İnsanlıq tarixinə nəzər saldıqda insanoğlunun nələrdən keçdiyi və haralara gəldiyi insanı heyrətə salır. İlk çağlardan təbiətin bir parçası olaraq bilinən insan, zaman-zaman bu vəhdətin özünə qarşı gəlməyə başlamışdır. Hətta özünü bütün canlılardan üstün saymışdır. Dini mətnlərdə bunun Tanrı tərəfindən seçilmiş bir vəzifə olduğu yazılır. Bütün bu yolçuluğa bir çıraq tutsaq, belə bir uzlaşmanı həmqafiyə edə bilərik:
Cəsarət mədəniyyətin,
Ədalət mülkiyyətin,
Ölçülülük dinlərin,
Müdriklik də fəlsəfənin doğuşunu ifadə edir.
Gəlin birlikdə səyahət edək. Baxın, ilk insanlar təbiətdən ayrılaraq öz kültürlərini formalaşdırdılar. Bunu cəsarətin hesabına etdilər. Təbiətdən ayrılmaq bir cəsarət, sonra ona qarşı gəlmək iki cəsarət. İnsanoğlu üçün mədəniyyət, onun bilmədiyi çevrələrin fəthi və mənimsənməsidir. Bu, ərazicə fəthdən daha çox özünü tanıma prosesidir. Özü ilə, öz gücü ilə tanış olaraq işğallar edən insanoğlu, əldə etdiklərini mülkiyyətinə çevirdi. Mülkiyyətini təbiətdən ayrı tutsa da həmcinsi olan insandan tam ayıra bilmədi. Çünki o, artıq öz çevrəsi, öz kültürü olan sosial bir topluluqdur. O halda ədaləti dünyaya gətirdi. Ədalət, mülkiyyətin insan həyatında hansı yerdə olması üçün bir duyğu mərhələsidir. Hər kəs onu öz fonunda görər. Sonra isə toplumun ədaləti formalaşar.
Bəs cəsarətin, ədalətin ölçüsü nədir? Axı bunlar mücərrəd anlamlardır -deyə düşündü insan. İnsan bunların hardan gəldiyini düşünərək bunların necə istifadəsini də tapdı. Çöldəki bütün ölçüləri tənzimləyəcək insan ruhunun ölçüsüdür. İnsan isə buna tam vaqif deyildi. Və buna ehtiyac duydu və dini kəşf etdi. Din, ölçünün mənbəyi haqqında düşüncəni cəmiyyətin içinə transfer edən bir sistem oldu. İlahi məqamdan səsləniş, cəsarətli insanın ədalət ehtiyacına konkret ölçü qoyacaq ən ali bir nota idi. İnsan bildiklərini ancaq bilmədiyi bir mənbə ilə tənzimləyə bilərdi. Çünki hələ də bilmədiyi o mənbədən qorxur və idarə olunmaq istəyirdi. Bütün bu axtarışlar içində var-gəl edib minilliklər adlayan insanoğlu, bu düşüncələri ilə beyninin yeni sirlərinə vaqif olmağa başladı. İnanan və idarə olunan insan daha da özgür olmaq istədi. İndi daha çox düşünmək və səy etmək istədi. Müdrikləşdi və bu müdrikliyi sevənlər fəlsəfəni ithaf etdilər tarixin bağrına.
Fəlsəfə, sual vermə sənətidir sanki. O cavaları ilə deyil, sualları ilə azad hiss etdirər insanı. İnsanı daha irəli ayaq basmağa sövq edər, şirnikləndirər. Fəlsəfə sərhədləri zorlayar, amma hər yerə öz sərhəddini çəkər. Bütün suallar birlikdə böyük bir sual işarəsi formasında sərhəd çizər. İnsan daim bu işarə içində var-gəl edər. Hətta bəzən cavabın elə bu suallar olduğu ilə qane etdirər insanı. Rahatsızlığın ərdəm olduğunu aşılayar.
Müəllif: Vüsaləddin Rüstəmov