“Biz kölə etdiyimiz heyvanlarla bərabər olduğumuzu qəbul edə bilmirik.” Çarlz Darvin
İstər yarandığı dövrdə, istərsə də günümüzdə Darvin və yaratdığı Təkamül nəzəriyyəsi bir çox insan tərəfindən, xüsusilə də dindarlar tərəfindən birmənalı qarşılanmayıb və kifayət qədər tənqid olunub. Adətən bu etirazlar zamanı Təkamül nəzəriyyəsinin yanlış olduğunu bildirmək üçün müxtəlif suallar verilir və bir çox fikirlər səsləndirilir.Ən acınacaqlı hal isə odur ki, bu etirazların əksəriyyəti onun nəzəriyyəsi haqqında olan məlumatsızlıqdan yaranır. Hal-hazırda bir çox insan tərəfindən Təkamül nəzəriyyəsi haqqında yanlış bilinən fikirlərə aşağıda aydınlıq gətirməyə çalışacağam:
TƏKAMÜL NƏZƏRİYYƏSİ – ADINDAN GÖRÜNDÜYÜ KİMİ NƏZƏRİYYƏDİR.
SÜBUT OLUNA BİLMƏYİB FİKRİ DOĞRUDURMU?
Bununla bağlı fikir bildirməzdən öncə fərziyyə, nəzəriyyə və qanun arasındakı fərqi bilməliyik.
FƏRZİYYƏLƏR – Ətrafımızda baş verən hadisələri izah etmək üçün yaratdığımız müvəqqəti, dəyişilməyə və inkar olunmağa son dərəcə açıq olan fikirlərdir.
NƏZƏRİYYƏLƏR – Fərziyyələr elmi olaraq xüsusi fikirlərdir. Bu fərziyyələr təcrübədən keçirildikdən sonra daha ümumi açıqlamalar əldə edilə bilər. Belə ümumi açıqlamalara isə nəzəriyyə deyilir.
QANUNLAR (Elmi həqiqətlər) – Fərziyyələri dəfələrlə təcrübədən keçirib, hər dəfə eyni nəticəyə gəldikdən sonra, artıq nəticəsinin dəyişməyəcəyi, sabit qalacağı anlaşılan təbiət qanunlarıdır.
Yazılanlardan göründüyü kimi nəzəriyyə fərziyyə ilə qanun arasında əlaqə yaradan elmi vasitə və müəyyən bir keçid dövrüdür. Elmdə “bu nədir?” sualını verdiyimiz zaman sadəcə həqiqəti öyrənirik. “Necə?” və “niyə?” sualları isə bizə o həqiqətin səbəbini və haqqında daha təfərrüatlı məlumatları çatdırar. Qısacası fərziyyələr həqiqətin inşasında, nəzəriyyələr isə açıqlanmasında istifadə olunur. Təkamül qanundur (həqiqətdir). Təkamül nəzəriyyəsi isə bu elmi qanunu açıqlayan elmi vasitədir. Bütün canlıların hüceyrədən təşkil olunması qanununu (həqiqətini) izah edən Hüceyrə nəzəriyyəsi kimi.
Bütün bunlara baxmayaraq elmdə nəinki hər hansı fərziyyə və ya nəzəriyyənin,hətta heç bir qanunun belə dəyisməyəcəyi və dayanıqlığı sığortalanmayıb. Çünki elm istənilən halda dəyişilməyə və yeniliklərə açıqdır.
TƏKAMÜL NƏZƏRİYYƏSİNİN YANLIŞ OLDUĞU SÜBUT OLUNUBMU?
Son yüz il ərzində təkamülü dəstəkləyən 200000-dən çox məqalə yayımlanıb. Bu məqalələrdə təkamülü təsdiqləyən milyonlarla sübut yer alıb. Bugünə qədər Təkamül nəzəriyyəsini inkar etdirəcək bir elmi məqalə belə yoxdur. Baxmayaraq ki, bir çox elm adamı təkamülü təsdiqləmək deyil, əksinə yanlış olduğunu sübut etməyə çalışmışdır. Təkamül nəzəriyyəsinin yanlış olduğunu sübut etmək böyük bir nailiyyət olacağı üçün bu işi həyata keçirən elm adamı Nobel mükafatı ilə təltif olunacaq. Hər hansı elm adamının bu mükafatdan vaz keçəcəyi inandırıcı görünmür.
Eyni zamanda əlavə etmək yerinə düşərdi ki, adətən insanlar Təkamül nəzəriyyəsinə elmlə deyil dinlə qarşı çıxırlar. Amma unutmaq lazım deyil ki, elmi faktlar dinlə deyil, məhz digər elmi faktlarla inkar edilə bilər. Bununla yanaşı, Darvin daim onu dinin əleyhinə çıxmaqda günahlandıranlara, eyni zamanda elm və din qarşıdurması yaradanlara etiraz olaraq:
– “Bir insan həm Tanrıya, həm də təkamül fikrinə inana bilər. Bundan şübhələnmək mənə axmaqlıq kimi gəlir.”
“Ən zidd fikirləri müdafiə etdiyim zamanlarda belə, Tanrının varlığını inkar edən ateist olmadım.” -kimi fikirlər bildirmişdir.
TƏKAMÜL MÜŞAHİDƏ EDİLƏ BİLMİR?
Bu həqiqətə nə qədər göz yumsaq da, təkamül bir çox təcrübələrlə, müşahidələrlə və arxeoloji tapıntılarla sübut olunub. Hətta Təkamül nəzəriyyəsi hal-hazırda elmdə mövcud olan ən güclü nəzəriyyələrdən biri sayılır. Bu gücü isə 2 əsr keçməsinə baxmayaraq hələ də davam edə bilməsindən alır. Hal-hazırda siz bu sətirləri oxuduqda belə həm sizin bədəninizdə, həm də təbiətdə təkamül makro və mikro səviyyələrdə getməyə davam edir.
TƏKAMÜL BİR ANDA YARANMANI TƏSDİQLƏYİR?
Bu da ən çox edilən səhvlərdəndir. Çünki təkamül anlıq deyil, uzun müddətlik prosesdir. Kainat daim dəyişməkdədir. Yer kürəsi də kainatın bir parçası olaraq dəyişir və planet olaraq müxtəlif geoloji dövrlərdən keçir. Dəyişməz olan heç bir şey yoxdur. Bütün canlılar da kainatla, eyni zamanda Yer kürəsiylə birlikdə dəyişir və bu dəyişmə müəyyən bir zaman alır. Təbiətdə heç bir mürəkkəb quruluş anidən yaranmır. Mütləq şəkildə sadə bir başlanğıcdan başlayıb, müəyyən müddət ərzində fərqlənmə və seçmə mexanizmləriylə təkamülə uğrayaraq mərhələli şəkildə mürəkkəb quruluş əldə edir.
TƏKAMÜL BÜTÜNLÜKLƏ ŞANS VƏ YA TƏSADÜFDÜRMÜ?
Təbii ki, canlıların təkamülündə təsadüfün də rolu var. Amma təkamüldə təsadüfdən başqa da kifayət qədər təkan verici faktorlar var. Bəzi fərqlilik mexanizmləri canlılara yararlı və yararsız xüsusiyyətlər qazandırır. Yararlı xüsusiyyətlər əldə edən canlılar mühitə daha yaxşı uyğunlaşır və həyatda qalır. Yararsız xüsusiyyət qazananlarsa məhv olur. Bu şans deyil. Məsələn, həşəratlara qarşı dərmanlanmış mətbəxdə o dərmanlara qarşı immuniteti formalaşan canlılar həyatda qalacaq. İmmuniteti formalaşmayan həşəratlar isə məhv olacaq. Bu da təbii seçməyə bariz nümunədir. Təbiətdə şanslı olan və ya güclü olan deyil, daha yaxşı uyğunlaşa bilən qazanır. Havaya bir daş atıldığı zaman onun yerə düşməsi şans deyil, təbiət qanunudur. Eləcə də təbiətdə hansı canlının həyatda qalması şans yox təbii seçmə qanunu ilə müəyyən olunur.
İNSANLAR MEYMUNDAN YARANDISA NIYƏ İNDİKİ MEYMUNLAR İNSANA ÇEVRİLMİR?
İlk öncə onu demək yerinə düşər ki, Darvin “insanlar meymundan yaranıb” yox “insanlar və meymunlar eyni başlanğıcdan inkişaf edən şaxələrdir” fikrini bildirmişdir.
İnsanın təkamülü digər canlılarda olduğu kimi hal-hazırda da davam etməkdədir. Bundan milyonlarla il sonra necə bir canlıya çevriləcəyimiz məlum deyil. Amma təbiətin qanunları dəyişmədiyi müddətdə təkamülümüz qaçınılmazdır. Eyni şəkildə meymunlar və digər canlılar da dəyişməkdədir. Ancaq biz bunu görə bilmirik. Canlıların fiziki dəyişiklikləri makrotəkamül, genetik dəyişiklikləri isə mikrotəkamül ilə öyrənilir. Təkamül genlərdə, yəni mikrotəkamül ilə başlayır və fiziki dəyişikliklərlə, yəni makrotəkamül ilə davam edir. Makrotəkamülü hiss etməməyimizin səbəbi ömrümüzün bu dəyişiklikləri hiss etməyəcək qədər qısa olmasıdır. Biz qitələrin hərəkətini və iqlim dəyişikliklərini də anlıq hiss edə bilmirik, amma geoloji və metereoloji məlumatlarla bu yavaş gedən proseslər haqqında məlumatımız olur. Eynilə makrotəkamülün gec baş verən dəyişikliklərini də arxeoloji tapıntılar və laborator təcrübələrin nəticələri ilə öyrənə bilərik.
TƏKAMÜL HAQQINDA FİKİRLƏRİ İLK DƏFƏ DARVİN ORTAYA ATDI?
Təkamül haqqında düşüncələr b. e. ə 6-cı yüzilliyə qədər gedib çıxır. B. e. ə 6-cı yüzillikdə Anaksimander, sonralar Heraklit və b. e. ə 5-ci yüzillikdə Empedokl təkamül haqqında fikirlərə sahib olmuşdur. Ancaq Aristotel və Platonun yaradılışçı fikirlərinin sürətlə yayılması bu alimlərin təkamül haqqında olan fikirlərinə kölgə salmışdır. Təkamülü sistematik şəkildə ələ alıb ona elm xüsusiyyəti qazandıran Jan Baptist Lamark, Çarlz Layel, Erasmus Darvin(Çarlz Darvinin babası) kimi bir sıra bioloqların da müxtəlif fikirlərinin və kəşflərinin olduğu məlumdur.
Robert Ceymson – “evolution”(təkamül) terminini ilk işlədən şəxs olub.
Alfred Uolles – Darvin ilə eyni dövrdə oxşar təcrübələr aparıb eyni nəticələrə gəlib. Təbii seçmə nəzəriyyəsi bu iki böyük şəxsiyyətin şərəfinə Darvin – Uolles nəzəriyyəsi olaraq işlənir.
Təkamül haqqında kitab yayımlandıqdan 10 il sonra elm adamlarının demək olar ki, əksəriyyəti təkamül fikrini qəbul etmişdi.
İNSANDA TƏKAMÜLLƏ ƏLAQƏLİ HEÇ BİR ƏLAMƏTİN OLMAMASI FİKRİ DOĞRUDURMU?
Genlər həyatın kodlarıdır. DNT araşdırıldığı zaman təkamüllə əlaqəli bir çox faktlar üzə çıxır. Bəs mikrosəviyyədə deyil, makrosəviyyədə baxsaq və adi gözlə müşahidə etdiyimiz zaman insan bədənində təkamüllə bağlı olan əlamətlərə rast gələ bilərikmi?
Bədənimizdəki rudiment(qalıq) orqanlara və atavizmlərə(əcdadların əlamətləri) nəzər yetirsək bunu asanlıqla görə bilərik. Rudiment orqanlar özü də 3 qrupa ayrılır:
1.Tam yox olanlar
2. Bədənimizdə olan və fəaliyyət göstərməyənlər
3. Yeni funksiya əldə edənlər
Hal-hazırda insan bədənində 100-ə qədər rudimentin olması aşkar edilmişdir. Aşağıda onlardan bəzilərinə nəzər yetirək:
Appendiks (kor bağırsağın soxulcanabənzər çıxıntısı) – Təkamüldə əsasən bitki tərkibli qidalarla qidalandığımız üçün sellülozanı həzm etmək kimi funksiyası olan bu orqan, sonralar bitki tərkibli qidaların qida rasionumuzda azalması nəticəsində rudiment şəklə düşüb. Ancaq sonralar bu orqanın həzm sisteminin müdafiəsində rol oynadığı məlum olmuşdur.
Ağıl dişləri – Bitki tərkibli qidadan ət tərkibli qidaya keçməyimiz və beynimizin inkişafı ilə əlaqədar kiçilən çənə quruluşumuzda rudiment şəklə düşüblər. Adətən yuxarı və aşağıda, sağ və solda 1 ədəd olmaqla cəmi 4 ağıl dişi olur. Bəzi insanlarda ağıl dişi ümumiyyətlə formalaşmır. Bəzilərində isə formalaşır amma çıxmır. Eyni zamanda cəmi 1 və ya 2 ağıl dişinə rast gəlinən hallar da məlumdur. Bu say dəyişkənliyi (variasiya) özü də təkamülün bir sübutudur.
Büzdüm sümükləri – Ağacda yaşayan əcdadlarımızda quyruğun bitişdiyi nahiyyədir. Təqribən bundan 22 milyon il öncə insana başlanğıc verən şaxənin həyat tərzi ilə əlaqəli olaraq quyruq öz funksiyasını itirmiş və zaman keçdikcə yox olmuşdur. Quyruq öz tərkibindəki sümüklərlə birlikdə yox olsa da onun birləşdiyi nahiyyədəki sümüklər rudiment olaraq qalmışdır.
Üçüncü göz qapağı – Sürünənlərdə su altında görməni təmin edən, bizdə isə heç bir funksiya yerinə yetirməyən göz qapağıdır.
Qulaq seyvanı əzələləri – Əcdadlarımızda qulaqları hərəkət etdirib səsə doğru istiqamətləndirən əzələlərdir. İnsanda isə bu əzələlər rudiment halda qalmışdır.
Musculus plantaris (ayaqaltı əzələsi) – Əşyaları tutmaqda ayaqlarını da əlləri kimi istifadə edən əcdadlarımızdan bizə qalmış və insanda demək olar ki, fəaliyyət göstərməyən əzələdir. Hətta insanların 9%-də bu əzələ ümumiyyətlə olmur.
Saxta genlər – Bütün canlıların genomunda müxtəlif miqdarda rast gəlinən fəaliyyətsiz genlərdir.
Tüklərin ürpənməsi – Tüklü əcdadlarımızda mövcud olmuş reflektor prosesdir.
Bəzən insanlar əcdadlarının müxtəlif əlamətləriylə,yəni atavizmlərlə doğulması halları da məlumdur. Atavizmlərə misal olaraq quyruğun olması, sıx tük örtüyü və çoxməməliliyi göstərmək olar.
TƏKAMÜLÜN BAŞ VERMƏSİ ÜÇÜN MİLYONLARLA İL LAZIMDIRMI?
Təkamülü müşahidə etmək üçün birdən daha çox nəsil lazımdır. Əgər canlı növünün ömrü qısadırsa, o zaman fiziki dəyişiklikləri (makrotəkamül) də daha asan şəkildə müşahidə etmək mümkündür. Təbii ki, təkamülün daha asan müşahidə edilməsi üçün laborator təcrübələrin aparılması lazımdır. Lenski və Endler təcrübələrində istifadə olunan canlıların nəsli olduqca qısa müddətli olduğu üçün, hər dəyişən nəsil ilə birlikdə dəyişiklik (variasiya) artdığına görə illər ərzində təkamülü müşahidə etmək mümkün olmuşdur.
Məlumat olaraq deyək ki, bəzi bakteriyalar 20 dəqiqədən bir bölünərək çoxalır. Bu müddət bəzi viruslarda daha da qısadır. İnsanda ortalama nəsil törətmə müddəti 20-30 il olduğu üçün ondakı təkamülü hiss etmek olmur. Nə qədər çox nəsli müşahidə etsək təkamülü o qədər asanlıqla görə bilərik.
BÜTÜN MUTASİYALAR ZƏRƏRLİDİRMİ?
Bu fikir mutasiyaların təkamüldə əhəmiyyətli rola sahib olduğu üçün ortaya atılmış uydurma iddialardan biridir. Belə ki, mutasiyaların böyük bir qismi (90%) zərərli mutasiyalardır. Yerdə qalan hissəsi isə təsirsizdir(neytral). Zərərli mutasiyaların miqdarı növdən aslı olaraq dəyişir. Neytral və ya neytrala yaxın mutasiyalar uzun müddətdə, mərhələli şəkildə təsir edərək növə fayda verə bilər. Digər qısa müddətə böyük dəyişikliklər yaradan mutasiyalar adətən zərərlidir və ölümcül olur. Neytral mutasiyalar mühitin və digər mutasiyaların təsiri ilə yararlı və ya yararsız xüsusiyyət əldə edə bilir. Belə olan halda mutasiyalar sıçrayışlarla deyil, uzun zaman ərzində, mərhələli və canlının uyğunlaşacağı şəkildə dəyişikliklər yaradır. Beləcə, mutasiyanın zərərli təsirlərini heçə və ya çox aza endirmək mümkündür.
ARA KEÇİD FORMALARI YOXDUR?
Qısacası ara keçid formaları, dəyişən növlərin dəyişmə mərhələlərinə uyğun canlılardır. Təkamülə qarşı olan insanların tez-tez işlətdikləri fikirlərdən biri də budur ki, ara keçid canlıları yoxdur. Belə düşünən insanlara Riçard Davkinsin verdiyi cavaba nəzər yetirək:
– Bu insanların “ara keçid canlıları yoxdur” deməsinin səbəbi, onların ara keçid canlıları haqqında qəribə düşüncələrə sahib olmasından qaynaqlanır. Bir timsahla yer sincabını göstərib “bunlar arasında ara keçid canlısı yoxdur” deyirlər. Onlar arasında ara keçid canlısı niyə olmalıdır ki? Bu insanlar elə düşünürlər ki, ara keçid canlısı müasir dövrdə yaşayan iki müxtəlif canlının görünüşlərinin qarışığı şəklində görünməlidir. Əslində, ara keçid canlısı deyə bir şey yoxdur. Çünki, tapacağınız istənilən arxeoloji tapıntı bir “şey”lə digər “şey” arasında bir “şey” olacaq.
Yəni ki, bütün canlılar ara keçid olmağa məhkumdur. Misal üçün, günümüzdə olan insan keçmiş əcdadı ilə gələcək nəsli arasında bir ara keçid canlısıdır. Qısacası, yaşamış və yaşayan hər bir canlı ara keçid canlısıdır.
Ara keçid formalarının arxeoloji tapıntılarının az olması isə normal haldır. Yaşamış və yaşamaqda olan milyonlarla canlı növündən çox az sayda arxeoloji qalıq məlumdur. Bu az sayda qalığın da az bir qismi ara keçid formalarına sübut olaraq göstərilə bilir.
TƏKAMÜL DÜZ BİR XƏTT BOYUNCA GEDİR?
Təbii ki, bu da təkamül haqqında səsləndirilən yanlış fikirlərdən biridir. Təkamül bir növdən başqa növə bir başa çevrilmir. Bir növdən başqa növə doğru gedən dəyişmədə bir neçə fərqli növ yaranır. Təkamül bir ağacdır. Tək bir növdən başlayan və hər yeni dəyişikliklərlə bərabər qarışıq, eyni zamanda inkisaf etmiş canlılara doğru gedən inkişaf ağacıdır.
Bütün bu yazılanlara baxdıqca açıq-aşkar görmək olur ki, bir çox insan adətən məlumatı olmadığı halda fikir bildirir. Sonda bu yazını Çarlz Darvinin belə şəxslərə ünvanladığı aşağıdakı fikriylə tamamlamaq istəyirəm:
– Cəhalət elmdən daha çox əminlik yaradır. Cahil insanlar az bilsə də, özünə olan əminliyi ilə elmin bəlkə də heçbir zaman həll edə bilməyəcəyi suallara gözəl səslənən cavablar verir.
Hazırladı: Murad Xəlilli
Yazının bir yerində qeyd etmisiz :
TƏKAMÜL BÜTÜNLÜKLƏ ŞANS VƏ YA TƏSADÜFDÜRMÜ?
Təbii ki, canlıların təkamülündə təsadüfün də rolu var. Amma təkamüldə təsadüfdən başqa da kifayət qədər təkan verici faktorlar var. Bəzi fərqlilik mexanizmləri canlılara yararlı və yararsız xüsusiyyətlər qazandırır. Yararlı xüsusiyyətlər əldə edən canlılar mühitə daha yaxşı uyğunlaşır və həyatda qalır. Yararsız xüsusiyyət qazananlarsa məhv olur. Bu şans deyil. Məsələn, həşəratlara qarşı dərmanlanmış mətbəxdə o dərmanlara qarşı immuniteti formalaşan canlılar həyatda qalacaq. İmmuniteti formalaşmayan həşəratlar isə məhv olacaq. Bu da təbii seçməyə bariz nümunədir. Təbiətdə şanslı olan və ya güclü olan deyil, daha yaxşı uyğunlaşa bilən qazanır. Havaya bir daş atıldığı zaman onun yerə düşməsi şans deyil, təbiət qanunudur. Eləcə də təbiətdə hansı canlının həyatda qalması şans yox təbii seçmə qanunu ilə müəyyən olunur.
Hər canlı yaşadığı iqlim şəraitinə relyefə yediyi qidalara uyğun yaradılışa malikdir.
Biq quş bir meşədə başqa heyvanların yeyib zəhərlənə biləcəyi bir bitkini yeyir zəhərlənmir.Bədənin bu zəhərin qarşısını alacaq bir maddə ifraz olur və bu zəhəri təsisrsiz hala gətirib çıxarır. Təkamül nəzəriyyəsinə görə bu proses tədricən təsadüfənmi baş verib yoxsa bu quşunun yaranışından ilk başdan bu vardımı ?
Sizin bu suala onsuzda təkamül nəzəriyyəsindən başqa hansı nəzəriyyə ilə cavab vermək olar?
Bir heyvan zəhərli maddəni yeyib zəhərlənirsə, onu başqa heyvan yeyəndə niyə zəhərlənmir. Sual deyəsən belə idi. Çünki təbii seçmə onu tələb edir və mutasiya nəticəsində elə formalaşıb
Təkəmül təliminin elmlə uzaqdan-yaxından əlaqəsi yoxdur.
Bizə, Biologiya fakültəsində, təkamül təlimindən mühazirə olunanda mənə gülməli gəlirdi😄
Sizin yazınızdan elə çıxır ki telefon kamerası təsadüfən əmələ gələ bilər və yaxud da səhrada tərk edilmiş 07 markalı maşın milyonlarla il sonra porşeyə çevriləcək.
Halbuki insan gözü telefon kamerasından, bədənimiz isə hər hansısa qurğudan müqayisə olunması belə axmaqlıq sayıla bilinəcək dərəcədə üstündür.Bəs onda biz təsadüfən necə əmələ gələ bilərik axı.
Mutasiyaların 99%-i letaldır, cəmi 1%-i təsirsiz.Bu bir faiz də sonrakı nəsillərdə özünü pis şəkildə büruzə verir, belə ki bədeybəcərliklər əmələ gəlir.
32 mpk-lik telefon kamerası belə təsadüflə yarana bilmirsə, bəs onda 576 mpk-lik gözümüz necə əmələ gələ bilər.
1 milyon ensklopedik səhifəlik məlumat bankımızı demirəm.Özüdə bu məlumat başıboş şəkildə bir məlumat deyil.
Ürəyin, qaraciyərin, böyrəklərin işinə bir baxın.Hələ beyin və gözümüzü demirəm.
Təkamül təlimi fərziyyə də deyil, təsadüfləri ilahiləşdirmiş dindir.
Mən biologiya fakültəsinin tələbəsi kimi təkamül təliminin doğruluğuna bir dəlil görmürəm.Özümdə gözümü açandan biologiya öyrənirəm.Amma cahillərdən fərqli olaraq düşünüb öyrənirəm, araşdırıram.Sadecə başıboş fərziyyədir.Darvin 50 ilini boş yerə sərf edib, çünki boş adam olub😄
Zürafə dartındı boyu uzandı, at tülkü boyda heyvandan əmələ gəlib😄Söz tapmıram deməyə.
Bu bir suala belə cavab tapılmayıb, özüdə çox mühüm sualdır:”Əgər canlılar təkamül edibsə, niyə minlərlə keçid formalar tapılmır?”
Halbuki minlərlə fosil tapılıb.Amma bir dənə belə keçid forma yoxdur.Arxeopteriksi deyirdilər, quş çıxdı😄
Steqosefal, teridont yalanları.Əslində meymun olan lucy-ni demirəm, bu sübut olunub.Neandertallar adi insan idi.Eohippus, merihippus, hipparion nağılı və s.
Cəhalət nəzəriyyəsi.
Ətraflı izah üçün təşəkkür edirəm.
Amma hər zaman anlamadığım bir şey olub: bu qədər geniş və zəhmətli bir şərh içində bu qədər haha smayliki qoymaq nəyin ehtiyacıdır? Niyə qarşı tərəfə cavabı onu susdurmaq, məsxərəyə qoymaq tərzində veririk? Boş şeydir, Darvin vaxtını boşa keçirib, cahillik filan kimi eyhamlar nə dərəcədə qarşı tərəf üçün maraqlı və öyrünməli gələ bilər?
Düşünürəm ki, sizin kimi başlanğıc səviyyədə olan bisavad adamlar üçün yetərli məlumat verilib. Əgər ilk abzasda dedikləriniz doğrudursa, onda günah sizi həmin fakültəyə qəbul edəndədir. Fəxr edən adamlar kimi cahilliyinizi biruzə verməniz bir yana, hələ biologiya “oxuduğunuzu” deyirsiz.
Təəssüf edirəm…
Təkamül obyektiv reallıqdır. Kiminsə inanıb-inanmamasından asılı olmayaraq…