Hərdən insan elə bir hüznə bürünür, sanır ki, üzərində ən gözəl qiyafəni daşıyır…
Dadmaq, ancaq doymamaq. Gözləntisiz gözləmək. Yaxınlaşmaq üçün uzaqlaşmaq. Ölərək dirilmək.
Danışarkən özünüzü yaxşı hiss etdiyiniz insanları itirməyin. Onlar hava, su kimi lazımdır.
Bəzən axtardıqlarımız o qədər yaxınımızda olur ki, uzaqlara fokslandığımızdan həmin yaxını görə bilmirik. Eynilə, qolumuzdakı qol saatını bütün evdə axtarmaq kimi…
İnsanın daxili zənginliyi ilə özünü sübut etmək ehtirası tərs mütənasibdir.
Fürsətin qeyri-adi qiyafədə gəlməyini gözləmək axmaqlıqdır.
Gülüş və hərəkət insanları düşünməyə vadar edən çox təsirli qüvvədir, çox…
Baxırsan ki, bir çoxları şikayətlənir yalanlardan, yalançılardan. Heç özünə sual vermisənmi “sən həqiqətə nə qədər açıqsan və yarğılamadan, basqı qurmadan nə qədər şərait yaratmısan sənə həqiqəti söyləmələri üçün?!”
Heç kəsi, heç nəyi itirməyə qorxmadıqca itirməzsiz…
Məgər düşünmək bu qədərmi yorarmış? İnsanları müşahidə edəndə açıq-aşkar görürsən ki, əksəriyyəti deyir : ” Məni idarə et, bütün səlahiyyətim sənindir (məsuliyyətdən qaçmaq üçün). Məni aldat, məndən xəbərsiz (həqiqəti dada bilmədikləri üçün)”.
Həyatı anlamlı qılmaq üçün şərt deyil həmişə nələrisə ora daxil edəsən. Bəzən kiçik nələrisə müvəqqəti ixtisar etməklə böyük hikmətlər əldə etmiş olursan, fərqindəliyin artır. Misalçun 1 gün danışmamaq, 1 gün qol saatı taxmadan, 1 gün telefonsuz gün keçirmək, 1 həftə musiqi dinləməmək, 15 günlük interneti (Facebook və s.) bağlamaq, 1 ay ət yeməmək. Fərqi isə yaşayan bilər.
Peşəsi, gülümsəyərək işini icra etmək olan insanlara baxanda ani olaraq simalarında saniyənin dörddə biri kimi kiçik zamanda elə bir mikro ifadə görürsən ki, dəhşətə gəlirsən. Sanki deyir : ” Yetər! Yoruldum oynamaqdan. İçimdəkiləri bir bilsən.”
Görünüş aldadıcıdır, daxili, gizəmli dünyaya yolçuluq etmək gərək həqiqətləri görə bilmək üçün.
Səndə kiçicik də olsa gizli, ya da, aşkar yumor hissi yoxdursa oxuduqların, yazdıqların, yaşadıqların içində boğula bilərsən bir gün.
Əxlaqsız insan, qorxuya, eqoya, kütləyə əsaslanan əxlaqlı insandan, zövqsüz insan zövq aldıqlarını istənilən ortamda görə bilməyənlərdən üstündür, çünki birincilər həqiqətdir, ikincilər illuziya.
İkrah doğuran informasiya bolluğu arasında itmək üzrə olan “intellektual” insan, sənin daxilində səni bütün asılılıqlardan xilas edən və səni hər daim inkişafa, yaradıcılığa sövq edən, sözlə ifadə olunmayan bir harmoniya yoxdursa “QARA DƏLİK” kimi öz içinə sıxılmaqla yox olmağa məhkumsan…
Fərqindəlik və hər an ayıq olmaq saflıqla , azad düşüncəli və azad ruhluluq isə xəlvət bir yerlərdə gizlənən utancaqlıqla vəhdət olduqda kamillik yolunda irəlilədər insanı. Əks halda uçuruma aparar.
Ağac sümürtkəni – latreyanı yəqin ki, bir çoxumuz botanika dərsliyindən tanıyırıq. Yarpaqdan və yaşıl rəngdən məhrum olan, ağac köklərində parazitlik edərək, onlarla simbioz həyat keçirərək qidalanan bitki.
Bəzi insanlar da eynən latreya kimidir. Çox gözəl seçicilik qabiliyyətləri sayəsində oksigen kimi, su kimi, qida kimi insanları seçib özünə yaxın çevrə (qida mənbəyi) yaradır. Onlardan çox gözəl istifadə edir, onların zənginliklərini bəzəyərək özünkiləşdirir. Eyni zamanda bu insan özünün xalis parazit olduğunu, o işıq kimi insanların kölgəsində durmaqla özü işıq yarada bilməyəcəyini də çox gözəl anlayır.
Ən sevdiyi musiqini belə çox dinləyəndə zövq ala bilmir insan. Eləcə də musiqinin timsalında bir çox nəsnə. O nəsnələr isə özlüyündə bir anlam ifadə etmir. Anlamsızlığa anlam yükləyən insandır. O anlam isə doymaqla yox, dadmaqla mümkündür. Sanki mənasızlıqdadır məna. Sanki məhrumiyyətdədir.
İnsan ola bilər “vəfalı”, hansı ki, qorxudan, nadanlıqdan, məhkum edən fikirlərdən yoğrulmuş vəfa. Bu insanlar ömür boyu öz həbsxanalarını güllərlə bəzəyənlərdir. İnsan ola bilər məhkum edən bütün zəncirləri qırmış “azad”biri, hansı ki, vəfadan məhrum. Bu insanlar amorf maddə kimi formasızlaşmağa, xaraktersizləşməyə, öz-özündən baş açmamağa, tədricən mənən yox olmağa məhkumdur. İnsanlar da var ki, bütün qəlibləri zehnən və ruhən dağıtmış, eyni zamanda, parlaq sədaqət anlayışını qorumuş. Özünə sədaqət, dəyərlərinə sədaqət, seçdiklərinə sədaqət bəsləyən. Bax, o insanlar nadir tapıntılardır. Yaşayan və yaşadan, birlikdə yol qət edə biləcəyiniz varlıqlar. Sizin göstərişə də ehtiyacınız yoxdur. Gözləriniz də danışır, sükutunuz da. Sizin kimilər sizi görə bilir, duya bilir. Yaxşı ki varsınız, “AZAD SADİQLƏR “!”
BAYAĞILAŞMIŞ ELEKTRİK” anlayışı.
Bir çoxumuzun tez-tez eşitdiyi ifadə var: -” Filan kəsdən elektrik almadım”.
Biri var o sözün mahiyyətinin fərqinə varasan, biri də var ağız alışqanlığı olduğu üçün işlədəsən. Sən əvvəl öz içinin çirkli yollarından keçərək təmiz, işıqlı yollarına var, öz daxili tarazlığını, özünə yetərliliyi bərpa et, daha sonra başqalarını da oxu, mənəviyyatını hiss et, sükut dilində danış, ay nadan! Sən yalnız bu təqdirdə elektrik ala bilərsən.
İşdə uğur qazanmanın təməl prinsiplərindən biri “mən müdirdən yox, müdir məndən asılıdır” devizini bütünlüklə öz psixologiyana oturtmaqdır. Və asılı olana öz mənfəətindən əvvəl ona yardım etmək istədiyini göstərmək uğurlu addımlara başlanğıc verəcək.
İnsanın çabası da, coşğun axtarışları da, ehtirasları da, qəddarlıqları da həmişə onlarda var olan boşluqları doldurmaq istəyi şövqündən yaranır. Ya o boşluqlarla öz dərinliklərində qeyb olur, ya da, sadəcə harmoniyada, indidə olur. Bunları bütün varlığınla dərk etdikdə isə sükutla həzzin sevişməsini yaşamaqdan başqa çarən qalmır.
Müəllif: Günel Kərimova
Hazırladı: Naz Ramizqızı