"Maqnezium" mineralının insan sağlamlığındakı rolu

“MAQNEZİUM” MİNERALININ İNSAN SAĞLAMLIĞINDAKI ROLU

Maqnezium, bədənin funksiyası üçün çox önəmli bir mineraldır və bədəndə ən çox olan 4-cü mineraldır. Bədən bu mineralı özbaşına yaratmadığı üçün qidalar və lazım gələrsə, qida əlavələri vasitəsilə qəbul edilməlidir.

Bu mineral, enerjinin yaranması, qan təzyiqinin nizamlanması, sinir siqnalının ötürülməsi  və əzələ yığılması daxil olmaq üzrə insan sağlamlığı üçün gərəkli olan 300-dən çox metabolik reaksiyada iştirak edir. Bütün bu funksiyaların yerinə yetirilə bilməsi üçün nizamlı olaraq qəbul edilməli və bədəndəki rezervlər doldurulmalıdır. İnsan bədənində maqneziumun 60%-i sümük və dişlərdə, 39%-i yumşaq toxumalarda, qalan 1 %-i isə qanda olur. Maqnezium, beyində və ürəkdə digər orqanlara nisbətən daha intensivdir.

Maqnezium normal qan təzyiqini qorumağa, sümükləri gücləndirməyə və ürək ritmini sabit saxlamağa kömək edir. Aşağı maqnezium səviyyələri qısa müddətdə simptomlara səbəb olmasa da,  2-ci tip şəkərli diabet, ürək xəstəliyi, əhval-ruhiyyədə pozulmalar və miqren kimi xəstəliklərlə əlaqəlidir.

Tövsiyyə olunan miqdarda maqnezium qəbul etməyən yetkin insanlarda iltihabın artması ehtimalı daha yüksəkdir. İltihablanma isə, öz növbəsində  ürək sağlamlığı, şəkərli diabet və bəzi xərçəng növləri ilə əlaqələndirilmişdir. Bundan başqa , maqneziumun aşağı olması osteoporoz( sümük əriməsi ) üçün risk faktorudur. Maqnezium və digər minerallarla zəngin qidalar yeyilməsinin, hipertoniya olan insanlarda yüksək təzyiqin qarşısını almağa kömək edə biləcəyinə dair sübutlar var.

Damara və ya əzələdaxili  vurulan maqnezium hamiləlik dövründə eklampsiya və ağır astma atakları kimi xəstəliklərin müalicəsi üçün istifadə olunur. Maqnezium bir çox antasid və laksatiflərin əsas tərkib hissəsidir.

4 yaşdan yuxarı sağlam insanlar gündə 375 mq maqnezium qəbul etməlidirlər. Maqnezium çatışmazlığı vəziyyətində həkimlər daha yüksək dozalar qəbul etməyi tövsiyə edə bilərlər. Xəstənin, qida əlavəsinə ehtiyacı olmadığı zamanda da əlavəni dayandıra bilərlər.

MAQNEZİUMUN FAYDALARI NƏLƏRDİR ?

• Beyində kortizolu ( stres hormonu ) balanslaşdıran ən təsirli vitamin maqneziumdur.

• Bədənin daxili tarazlığını qorumaq üçün qan səviyyəsi normal olaraq qalmalıdır. Ancaq, yalnış qidalanma və bədənə qəbul edilən  bəzi qida maddələri qan səviyyəsinə mənfi təsir göstərdiyi zaman, maqneziumun vəzifəsi bu tarazlığı qorumaqdır.

• Maqnezium elementi xoşbəxtlik hormonunu tarazlıqda saxlamaq üçün vacibdir. Bədəninizdə kifayət qədər maqnezium varsa, depressiya və narahatlıq pozulmaları yaşamaq ehtimalınız azalır.

• Bədəndəki yorğunluğun və tükənmənin azalmasına kömək edir.

• Elektrolit balansına kömək edir.

• Diş sağlamlığının qorunmasında təsirli bir elementdir.

• Hüceyrə bölünməsində əhəmiyyətli funksiyalara malikdir.

• Əzələ funksiyalarının və enerji istehsal mexanizmlərinin həyata keçirilməsinə kömək edir.

• Hüceyrələri alüminium, nikel, kadmium, civə və qurğuşun kimi zərərli elementlərdən qoruyur.

• Kalsium və kaliumun orqanizmdəki funksiyasını artırır.

 MAQNEZİUM ÇATIŞMAZLIĞI:

Günümüzdə, qidaların emalı zamanı, onların tərkibindəki maqneziumun azalması vəziyyəti gerçəkləşir. Yaxud, uzun müddət bişmiş tərəvəzlərdə maqnezium səviyyəsi  olduqca aşağı olur. Qəbul etdiyimiz qidalarda maqnezium səviyyəsinin azalması və qidalanma vərdişlərimizin dəyişməsi səbəbiylə maqnezium çatışmazlığı anlayışı olduqca məşhurdur.

Tibbi dildə maqnezium çatışmazlığına hipomaqnezemiya deyilir. Həddindən artıq tərləyən və ya müəyyən dərmanlardan istifadə edən insanlarda maqnezium ifrazı daha yüksəkdir. Stres və hamiləlik kimi vəziyyətlərdə bədənin ehtiyac duyduğu maqnezium miqdarı artır. Yaş artdqıca və ya mədə -bağırsaq xəstəliklərinin olması səbəbindən bağırsaqlarda sorulma azaldıqca tələb olunan maqnezium miqdarı artır. Bədən xaricdən ehtiyac duyduğu maqneziumu kifayət qədər ala bilmirsə, sümüklərdə depolanmış maqneziumu istehlak etməyə başlayır.

Maqnezium çatışmazlığına səbəb olan amillər; 2-ci tip şəkərli diabet, narkotik asılılığı, siqaret çəkmək, böyrək və qaraciyər xəstəlikləri, yanlış yemək vərdişləri, stresli bir həyat sürmək, sidikqovucu dərmanların həddindən artıq istifadəsi, antibiotiklərin tez -tez və müntəzəm istifadəsi, kifayət qədər qidalanmamaq, həddindən artıq spirt istifadəsi, çölyak xəstəliyi, Crohn xəstəliyi  və qocalıqdır .

Maqnezium çatışmazlığının simptomları kimi iştahsızlıq, ürəkbulanma, qusma, saç tökülməsi, qəbizlik, yorğunluq və halsızlıq göstərilə bilər. Daha ağır hallarda; əzələ tutulmaları, ürək aritmiyaları, uyuşma, konsentrasiyanın pozulması, zehni qarışıqlıq, fibromialgiya meydana çıxa bilər.

Maqnezium çatışmazlığının müalicəsində maqnezium dərmanları və tərkibində maqnezium olan multivitaminlər istifadə olunur. Çatışmazlığın çox yüksək olduğu hallarda maqnezium venadaxili olaraq verilə bilər. Təbii olaraq yüksək miqdarda maqnezium ehtiva edən qidaları qəbul etmək, siqaret və spirt istifadəsindən imtina etmək də müalicə planına daxil edilə bilər.

HİPOMAQNEZEMİYANIN ( MAQNEZİUM ÇATIŞMAZLIĞI ) YARATDIĞI SAĞLAMLIQ PROBLEMLƏRİ:

• Osteoporoz (sümük əriməsi)

• 2-ci tip şəkərli diabet

• Hipoqlikemiya ( qanda şəkərin normadan az olması )

• Astma ataklarının şiddətlənməsi

• Hipertoniya

• Depressiya

• Ürək xəstəlikləri

• Narahat ayaqlar sindromu

• Tənəffüs xəstəlikləri

• Miqren simptomlarında artma

CİDDİ MAQNEZİUM ÇATIŞMAZLIĞI NADİR HAL OLSA DA, BƏZİ İNSANLAR RİSK ALTINDADIR. BELƏ Kİ, 

• Böyrək xəstəliyi olanlar

• Crohn xəstəliyi və ya həzmə mənfi təsir edən xəstəlikləri olan insanlar

• Paratiroid problemi olanlar

• Diabet və xərçəng üçün müəyyən dərmanlar qəbul edənlər

• Yaşlılar

• Həddindən artıq spirtli içki qəbul edən şəxslər

• Feldşerlər

MAQNEZİUM DOZALARI:

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına görə, sağlam bir insan orta hesabla gündə 280-350 mq arasında maqnezium qəbul etməlidir. İnsanlar adətən  gündəlik maqnezium dozalarını yeməkdən alırlar və əlavə qəbul etmələrinə ehtiyac yoxdur. Yeməkdən təbii olaraq yüksək miqdarda maqnezium əldə etmək təhlükəsiz olsa da,  çox miqdarda qida əlavələri qəbul etmək etmək təhlükəli nəticələrə səbəb ola bilər. Maqnezium əlavələrinin şüursuz və həddindən artıq istifadəsi zəhərli ola bilər.

TƏBİİ MAQNEZİUM MƏNBƏLƏRİ NƏLƏRDİR?

İspanaq kimi yaşıl yarpaqlı tərəvəzlər, fındıq, qoz, alça qurusu, badam, qarpız, xaş-xaş  toxumu, şalğam, badımcan, xurma,  kərəviz, lobya, noxud, soya, süd, qatıq, qabıqlı çərəzlər, banan, avokado, qara şokolad, günəbaxan toxumu, küncüd, dil balığı, tam taxıllar, sərt sular maqneziumun təbii qaynaqları arasındadır. Əlbəttə ki, bütün qidaları yemək və ayrı -seçkilik etməmək həmişə ən yaxşı həlldir. Çünki emal zamanı maqnezium itkisi baş verə bilər.

MAQNEZİUM QİDA ƏLAVƏSİ

Maqnezium qəbulunu artırmaq üçün bir çox insan maqnezium əlavələrinə üstünlük verir. Ancaq, qida əlavəsi formasında bir neçə maqnezium növü olduğundan, ehtiyaclarınız üçün hansının uyğun olduğunu təyin etməli və buna uyğun olaraq hərəkət etməlisiniz.

MAQNEZİUM QİDA ƏLAVƏLƏRİNİN RİSKLƏRİ:

Yan təsirləri:  Maqnezium əlavələri ürəkbulanma, spazma və ishala səbəb ola bilər. Maqnezium əlavələri ümumiyyətlə nəcisin yumşalmasına səbəb olur.

Qarşılıqlı təsirlər: Maqnezium əlavələri, ürək dərmanları və antibiotiklər də daxil olmaqla bəzi dərmanlarla qarşılıqlı təsirdə ola bilərlər. Buna görə də, maqnezium əlavələri qəbul etməzdən əvvəl mütləq həkiminizlə məsləhətləşin.

Risklər: Şəkərli diabet, bağırsaq xəstəliyi, ürək xəstəliyi və böyrək xəstəliyi olan insanlar həkimlə məsləhətləşmədən əvvəl maqnezium əlavələri qəbul etməməlidir.

Artıq doza: Maqneziumun həddindən artıq dozasının simptomları; ürəkbulanma, ishal, aşağı təzyiq, əzələ zəifliyi və yorğunluq ola bilər. Çox yüksək dozada maqnezium qəbulu ölümcül ola bilər.


Mənbə: https://www.acibadem.com.tr/

Hazırladı: Fidan Aslanova

 

Beyenmeler
0   0  
VN:F [1.9.16_1159]
Rating: 0 (from 0 votes)

Fidan Aslanova

Fitret.az idarəçisi

 
Facebook

Bir cavab yazın