“İNSAN NİYƏ VAR?” SUALI HAQQINDA

varoluş-insanın məqsədi-din“İNSAN NİYƏ VARDIR?” SUALINA MÜNASİBƏTİM

Düşüncə və fikir tarixini ən çox məşğul edən suallardan biri də varoluş səbəbimizdir. “Niyə varıq?”, “Yaradılışımızdakı məqsəd nədir?” sualların düşüncələri rahat buraxmamışdır. İdealist və materialst düşüncələr bu mövzuda müxtəlif və fərqli sonluqlara baş vurublar.
Din bu mövzuda məsələni daha asan və rahat həll edir. Ümumiyyətlə yaradılışı ali varlığa, Tanrıya bağlayan teaoloji düşüncə insanın varoluş səbəbini də bu müstəvidən həll edir. Məsələn, İslam fəlsəfəsində bu variantlar var: Allah insanı ona görə yaratmışdır ki, Ona ibadət (qulluq) etsinlər. Vəya, bir az daha irəli getsək daha estetik bir şərhə rast gələ bilərik: Mən bir gizli xəzinə idim, insanı yaratdım ki, Məni tanısın.
Düşünürəm bu, öz içində daha əhatələnmiş və bağlanmış həllə daha yaxındır. Tanrı anlayışını ön bilgi qəbul edərək bütün suallara ordan cavab vermək və mənbəyə bağlı məsələləri ordan həll etmək modelidir. Din insanı özbaşına oxumur. Heç əsaslı şəkildə onu təbiət fonunda da oxumur. Din insanı da, təbiəti də birlikdə Tanrı fonunda oxuyur. O üzdən insana yaranma məqsədi vermək daha asan olur. O qulluq üçündür və bu vəzifəni təbiətlə birgə həyata keçirməkdədir. Düşünürəm ki, insan beyninin səbəb-nəticəyə köklənmiş oxuma modeli də buna dəstəkdir. Məhz bu işləmə modelinin ən gözəl praktik təzahürünü insan təbiət ilə münasibətdə daha çox görür və gördüyü bütün nəticələrin ilkin səbəbini arayır. Elə “insan niyə var?” sualı da bu qəbildəndir, deyə düşünürəm. Bəlkə də bu, Tanrı axtarmaq prosesinin bir parçasıdır.

varoluş-insan niyə var-elmMaterialist düşüncə isə bu mövzuda hələki daha dəqiq bir sonluğa çata bilməmişdir. Daha doğrusu, asan yoldan imtina etmiş və daha rasional bilgilər üzərindən yola çıxaraq daha məntiqli (öz iddiası içində) nəticələr əldə etməyə cəhd etmişdir. Böyük çətinliklərlə üzləşmişdir. Məncə bunun ən əsas problemi budur: İnsanı elə öz fonunda, elə özü ilə oxumaq. Belə ki, Tanrı fonundan imtina edən materializm insanı yalnız başına buraxmaqdadır. Uzun zaman kəsimində təbiətdən də qismən ayrılan insan, zamanla onu da özündən aşağı görməyə başlamış və bütün məsələləri ağlının işığına tutmaqla həll etməyə çalışmışdır. Bunun materialst sonucları nə qədər praqmatik görünsə də, zamanla daha dərin mənəvi boşluqlar yaratdığı da nəzərdən qaçmır. Hər şeyin mərkəzinə insanı çəkdikcə insanın varoluş sualarına cavab da çətinləşir. Mərkəzdə olmaq, ətrafı özü üçün səbəb görməyə bərabərdir. Çevrə sənə görə formalaşır. Sən özün məqsədə çevrildiyin halda necə öz məqsədini görə və buna yönələn suallara cavab verə bilərsənki? Bax bu cür yeni suallar yaranır və əsl sualdan uzaqlaşırıq. Amma etiraf etməliyik ki, hələ də bu çətin yolçuluqda əldə etdiyi uğur və nailiyyətlər dünyaya yeni bir fon qazandırmaqdadır. Bəlkə də zamanla elə dinin özünə rasional şərh verməklə onun əldə etdiyi nəticəni də mənimsəyəcəkdir. Tanrı təsəvvürünü dövrün dilinə, elmin sahəsinə transfer etdikcə, bu təsəvvürün minilliklərlə süzərək əldə etdiyi sonluqları da öz xeyrinə həll edəcəkdir. Suala cavab verməkdənsə, sualın cavabını hazırlamış bir sahəni mənimsəmək daha asan olmazmı? Kvant fizikası kimi böyük nəzəriyyələr mənə bunu pıçıldamaqdadır sanki.

Müəllif: Vüsaləddin Rüstəmov

Beyenmeler
0   15  
VN:F [1.9.16_1159]
Rating: +15 (from 15 votes)

Vüsaləddin Rüstəmov

Fitret.az idarəçisi. Mühəndis. Fikir və düşüncə yazıçısı.

- Sayt ünvanı

 
TwitterFacebookGoogle Plus

Bir cavab yazın