Bu yaxınlarda “Sirlər Ensiklopediyası” adlı Facebook səhifəsində maraqlı bir yazı oxudum. Yazı insanın palçıqdan yaranması ilə bağlı fikirlərin tarixi haqqında qısa məlumatdır. Yazıda belə deyilirdi:
“5500 il bundan əvvəl insanlar tanrı tərəfindən palçıqdan yaradıldıqlarına inanırdılar… Yaxın şərqin qədim əfsanələrinə görə ilk insanlar, ya doğumla, ya da əl işi kimi maydana gəlib. İnsanın yaradılmasına şərait yaradan tanrılar müxtəlif adlarla xatırlanan bir ana tanrı ilə şirin su və ixtiralar tanrısı Enki`dir.
Ana tanrı haqqında olan hekayələrdə onun doqquz ay əvəzinə, sadəcə, doqquz gün hamilə olduğu qeyd edilir. Digər əfsanələrdə isə Enki`nininsanları bir qab düzəldirmiş kimi gildən yaratdığı bildirilir. Enki bu vaxt gilə ilahi bir maddə qatır. Bir neçə əfsanədə həmin maddənin bir tanrıya aid qan olduğu qeyd edilir. Bəzi yerlərdə isə Enkinin gilə sadəcə ilahi tüpürcək qatdığı yazılır.
Həm qədim şərq əfsanələrində, həm də “İncil”də insanların iki maddədən yaradıldığı qeyd edilir: bunlardan biri gil, ikincisi isə ilahi maddədir. Babil Atramxasis əfsanəsində bu maddə tanrıya məxsus qandır. “İncil”ə görə isə tanrı insanı yaradarkən ona üfürərək can verir və bununla da insan ilahi ruha sahib olur.”
Əlavə olaraq qeyd edə bilərik ki, Quranda da insanın yaradılması oxşar şəkildə təsvir edilir. Bütün bu bilgiləri bir araya gətirərək bu tarixi etap haqqında düşüncələrimi bölüşmək istərdim:
Bəlkə də çoxumuz üçün bu sadəcə mif, bəzilərimiz üçün din ehtiyacının verdiyi illuziya və ya nəsə bu kimi bir şey deməkdir. Bu miflər insanlıq tarıxinin böyük bir parçasıdır. Onları öyrənmək, araşdırmaq lazımdır. Çox faydalıdır. İnsanlar ta qədimdən yaradılış haqqında düşünmüş və suallar vermişlər.
İnsanın yaradılışı haqqında suallar… İnsan özü yaratmağa başladıqca özünün yaranmasını da buna bənzər formalarda izah etməyə başlamışdır. İlk düşünə bilən insanların palçıqdan, gildən əşyalar, hətta heykəllər yapması, onların tanrı təsəvvürü haqqında da yeni fikirlər formalaşdırmışdır. İlk yaradıcılıqlarını gil, palçıqdan edən insanlar öz yaradılışlarını da buna bağlamaqla çox təbii və məntiqli bir proses keçmişlər. “Aşıq gördüyünü çalar” misalı kimi.
İndi insnaların yaradıcılıq sahəsi çox genişlənib, çox. Böyük böyük labaratoriyalar, ağlasığmaz üsullar və yeni nəsil robotlar, texnoloji inqilablar. Bunlar tanrıya inanmaq istəyən insanların yaradılış haqqında daha böyük fikirlərinin formalaşmasına da səbəb olur. Bu əladır. İnsanların yaradıcılıqları böyüdükcə, onların yaradılış və müvafiq olaraq tanrı təsəvvürləri də böyüyür. Artıq insanlar metafizik düşüncələrini, hətta axirət anlayışlarını Kvant fizikası ilə kökləməyə başlayıblar.
Müəllif: Vüsaləddin Rüstəmov
Məqalənin sonuncu cümləsinə dair münasibətinizi daha ətraflı öyrənmək istərdim.
Bu gündə bütün canlılar torpaqdan yaranmağa davam edirlər.
“İnsan özü yaratmağa başladıqcaça özünün yaranmasını da buna bənzər formalarda izah etməyə başlamışdır” – yazırsınız. Eyni zamanda Quranın adını çəkirsiniz. Nəzərinizə çatdirim ki, Quran Allah tərəfindən nazil olub. Həmd olsun Allaha!