FƏLSƏFƏ VƏ ELM

fəlsəfə və elm
Fəlsəfə həqiqətin mühasirəsində, onun ən öndə olan bir səngəridir. Elm isə fəth edilmiş, ələ keçirilmiş ərazidir

Fəlsəfə həqiqətin mühasirəsində, onun ən öndə olan bir səngəridir. Elm isə fəth edilmiş, ələ keçirilmiş ərazidir. Fəlsəfənin  fəth etdiyi, artıq sakit və təhlükəsiz olan bu ərazidə, elm və sənət bizim möcüzəli dünyamızı qururlar. Zahirən belə görünür ki, dəqiq elmlər möhkəm bazaya malik olduğundan daima tərəqqidədir, fəlsəfə isə sanki real zəminə malik olmadığından durğunluq halı keçirir. Belə bir görüntü yalnız fəlsəfənin öz üzərinə, əslində, ağır və riskli bir vəzifə götürməsindən irəli gəlir; xeyir və şər, gözəllik və eybəcərlik, nizam və azadlıq, həyat və ölüm kimi problemlər onu məşğul edir. Dəqiq elmlərin bu vaxta qədər müəyyən etdiyi metodlarla bu problemləri həll etmək mümkün deyildir. Hər hansı bir tədqiqat sahəsi dəqiq formullarla ifadə olunmuş cazibəli biliyi meydana çıxardıqda, bu bilik elm adlanır. Hər bil elm fəlsəfə kimi başlayır, sənət kimi başa çatır.

Elm analitik təsvir, fəlsəfə isə sintetik şərhdir. Elm bütövü hissələrə, orqanizmi orqanlara bölməyi, qeyri-müəyyən olanı müəyyən olana çevirməyi arzulayır. O, şeylərin nə dəyər ölçülərini, nə ideal imkanlarını, nə də onların ümumi və son mənalarını tədqiq edir. O, şeylərin indiki fəaliyyətini və hərəkətini göstərməklə qane olur. O öz baxış bucağını qəti olaraq şeylərin indi olduğu vəziyyəti ilə, onların indiki təbiəti və prosesləri ilə məhdudlaşdırır. O, birənin ayağı ilə də, dahinin yaradıcılıq əzabları ilə də eyni dərəcədə maraqlanır. Amma fəlsəfə faktın təsviri ilə qane olmur. O, faktın, ümumiyyətlə, insani təcrübəyə münasibətini üzə çıxarır və bununla da faktın mənasını və dəyərini müəyyənləşdirməyi arzulayır. O, şeyləri şərhi sintezdə kombinə edir. O, hər şeyi bilmək istəyən, hər şeylə maraqlanan alimin analitik olaraq ayırdığı,hissələrə parçaladığı kainatı əvvəlkindən də yaxşı bir qaydada birləşdirməyə çalışır.

Elm analitik təsvir, fəlsəfə isə sintetik şərhdir.
Elm analitik təsvir, fəlsəfə isə sintetik şərhdir.

Analitik elm bizə necə sağaltmaq, eyni zamanda necə öldürmək lazım olduğunu da izah edir. O ölüm faktlarını, necə deyərlər, pərakəndə satış qaydasında azaldır, amma müharibə zamanı bizi topdansatış qaydasında məhv edir. Yalnız  müdriklik, yəni təcrübənin işığında nizama salınmış arzu, bizə nə vaxt sağaltmanın və nəyi isə məhv etmənin zamanı olduğunu başa sala bilər. Müdriklik bütün təcrübənin işığında koordinasiya olunmuş arzudur. Prosesləri müşahidə etmək və həyati vasitələri yaratmaq elmdir, məqsədləri nəzərdən keçirmək və koordinasiya etmək isə fəlsəfədir. Məhz buna görə də indi məqsədlərin və idealların şərhindən və sintezindən kənarda yaradılmış və çoxaldılmış həyat vasitələri əslində həyatımızı heç bir məna daşımayan küylə və qəzəblə doldurmuşdur. İnsan arzusuna münasibətdən kənarda qalan fakt heç nədir. Niyyətdən və bütövdən kənarda qalan fakt natamamdır.
Fəlsəfəsiz elm, prespektivsiz və dəyərləndirilməmiş fakt bizi məyusluqdan qurtara, ruhumuzu viranəlikdən xilas edə bilməz.

Mənbə:  “Fəlsəfi hekayətlər” Uill Dürant
Hazırladı: Vüsaləddin Rüstəmov

Beyenmeler
0   16  
VN:F [1.9.16_1159]
Rating: +9 (from 9 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

Bir cavab yazın