavabdehliyin qarşılığı nədir axı?

Hələ mən məhz bu vəzifə gərəyi kişilərin elə kişilər tərəfindən alçadılması mənzərəsini yazmadım. Bir kişini alçaltmaq üçün ana-bacısına söymək, arvadına sataşmaq, qızları ilə şantaj etmək… Nə qədər kişi bu travmanın ən ucuz qurbanlarına çevrilir az qala hər gün? Ana, bacı, arvad, qız övladı, xalaqızı, dayıqızı və s. qadınların geyimindən tutmuş səs tembrinə görə hər yerdə pisikdirilib təhqir edilən ana oğulları, bacı qardaşları, atalar, xalaoğlular, bibioğlular.. Hələ bunlar arasında bir az daha gözəli, gözəgəlimlisi, nisbətən azad fikirlisi varsa, sən batdın. Bütün ömrün bunların gətirə biləcəyi tənə və təhlükələri içində alçalacaq, psixoloji və hətta fizioloji…

Özünə acımdana qadınları acıdan kişi:
Bir düşünün, bir kişi az qala bütün həyatı boyu ona yaxından və uzaqdan azacıq aid olan hər hansı bir qadının kiçicik bir maraq və macera izinin həyatı bahasına qurbanı ola bilir. Halbuki elə özü də bu maraq və maceranın bir parçası deyil mi?
Qadına şiddət var. Amma inanın, bunun bədəlini qadından daha çox elə kişi ödəyir. Özləri də içində olduqları hisslərin azacıq işartısını dəhşətli cinayətlərə çevirib öldürür, ölür, zindana girir, qalanlara da bu yolxucu xəstəliyi qeyri-ixtiyari transfer edir. Bir zombi misalı. Bəzən adamın yazığı gəlir kişilərə. Bu qədər aciz olduqları halda bu qədər güclü görnmək görəvi, bu qədər sıranmış məsuliyyətlər içində özünü zorlamaq nə qədər diksindirici və acıvericidir…

Müəllif: Vüsaləddin Rüstəmov

Beyenmeler
1   9  
VN:F [1.9.16_1159]
Rating: +3 (from 3 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

AXİRƏT VƏ SƏNƏT

Xüsusi

Sənət və axirət anlayışları arasında təməl bağlar vardır. Belə ki, hər ikisi insanın gördükləri ilə qalmaması, gördükləri üzərindən görə bilmədiklərini təsəvvür etmək, anlam yükləmək və yaradıcılıq hissləri ilə bağlıdır. Hər ikisi həyatın davamı, iz buraxmaq və yoxa çıxmamağa inam və cəhdin bəhrəsidir. Və bu iki anlayış daim bir birinini inkişaf etdirməklə qarşılıqlı təsir şəraitində olmuşlar. Sənət ta qədimdən insanların başqa bir dünya təsəvvürlərini təsvir etmiş, inkişaf etdirmişdir. Axirət anlayışı isə öz növbəsində sənəti daha görünməz dərinliklərə baş vurmağa vadar edərək inkişaf etdirmişdir.

Həyatda qalmaq, ən böyük yaradıcılıqdır. Bütün canlılar bunu bioloji instinktlərinin müşayəti ilə həyata keçirərkən, insan həm də təxəyyülü ilə burada yeni səhnələr yarada bilmişdir.
Sənət, insanların gördükləri arxasında başqa bir şeyin gizləndiyini hiss edərək təxəyyüllərini canlanlandira bilən bir fenomendir.

Sənət, bir hadisədir. O statik deyil, dinamikdir. Sənət, heyrətləndirə bilən hər şeydir. Bu fonda rəssamlığa baxsaq, portretlərin, ən gözəl surətlərin belə adi, anlaşılmaz görünən, naturasina bənzəməyən cızma qaralar yanında acız qaldığını görərik. Oxşatmaq işdir, amma sənət deyil. Yaradıcılıq deyil. Bir rəssam çox ustalıqla bir təcili tibbi yardım maşınını çəkə bilər. Amma o şəklə baxdıqda qulaqlarımıza onun tükürpədici sirena səsi gəlmirsə, o, sənət deyil.

Müəllif: Vüsaləddin Rüstəmov

Beyenmeler
11   0  
VN:F [1.9.16_1159]
Rating: +3 (from 3 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

KİŞİ(LİK) KOMPLEKSLƏRİ

Xüsusi

Kişilər böyük iddialarda olduqları üçün kiçik detalların onları kiçildəcəyi qorxusu ilə daha kompleksli olurlar. Bu proses yeniyetməlik dövründə daha möhkəm formalaşır. Qapalı cəmiyyətlərdə isə bu daha da kəskin şəkil alır. Kişilər hələ yeniyetməlik dövründən dildən-dilə duyduqları kişilik anlayışının bioloji və sosial təzyiqi altında qalırlar. Bir yeniyetmə həm bioloji göstəricilərə görə kişilik sərgiləmək, həm də yeri düşdükcə sosial-mədəni həyatda qoçu, qəhraman rolunu oynamaq zorunda qalır. Nəticədə xeyli travmalar yaranır ki, bunun başında ən əsas seksual travma gəlir.

İlk öncə bioloji tərəfdən başlayaq. Hər bir kişinin həyatında olmuş bir neçə misalla:
Yeniyetmələr pornoya birlikdə baxan zaman ereksiya olduqlarını bir-birilərindən gizlətməyə çalışırlar, guya bunlar belə xırda şeylərdən (film, şəkil) təsirlənmirlər. Olğun kişidirlər. Ona görə hər kəs bunu gizlətməyə çalışır. Halbuki bir yeniyetmə üçün çox normal və təbii haldır bu. Kişilər çox ciddi cəhdlə pensilərini gizlədirlər. Penisin ölçü məsələsi uşaq vaxtından kişilik ölçüsünə çevrilir. Kişilər bu məsələdə o qədər komplekslidirlər ki, olğun yaşlarında belə bu məsələdə çox utancaq davranırlar. Bunu tualetdə pisuardan istifadə edən kişilərin necə ciddi cəhdlə gizlənmələrindən, əsgərlik vaxtı ümumi hamamdan istifadə vaxtı penislərini gizlədərək tez üzü divara tərəf çönmələrindən bilmək olur.
Hələ çox uzatmaq olar bunları. Bığ yerinin tərləməsi, qoltuq və qısıq hissələrin tüklənməsi, əzələlərin formalaşması, səsin dəyişməsi və s. kimi amillər onları yerli yersiz hallara soxmağa başlayır. Burdan başlayan travmalar, zamanla formalaşan ciddi komplekslər kişiləri bir az daha zəif duruma düşürür ömrünün qalan bütün hissələrində.

Keçək psixoloji tərəflərinə:
Yuxarıda sadaladığımız bu hallar azmış kimi, sosial kişilik qəlibin yaratdığı daha ağır yük bir tərəfdən kabusa çevrilməyə başlayır. Baxın, bir oğlan uşağı böyüyüb həddi buluğa çatdıqca onu daim ətrafdan tətikləyən və bir kişi olaraq formalaşdıran ana, bacı, arvad, qız övladı, xalaqızı, bibiqızı, hətta baldız və hətta qonşu qızı, sinif yoldaşı olan qızlar kimi böyük bir toplumu “qorumaq” deyə bir görəvi var. İlahi, insan özü öz əli ilə özünə bu qədər yük düzəldə, çuval tikə bilərmi? Bu qədər zülmə nə gərək? Bu qədər cavabdehliyin qarşılığı nədir axı?
Hələ mən məhz bu vəzifə gərəyi kişilərin elə kişilər tərəfindən alçadılması mənzərəsini yazmadım. Bir kişini alçaltmaq üçün ana-bacısına söymək, arvadına sataşmaq, qızları ilə şantaj etmək… Nə qədər kişi bu travmanın ən ucuz qurbanlarına çevrilir az qala hər gün? Ana, bacı, arvad, qız övladı, xalaqızı, dayıqızı və s. qadınların geyimindən tutmuş səs tembrinə görə hər adı alaraq hər yerdə pisikdirilib təhqir edilən ana oğulları, bacı qardaşları, atalar, xalaoğlular, bibioğlular.. Hələ bunlar arasında bir az daha gözəli, gözəgəlimlisi, nisbətən azad fikirlisi varsa, sən batdın. Bütün ömrün bunların gətirə biləcəyi tənə və təhlükələri içində alçalacaq, psixoloji və hətta fizioloji…
Bir düşünün, bir kişi az qala bütün həyatı boyu ona yaxından və uzaqdan azacıq aid olan hər hansı bir qadının kiçicik bir maraq və macera izinin həyatı bahasına qurbanı ola bilir. Halbuki elə özü də bu maraq və maceranın bir parçası deyil mi?
Bəzən adamın yazığı gəlir kişilərə. Bu qədər aciz olduqları halda bu qədər güclü görnmək görəvi, bu qədər sıranmış məsuliyyətlər içində özünü zorlamaq nə qədər diksindirici və acıvericidir…

Müəllif: Vüsaləddin Rüstəmov

Beyenmeler
1   11  
VN:F [1.9.16_1159]
Rating: +12 (from 12 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus