C vitaminin insan orqanizmi və insan taleyi üçün necə böyük əhəmiyyət kəsb etdiyini dərk etmək üçün təkcə onu bilmək bəs edər ki, “əsrin bəlası” sayılan XƏRÇƏNG kimi dəhşətli xəstəliyin törəməsinin 3 səbəbindən biri, deyərdim ki, birincisi – C vitamini qıtlığıdır. Əslində, bütün xəstəliklərin əmələ gəlməsində bu vitaminin qıtlığı öz sözünü deyir. Bədəndə C vitamini yoxdursa, yaxud kifayət qədər deyilsə, virus daşıyıcısı olan mikrobların qabağını heç nə kəsmir, onlar rahatca qana daxil olub, bizim sadiq əsgərlərimizi – hüceyrələri qıra bilərlər. C vitamini – orqanizmin keşikçisi, patrulu rolunu oynayır. Əgər yanından yel ötəndə səni qrip tutursa, göyə bulud gələn kimi xəstələnirsənsə, yəqin bil ki, bədənində C vitamini çatmır. Təəssüflə qeyd etməliyəm ki, bu vitaminlə zəngin olan meyvələri və tərəvəzləri insanlar az qəbul edir, bəzi adamlar isə heç dilinə vurmur.
Bu, faciənin bir tərəfidir. İkinci faciə ondan ibarətdir ki, özünü “güclü cins” adlandıran, fəqət bir papirosun əlində aciz qalan kişilərimiz təkcə öz daxili orqanlarını deyil, ətraf mühiti də papiros tüstüsünün köməyi ilə zəhərləyərkən, həm də orqanizmdə olan C vitamini də öldürmüş olurlar. Təsəvvürünüzə gətirin ki, 1 ədəd papiros gündəlik C vitamini normasının 25 faizini öldürmüş olur. Gündəlik normanı isə 4 portağaldan ala bilərsiniz. Əvvəla, çoxlarımız gündə 4 portoğal yemir, ikincisi də bir çox kişilər gün ərzində 4 ədəd deyil, 2-3 paçka siqaret çəkir. Sən gərək nə qədər subtropik meyvə, göyərti yeyəsən ki, o boyda itkinin yerini doldurasan.
PAPİROS – NARKOTİK MADDƏDİR
Papiros orqanizmi təpədən dırnağacan dağıdır. Belə ki, papirosda olan nikotin orqanizmi zəhərləyir, qətran damarları məhv edir, tüstü ağ ciyəri dağıdır, bir də insan üçün çox önəmli olan C vitaminini və oksigeni məhv edir. Deyilənlərə onu əlavə edək ki, papiros həm də narkotik maddədir. Narkotik maddələrin verdiyi fəsadı isə çox gözəl bilirsiniz. Sinir sistemini sıradan çıxardır, insanı asılı vəziyyətdə saxlayır, qəbul vaxtı keçəndə baş ağrısı, oynaq və əzələ ağrısı baş qaldırır. İnsan əsəbi olur, tez özündən çıxır, iradəsi zəifləyir, iş qabliyyətini itirir, tez qocalır, Ana Təbiətin ona ayırdığı ömrün heç onda birini də yaşaya bilmir.
Onu da deyim ki, papiros dişləri, tüpürcək vəzilərini, ləmsə üzvlərini də korlayır. Kişilərdə xərçəng xəstəliyinin ən çox nəfəs yolunda, mədənin girişində törəməsi məhz papirosla bağlıdır. Papirosun vurduğu ziyan bununla da bitmir.
PAPİROS – İCTİMAİ BƏLADIR
Papirosun insan orqanizmini necə dağıtması barədə müxtəsər danışdıq. Dedik ki, qabarlı əllərinizlə qazandığınız pulu verib aldığınız və böyük həvəslə öz cisminizi zəhərlədiyiniz papiros ağ ciyəri, ürək-damar sistemini, sinir sistemini və digər orqanları necə sıradan çıxardır. Bu gün onun ictimai bəla olduğunu göstərmək istəyirəm.
Papiros çəkən adam təkcə özünü deyil, özündən qat-qat artıq dozada yanındakıları zəhərləyir. Papiros çəkən adam tüstünün xeyli hissəsini çölə buraxır, həmin tüstü hava ilə bərabər ailə üzvlərinin – körpə uşağın, yaşlı ananın, həyat yoldaşının və s. ciyərlərinə dolur və onların orqanizmini zəhərləyir. Nəzərə almaq lazımdır ki, eyni proses iş yerlərində, yeməkxanalarda, çayxanalarda, kafelərdə və digər ictimai yerlərdə də baş verir. Bundan əlavə, küçələrdə çəkilən papirosların tüstüsü havaya qarışır və vətəndaşların ciyərlərinə dolur. Məhz buna görə də papiros çəkmək – bir şəxsin fərdi bəlası deyil, dəhşətli İCTİMAİ BƏLADIR! Bu bələya qarşı həm dövlət, həm də ictimaiyyət kəskin mübarizə aparmalıdır.
Zənnimcə, bu işdə qadınların və qızların iş görmək imkanları çox genişdir. Məlumdur ki, analar narkotik maddə qəbul edən oğlanlara qız vermir, qızlarımız belə oğlanlara ərə getmir. Qəribədir ki, analar və qızlar digər bir narkotik maddəyə – papirosa belə sərt münasibət bəsləmir, ona adi hal kimi baxırlar. Halbuki papiros insan orqanizmini narkotik maddədən də güclü formada dağıdır. Sadəcə, yavaş-yavaş dağıdır. Gündə 2-3 paçka papiros çəkən adamın bədəni özünə iynə vuran adamın bədənindən də çox zəhərlənir.
Mən təklif edirəm ki, papiros çəkən oğlanlara qarşı ictimai qınağı gücləndirmək lazımdır, belə “igidlərin” elçisini əliboş qaytarmaq – ən yaxşı tənbeh olardı. Qızlarımız necə baxır bu təklifə?
Papiros haqqında söhbətlərdən sonra aldığım suallar arasında ən çox təkrarlanı belədir: “papirosu necə atım?”. Bu sualın ən dəqiq və ən dolğun cavbını Elman Tovuz verdi. Onu mən də təkrarlayacam. Amma ondan qabaq bir şeyi danışım. Məni Naxçıvanda daha çox oxuyurlar, dərk edirlər və sevirlər. Ona görə də tez-tez bu qədim diyarə dəvət edirlər. Mən də dəvəti böyük məmnuniyyətlə qəbul edirəm. Növbəti dəfə Naxçıvanda olanda oxucularımdan biri mənə rus dilində bir qalın kitab bağışladı. Amerika alimi bu kitabını çox aktual bir məsələyə həsr eləmişdi : “Papirosu tərgitməyin asan üsulu” . Çox sevindim. Özüm papiros çəkən olmasam da, çəkənlərə kömək etmək istəyirəm ki, bu zəhri-maqrı atsın. Kitabı bir nəfəsə oxudum. Əfsuslar olsun ki, o qalınlıqda kitabda bircə cümlə tapa bilmədim ki, ondan bəhrələnim. Hamının bildiyi şeyləri yazmış, papirosun dəhşətlərini uzun-uzadı açıqlamışdı. Onun da gəldiyi qənaət bundan ibarət idi ki, papirosu atmaq üçün möhkəm iradə lazımdır. Bunu hamı bilir.
İndi də qayıdaq Elman qardaşımızın verdiyi məsləhətə. Elman papirosun vurduğu zərəri görəndən sonra, onu atmağı qərara alıb və atıb. VƏSSALAM! Elmanın dediklərinə bircə onu əlavə edə bilərəm ki, papirosu ən çox bekar adamlar çəkir, boş vaxtı öldürmək üçün. Bir də yeyib-içən “oğlanlar”. Deməli, boş vaxtı səmərəli işlərlə doldurmaq lazımdır, yeyib-içmək məsələsinə də adicə “zapravka” kimi baxmaq lazımdır. Başa düşə bilmirəm: siz maşına yanacaq tökəndə nə üçün bu hadisəni toy-bayrama çevirmirsiniz, amma kabab və “russkaya vodka” vuranda bayram edirsiniz? Qidalanma prosesi çox sadə bir tədbir olmalıdır – ona maşına benzin tökmək kimi baxsaq yaxşıdır.
Əgər başqaları deyil, məhz sən özün papirosu atmaq qərarına gəlsən və bunu çox istəsən, mütləq atacaqsan. Burda çətin və qorxulu bir şey yoxdur. İlk vaxtlar bir qədər darıxacaqsınız, müəyyən ağrılar və narahatlıq da ola bilər. Amma güclü İRADƏ qarşısında hər şey geri çəkiləcək. İradə isə hamının içində var, bəzilərində yatıb, bəzilərində yarıyuxuludur, bəzilərində isə – müsəlləh əskər kimi keşik çəkir, sağlamlığı, onunla bərabər də xoşbəxtliyi qoruyur. Sağlam ola bilməyən adam və ailə heç cürə xoşbəxt ola bilməz. Hamınıza ayıq-sayıq iradə arzulayıram!”
Müəllif: Ərşad Əzimzadə, “Ana Təbiət” Natural Gigiyena Mərkəzinin rəhbəri, yazıçı-jurnalist
Hazırladı: Fidan Aslanova