
Bir yaşlı qadın bir dükandan çörək oğurlamaq istəyərkən tutulur və sonra həmin yaşlı qadının fotosu dükan sahibi tərəfindən çəkilərək marketin şəkil lövhəsinə vurulur. Doğrusu bu məsələyə üzüldüm. İlk növbədə yaşlı bir qadının marketdən oğurluq edəcək qədər bir durumda qalması hamımızın günahıdır. İkinci növbədə isə dükan sahibi tərəfindən bu cür “cəza” çox utancvericidir. Qadına bəraət vermirəm. İstənilən halda icazəsiz bir şey götürmək yaxşı hal deyil. Amma məsələ bu qədər bəsit də deyil. Bu olay üzərindən bir məsələyə toxunmaq istərdim. Məsələnin hər tərəfdən üzücü olduğunu nəzərə alaraq özümə belə bir sual verirəm:
– Kimdir oğru?
Əziz dostlar, gəlin bu məsələyə şəriət ilə baxaq. Bəli, Quran mərkəzli bir şəriətlə baxaq. Şəriət – qavram etibarı ilə “suyun qaynağına doğru getmək, mənbəyə doğru yol” anlamını verir. Şəriət, şərait yaratmaqdır. Olayın, hadisələrin mənbəyinə gedib, səbəbin araşdırıb kökündən həll etmək üçün yaradılmalı olan şərait. O şərait ki, hər kəs ədalət qarşında bərabərdir və güvəndədir. Demək, hüquq (şəriət), əslində o an görüntüyə görə hökm vermək yox, məsələni araşdırıb həqiqəti ortaya çıxarmaq, məsələnin mənbəyinə gedtməkdir. Nədir bu yol? Necə anlayaq bu qavramı?
ARAŞDIRIB TAPIN ƏSL OĞRUNU VƏ ONUN ƏLİNİ KƏSİN CƏMİYYƏTDƏN!
Amrı Misirə vali yollayan xəlifə Hz. Ömər deyir:
– Ey Amr, oğurluq üçün hansı cəzanı verəcəksən?
– Əlini kəsdirəcəm ey Ömər – deyir Amr.
Bunun qarşılığında Hz. Ömər belə deyir:
-Ey Amr, əgər Misirdən Mədinəyə bir yoxsulluqdan şikayətçi gəlsə, mən də sənin əlini kəsdirəcəm.
Məhz o yekə əllərdir oğurluğa şərait yaradan. Bəlkə onların əllərini bu işdən kəssək daha effektli olar? Məsələni kökündən həll etmiş olarıq? Nədən gördüklərimizi əsas olaraq, araşdırmamış hər işə oğurluq, hər kəsə oğru deyirik? Biz nə etdik, heç sorduq, soruşdurduq mu? Hər kəs birisinə divanə deyər, amma dərdi nədir bilmək istəməz. Deməli biz həll etmək istəmirik, cinayətkar, günahkar görmək istəyirik.
ƏBU LƏHƏBİN “ƏLLƏRİNƏ” SU TÖKƏN BİZİK, O ÜZDƏN QURUMUR!

Qurandakı “Əbu Ləhəbin əlləri qurusun” ifadəsi bu mənanı əks etdirir:
O əllər ki, dünyadan bərk bərk yapışıb və mövcud bütün cinayətlərdə ya birbaşa, ya da bilavasitə rol oynayır. O əllər qurusun ki, onu elə cahilcəsinə bizlər sulayırıq, bəsləyirik. O əlləri cinayətlərdən kənar tutmaqla dibinə su tökür, hadisənin zahirinə baxıb növbəti digər cinayəti törədirik. Bizik bu işdən məsul.
Qurudun o əlləri, qurudun. Çünki mən qurumasını istədim – deyir Allah.
Bunu isə suyun qaynağına gedib doğru qərarlar verməklə – ƏSL ƏLİ tapmaqla edə bilərik. Yoxsa həmən hökm çıxarıb əlimizdə olan su ilə o “əllər”ə xidmət edərək işi daha da bulandırmayaq. O əllər bizdən bəslənir, gücümüzü bilək!
Müəllif: Vüsaləddin Rüstəmov