LOQOPEDİN FƏRDİ YANAŞMA PRİNSİPİ

Loqopediyanin 10 prinsipindən biri də fərdi yanaşma prinsipidir. Bu dəfə bu prinsipi özüm üçün aydınlaşdırmağa çalışmışam. Düzdür, təcrübə çox böyük rol oynayır hər bir işdə. Amma işlədikcə görürsən ki, bildiyimiz təcrübə bir az aciz qalır uşaqlarla işləyərkən. Çünki qarşına oturan hər dəfə başqa uşaqdır və heç bir uşaq digərinin təkrarı deyil.

Hər bir pedaqoqun ilk öncə yaradıcılığı olmalıdır. Mən deyərdim bu təcrübədən daha önəmlidir. Bizim işimiz məktəbəqədər uşaqlarladır. İnkişaf problemi olan və ya olmayan, fərqi yoxdur, o yaşda uşağı yarım saat, 45 dəqiqə, bir saat dəsrdə oturmağa cəlb etmək çox çətindir. Hə, buna məcbur etmək olar. Amma bu zaman da öyrətmək çox çətin olacaq. Ona görə bir neçə dərs uşaqla tanış olduqdan sonra müəllim onu necə dərsə cəlb edəcəyini, maraq yaradacağını bilməlidir.

Dərs uşaq üçün maraqlı və öyrədici olmalıdır. Daha əvvəl də yazmışam, uşaqlar oynayaraq öyrənməyi sevirlər. Amma bu oyun elə qurulmalıdır ki, uşaq hiss etmədən müəllimə tam tabe olsun. Eyni zamanda da uşaq üçün əyləncəli olsun. Uşağın fikri dərsin bitməyində olmasın. Bir vəsaitlə, məsələn kartlarla ( kartları uşaqlar o qədər də sevmirlər, ona görə onu misal çəkdim) hər bir uşaqla başqa cür işləmək lazım gəlir. Dərs keçdiyim uşaqlardan biri ərzaq kartlarını bir neçə dərs hər birini guya acib, yeyirmiş kimi edirdi. Artıq təqlid olaraq hər şeyi tələffüz edir. Amma tam tələffüz edə bilmir və öyrənməmiş kartlardan bezdi artıq, öyrənmək istəmədi. Düşündüm, nə edə bilərəm ki eyni kartlarla işləməyə davam edək. İndi eyni maraqla yenə həmin kartlarla işləyirik. Bu dəfə artıq guya yeyir, amma heç birini bəyənmir. Məsələn, dondurma soyuqdu, limon turşdur, çörək köhnədir və s. Hansına necə dadlıdır desəm razı qalmır. Bu mərhələ artıq arxada qaldı demək istəyir. Beləliklə ərzaqlarla birlikdə artıq onların xüsusiyyətlərini də öyrənmiş olur və daha çox söz tələffüz etmiş olur.

Bəzi uşaqlarin üzərində isə sözün əsl mənasında hakim olmaq lazımdır. Necə hakim olacağını isə pedaqoq çox ehtiyatla seçməlidir. Məsələn, autik bir uşağa hakim olmaq istəyib səsini qaldırarsan, o səndən daha möhkəm qışqırar. Hər bir uşaqla ona uyğun səs tonu seçilməlidir. Ümumiyyətlə, uşaqlarla necə rəftar etsək bizə onu qaytaracaqlar. Çünki gördükləri budur. Uşaqların dünyası bizim gördüyümüzdən fərqlidir. Pedaqoq uşağın gördüyü kimi görməyi bacarmalıdır.

Müəllif: Şahanə Nuriyeva loqoped_shahane

Beyenmeler
0   0  
VN:F [1.9.16_1159]
Rating: 0 (from 2 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

Bir cavab yazın