Yeni olan hər nə varsa, marağımıza səbəb olar, diqqətimizi çəkər, enerjimizi alar. Bu marağın müşaiyətində müxtəlif təlabatlar formalaşar. Yeni olanı tanımaq, yaxınlaşmaq, bələd olmaq. Maraq o qədər güc gələr ki, sirli tərəf qalsın istəmərik, bacardıqca mənimsəyərik.
Qəbula balaca bir oğlan gəlmişdi. Aktiv uşaqdı, hərəkətli oyunlara daha çox yer verdik. Bu onun xoşuna gəlmişdi.
-Həmişə mənimlə belə oynayarsan?-dedi.
-Əlbəttə, oynayaram -deyə cavab verdim.
-Lap köhnəlsəm də hirslənməzsən?
O gündən bu “köhnəlmək” sözü beynimdə o qədər düşüncələrə səbəb olub ki…
Köhnə- istifadə müddəti bitmiş, yararlılığını itirmiş, heç kimə lazım olmayan…
“Planlı köhnəlmə”ni də xatırladım.
Doğurdan da biz təzə olan, yenilik hiss etdiyimiz hər şeyi sevirik. Canlı, cansız olmasından asılı olmayaraq könlümüzü yenilər oxşaya bilir. Ta ki köhnələnə qədər əzizləyirik nə varsa. Yəqin ki, hər zaman üçün köhnəlmək keçərli olub. Baxmayaraq ki, həmişə “Hər şeyin təzəsi, dostun köhnəsi” deyilib. Baxmayaraq ki, qırx illik şərab daha keyfiyyətli sayılıb.
Qədim Yapon mədəniyyətinə görə parıldayan hər şey dəyərsiz və bayağı qəbul edilirdi. Çünki parıldayan hər şey yenidir və yeni olduğundan hələ istifadənin ona qazandırdığı dəyərə çatmamışdır.
Köhnəlmiş, dəfələrlə çay içilməkdən qaralmış bir fincan səbrimizi, duyğularımızı yüklədiyimiz bir əşyadır və zamanla həm bizim xasiyyətimizi, həm duyğularımızı yüklənmiş, o da bizə xidmət edərək bunun qarşılığını vermişdir.
Bəzi insanlar köhnə əşyaları saxlayar, dəyər verdiyi insanlarla paylaşdığı ortaq anları bu əşyalarda tapar. Bir fincan kimi dostluqlar, tanışlıqlar, paylaşımlar illər keçdikcə dəyər qazanır.
Onların yalançı parıltısı yoxdur. Özlüyündən parıldayar və bu parıldama cilalanma ilə deyil, illərin verdiyi güvənlədir.
Gündəlik istifadə olunan əşyalarda da dostluqlarda olduğu kimi çatlamalar, ləkələr ola bilər. Amma bunlar əşyanı atmanıza səbəb deyil. Tam tərsinə, çatlar və ləkələr təbiidir, dəyərlidir.
Bir əşyanı və ya dostu həyatınızdan silməmək üçün səbr və sədaqət kimi iki böyük duyğu lazımdır. Səbr sevgiyə bağlıdır. Xəta üzündən illərin dostunu, sevgisini silməkmi, yoxsa “xətanı anlamaq böyüklük istər” deyərək köhnə deyil, köhnəlməyən dostlara sahib olmaqmı?
Hal-hazırda elə bir dövrü yaşayırıq ki, insanın köhnəlməsi qaçınılmazdır. İnsanlar texnologiyalar sayəsində saysız-hesabsız insan tanıya bilir, dünyanın hər yerindən tanışlar qazanır.
Əgər planlı köhnəlmə haqqında eşitmisinizsə, yəqin ki, elə insanın bugünkü halını da bu cür qəbul etmək olar.
Kaliforniyada olan bir yanğınsöndürmə binasına 1901-ci ildə taxılan elektrik lampası, artıq 115 ildir ki, yanmağa davam edir. Amma bizim aldığınız elektrik lampası cəmi bir neçə aydan sonra xarab olur.
Planlı köhnəlmə necə baş verdi?
1924-cü il, İtaliya, Cenova şəhəri
Elektrik lampasının günümüzdəki kimi ortalama 1000 yox, 2500 saat və daha çox ömrə sahib olduğu zamanlar. Bu zaman bu məkanda görüşənlər elektrik lampası istehsalçıları iqtisadi vəziyyətlərinə neqativ təsir edən çox önəmli bir məsələ üçün görüşmüşdülər. Elektrik lampaları o qədər dayanıqlı idi ki, bir şəxs yalnız uzun müddət sonra təkrar olaraq elektrik lampasına ehtiyac duyurdu. Bu da gəlirlərə təsir edirdi. Bu görüşdə iştirak edənlər bir qərar alırlar – bundan sonra elektrik lampasının ömrü 2500 saatdan 1000 saata qədər azaldılacaq. Və buna əməl olunması ciddi şəkildə yoxlanılacaq.
Bununla da elektrik lampaları daha tez xarab olmağa başladılar, insanlar daha çox almağa məcbur oldular və istehsalçılar da bu vəziyyətdən gəlirli çıxdılar.
Baxmayaraq ki, 100.000 saat ömrə sahib elektrik lampaları çoxdan kəşf olunmuşdu, bu məsələ heç kəsə sərf etmirdi.
Bu Planlı köhnəlmənin əsasının qoyulmağı demək idi.
Planlı köhnəlmə günümüz həyatında geniş şəkildə istifadə olunur, xüsusilə də texnoloji sahədə.
Planlı köhnəlmə əşyaların ömürlərinin qəsdən müəyyən bir zamanda limitli tutulması deməkdir. Və alış-verişləri tezləşdirməkdir.
Əvvəllər uzun müddət işləyən, amma indi zəmanət müddəti bitən kimi xarab olan soyuducular, telefonlar. Xarab olan, ehtiyat hissəsi tapılmayan, təmiri yenisindən daha baha başa gələn alətlər. Az qala hər il çıxan Samsung, Iphone moddelləri. Hər il, az qala hər fəsil dəyişən moda trendləri. Proqram yaddaşı yetmədiyi üçün yararsız qalan smartphone modelləri və s. Hər yanımızda var. İstəsək də, istəməsək də bu hadisənin bir parçasıyıq.
Şirkətlər 3 növ planlı köhnəlmə metodundan istifadə edirlər.:
1. Birbaşa metod:
Yəni ki, hazırlanan əşyanın ömrünün qabaqcadan limitli tutulması.
Məsələn, deyirlər ki, bu televizora 2 il zəmanət var, elə 2 ilin sonunda da mütləq xarab olur.
Əsasən də, elektrik cihazları: Kompüter, televizor və s.
2. Dolayı metod:
Aldığımız əşyanın xarab olması yox, istifadə edə bilməyəcəyimiz vəziyyətə gətirilməsi
Yəqin qarşınıza çıxıb komputeriniz xarab olur, servisə aparırsınız, servis deyir ki, bunun ehtiyat hissəsi artıq çıxarılmır, ya da bunun təmir edilməsi yenisindən baha başa gəlir. Biz də “məntiqi” variantı seçib, yenisini alırıq.
Ya da ki, telefonlarınız çox qəşəng işləyir amma istifadə etdiyiniz Facebook, Whatsapp application-larının həcmi o qədər artır ki, artıq telefona zorla proqram yükləyirik. Və ya şirkət elan edir ki, artıq bu telefon modellərinin proqram təminatını yeniləməyəcəyik..
Microsoft Office 2007 çıxanda da etmişdilər bunu. Əgər sizdə Microsoft Office 2003 idisə 2007 fayllarını aça bilmirdiniz, açılmırdı. Məcbur etmişdilər ki, 2003 paketi işləyə işləyə 2007 paketini alaq.
Bunun örnəkləri kifayət qədər boldur, çoxdur.
3. Psixoloji metod.
Hər il yeni telefon çıxır.
Hələ ötən il aldığın model artıq köhnədi.
Hər il yeni dəb elan edilir. Bu ilin, bu fəslin dəbi budur. Hələ keçən il aldığın köynəyi bu il geyinməkdə tərəddüd keçirirsən.
Xanımlar bir gecəyə geyindiyi paltarı artıq ikinci dəfə geyinmir. Psixoloji köhnəlməyə diqqət etməklə özümüzü kapitalizmin heç olmasa bir tələsindən xilas etmiş olarıq.
Təbii ki, həyatda irəlilədikcə təzə olan hər şey köhnəlir. Floberin dediyi kimi, “Hər şey, hər şey, hətta dərdlər də köhnəlir”.
Eyni zamanda, “Necə köhnələr var ki, heç köhnəlməz” düşüncəsi ilə sevdiyimiz insanları, dəyərləri, texnologiyanın inkişafı ilə həyatımıza daxil olmuş”planlı köhnəlmədən” qorumuş olarıq.
Müəllif: Psixoloq R_M
İstifadə edildi: (Birbirbil.com)
Çox lazımlı yazı idi, təşəkkürlər.
Təşəkkür edirəm, Tofiq bəy! Diqqət edib oxumusunuz!