TANIMADIĞIMIZ FREYD

Freydlə universitet illərində psixologiya dərsliklərində, çox qısa məlumatlar vasitəsilə tanış olmuşdum. Onun bu elmə verdiyi tövhələr bir neçə cümləylə və cümlələrin çoxunda “guya” sözünün keçməsiylə “freydizm cərəyanı” adlandırılırdı. Təbii ki, Freyd Allah deyildi, onun yanlışları vardı və çoxdu. Onun haqqında başqalarının dilindən, başqalarının tərcümələrindən öyrənirdik. Bir insanı müxtəlif səbəblərdən; dini, siyasi, ideoloji maraqlar səbəbindən cinayətkar, yaxud dahi kimi tanıma şansımız olur. Burda “ustanovka” nəzəriyyəsini xatırlayıram. Yönəlişlik də deyilir, yəni bir insan haqqında necə yönləndirilməmizdən çox şey asılıdır. Onu da əxlaqsız, şəhvət düşkünü kimi tanıtdılar bizə. Hətta bir əsərindən belə xəbəri olmayan insanlar Freydə bu damğanı vurdular.

Freyd-Marta-1886“Sevgi məktubları” onu başqa yöndən tanıtdı mənə. Bu məktublar 1882-1886 -cı illər ərzində onun nişanlısı Martaya yazdığı 1500-ə qədər məktubdur. Ölümündən sonra oğlu Ernst Freyd bu məktubları kitab şəklində çap etdirmişdir. Məktublar “İstəklim”, “Sevimli Martam”, “Mənim dəfinəm”, “Şahzadə xanımım”, “Sevimli qızcığazım” müraciətləriylə başlayır. Məktublar 30 yaşına çatmasına baxmayaraq Martanın onun həyatında ilk qadın olduğunu göstərir. Sevgilisinə məktib yazmaq üçün özəl olaraq kağızlar düzəltdirir, bütün vərəqlərin üzərinə M və Z hərfləri yazdırır. Xırda detallara da fikir verən bu nişanlı, yazdığı məktublarda sevgilisindən daha istəkli görünür. Martanın məktubunun gəlməsini gözləmədən yeni məktubunu göndərir. Həyatında baş verən bütün yenilikləri həvəslə nişanlısına yazır. İradlarını çox ehtiyatla bildirir, hansı məktubunda sevgilisini incidəcək sözlər işlədirsə, növbəti məktubda bu incikliyi aradan qaldırmağa çalışır.

“Mən hansısa sözümlə səni incitmişəmsə, gərək biləsən, bütün bunların niyəsi, mənim sənə qarşı olan çılğın istəklərimin, yalqızlığımın, səndən olan gözləntilərimin və bir də məni səndən uzaqlarda saxlayan qandallarımın birlikdə yaratdığı gərginlikdən yanadır”.

Məktublarda onun kokoindən istifadə səbəbi də açıqlanır. O, Şarko Jan Martenin ( fransız həkim, psixiatr, Freydin müəllimi) evinə qonaq gedəcəyini yazır. “Dilim topuq vurmasın deyə, bir azca kokain udmalı olacağam. Gərək bu yeniliyin Hamburqda və Vyanada da yayılması qayğısına da qalam”. Gənc yaşlarında o, utancaqlığını aradan qaldırmaq üçün kokoindən istifadə etmiş və yaxın dostlarına da məsləhət görmüşdü. Freyd kokoini elmi baxımdan ilk araşdıranlardan biri olmuş, yanlış olaraq onu psixi sarsıntıların və depressiyanın aradan qaldırılmasında bir vasitə hesab etmişdir. Onun kokoinlə bağlı yazıları bu narkotik vasitənin geniş yayılmasına səbəb olmuşdur. Səhvini anlayanda isə gec idi, çox çətinliklə bu maddədən uzaqlaşa bilmişdi.

C.S.MillFreyd məktubunun birində nişanlısı ilə C.S.Mill ( ingilis filosofu və iqtisadçısı) haqqında xeyli danışır. Millin evlilik və qadın haqqında razılaşmadığı fikirlərindən bəhs edir. “Millin tərcümə etdiyim əsərlərindən xatırladığıma görə, onun başlıca arqumenti belədir: qadının ərə gedərkən evlilikdən qazandığı şeylər, kişinin-onun ərinin qazandıqlarından qat-qat az olur. Düzdür, evlilikdəki görüləsi ev işləri, uşaqların böyüdülməsi və tərbiyə olunması qayğıları insandan çox böyük əmək tələb edir, ancaq bununla yanaşı evlilik bu işlərin qarşılığında insana çoxlu şeylər də verir. Əgər evliliyi ancaq ev işləri ilə məhdudlaşdırsaq, sözsüz, qadın ev işlərinə daha çox vaxt ayırır. Millin: “qadınlar da öz dolanışıqları üçün, eyni ilə kişilər kimi, çalışmalı, bununla da kişilərin asılılığından qurtulmalıdırlar” deyimi, məncə, gerçəkliklə uyuşmayan, yaşarlıq qazana bilməyəcək bir düşüncədir. Belə çıxır ki, mən vurğunu olduğum incə və istəkli sevgilimə özümün rəqibim kimi baxmalıyam. Doğurdanmı, qadın da kişi kimi, bütün gününü bir parça çörək qazanmaq üçün əlləşib-vuruşmalıdır? Millin dedikləri gerçəkləşərsə, onda qadınlığın dünyaya bağışladığı incəliklər, gözəlliklər, cazıbələr də yox olacaqdır və biz qadınlıq idealının yoxa çıxmasından yaranan bu ürəksıxıcı boşluğu heç nə ilə doldura bilməyəcəyik.

Freydlə Marta Bernays 17 iyun 1882-ci ildə nişanlanmışdılar. O bütün ayların on yeddisini özəl bir gün kimi vurğulayırdı. “Səni ayın on yeddisinə görə alqışlayıram!” Adətən, bu cür detallara qarşı qadınlar daha həssas olur. Sevgilisinin ona göndərdiyi kiçik hədiyyələri, bişirdiyi keksi olduqca yüksək dəyərləndirirdi, Martanı tərifləməkdən yorulmurdu. Nişanlı olduqları 4 il müddətində yazılan bu məktubların sonuncusu da ən az birincisi qədər sevgi dolu idi.

“Biz bir-birimizi təsadüfən seçmirik. Bizim qarşımıza yalnız əvvəllər şüuraltlnda təsvir etdiyimiz insanlar çıxır. Əvvəlcə biz həmin insanı təxəyyülümüzdə canlandırırıq, sonra onunla real həyatda qarşılaşırıq”

Müəllif: Psixoloq R_M

Beyenmeler
0   11  
VN:F [1.9.16_1159]
Rating: +18 (from 20 votes)

Psixoloq

Fitret.az idarəçisi. Psixoloq.

- Sayt ünvanı

2 comments

Bir cavab yazın