Hər kəsin uşaqlıq illərindən unutmadığı xatirələri vardır. Bizimçün ən sevimli olan oyuncaq, dadı damağımızda qalan şokolad, sevinclə aldığımız saqqızlar, şüur altımızda özünə yer etmiş bu kimi digər xatirələr. İndi haqqında danışdığımız bu xatirələrdən çox uzaqda olduğunuzun və keçmişi geri qaytara bilməyəcəyinizin fərqindəyik, ancaq bəzi şəkil, rəng vəya markaları göstərdiyimiz zaman bir anlıq da olsa sizi keçmişə apara bilərik.
Bu gördüyünüz məhsullar sizi istər-istəməz keçmişə apardı. Markalar da istehlakçı qismində çıxış edən insanların həyatına hər zaman nüfuz edir. Köhnə markaların canlandırılması, onların yenidən gündəmə gətirilməsi və nostalji hisslər yaratmağı hədəfləyən Retro Marketing, köhnə ilə yeninin sintezini yaradaraq məhsulu istehlakçıya təqdim edir. Əslində Retro Marketing yuxarı yaş grupu insanlarının diqqətini cəlb etməyə çalışan və onlara xidmət edən bir marketinq növüdür, amma orta yaş qruplarına xidmət göstərdiyi markalara da sahibdir.
“Retro Marketing”in Tərifi:
Retro, ingilis sözü olub geri, geriyə, tərsinə deməkdir. Marketinqin bir qolu olaraq isə Retro Marketing fikri məhz Stephan Browna məxsusdur. Browna görə Retro Marketing, öncəki illərə aid olan məhsul ya da xidmətin canlandırılması və ya yenidən istehsalına başlanılmasıdır. Digər bir tərifə görə isə Retro Marketing keçmişdəki markaların, hadisələrin, modaların və s. yenidən canladırılaraq insanlarda nostalji hissləri oyatmağı hədəfləyən bir marketing növüdür.
İnsanların duyğuları ilə bilavasitə əlaqədar olar Retro Marketing, digər marketing növlərinə nəzərən daha az risklidir. Çünki, burada yeni bir marka yaranmır, sadəcə olaraq keçmişdə mövcud olmuş bir markaya yeni marketing strategiyaları tətbiq edilərək istehlakçılara təqdim olunur. Bu markalar, insanların keçmişdə yaşayıb, təkrar yaşamaq istədikləri hissləri gerçəkləşdirməyə bir vasitə olur.
Retro Marketing 3 koteqoriyaya ayrılır:
1. Repro
2. Retro
3. Repro-Retro
1. Repro -keçmiş zamanlarda çox sevilən aksessuarların, alət və ləvazimatların təkrar istehsalıdır. Reproda, nostalji hissləri yaşatmaq daha asandır. Buna nümunə olaraq: Tarixi Kolleksiya Grupu (The Historic Collections Group) -Bu grupa, keçmişə aid olan əşyaların satıldığı mağazalar aiddir. Artıq şəbəkə halında olan belə mağazalarda tarixi dekorativ mebellər, saatlar və digər əşyalar satılır. Bu tip mağazalrda keçmişin abu-havasını yaratmaq üçün o dövrün musiqilərindən, rəflərindən istifadə olunur. Haqqında bəhs etdiyimiz bu obyektlər daha çox şəhərlərin prestijli yerlərində açılır.
2. Retro isə keçmişlə indikini bir araya gətirməkdir. Məsələn: “TAG Heuer” saat markası 1930-cu illərdə itehsal etdiyi saatı eyni dizayn ilə təkrar satışa çıxarmışdır. Köhnə saatdan fəqli olaraq yeni saatlarda günəş enerjisi ilə işləyən mikroçiplərdən istifadə olunmuşdur.

“ Walksvagen Beetle” möhkəmliyi, özünəməxsus dizaynı ilə fərqlənmiş və bir zamanların çox populyar bir avtomobil markası olmuşdur. 1998-ci ildə Wlaksvagen, “Detroid Motor Show”da “ Beetl”ı “ New Beetle” adı altında yenidən tanıdaraq avtomobil həvəskarlarında nostalji hisslər oyatmışdır. Köhnə dizayn, yeni texnika ilə təchiz olunmuş “New Beetle” yenidən böyük alıcı kütləsi sahib olmuşdur.

3. Repro-Retro isə ilk gündən başlayaraq təkminləşdirilən məhsulları addım-addım canlandırmaqdır. Buna nümunə olaraq “Fiat” firmasının öz 110-cu yaş illərinə həsr etdiyi reklamı göstərmək olar. “Fiat”avtomobil istehsalına başladığı 1899-cu ildən günümüzə qədər istehlakçılara təqdim etdiyi avtomobillərin bir neçəsini ekranlarda canlandıraraq insanlarda nostalji hisslər oyatmışdır.

Nəticə etibarilə, Retro Marketing, məhsulun bazarda daha uzun müddət qalmasına müsbət təsir göstərmiş, marketing anlayışına fəqlilik gətirmişdir. Məhz nostaljinin önəmli olduğu bu marketingin, məhsulların istehlakçıların yaddaşında qalmasındakı əvəzsiz rolu danılmazdır.
Hazırladı : Mahizər Məmmədli
Maraqlı və yenixəbər oldu.