“ÖZÜNƏ HİRSLƏNƏN ADAM”

Üzünə baxan kimi bir sıxıntısı olduğunu anlamışdım; uzun illər üniversitetdə birlikdə çalışdığımız üçün əl-qol hərəkərləri, bədəninin duruşu və üz ifadələrindən dostumun necə bir duyğu içərisində olduğunu anlaya bilirdim. “Canını kim sıxdı?” deyə soruşdum. “Əslində heç kimə hirslənməyə haqqım yoxdu, bütün hirsim özümədir” deyə cavab verdi. Bir az üzərinə getdikdən sonra canını sıxan hadisəni danışdı.
” Əyləcə basanda maşından qəribə bir səs çıxırdı. Cümə günü ustaya apardım. Maşına baxdı və vacib bir hissənin təmir edilməli olduğunu dedi. Maşını ustanın yanında qoydum. Həmin gün bir dostla konfransa getmişdik. Konfransdan qayıdarkən dostum məni ustanın yanına gətirdi. Usta, çox vacib hissələrin dəyişilməli olduğunu, bu vəziyyətdə maşını sürməyin təhlükəli olduğunu, konfransda olduğum üçün telefonuma zəng çatmadığını və uyğun cavab almadıqları üçün də maşını təmir edə bilmədiklərini söylədi. Məcburən maşını orada qoymalı oldum. Birinci gün işdən sonra bir dost məni ustanın yanına apardı. Güclü yağış yağırdı, iki dəqiqə geciksək, emalatxana bağlanmış olacaqdı. Usta “maşın hazırdı, hər şey qaydasındadır” dedi. Təmir üçün ödəyəcəyim pul kifayət qədər yüksək məbləğ idi.
Pulu ödədim. Maşına minib, evə gəldim. Maşını saxlayandan sonra ağlıma gəldi ki, yoxlayım, görüm, həmin səs yoxdu ki? Yoxladım, həmin səs eynilə oradaydı. “Maşını ustadan götürəndə niyə yoxlamadım?” deyə özümə acığım tutdu.
Bu adamlar bu səsin nə qədər təhlükəli olduğunu deyib məndən bu qədər təmir pulu aldılar. Bəzi insanların bir ayda aldığı maaş qədər pul ödədim. Əsas şikayət olduğu kimi qalıb.
Demək ki, mənim üzümə baxan kimi nə qədər saf, axmaq biri olduğumu anlaya bilirlər. 53 yaşıma çatdım, hələ də axmaqlıqdan qurtula bilmədim. Üç üşağım var, məktəblidirlər, bu pulla onlara kompüter ala bilərdim. Özümün nə qədər borcum var, bu pulla borcumun bir hissəsini ödəyə bilərdim.
Bir sözlə, bu dünyadan ağıllanmadan, axmaqlıqdan qurtulmadan gedəcəyəm. Bax, ən çox əsəbləşdiyim budur. Acığım özümədir”.
Yuxarıdakı hadisəni danışan və özünə hirslənən dostum kiçik bir Anadolu qəsəbəsində çoxuşaqlı ailədə doğulmuş və evin ən kiçik uşağı olmuşdur. Atası çox sərt bir adam imiş və uşaqlarının xətasını heç bağışlamırmış. Tez-tez, ” sizin əlinizdən bir iş gəlmir, başqalarının uşaqları sizi su eşşəyi kimi suya aparar” kimi alçaldıcı, utandırıcı ifadələr işlədirmiş. Özündən iki yaş böyük olan qardaşı da atası kimi onu həmişə tənqid edir, “sən çox axmaqsan, başın işləmir” kimi sözlər deyirmiş. İbtidai sinif daxil olmaqla, bütün təhsil illərində həmişə yüksək qiymət almış, lakin sinif birincisi olmadığı vaxtlarda “ağılsız, axmaq” adlandırılmışdı. Türkiyədə universiteti bitirdikdən sonra Amerikaya getmiş, orada da uğurlu bir yol keçərək doktor dərəcəsi almışdır. Ailəsi onun akademik bacarıqlarını dəyərləndirmədiyi üçün, o da uğurlarını kiçik bir iş sayırdı.
Söhbət əsnasında bir şeyin də fərqinə vardıq ki, bu cür ailədə böyümək onun mükəmməlliyyətçi böyüməsinə səbəb olmuşdu. Həm özündən, həm başqalarından mükəmməllik gözləyir, edilən yanlışları asanlıqla bağışlamırdı. Fərqinə vardığmız digər nüans onun asanlıqla özünə “axmaq”, “ağılslz” deyə bilməsiydi. Həmçinin, pulla bağlı, “Pulum olmasa, halım nə olacaq” kimi təməl bir təşviş hissinin yaranması da diqqət çəkirdi. Ustanın onu aldatdığından o qədər əmin idi ki, “bəlkə bir yanlış anlaşılma var” sualı heç ağlına da gəlmirdi. Ustanın onu aldatdığından əmin olması, insanlara güvənmədiyinin, təməl bir güvənsizlik duyğusunun  göstəricisiydi.
Ertəsi gün təkrar görüşdük. Ustanın yanına gedib olanları danışdıqda, o, səmimi şəkildə üzr istəmiş, avtomobili təmir edən şəxsi çağırmış, vəziyyəti araşdırmış və əlavə xərcə ehtiyac olmadan problem həll edilmişdi. Bu görüşdən sonra dostum özünü və ustanı  nahaq günahlandırdığını və belə hallarda bu cür reaksiya verməsini heç bəyənmədiyini söylədi.
Uzun illər dostluq etdiyim insan mənim onu çox zəkalı, bacarıqlı və yaxşı insan olaraq gördüyümü bilirdi. “Kaş ki, mən də özümü bu cür görə bilsəm, o qədər xoşbəxt olardım ki” deməsi, onun daxilindəki mübarizənin xaricə yansımasıydı. Mübarizə, İçindəki Uşaq və yenə  İçindəki Ana-Atanın arasındakı mübarizəydi.

Doğan Cüceloğlu:   “İçimizdeki çocuk” kitabından
Tərcümə etdi və hazırladı:   Psixoloq R_M

Beyenmeler
0   4  
VN:F [1.9.16_1159]
Rating: +2 (from 2 votes)

Psixoloq

Fitret.az idarəçisi. Psixoloq.

- Sayt ünvanı

Bir cavab yazın