ANTON ÇEXOVDAN QARDAŞINA MƏKTUB

Anton ÇexovRus klassik ədibi Anton Pavloviç Çexovun doğma qardaşı, istedadlı rəssam Nikolay Çexov zəif xarakterli bir insan idi, sərxoşluğa qurşanmaqla özünü məhv edirdi. Anton onun zəif cəhətlərini bilir, ona görə həmişə narahat olur, qardaşının öz istedadına sayğısız münasibəti onu sarsıdırdı. “Güclü rus istedadı məhv olmaqdadır, heç nədən məhv olmaqdadır” – bu nida həm Antonun öz qardaşının aqibəti ilə bağlı, həm də bir istedadın məhvi ilə öz xalqının itkisindən yaranan kədərini əks etdirir.
Çexovun qardaşına məktubu çox təsirli və ibrətamizdir. İstedadını öz əli ilə məhv edən, “məni başa düşmürlər” deyib canına qəsd edən, bunula həm özünə, həm onu özünə yaxın bilənlərə yamanlıq edən adamlar üçün xüsusən vacib nəsihətdir.

… Tez-tez şikayət edirsən ki, səni “başa düşmürlər!”. Unutma, hətta Göte və Nyuton kimi dahilər ağır həyata rəğmən heç vaxt şikayətçi olmayıblar. Şikayətçi bir tək Məsih idi, o da, öz “mən”indən deyil, təliminin diqqətdən kənar qalmasından… Səni yaxşı başa düşürlər… Əgər sən özün özünü başa düşmürsənsə, bu, başqalarının günahı deyil…
İnan ki, doğma qardaşın və yaxın adamın olaraq səni çox yaxşı başa düşürəm, bütün qəlbimlə halına acıyıram… Sənin bütün yaxşı cəhətlərini beş barmağım kimi bilirəm, onlara yüksək dəyər verirəm, dərin hörmətlə yanaşıram. İstəsən, yaxşı cəhətlərini bir-bir sadalayıb səni başa düşdüyümü isbat edərəm. Məncə, sən çox xeyirxahsan, geniş ürəklisən, eqoist deyilsən, son qəpiyini də bölüşməyə hazırsan, səmimisən; paxıllıq və nifrət sənə yaddır, qəlbin safdır, insanlara və heyvanlara qarşı rəhmdilsən, acıdil deyilsən, ürəyində kin saxlamırsan, insanlara inanırsan… Bunlardan əlavə, sənin çoxlarında olmayan istedadın var. Bu istedad səni ətrafında olan minlərlə insandan yüksəyə qaldırır, çünki böyük rəssam istedadı iki milyon insandan yalnız birinə qismət olur…
İstedad insanı yüksək mənsəb sahibi edir: pis adam da olsan, yenə hörmət edəcəklər, çünki insanlar istedada görə çox şeyi bağışlayırlar. Sənin yalnız bir qüsurun var. Məhz bu qüsur sənin yanlış tərzinin, kədərinin və səni bürümüş xoranın kökündə dayanır. Bu, sənin tərbiyəsizliyindir. Başğıla, lütfən, amma bunu deməyə məcburam. Veritas magis amicitiae [həqiqət dostluqdan daha yüksəkdir]… Məsələ ondadır ki, həyatın öz şərtləri var… İntelligentlər mühitində öz layiqli yerini tutmaq, onlar arasında özünü yad hiss etməmək, onun ağırlığından əzilməmək üçün gərək məlum qədəri ilə tərbiyəli olasan… İstedad səni bu mühitə salıb, sən bu mühitə məxsussan, amma… bu mühit səni əzir, çünki mədəni publika və öz məşum tərzin, öz çevrən arasında balans yaratmaq lazım gəlir… Bu, çox çətindir, son dərəcə çətindir.
Tərbiyəli insanlar, mənim fikrimcə, aşağıdakı məziyyətlərə sahibdilər:

1) Onlar insan şəxsiyyətinə sayğı ilə yanaşırlar, buna görə həmişə mərhəmətli, mülayim, nəzakətlidilər, güzəşt etməyi bacarırlar… Çəkici qoyduqları yerdə tapmayanda və ya rezin qaytan itəndə onlar hədəqədən çıxmırlar; birgə yaşadıqları adamlara buna görə minnət qoymurlar, ayrılıb getdikdə isə, “sizinlə yaşamaq olmur!” demirlər. Onlar səs-küyə də, narahatlığa da, qazanın dibinin yanmasına da, xörəyin dadsızlığına da, evə xoşlmadıqları qonaqların gəlişinə də dözümlü ola bilirlər…

2) Onlar təkcə səfillərə və pişiklərə qarşı mərhəmətli deyillər. Adi gözlə nəzərə çarpmayan çox şeylər var ki, onların qəlbini dağlayır…

3) Onlar özgəsinin mülkiyyətinə ehtiramla yanaşırlar, buna görə də borclarını vaxtında ödəməyə çalışırlar.

4) Onlar səmimidilər, riyakarlıqdan uzaq olmağa çalışırlar. Əhəmiyyətsiz söhbətlərdə belə yalan danışmağı özlərinə rəva bilmirlər. Onların fikrincə, yalan danışmaq dinləyiciyə hörmətsizlikdir, bununla dinləyicinin gözündən düşə bilərsən. Onlar əzilib-büzülmürlər, evdə necə isə, küçədə də özlərini elə aparırlar, özlərini gözə soxmağa çalışmırlar… Onlar çərənçi deyillər, yeri gəlmədən danışmırlar, burunlarını hara gəldi soxmurlar… Qulaq dəng etmək onlara xas olmayan məziyyətdir.

5) Onlar özlərinə qarşı şəfqət və yardım hissi oyatmaq üçün canlarına qəsd etmirlər. Onlar kiminsə qəlbinin həssas tellərinə toxunub, əvəzində qaygı və himayə gözləmirlər. Onlar “məni başa düşmürlər!” kəlməsini dilə gətirmirlər…

6) Onlar fani deyillər. Onların məhşurlarla tanışlıqdan, dəbdəbəli salonlara sakin olmaqdan fərəhlənmək ehtiyacı yoxdur.

7) Özlərində istedad duyurlarsa, ona mütləq ehtiramla yanaşırlar. İstedada həyat vermək naminə dinclikdən, qadınlardan, içkidən, fanilikdən imtina etməy hazırdılar…

8) Onlar özlərini estetik tərbiyə edirlər. Onlar paltarlı yatmazlar, otaqda taxtabitilərin məskən salmasına yol verməzlər, üfunətli hava ilə nəfəs almazlar, nimdaş döşəməyə ayaq basmazlar, kerosin sobada bişmiş xörəkdən yeməzlər… Onlar cinsi instinkti mümkün qədər ram etməyə və nəcibləşdirməyə çalışırlar… Onlar mətbəxdən ötrü sinov getmirlər… Onlar qadına şəhvət oyuncağı və ya əl buyruqçusu kimi baxmırlar… Hiylə-kələklə tora salmağa çalışan, yalançılıqdan usanmayan qadınlardan uzaq gəzirlər… Onlar, xüsusən rəssamlar təravətə, zərifliyə, insaniyyətə möhtacdılar… Onlar ayaqüstü araq içməzlər, dolablarda qoxu axtarmazlar, çünki donuz olmadıqlarını fərq edirlər… İçirlər, fəqət sərbəst olanda, yeri düşəndə… Çünki bilirlər: menssanain corpore sano [sağlam bədəndə sağlam ruh olar]…

Bəli, tərbiyəli adamlar belədir… Özünü tərbiyə etmək və düşdüyün mühitdə səviyyəni saxlamaq üçün yalnız Pikviki oxumaq və Faustdan monoloq əzbərləmək yetərli deyil. Faytona oturub Yakimankaya bir həftəlik səfərə çıxmaq yetərli deyil… Bunun üçün gecə-gündüz çalışmaq, daim oxumaq, dərin biliklər qazanmaq, iradəli olmaq lazımdır… Hər saatının qədrini bilməlisən… Səni məhv edən hər şeyə tüpürməyi bacarmalısan… Sındır araq şüşələrini, otur oxu… Heç olmasa Turgenevi oxu.

Tərcümə: Ruslan Köçərli

Beyenmeler
15   0  
VN:F [1.9.16_1159]
Rating: +24 (from 26 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

PAULO KOELYO

 

Paulo Koelyo, müasir ədəbiyyatın ən tanınmış simalarındandır. Onun 56 dilə tərcümə edilmiş kitabları nəinki bestseller siyahılarına başçılıq edir, hətta bu kitabların qaldırdığı problemlər dünyanın müxtəlif ölkələrində keçirilən ictimai və mədəni diskussiyaların baş mövzusu olur.

Paulo Koelyo, 1947-ci ildə mühəndis ailəsində doğulub. Yeniyetməlik yaşlarından ədəbiyyata maraq göstərsə də, ilk kitabını 38 yaşında yazıb. İlk romanı olan “Kimyagər” tezliklə dünya ədəbiyyatını silkələdi. Roman 1990-ci ildə Braziliyada,az sonra Portuqaliyada, ABŞ-da, 1993-cü ildə Avstraliyada, 1994-cü ildə Fransada, 1995-ci ildə İspaniya və İtaliyada, 2002-ci ildə Almaniyada ən çox satılan kitab oldu. “Kimyagər” tirajına görə “Ginnesin Rekordlar kitabı”na daxil edilib.Yazıçı yüzlərlə mükafat sahibidir, kitabları milyon tirajlarla çap olunub. O, “Səyahət”, “11 dəqiqə”, “Veronika ölməyə qərar verdi”  və s. romanların müəllifidir.

Yazıçı ilə müsahibə: “Yazmağı oxumaqla və yenə də oxumaqla öyrəndim.”

paolo-coelyo-Necə oldu ki,yazmağa başladınız?
-Hələ yeniyetmə olarkən bu qərara gəldim. Çox vaxt tənha olarkən şerlər yazırdım ki, bu da mənə təkliyi unutdururdu. Amma anama yazıçı olmaq istədiyimi deyəndə qayıtdı ki, bu işlə mən Braziliyada heç cürə pul qazana bilməyəcəm. Mən də ona inandım və başqa işlə məşğul olmağa çalışdım. Lakin nə edirdimsə mənə xoş gəlmirdi. Kollecdən çıxdım və səyahət etməyə başladım. Braziliyaya qayıdanda isə jurnal açdım. Sonralar mahnıya sözlər yazdım və ən axırda jurnalist oldum. Ədəbiyata isə dönüşüm 38 yaşıma təsadüf edir. Həmin vaxtlar ilk kitabımı çap etdirmişdim.
-Bəs yazmağı necə öyrəndiniz?
-Oxumaqla və yenə də oxumaqla. Ümumiyyətlə, yaxşı yazıçı olmaq üçün mütaliə ilə ciddi məşğul olmaq lazımdır. Bundan əlavə, jurnalistlik fəaliyyətim də mənə kömək oldu. Belə ki, fikirlərimi daha yığcam, lakonik ifadə etməyi öyrəndim.
-Siz kitablarınızı harada və necə yazırsınız? Qələmlə, yoxsa yazı makinasına üstünlük verirsiniz?
-Mən hər iki ildən bir yeni kitab yazıram. Lakin tez-tez qazet və jurnallarda məqalələrim çap olunur. Kitablarımın çoxunu isə Kopakabanada, Ryo de Jeneyroda yazmışam. Yazı üslubuma gəlincə, yazı makinam əvvəl vardı, indi kompüterdi. Mən heç vaxt qələmlə yazmamışam,çünki qələm fikirlərimin sürətinə uyğun gəlmir.
-Deyirsiniz, heç vaxt qələmlə yazmamısınız. Bəs, müxtəlif qeydlər üçün bloknot və ya qeyd dəftərçələrindən də istifadə etmirsiz?
-Xeyr. Mənə lazım olan ideya və ya fikir daim özümlədir. Gün ərzində ağlıma çoxlu fikirlər gəlir. Onlardan hansıları vacibdirsə, yadımda qalır. Vacib olmayanlar tezliklə unudulur.
-Siz dünyanın ən məşhur yazarlarındansınız. Sizə bu qədər populyarlıq gətirən ədəbiyyat anlamınızda nədir? Ümumiyyətlə, sizi yazmağa nə vadar edir? Öz yazılarınızla oxuculara nə demək istəyirsiniz?
-Əvvəla hər insan kimi mən də həyatda özüm üçün bir seçim etdim. Bu da ədəbiyyat oldu. Bu yolla özümü anlamağa çalışdım. İkincisi, elə hesab etmirəm ki, kiməsə nəyisə öyrətməli və ya dünyaya nəyisə başa salmalıyam. Sadəcə öz oxucularımla daxilimdə mənə əzab verən, daim düşündürən sualları araşdırıram. Bəlkə də belə demək olar, mən digərləri ilə nəyisə paylaşmaq istəyirəm. Və bu da mənim bütün kitablarımda təzahür olunur. Məsələn, “Səyahət” romanında mən Santyaqodan Kompostellaya olan səyahətimdən danışıram. Fransadan İspaniyaya 56 gün piayda getdim.Və bu müddət ərzində həmin səyahətin məndə yaratdığı təəssüratları kitabda göstərməyə çalışdım.
-Əsərlərinizdə hansısa ümumi bir fəlsəfə varmı?
-Mən fəlsəfəni yaşayan bir canlı kimi görürəm, o ,bizim daxili ehtiyaclarımızın tələbi ilə daim dəyişir. Bəlkə də yazılarımı araşdırsaq, orada belə bir ümumi fikri görə bilərik: “Öz şəxsi məqsədin, arzuların üçün yaşa, onlar üçün ömrünü xərclə, həyatda sənə göndərilən işarələri düzgün qiymətləndir, onları oxu və çalış ki, hamıdan fərqlənib, onları reallaşdırmaq üçün çalışasan.” Yəqin ki, bu ifadə mənim əsərlərimin ana xətti ola bilər.
Paolo Koelyo-Sizcə yazıçının cəmiyyətdəki rolu nədən ibarətdir?
-Yazıçıların cəmiyyətdəki rolu eyni ilə taksi sürücüsünün və ya satıcının rolu ilə eynidir. Biz öz işimizi böyük həvəs və məhəbbətlə edirik və bu da cəmiyyətə öz yardımını hansısa bir şəkildə göstərmək deməkdir.
-Oxucularınız, sizi əsərlərinizin onlara çox güclü təsir bağışladığına görə sevdiklərini deyirlər. Bəs sizə necə təsir edən yazıçılar olubmu?
-Bəli. Kastaneda, Henri Miller, Uilliam Bleyk. Amma ən çox Jorj Amadu və Xorxe Luis Borxesi mütaliə etməyi sevmişəm.
-İndiyəcən sizin bir əsəriniz əsasında da film çəkilməyib. Səbəbi nədir?
-Mən özüm razı olmamışam. Çünki film oxucunun yaddaşında daha yaxşı qalır. Kitab isə oxuxuya başqa cür zövq verir və onu əsl yaradıcılıqla tanış edir.
-Siz hələ “Nobel” mükafatına layiq görülməmisiniz. Bu haqda nə deyə biərsiniz?
-Yazıçı üçün əsl mükafat oxucularıdır. Digər məsələlər isə az əhəmiyyət kəsb edir. Əgər sən populyarlıq qazanmısansa, qucaq dolusu, yüzlərlə mükafatın varsa, amma oxuxucuların qəlbinə yol aça bilməmisənsə,d eməli əsl yazıçılıq missiyasının öhdəsindən gələ bilməmisən.
-İndi isə keçək, sizi dünyaya tanıdan “Kimyagər” əsərinizə. Doğrudanmı, siz bu romanı iki həftəyə yazmısınız?
-Bəli. Ümumiyyətlə, mənim kitablarımın hamısı, iki həftədən dörd həftəyə kimi yazılır.Amma onların sujetini, hadisələrin necə cərəyan edəcəyini iki ilə qədər fikirləşirəm.
-Siz “Kimyagər”i sırf oxucular üçün yazmısınız yoxsa özünüz üçün?
-Mən yazarkən əsərin heç gələcəkdə çap olunması barədə də düşünmürəm. Əsəri ona görə yazıram ki, orada özümü tapım və anlayım.
-“Kimyagər” sizin həyatınızı nə dərəcədə dəyişdi? Və bu əsər sizin həyatınızda hansı rolu oynadı?
-Kimyagər” tərcümə baryerini keçməyimə və dünyanın bir çox ölkəsində çap olunmağıma səbəb oldu. Həyatımı dəyişməyinə gəlincə, yazıçının uğuru kino ulduzu və ya müğənninin populyarlığı kimi deyil. Amma hər halda, mən indi bu qazandığım uğurların hesabına başqa ölkələrə gedir, öz oxucularımla görüşür və özümü yad ölkədə heç də yad kimi hiss etmirəm.
-Siz adi həyat yaşıya bilirsiznimi? Yoxsa, məşhurluğunuz mane olur?
-Hər ikisi var. Amma mənim indiki həyatımı da normal hesab etmək olar. Baxmayaraq ki, tez-tez müxtəlif ölkələrə gedir, tədbirlərdə iştirak edirəm.
-Siz səyahət etməyi çox sevirsiniz. Avropanın şərqi haqda nə deyə bilərsiniz? Buraları səyahət etmək istərdinizmi?
-Mən Avropanın şərq hissəsində bir neçə dəfə olmuşam, Sovetlər vaxtında da,ondan sonra da.Və indi gördüyüm dəyişikliklər həqiqətən də inanılmazdır. İnsanlar yeni həyata tez uyğunlaşdılar və bu çox yaxşıdır.

Mənbə: “Xəzər” dünya ədəbiyyatı jurnalı
Hazırladı: Fidan Aslanova

Beyenmeler
0   15  
VN:F [1.9.16_1159]
Rating: +13 (from 13 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

JİDDU KRİŞNAMURTİ

jiddu krişnamurti

1895-ci il 12 mayda Hindistanın cənubunda Madras yaxınlığında Madanapalle şəhərində kasıb bir ailənin 8-cu uşağı kimi dünyaya göz açmışdır. 1904-cü ildə kiçik qardaşı ilə həyətdə oynayarkən “Theosophical Society”nin Hindistandakı liderlərindən birinin diqqətini çəkmişdir və fövqəladə xüsusiyyətə sahib olması, dünyagörüşü etibarı ilə yaşıdlarından fövqəladə səviyyədə seçilməsi onun ən nəhayət “Theosophical Society”nin baş lideri ilə tanış olmasına gətirib çıxardı. 15 yaşında olarkən Krişnamurti, artıq TS`nin yaratdığı “Şərq Ulduzu” təşkilatının lideri seçildi.

1919-cu ildə universitetə daxil olaraq fransız və sanskrit dillərində dərs almağa başladı. Getdikcə daha da özünü dərk edən Krishnamurti lideri olduğu təşkilatın əslində heçbir məna kəsb etmədiyini anladı, çünki hər hansısa bir təşkilat ya da bir dərnək insanı özünə çatdırmağı əngəlləyir. Buna görə 1929-cu ildə təşkilatı ləğv etdi.

Bundan sonra bütün dünyanı dolaşaraq insanlar ilə tanış olaraq onlarla münasibətdə olmağı qərara aldı. Hollandiya, Hindistan, Yeni Zenlandiya, Cənubi Amerika, İngiltərə, Fransa, İsveçrənin müxtəlif kənd və ya bölgələrində olaraq minlərlə insanla söhbət etdi. Keçirdiyi görüşlərdə, insanlarla arasında qurduğu bağlılıqlarda insanları hansısa bir dinə çəkməmişdir. Milliyyətçilik, dindarlıq hisslərindən qurtulmağa, yalnız insan olaraq qalmağa səsləyirdi insanları. Məsih adı verilsə də bunu heç bir zaman qəbul etməmişdir. Bütün dünyada geniş dinləyici kütləsinə sahib olmasına baxmayaraq ətrafındakı insanlar tərəfindən yaradılmış olan təşkilatı dağıtmışdır, çünki heç bir zaman kiminsə ağası olmaq istəməmiş, hər bir fərdin həqiqətə yalnız özünü dərk etmək ilə çatacağını və bu iş də heç bir kənar şəxsin müdaxiləsi olmaması lazım gəldiyini bildirmişdir.

Ömrünün sonuna kimi insanlar arasında olmuş, onlarla ünsiyyət qurmuşdur. Və ölümünə az qalmış bütün bu keçirdiyi görüşlərdəki fikirlərini kitab halına salmışdır. “Həqiqət keçilməz bir səddir”, “Hərəniz bir cürə inanırsız, amma inancınız heç də həqiqəti göstərmir. Həqiqətsizsiz; etdiyiniz, düşündüyünüz, sizin olduğunuz şey həqiqətdir.” kimi fikirlərini hər zaman söyləmişdir. 1986-cı il fevralın 17-də Kaliforniya ştatının Ojai şəhərində xərçəng xəstəliyindən dünyasını dəyişmişdir.

Mənbə: http://az.wikipedia.org
Hazırladı: Vüsaləddin Rüstəmov

Beyenmeler
0   13  
VN:F [1.9.16_1159]
Rating: +9 (from 9 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus