Nağıllar… Ah bu nağıllar!..
Qəhrəmanımızı nağıllardan seçirik; hər zaman onlara oxşamaq istədiyimiz qəhrəmanlar. Düşmənimizi də eləcə! Əsəbləşdiyimiz, nifrət etdiyimiz düşmən tipini əvvəl nağıllarda tapırıq, sonra onları həyatın içində axtarırıq. Əsla düşmənlərimiz kimi olmaq istəmirik; ya onlardan qaçarıq, ya da onlarla döyüşməyi seçirik. Hər kəs “Ağca və 7 cücə”-ni xatırlayır (Snow White and the Seven Dwarfs). Kim Ağcanın ağ atlı şahzadəsi olmağı istəməmiş, alnından öpərək oyandıracağı gözəli xəyal etməmişdir ki görəsən? Səbətində alma daşıyan yaşlı cadügərləri sevməzdik. Bəli, yaşlanmaqla cadugər olmaq arasında əlaqə qurmağımızın səbəbi, cadugərlərin yaşlı olması deyil, cadugərlərin yaşlılar arasından seçilməsi; cadugərlərin yaşlanmağı seçməsidir.
Hələ bu Lafontenin nağıllarına bax!
Zavallı qarğalar, yalnız çirkin deyil, eyni zamanda axmaqdırlar da. Tülkülər isə hiyləgər, oyanıq və mənfəətçi. Haydı bir mahnı oxu dostum! Qarğa qarıldar-qarıldamaz pendiri ağzından salar. Mahnı oxumanın əvəzi, pendiri əldən verməkdir. Aldadılmaq, qanmaz yerinə qoyulmaq. O halda mahnı söyləməyin, yoxsa yeməyinizdən olarsınız. Halbuki belə bir dərs də ola bilərdi: Mahnımı oxudum ləzzətlə, pendirimdən oldumsa, nə qəm! Pendiri itirməkdən qorxaraq mahnınızdan vaz keçməkdənsə, mahnı oxumağı seçin; aşağı yuxarı bir pendir, arada əlinizdən alınsa nə olacaq?
Amma Lafonteyə belə dərslər vermək yaraşmazdı; bu səbəblə o, saf uşaqlara ağıllı olmağı nəsihət etdi.
“Əsla açmayın ağızınızı; yoxsa pendirinizdən olarsız.”
Bizlər də çoxlu tülkülər qarşısında açmadıq ağzımızı; beləliklə həssaslıqla qorumağı bacardıq pendirlərimizi. Pendiri itirməmək üçün mahnı oxumadıq həyatımız boyunca. Anlamadıq ki, bu kal səsimizlə mahnı oxumağı gözə almadıqca, pendirə sahib olmağın da bir mənası qalmayacaq həyatımızda. Aldanmamaq üçün nə çağırdıq, nə çığırdıq, ancaq səssiz-səssiz pendir toplamaqla məşğul olduq; bütün zamanımızı topladığımız o pendirləri qorumaqla keçirdik.
Bildiyiniz başqa nağıla baxaq. Lafonten indi də qarışqa ilə cırcıramanın hekayəsini danışır: Cırcırama bütün yay boyunca işsiz-gücsüz gəzər, mahnılar söyləyər, saz çalar. Qış gəldiyində isə ac qalar. Yeməyə bir şey tapa bilməz. Beləcə məhv olub gedər. Çünki işləmədi, sabahı düşünmədi və toplayıb yığmadı. Qış gələndə səbəti boş qaldı; aclıqdan və soyuqdan öldü. Qarışqa isə sobanın qarşısında ayaqlarını uzatmış, isti evində kef çəkməkdədir bu əsnada. Kisələri ağzına qədər doludur. Çuval-çuval buğdalar, noxudlar, qab-qab yağlar yığılmışdır bir kənara. Yaz boyunca çalışıb və yığıb bir kənara.
Cırcırama… hesabını bilməyən, sabahını hesablamayan adam… kefinə düşgün, tam bir sər-səri…
Qarışqa isə əksinə tam bir hesab adamı … başıaşağı, çalışqan, intizamlı, nə istədiyini, hara getdiyini bilən, əsla macəradan xoşlanmayan biri… ağıllı və oyanıq…
Qış gəlmişdir artıq. Çöldə qar var, yağış var, fırtına var, lakin yemək yoxdur! Bizim tənbəl və avara cırıramamız indi acdır, üstəlik soyuqdan da donmaq üzrədir. Bir dəfə namərdə möhtac olmub artıq, çarəsiz gedər qarışqanın qapısını döyüb bir az yemək istər. Qarışqa da bütün insafsızlığıyla qapını üzünə çırpar.
“Get burdan,” deyər; “Daha əvvəl ağılın hardaydı? Bunu yazda avara-avara gəzib mahnı oxuyarkən düşünərdin! ”
Cırcırama də eynilə qarğa kimi mahnı oxumağının cəzasını çəkər. Biri pendirindən oluşdu mahnı oxumaq uğrunda, digəri bir pendir sahibi belə ola bilməmişdi həyatı boyunca. Birincidə tülkü qarğanı aldadıb pendirinin alır; ikincisində cırcırama qarışqadan bir tikə belə almağı bacarmır.
Bu səbəblə cırcıramanın hekayəsi çox daha faciəvidir. Bəlkə qarğanın halına gülərsiniz, “O da ağılla hərəkət edərdi,” filan deyərsiniz; lakin cırcıramanın halına vicdan sahibi uşaqları gülə bilməz; “Əcəb olur!” deyə bilməz; içində bir sancı duyar onlar. Ağrımaqdan da betər bir şeydir bu.
Nağıllar… Ah bu nağıllar!
Bəziləri nə də mərhəmətsiz; nə də vicdansız!
Lafontenin qarışqaları buna görə çox insafsızdırlar.
Kasıbların üzünə qapını çırpan, “incimə, çalışsan sənin də olar” deyən bu qarışqaya haqq qazandıranların, cırcıramanın gerçək faciəsinin yanında Lafontenin təsvirlərinin nə halda qaldığını görmələrini istəyirəm. Məhz bu səbəblə bu faciəni bir də Cevat Şakirin (Halikarnas Balıqçısı) dilindən oxumanızı təklif edirəm:
“Cırcırama yaza doğru yumurtadan bir tırtıl olaraq çıxar, sonra qanadlı bir böcək olar. Hamilə qalan dişi böcək, toxumla dolu yumurtalıqlarını qızdırmaq məcburiyyətindədir. Caynaqlı ayaqlarını günəş tutan bir budağa keçirərək möhkəm yapışar. Cırcırama bülbül kimi ötməz. Kürəyində bir çox halqalar vardır; onları -ağıldan kənar bir zövq və vəhşi bir inadla- sürtüb durar. Cırhacır səsi, həyatın nəbz atışıdır. Bu sürtünüş nəticəsində fövqəladə bir istilik olur; və ananın dərhal yanması bahasına yumurtalıqdakı toxumlar yetkinləşir. Və günlər qısalar, havalar soyuyar, bax o zaman qarnı çatlamış, incə zər halında qalmış bir böcək qabığı görərsiniz; ağacda ilişib qalmışdır. Qış küləkləri o incə qabığa ürəklərin ağrıyla “cızz” etməsi kimi, yoxsul və kədərli səslər çıxartdırar. Qış gəlincə, günəşli dünyadan köçüb getmiş olan cırcırama ortalıqda yoxdur ki, namərdə möhtac olaraq qarışqaya əl açıb dilənə. Cırcırama (guya avara adamın həyatı) nisbi bir əxlaq qaydası deyil, qorxunc, insafsız, acı bir yaratma prosesini təmsil edər. Zavallı cırcırama “yaratmaq” üçün özünü fəda edər. ”
Yaratmağın ağrısını çəkməyənlər cırcıramanın faciəsini anlaya bilməzlər.
Bu səbəblə onlar Lafontenin nağılları ilə özlərini ovudub durarlar.
Şəxsən, mahnı söylədiyi üçün ölənlərə deyil, bir mahnı belə söyləmədən ölənlərə yas tuturam mən; hətta, qarışqanın təmkinliliyi yerinə cırcıramanın sərsəriliyini üstün tutaram. Qarışqa yaşamaq üçün bir zibil parçasını əsirgədiyi halda, cırcırama həyatını fəda edər yaratmaq üçün.
O halda nə çəkinirsən dostum, hayadı bir mahnı da sən söylə!
Müəllif: Dücanə Cündioğlu
Hazırladı: Vüsaləddin Rüstəmov