
Lap nağıllardakı kimi…
Soyuq qış gecəsi, hamının şirin yuxuda olduğu vaxt, pəncərə önünüdə bir adam oturmuşdu. Yağan lopa-lopa qara baxır, düşünürdü. Qaranlıq gecənin bağrına yağan bəyaz qar, isti nəfəsinə qarışan soyuq hava. Hər şeyin öz ziddiylə var olduğunu düşünüb təskinlik tapırdı.
Qarşısındakı mənzərə bəlkə bir rəssam üşün olduqca əsrarəngiz mənzərəydi. Amma hər şeydən əlini üzmüş biri üçün heç də ürəkaçan deyildi. Bütün yolların, izlərin itməsi, örtülməsi onu məyus edirdi. Bütün cığırlar itdi…
Lakin bəyaz qar öz üzərində bir iz buraxmalıydı. Gözləri qarın üzərində bir iz axtarırdı. O izin izinə düşüb getmək istəyirdi. Əlbət izin bitdiyi yerdə başlayacaq hər şey. Xəyalən kağız- qələm götürüb yazmağa başladı:
Ovcumda tutmuşdum. Qorxurdum itirərəm, ya da biri fərqində olub əlimdən almağa calışar deyə… Ovcumu elə bərk sıxmışdım ki, dırnaqlarım ətimə keçmək üzrəydi. Bu təlaşla bir yerdə də dura bilməzdim. Qaçmağa başladım. Hara qaçacağımı da bilmirdim. Göz-gözü görməyən zülmət qaranlıqda geriyə baxmadan qaçırdım. Dalımca gələcəklərindən, “At o əlindəkini yerə”, “Bundan sonra nəyinə gərəkdir o” deyəcəklərindən qaçırdım. Amma əlimdə də saxlaya bilməzdim. Əlimin içi onu saxlamaq üçün etibarlı olsa da, münbit deyildi.
Diz üstə oturdum. Bir əlimlə torpağı qazdım, onu burda gizlədəcəkdim.

SONUNCU ÜMiD…
Çox zaman insanlar torpağa qoyduqlarını ölü zənn edərlər. Torpaq ona əmanət edilənləri dirildər. Mən də onu öldürmədim, diriltmək üçün torpağa əmanət etdim. Bir işıltı gözləyirdi. Bu işıltıyla böyüyəcək, boy atacaqdı, Günəşi gözləyirdi.
Bu bir ümid toxumuydu.
SONUNCU ÜMiD…
Müəllif: Psixoloq R_M