PAULO KOELYO

 

Paulo Koelyo, müasir ədəbiyyatın ən tanınmış simalarındandır. Onun 56 dilə tərcümə edilmiş kitabları nəinki bestseller siyahılarına başçılıq edir, hətta bu kitabların qaldırdığı problemlər dünyanın müxtəlif ölkələrində keçirilən ictimai və mədəni diskussiyaların baş mövzusu olur.

Paulo Koelyo, 1947-ci ildə mühəndis ailəsində doğulub. Yeniyetməlik yaşlarından ədəbiyyata maraq göstərsə də, ilk kitabını 38 yaşında yazıb. İlk romanı olan “Kimyagər” tezliklə dünya ədəbiyyatını silkələdi. Roman 1990-ci ildə Braziliyada,az sonra Portuqaliyada, ABŞ-da, 1993-cü ildə Avstraliyada, 1994-cü ildə Fransada, 1995-ci ildə İspaniya və İtaliyada, 2002-ci ildə Almaniyada ən çox satılan kitab oldu. “Kimyagər” tirajına görə “Ginnesin Rekordlar kitabı”na daxil edilib.Yazıçı yüzlərlə mükafat sahibidir, kitabları milyon tirajlarla çap olunub. O, “Səyahət”, “11 dəqiqə”, “Veronika ölməyə qərar verdi”  və s. romanların müəllifidir.

Yazıçı ilə müsahibə: “Yazmağı oxumaqla və yenə də oxumaqla öyrəndim.”

paolo-coelyo-Necə oldu ki,yazmağa başladınız?
-Hələ yeniyetmə olarkən bu qərara gəldim. Çox vaxt tənha olarkən şerlər yazırdım ki, bu da mənə təkliyi unutdururdu. Amma anama yazıçı olmaq istədiyimi deyəndə qayıtdı ki, bu işlə mən Braziliyada heç cürə pul qazana bilməyəcəm. Mən də ona inandım və başqa işlə məşğul olmağa çalışdım. Lakin nə edirdimsə mənə xoş gəlmirdi. Kollecdən çıxdım və səyahət etməyə başladım. Braziliyaya qayıdanda isə jurnal açdım. Sonralar mahnıya sözlər yazdım və ən axırda jurnalist oldum. Ədəbiyata isə dönüşüm 38 yaşıma təsadüf edir. Həmin vaxtlar ilk kitabımı çap etdirmişdim.
-Bəs yazmağı necə öyrəndiniz?
-Oxumaqla və yenə də oxumaqla. Ümumiyyətlə, yaxşı yazıçı olmaq üçün mütaliə ilə ciddi məşğul olmaq lazımdır. Bundan əlavə, jurnalistlik fəaliyyətim də mənə kömək oldu. Belə ki, fikirlərimi daha yığcam, lakonik ifadə etməyi öyrəndim.
-Siz kitablarınızı harada və necə yazırsınız? Qələmlə, yoxsa yazı makinasına üstünlük verirsiniz?
-Mən hər iki ildən bir yeni kitab yazıram. Lakin tez-tez qazet və jurnallarda məqalələrim çap olunur. Kitablarımın çoxunu isə Kopakabanada, Ryo de Jeneyroda yazmışam. Yazı üslubuma gəlincə, yazı makinam əvvəl vardı, indi kompüterdi. Mən heç vaxt qələmlə yazmamışam,çünki qələm fikirlərimin sürətinə uyğun gəlmir.
-Deyirsiniz, heç vaxt qələmlə yazmamısınız. Bəs, müxtəlif qeydlər üçün bloknot və ya qeyd dəftərçələrindən də istifadə etmirsiz?
-Xeyr. Mənə lazım olan ideya və ya fikir daim özümlədir. Gün ərzində ağlıma çoxlu fikirlər gəlir. Onlardan hansıları vacibdirsə, yadımda qalır. Vacib olmayanlar tezliklə unudulur.
-Siz dünyanın ən məşhur yazarlarındansınız. Sizə bu qədər populyarlıq gətirən ədəbiyyat anlamınızda nədir? Ümumiyyətlə, sizi yazmağa nə vadar edir? Öz yazılarınızla oxuculara nə demək istəyirsiniz?
-Əvvəla hər insan kimi mən də həyatda özüm üçün bir seçim etdim. Bu da ədəbiyyat oldu. Bu yolla özümü anlamağa çalışdım. İkincisi, elə hesab etmirəm ki, kiməsə nəyisə öyrətməli və ya dünyaya nəyisə başa salmalıyam. Sadəcə öz oxucularımla daxilimdə mənə əzab verən, daim düşündürən sualları araşdırıram. Bəlkə də belə demək olar, mən digərləri ilə nəyisə paylaşmaq istəyirəm. Və bu da mənim bütün kitablarımda təzahür olunur. Məsələn, “Səyahət” romanında mən Santyaqodan Kompostellaya olan səyahətimdən danışıram. Fransadan İspaniyaya 56 gün piayda getdim.Və bu müddət ərzində həmin səyahətin məndə yaratdığı təəssüratları kitabda göstərməyə çalışdım.
-Əsərlərinizdə hansısa ümumi bir fəlsəfə varmı?
-Mən fəlsəfəni yaşayan bir canlı kimi görürəm, o ,bizim daxili ehtiyaclarımızın tələbi ilə daim dəyişir. Bəlkə də yazılarımı araşdırsaq, orada belə bir ümumi fikri görə bilərik: “Öz şəxsi məqsədin, arzuların üçün yaşa, onlar üçün ömrünü xərclə, həyatda sənə göndərilən işarələri düzgün qiymətləndir, onları oxu və çalış ki, hamıdan fərqlənib, onları reallaşdırmaq üçün çalışasan.” Yəqin ki, bu ifadə mənim əsərlərimin ana xətti ola bilər.
Paolo Koelyo-Sizcə yazıçının cəmiyyətdəki rolu nədən ibarətdir?
-Yazıçıların cəmiyyətdəki rolu eyni ilə taksi sürücüsünün və ya satıcının rolu ilə eynidir. Biz öz işimizi böyük həvəs və məhəbbətlə edirik və bu da cəmiyyətə öz yardımını hansısa bir şəkildə göstərmək deməkdir.
-Oxucularınız, sizi əsərlərinizin onlara çox güclü təsir bağışladığına görə sevdiklərini deyirlər. Bəs sizə necə təsir edən yazıçılar olubmu?
-Bəli. Kastaneda, Henri Miller, Uilliam Bleyk. Amma ən çox Jorj Amadu və Xorxe Luis Borxesi mütaliə etməyi sevmişəm.
-İndiyəcən sizin bir əsəriniz əsasında da film çəkilməyib. Səbəbi nədir?
-Mən özüm razı olmamışam. Çünki film oxucunun yaddaşında daha yaxşı qalır. Kitab isə oxuxuya başqa cür zövq verir və onu əsl yaradıcılıqla tanış edir.
-Siz hələ “Nobel” mükafatına layiq görülməmisiniz. Bu haqda nə deyə biərsiniz?
-Yazıçı üçün əsl mükafat oxucularıdır. Digər məsələlər isə az əhəmiyyət kəsb edir. Əgər sən populyarlıq qazanmısansa, qucaq dolusu, yüzlərlə mükafatın varsa, amma oxuxucuların qəlbinə yol aça bilməmisənsə,d eməli əsl yazıçılıq missiyasının öhdəsindən gələ bilməmisən.
-İndi isə keçək, sizi dünyaya tanıdan “Kimyagər” əsərinizə. Doğrudanmı, siz bu romanı iki həftəyə yazmısınız?
-Bəli. Ümumiyyətlə, mənim kitablarımın hamısı, iki həftədən dörd həftəyə kimi yazılır.Amma onların sujetini, hadisələrin necə cərəyan edəcəyini iki ilə qədər fikirləşirəm.
-Siz “Kimyagər”i sırf oxucular üçün yazmısınız yoxsa özünüz üçün?
-Mən yazarkən əsərin heç gələcəkdə çap olunması barədə də düşünmürəm. Əsəri ona görə yazıram ki, orada özümü tapım və anlayım.
-“Kimyagər” sizin həyatınızı nə dərəcədə dəyişdi? Və bu əsər sizin həyatınızda hansı rolu oynadı?
-Kimyagər” tərcümə baryerini keçməyimə və dünyanın bir çox ölkəsində çap olunmağıma səbəb oldu. Həyatımı dəyişməyinə gəlincə, yazıçının uğuru kino ulduzu və ya müğənninin populyarlığı kimi deyil. Amma hər halda, mən indi bu qazandığım uğurların hesabına başqa ölkələrə gedir, öz oxucularımla görüşür və özümü yad ölkədə heç də yad kimi hiss etmirəm.
-Siz adi həyat yaşıya bilirsiznimi? Yoxsa, məşhurluğunuz mane olur?
-Hər ikisi var. Amma mənim indiki həyatımı da normal hesab etmək olar. Baxmayaraq ki, tez-tez müxtəlif ölkələrə gedir, tədbirlərdə iştirak edirəm.
-Siz səyahət etməyi çox sevirsiniz. Avropanın şərqi haqda nə deyə bilərsiniz? Buraları səyahət etmək istərdinizmi?
-Mən Avropanın şərq hissəsində bir neçə dəfə olmuşam, Sovetlər vaxtında da,ondan sonra da.Və indi gördüyüm dəyişikliklər həqiqətən də inanılmazdır. İnsanlar yeni həyata tez uyğunlaşdılar və bu çox yaxşıdır.

Mənbə: “Xəzər” dünya ədəbiyyatı jurnalı
Hazırladı: Fidan Aslanova

Beyenmeler
0   15  
VN:F [1.9.16_1159]
Rating: +13 (from 13 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

Bir cavab yazın